Məhkəmə qərarları › İş №e-2(009)-1613/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1613/2022

14.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1613/2022 14.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X9 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndələri X5, X2 və cavabdehin nümayəndəsi-vəkili X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində 14 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC – Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20133,17 manat sığorta ödənişi məbləğinin və 150,40 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Xətai rayonu, Nobel prospekti ünvanında “Chevrolet Cruze” minik markalı, ** RB *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtokasko risklərindən sığortalanmış “Mercedes Benz S 35 D” minik markalı, ** AS *** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. TP ******* saylı inzibati tənbehvermə haqqında qərara əsasən X6 hadisənin baş verməsində təqsirli bilinmişdir. “Mercedes Benz S 35 D” minik markalı, ** AS *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 25375,25 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ iddiaçı tərəfindən “X4” MMC-nin "xxxx" QSC-dəki hesabına ödənilmişdir. “Chevrolet Cruze” minik markalı, ** RB *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" Sığorta Şirkəti tərəfindən icbari qaydada sığortalanmışdır. Üçüncü şəxslər qarşısında mülki məsuliyyətini sığorta etmiş sığortaçının hər bir hadisə üzrə əmlaka dəymiş zərərlə bağlı öhdəlik həddi qanunla 5,000 manat məbləğində müəyyən edildiyindən "xxxx" Sığorta Şirkəti tərəfindən sığorta ödənişi hər bir mütənasiblik tətbiq edilməklə hesablanmışdır. 4941,58 manat məbləğində sığorta ödənişi "xxxx" Sığorta Şirkəti tərəfindən iddiaçının hesabına ödənilmişdir. “Chevrolet Cruze” minik markalı, ** RB *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir. . Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, “Mercedes Benz S 35 D” minik markalı, ** AS *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü də qeyd olunan tarixdə inzibati xəta hadisəsi törətmiş və barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Mercedes Benz S 35 D” minik markalı, ** AS *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər həmin avtomobilin sürücüsünün təqsirli hərəkəti nəticəsində vurulmuşdur ki, belə olan halda avtomobilə dəymiş zərərə görə cavabdeh hər hansı bir məsuliyyət daşımır. İddiaçı ərizəsində “Mercedes Benz S 35 D” minik markalı, ** AS *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləğinin 25375,25 manat məbləğində olduğunu qeyd etmişdir. Qeyd olunan məbləğ həqiqəti əks etdirmir. Bu baxımdan hesab edilir ki, zərərin müəyyənləşdirilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi İ.Xəlilov iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı tam həcmdə müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi O.Şeydabəyov iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı tam həcmdə müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: DYPİ-nin xx.xx.2021-ci il tarixli arayışının TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində “Mercedes Benz S 350 D” minik markalı, ** AS *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X8 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. xx.xx.2021-ci il tarixli Sığorta aktının və xx.xx.2021-ci il tarixli Ödəniş tapşırığının surətlərindən görünür ki, “Mercedes Benz S 350 D” minik markalı, ** AS *** dövlət nömrə nişanlı avtomobil “avtokasko” növündə "xxxx" ASC tərəfindən sığortalanmış və dəymiş zərərin əvəzi olaraq sığorta şirkəti tərəfindən 25375,25 manat məbləğində sığorta ödənişi edilmişdir. xx.xx.2021 tarixli Sığorta aktının surətindən görünür ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən "xxxx" ASC-nin hesabına 4941,58 manat sığorta ödənişi edilmişdir. xx.xx.2021-ci il tarixli zərərin hesablanması aktının surətindən görünür ki, “Mercedes Benz S 350 D” minik markalı, ** AS *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 25375,25 manat məbləğində qiymətləndirilmişdir. AD № 294290 nömrəli nəqliyyat vasitəsinin şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Cruze” minik markalı, ** RB *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, “Mercedes Benz S 350 D” minik markalı, ** AS *** dövlət nömrə nişanlı avtomobil avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə özünə məxsus “Chevrolet Cruze” minik markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, “Mercedes Benz S 350 D” minik markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, nəticədə hər iki avtomobilin sürücüsü AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 25375,25 manat məbləğində sığorta ödənişi həyata keçirmiş və sonradan Dövlət Sığorta Kommersiya Şirkətindən 4941,89 manat məbləğində sığorta ödənişi almışdır. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883-cü maddəsinə əsasən zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür. 916.1 maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. 922.1.-ci maddəsinə əsasən, sıgorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 936.2-ci maddəsinə əsasən faydalan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya suboqrasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları»-nın 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1114.1 maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə cavabdehdən tutulmalı olan məbləğə münasibətdə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə də təsdiq olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsində iştirakçıların hər ikisinin təqsirli olduğu müəyyən edilmişdir. Bu səbəbdən iddiaçı “Mercedes Benz S 350 D” minik markalı, ** AS *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq ödədiyi sığorta ödənişinin tam hissəsini deyil, yarı hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Cavabdeh tərəf “Mercedes Benz S 350 D” minik markalı, ** AS *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği ilə (25375,25 manat) razı olmadığından məhkəmə tərəfindən məhkəmə-əmtəə ekspertizası təyin olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli 9/6124 №-li məhkəmə ekspertizasının rəyindən görünür ki, “Mercedes Benz S 350 D” minik markalı, ** AS *** dövlət nömrə nişanlı avtomobilin təmirbərpa xərci təxminən 17,490 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyinə və yuxarıda göstərilənlərə istinadən qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və ekspert rəyi ilə müəyyənləşdirilmiş 17,490 manat məbləğində zərərdən Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən "xxxx" ASC-yə ödənilmiş 4941,58 manat məbləğində sığorta ödənişi çıxılmaqla yerdə qalan 12548,42 manat məbləğində pul vəsaitinin yarı hissəsi kimi 6274,21 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş 150,40 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, hazırki iddia tələbində göstərilmiş pul tələbinin tutulması qismən təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 75 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Mercedes Benz S 350 D” minik markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün sığorta şirkəti tərəfindən ödənilmiş pul vəsaitinin əvəzi olaraq 6274,21 (altı min iki yüz yetmiş dörd manat, iyirmi bir qəpik) manat pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 75 manat məbləğində hissəsi Cavabdeh alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsi iddiaçı "xxxx" ASC-dən, 50 manat hissəsi isə Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar