Məhkəmə qərarları › İş №e-2(009)-1550/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1550/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1550/2021 23.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1, onların nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta ödənişinə görə 2500 manat, həmin ödənişin gecikdirilməsinə görə 422,50 manat dəbbə pulunun və dövlət rüsumuna görə 30 manat pul vəsairinin, cəmi 2952,50 manat pul vəsaitinin Cavabdeh Sığorta Şirkəti ASC-dən tutulub İddiaçı2, sığorta ödənişinə görə 2500 manat, həmin ödənişin gecikdirilməsinə görə 422,50 manat dəbbə pulunun, cəmi 2922,50 manat pul vəsaitinin Cavabdeh Sığorta Şirkəti ASCdən tutulub İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şahid 11.08.2020-ci il tarixdə, saat 22:00 radələrində idarə etdiyi X6 məxsus “Renault Megane” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Buzovna-Maştağa yolunun Xəzər rayonu, Buzovna qəsəbəsindən keçən hissəsində həmin vaxt yolun solundan sağa doğru keçən İddiaçı2 həyat yoldaşı, iddiaçı X2 isə atası olan piyada X9 idarə etdiyi avtomobillə vurub və nəticədə Həmid Babayev hadisə yerində ölüb. Yol-nəqliyyat hadisəsinin törədildiyi “Renault Megane” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilib. İddiaçı2 qanunvericiliklə nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi ilə bağlı Cavabdeh Sığorta Şirkəti ASC-nə rəsmi ərizə ilə müraciət edib. Cavabdeh həmin ərizəni 24 noyabr 2020-ci il tarixdə alıb, lakin yalnız 02 aprel 2021-ci il tarixdə İddiaçı2 sığorta ödənişi verilməsindən imtina edilməsi ilə bağlı məktub göndərib və imtinanın səbəblərini “onun istintaqa verdiyi ərizədə cinayəti törətmiş şəxsin ona dəymiş ziyanı tam ödəməsini göstərməsi, lakin təqdim olunan sənədlərdə sığorta olunanın ona ödədiyi zərər məbləğinin göstərilməməsi, ödənilmiş zərər məbləği müəyyən edilmədən sığortalıya, sığorta olunana yoxsa zərərçəkənə və hansı həcmdə sığorta ödənişinin verilməsini müəyyənləşdirməyin mümkünsüzlüyü” ilə əsaslandırıb. Şahid tərəfindən iddiaçılara hər hansı vəsait ödənilməyib. İstintaq və məhkəmə gedişində o və onun valideynləri təqsirləndirilən şəxsin daha yüngül cəza alması üçün İddiaçı2 Şahidla barışmasını, ona dəymiş maddi ziyanın ödənilməsini və təqsirləndirilən şəxsə qarşı heç bir tələbinin olmamasını istintaqda və məhkəmədə bildirməsini xahiş ediblər. Onlar həmçinin məhrum Həmid Babayevin qəbrinin yerinin dəyişdirilib Maştağa qəsəbəsində dədə-baba qəbristanlığına gətirilməsini təşkil edəcəklərini (yol-nəqliyyat hadisəsi zamanı Həmid Babayevin üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından və ailə üzvləri bu hadisədən gec xəbər tutduğundan onu kimsəsizlər qəbristanlığında dəfn ediblər, halhazırda da onun qəbri oradadır və qəbir üzərində sinə və baş daşları qoyulmayıb) və qəbrin üzərinin götürülməsi (sinə və baş daşının qoyulması) və yas mərasiminin verilməsi üçün İddiaçı2 3.000 manat verəcəklərini vəd ediblər. Lakin hökm elan olunduqdan sonra Şahid öz vədini, nə qəbrin yerinin köçürülməsi, nə də qəbir daşları və yas xərclərinin verilməsi hissəsində yerinə yetirməyib və bunu maddi imkanının olmaması ilə əsaslandırıb. Sığorta ödənişi veilməsindən imtina edilməsinin əsaslarının qəti siyahısı Mülki Məcəllədə və “İcbari sığortalar haqqında” qanunun 21-ci maddəsində göstərilib və həmin siyahıda sığorta ödənişi verilməsindən imtina üçün “sığorta ödənişinin sığortalıya, yoxsa zərərçəkənə ödənilməsinin müəyyən olunmasının mümlünsüzlüyü” əsası nəzərdə tutulmayıb. Qeyd edilənlərə əsasən hesab edirlər ki, cavabdeh iddiaçılardan hər birinə ayrıayrılıqda 2500 manar sığorta ödənişi ödəməlidir. Bundan başqa, sığorta ödənişinin müəyyən olunmuş müddətdə ödənilməməsinə görə 01.12.2020-ci ildən (sığorta ödənişi ilə bağlı iddiaçıların ərizəsinin cavabdeh tərəfindən qəbul olunduğu 24.11.2020-ci il tarixdən 7 gün sonra) iddianın məhkəməyə verildiyi 18.05.2021-ci il tarixədək keçən 169 gün üçün hər gün 2,50 manatdan hesablanmaqla iddiaçıların hər biri üçün ayrı-ayrılıqda 422,50 manat (169 gün x gündəlik 2,50 manat) dəbbə pulu ödənilməlidir. Məhkəmə iclasında iddiaçılar və onların nümayəndsiə və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etdi və bildirdi ki, iddia tələbi əsassız olduğu üçün təmin edilə bilməz. Belə ki, iş materiallarına əsasən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh Sığorta Şirkətində sığorta olunan “Renault Megane” markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobil 11 avqust 2020-ci il tarixində piyada X9 vurmuş, xəsarətdən sonuncu hadisə yerində vəfat etmişdir. “İcbari Sığortalar haqqında” Qanunun 14.2.1-ci maddəsinə əsasən zərərçəkənin ölməsi halında sığorta ödənişi sığorta məbləğinin 100 faizini təşkil edir. “İcbari Sığortalar haqqında” Qanunun 56.1.1-ci maddəsinə əsasən fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat təşkil edir. İş üzrə Xəzər rayon Məhkəməsinin 1(003)-346/2020 saylı, 24 noyabr 2020-ci il tarixli hökmündən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı2 təqsirləndirilən şəxs Şahid qarşı heç bir şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxs Şahid zərərçəkmiş şəxsin hüquqi varisinə dəyən ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayəti və tələbi olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkəmə hökmündə təsdiq edilmiş bu halın təkzib edilməsi ilə bağlı iddiaçılar tərəfindən cavabdehə hər hansı sübut təqdim edilməmişdir. “İcbari Sığortalar haqqında” Qanunun 19.3-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs onun sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan və yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Həmin Qanunun 19.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir. Mülki Məcəllənin 935.1.7-ci maddəsinə əsasən əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. Qanunun şərhindən məlum olur ki, zərərvuran tərəfindən zərərçəkənin hüquqi varisinə ödəniş edildiyi üçün bu halda iddiaçıların deyil, zərərvuranın sığortaçıdan tələb hüququ yaranır. Hazırki halda iş materialları ilə zərərvuran tərəfindən zərərçəkənin hüquqi varisinə ödəniş edilməsinin əksi sübut olunmadığı üçün hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 sığortaçıya qarşı sığorta ödənişi tələbinə dair iddiası əsassızdır. Bundan əlavə, iddiaçılar iddia ərizəsində məhkəmədən sığorta ödənişinin müəyyən edilən müddətdə ödənilməməsinə görə 1 dekabr 2020-ci il tarixindən iddianın məhkəməyə verildiyi 18 may 2021-ci il tarixinədək keçən 169 gün üçün hər gün 2,50 manatdan hesablanmaqla iddiaçıların hər biri üçün ayrı-ayrılıqda 422,50 manat dəbbə pulunun ödənilməsini xahiş etmişdir. “İcbari Sığortalar haqqında” Qanunun 19.4-cü maddəsinin tələbi baxımından iddiaçılara zərərvuran tərəfindən ödəniş verildiyi üçün sığortaçının onlara ödəniş vermək öhdəliyi yaranmır. Belə olan halda onların sığorta ödənişinin verilməməsinə görə dəbbə pulu tələbinin də qanuni əsası yoxdur. Ona görə də, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Şahid ifadəsində göstərdi ki, o, qeydiyyat şəhadətnaməsi X3 adına olan etibarnamə ilə idarə etdiyi «Renault Meqane» markalı **-VN- *** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmışdır. 11.08.2020-ci il tarixdə Buzovna qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olan zaman Buzovna-Maştağa yolunun kənarında yerləşən «Naxçıvan lavaşı» dükanının qarşısından keçən zaman bir nəfər tanımadığı şəxs yolun solundan sağına doğru hərəkətə başlamışdır. Bu zaman o, piyadanı avtomobilin qabaq sağ tərəfi ilə vurmuşdur, piyada aldığı xəsarətlərdən ölmüşdür. O, hazırki iddia üzrə iddiaçılar olan zərərçəkmiş şəxslərə heç bir ödəniş etməmişdir. Belə ki, ödəniş sığortaçı tərəfindən həyata keçirilməli idi, lakin Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən bu günə kimi heç bir ödəniş edilməmiş, ona görə də, onun tərəfindən zərəçəkmişlərə heç bir ödəniş olunmamışdır. Məhkəmə işə baxıb, tərəflərin nümayəndələrinin izahatlarını, şahid ifadəsini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan AZ-İİ 111450 saylı, 09.10.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 11.08.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli, 1(003)-346/2020 saylı hökmündən görünür ki, Şahid Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində AR CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 il 5 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmuşdur. Qeyd olunan hökmlə müəyyən olunmuşdur ki, Şahid 11.08.2020-ci il tarixdə, saat 22:00 radələrində ayıq vəziyyətdə etibarnamə ilə idarə etdiyi X6 məxsus Renault Meqan markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Buzovna-Maştağa yolunun Xəzər rayonu, Buzovna qəsəbəsindən keçən hissəsində fəaliyyət göstərən “Naxçıvan Lavaşı” dükanının qarşısından Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti hıqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin vaxt yolun solundan sağa doğru, yəni “Naxçıvan Lavaşı” dükanının qarşısına doğru keçən piyada X9 idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə Həmid Babayev aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. İş materiallarında olan İddiaçı2 tərəfindən Cavabdeh Sığorta Şirkəti ASC-yə ünvanlanmış 17.11.2020-ci il tarixli ərizədən görünür ki, Şahid 11.08.2020-ci il tarixdə etibarnamə ilə idarə etdiyi X6 məxsus Renault Meqan markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Buzovna-Maştağa yolunda yol nəqliyyat hadisəsi törədib və nəticədə onun əri X13 həyat üçün təhlükəli olan ağır xəsarət alaraq hadisə yerində ölüb. İstintaq zamanı ona Renault Meqan markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh Sığorta Şirkətində icbari sığortalandığı bildirilib. Yuxarıda göstərilənlərə əsasən həyat yoldaşının yol nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş icbari sığorta ödənişninin ona ödənilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı2 ünvanlanmış 02.04.2021-ci il tarixli, O-AP-2021-1340 nömrəli məktubdan görünür ki, onun 17.11.2020-ci il tarixli sığorta tələbində qeyd edilən hadisə ilə bağlı səlahiyyətli orqan tərəfindən təqdim edilən sənədlərdən görünür ki, o, istintaqda ərizə ilə müracəit edərək hadisə ilə bağlı zərər vurana qarşı iddia və tələbinin olmadığını bildirmisdir. AR CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs Şahid isə zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Lakin təqdim olunmuş sənədlərdə sığortalı və ya sığorta olunanın (zərər vuranın) ona (zərərçəkmişə) ödədiyi zərər məbləği göstərilmir. «İcbari sığortalar haqqında» qanunun 19-cu və 20-ci maddələrinin müddəalarına görə ona ödənilmiş zərər məbləği müəyyən edilmədən sığortalıya, sığorta olunana yoxsa zərərçəkənə və hansı həcmdə sığorta ödənişinin verilməsini müəyyənləşdirmək mümkünsüzdür. Təqdim olunmuş 45 nömrəli MKTD Əhaliyə Vtvndaşlıq Xidməti Trestinin 22.06.2021ci il tarixli, 45 nömrəli arayışından görünür ki, İddiaçı2 həyat yoldaşı X1 qəbiristanlığında 14.08.2020-ci il tarixində dəfn olunmuşdur. Təqdim olunmuş Cavabdeh Sığorta Şirkətinin Bakı şəhəri Xəzər rayon məhkəməsinin hakimi H.Hüseynliyə ünvanladığı O-AP-2021-1823 nömrəli, 29.04.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh Sığorta Şirkətində icbari sığorta növü əsasında sığortalanmış Renault Meqan markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin 11.08.2020-ci il tarixində, Maştağa qəsəbəsi ərazisində yol nəqliyyat hadisəsi törətməsi ilə əlaqədar şirkətə məlumat daxil olmuşdur. Bildirilir ki, hakim H.Hüseynlinin sədrliyi ilə çıxarılmış Xəzər Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli, 1(003)-346/2020 saylı hökmdə zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxs Şahid ilə barışdığı, dəymiş zərəri ödəməsi, heç bir şikayət və tələbi olmadığı qeyd olunmuşdur. Sığorta hadisəsinin tənzimlənməsində yaranan zərurətlə əlaqədar, zərər vuran tərəfindən zərər çəkən şəxsin hüquqi varisinə ödəniş olub-olmaması (olubsa hansı məbləğdə) barədə məlumat verilməsi xahiş olunmuşdur. Təqdim olunan Bakı şəhəri Xəzər rayon məhkəməsinin hakimi H.Hüseynli tərəfindən Cavabdeh Sığorta Şirkətinin Zərərlərin Tənzimlənməsi idarəsinə ünvanlanmış 1(003)- 346/2020 saylı, 30.04.2021-ci il tarixli məktubdan görünür ki, Şahid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər rayon məhkəməsinin icraatnda olmuş 1(003)-346/2020 saylı cinayət işi üzrə təqsirləndirilən Şahid zərərçəkmiş şəxsin hüquqi varisinə ödəniş edib-etməməsi ilə bağlı sənəd cinayət işi materiallarına əlavə edilməmişdir. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri 11.08.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. “İcbari sığortalar haqqında” qanunun 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda AR Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mulki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən bu Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş, sığorta olunanın və ya üçüncü şəxsin faydalanan şəxs qismində çıxış edən ailə üzvləri sığorta ödənişinin alınmasında bərabər pay hüququna malikdirlər. “İcbari sığortalar haqqında” Qanunun 6.9-cu maddəsinə əsasən bu Qanunun məqsədləri üçün “ailə üzvləri” dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Qanunun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 13.5-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat sığortaçıya şifahi qaydada verildikdə, şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü müddətində sığortaçı yazılı sığorta tələbinin formasını sığorta olunana və (və ya) faydalanan şəxsə təqdim etməlidir. “İcbari sığortalar haqqında” Qanunun 14.2-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.1. zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi - 100 faiz. “İcbari sığortalar haqqında” Qanunun 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “İcbari sığortalar haqqında” Qanunun 19.3-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs onun sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan və yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Həmin Qanunun 19.9-cu maddəsinə əsasən üçüncü şəxsin ölümü halında sığortalının və ya sığorta olunanın ödədiyi dəfn xərcləri sığorta ödənişi məbləğinə daxil edilmir. “İcbari sığortalar haqqında” Qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat. Həmin Qanunun 58.3-1-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən yol nəqliyyat hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinin sürücüsü, sərnişini və ya piyada ölərsə, həmin avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətini sığortalamış sığortaçı səlahiyyətli dövlət orqanının bu faktı təsdiqləyən arayışını və ölüm haqqında müvafiq şəhadətnamənin surətini aldığı tarixdən 2 iş günü müddətində ölən şəxsin ailə üzvlərinə sığorta məbləğinin 20 faizi həcmində kompensasiya ödəyir. Sığorta hadisəsinin baş verməsində avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilərsə, sığorta ödənişinin qalan məbləği də bu Qanunda müəyyən edilmiş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Mülki Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, Şahid, 11.08.2020-ci il tarixdə, saat 22:00 radələrində, idarə etdiyi X6 məxsus “Renault Megane” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Buzovna-Maştağa yolunun Xəzər rayonu, Buzovna qəsəbəsindən keçən hissəsində həmin vaxt yolun solundan sağa doğru keçən İddiaçı2 həyat yoldaşı, iddiaçı X2 isə atası olan - piyada X9 idarə etdiyi avtomobillə vurub və nəticədə Həmid Babayev hadisə yerində ölüb. Yolnəqliyyat hadisəsinin törədildiyi “Renault Megane” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilib. Zərər şəkənin hüquqi varisi İddiaçı2 qanunvericiliklə nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi ilə bağlı 17.11.2020-ci il tarixdə Cavabdeh Sığorta Şirkəti ASC-nə rəsmi ərizə ilə müraciət etmişdirb. Cavabdeh Sığorta Şirkəti ASC həmin ərizəni 24 noyabr 2020-ci il tarixdə alıb, lakin yalnız 02 aprel 2021-ci il tarixdə İddiaçı2 sığorta ödənişi verilməsindən imtina edilməsi ilə bağlı məktub göndərərək, imtinanın səbəblərini “onun istintaqa verdiyi ərizədə cinayəti törətmiş şəxsin ona dəymiş ziyanı tam ödəməsini göstərməsi, lakin təqdim olunan sənədlərdə sığorta olunanın ona ödədiyi zərər məbləğinin göstərilməməsi, ödənilmiş zərər məbləği müəyyən edilmədən sığortalıya, sığorta olunana yoxsa zərərçəkənə və hansı həcmdə sığorta ödənişinin verilməsini müəyyənləşdirməyin mümkünsüzlüyü” ilə əsaslandırıb. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid, 11.08.2020-ci il tarixdə, saat 22:00 radələrində, idarə etdiyi X11 hazırki iddia üzrə iddiaçılar olan zərərçəkmiş şəxslərə heç bir ödəniş etmədiyini bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda şərh olunan hallara və qanunun yuxarıda göstərilən normalarının tələblərinə əsasən iddiaçılar sığorta ödənişi olaraq hər birinə 2500 manat məbləğində pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən onların xeyrinə tutulmasını tələb etməkdə haqlıdırlar. Məhkəmə eləcə də hesab edir ki, iddia tələbi dəbbə pulunun tələb edilməsi hissəsində əsaslıdır. Sığorta ödənişinin müəyyən olunmuş müddətdə ödənilməməsinə görə 01.12.2020-ci ildən (sığorta ödənişi ilə bağlı iddiaçıların ərizəsinin cavabdeh tərəfindən qəbul olunduğu 24.11.2020-ci il tarixdən 7 gün sonra) iddianın məhkəməyə verildiyi 18.05.2021-ci il tarixədək keçən 169 gün üçün hər gün 2,50 manatdan hesablanmaqla iddiaçıların hər biri üçün ayrı-ayrılıqda 422,50 manat (169 gün x gündəlik 2,50 manat) dəbbə pulu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən iddiaçı İddiaçı2 xeyrinə 2500 (iki min beş yüz) manat sığorta ödənişi, 422,50 (dörd yüz iyirmi iki manat əlli qəpik) manat dəbbə pulu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Cavabdeh» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən iddiaçı İddiaçı1 xeyrinə 2500 (iki min beş yüz) manat sığorta ödənişi, 422,50 (dörd yüz iyirmi iki manat əlli qəpik) manat dəbbə pulu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar