Məhkəmə qərarları › İş №e-2(009)-1653/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1653/2024

09.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1653/2024 09.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 avqust 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay bütün gəlir növlərinin ¼ hissəsi miqdarında aliment tutulub və 60 manat mediasiya xərcinin alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh ilə 06 avqust 2011-ci il tarixdə nikahlarını Bakı Səbail rayonu qeydiyyat şöbəsində rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahdan 10 avqust 2012-ci il təvəllüdlü Nərgiz adlı qızları anadan olmuşdur. Cavabdeh bir müddətdir ki, ailəsinə baxmır, maddi köməklik etmir, uşağın zəruri tələbatlarını belə qarşılamır. Bu səbəbdən son dövrdə aralarında daima narazılıqlar, mübahisələr baş vermişdir. Cavabdeh “X5” MMC-də çalışır, eyni zamanda təqaüd alır. Qızı Nərgiz onun himayəsindədir, onun saxlanılması üçün cavabdehin bütün növ gəlirləindən, yəni, işlədiyi yer üzrə əmək haqqından, həm də aldığı təqaüddən 25% miqdarında aliment tutulmasını istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri, Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 682358 nömrəli nikah haqqında şəhadətnamənn surətindən görünür ki, Cavabdeh ilə X3 arasında 06 avqust 2011-ci il tarixdə nikah bağlanmış və həmin nikah 366 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra qadına “Xəlilova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 966228 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 avqust 2012-ci il təvəllüdlü X2 Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “Silkway” west airlines tərəfindən verilmiş 25 iyul 2024-cü il tarixli, 333-24/HR-SWW nömrəli arayışdan görünür ki, “X6 Aviaşirkəti” MMC-də çalışan əməkdaş Boeing 747 HG-i üzrə uçuş-istehsalat qrupunun kapitanı Cavabdeh aylıq əmək haqqı 13500 AZN təşkil edir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh YG pensiya növü üzrə 605.83 AZN pensiya alır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 06 avqust 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahından 10 avqust 2012ci il təvəllüdlü X2 anadan olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında bağlanmış nikah pozulmasa da, tərəflərin ailə münasibətləri pisləşmiş və cavabdeh uşağın saxlanılması üçün maddi kömək etmir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən uşağın saxlanılması üçün alimentin məhkəmə qətnaməsi əsasında alınaraq iddiaçıya ödənilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. -75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. (76.2) -78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin miqdarını müəyyən edərkən uşağın mənafeyini, onun təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, eyni zamanda tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin azyaşlı övladı 10 avqust 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün üçün Cavabdeh hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsinin tutulması uşağın mənafeyi baxımından məqsədə uyğundur. Odur ki, iddia təmin edilərək Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 24 iyul 2024-cü il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyindən sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehdən 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 10 avqust 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 24 iyul 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının və digər gəlirlərinin 1/4 hissəsində aliment Cavabdeh tutularaq İddiaçına ödənilməli, 60 (altmış) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməli, həmçinin 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 10 avqust 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 24 iyul 2024cü il tarixindən hesablanmaqla hər ay Cavabdeh qazancının və digər gəlirlərinin 1/4 hissəsində aliment və 60 (altmış) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar