Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1753/2022 22.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin, uşağın doğulduğu gündən üç il ərzində hər ay 200 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından bir uşağı - xx.xx.2022-ci il təvəllüdlü X8 doğulmuşdur. Cavabdehlə münasibətləri pozulmuşdur, hazırda o cavabdehdən ayrı yaşayır, heç bir yerdə işləmir, rəsmi gəliri yoxdur. Hesab edir ki, cavabdeh uşağın saxlanılmasında borclu olduğundan ondan aliment tutulmalıdır. Məhkəmənin iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdri ki, iddiaçı ailə qurduqdan 3 ay sonra ata evinə qayıtmışdır. Övladını da ata evində dünyaya gətirmişdir. O vaxtdan da ayrı yerdə yaşayırlar. Cavabdeh işləyir və yüksək əmək haqqı alır. Uşaq xəstə olduğundan ona birdəfəlik 300 manat məbləğ cavabdeh tərəfindən ödənmişdir. Lakin sonralar uşağın saxlanılması üçün heç bir ödəniş etməmişdir. Bu səbəbdən iddia tələbinin tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən İddiaçı bildirmişdir ki, o ailə qurmamışdan əvvəl işləsə də hal-hazırda işləmir. Ata-anası ilə birlikdə yaşayır. Cavabdeh uşağın saxlanılması üçün maddi yardım göstərmir. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir, cavabdeh 193 manat aliment ödəməyə razıdır. Cavabdeh yüksək əmək haqqı alsa da, ondan ipoteka pulu da tutulur. İddiaçının uşağın 3 yaşına çatana qədər tələb etdiyi məbləğ yüksəkdir. Bu səbəbdən iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 426909 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 ilə X6 arasında nikah 02 aprel 2021-ci il tarixdə bağlanmış, akt qeydləri kitabında 490 № ilə qeyd edilərək rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə Nəsirov, arvada Nəsirova soyadı verilmişdir. İş materiallarında olan 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 728464 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X8 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində dünyaya gəlmişdir. Ata qrafasında X7, ana qrafasında İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə və Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsində əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, 05 mart 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment X2 tutularaq İddiaçı verilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1, 84.2, 84.2.2-ci maddələrinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli, 05 mart 2022-ci il təvəllüdlü X8 3 yaşına çatana kimi hər ay 50 manat pulun X2 tutularaq İddiaçı verilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, aliment tələbi ilə bağlı iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, həmin hissədə dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 05 mart 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, cavabdeh X2 hər ay qazancı və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment və 05 mart 2022-ci il təvəllüdlü X8 3 yaşına çatana kimi hər ay 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. X2 dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-1753/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1753/2022
22.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver