Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1754/2023 07.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh ASC-yə qarşı "son haqq-hesab" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh ASC-yə qarşı "son haqq-hesab" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı əmək haqqı kartından qanunsuz olaraq tutulan 2072.11 AZN (iki min yetmiş iki manat on bir qəpik), hər gecikdirilmiş gün (271 gün) üçün 1% olmaqla cəmi 5162.55 AZN (beş min yüz altmış iki manat əlli beş qəpik) məbləğində ödəncin, 50 AZN (əlli manat) məbləğində mediasiya xidmətinin göstərilməsinə görə haqqın, cəmi 7284.66 AZN (yeddi min iki yüz səksən dörd manat altmış altı qəpik) pulun Cavabdeh ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Korporativ Kommunikasiyalar Departamentinin Korporativ Sosial məsuliyyət və təbliğat qrupunun Kiçik mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinə 15 noyabr 2022-ci il tarixdə xitam verilmişdir. 15 noyabr 2022-ci il tarixdə iddiaçının əmək haqqı kartına 2072.11 AZN (iki min yetmiş iki manat 11 qəpik) olmaqla son haqq-hesabı köçürülmüşdür. 17 noyabr 2022-ci il tarixdə cavabdeh tərəfindən 2072.11 AZN (iki min yetmiş iki manat 11 qəpik) iddiaçının əmək haqqı kartından silinmişdir. İddiaçı ilə cavabdeh arasında heç bir kredit və ya maliyyə öhdəliyi yaradan müqavilə mövcud olmamışdır. Şifahi olaraq cavabdeh bildirmişdir ki, tutulma iddiaçı ilə cavabdeh arasında bağlanmış təhsil müqaviləsi əsasında həyata keçirilmişdir. Halbuki, həmin müqavilə üzrə öhdəliklərlə və ümumiyyətlə müqavilənin etibarlılığı ilə bağlı mülki iş hal-hazırda Yasamal Rayon Məhkəməsinin icraatındadır. Hal-hazırda iddiaçının cavabdehə borcu yoxdur. Fərz edilsə ki, iddiaçının maliyyə öhdəlikləri məhkəmə tərəfindən öz təsdiqini tapacaq, bu halda belə əmək haqqına (son-haqq-hesaba) 100% tutulmanın yönləndirilməsi şəxsi yaşayış üçün minimum dolanacaq imkandan məhrum etməklə əhalinin rifahının yüksəldilməsi, layiqli həyat səviyyəsinin təmin edilməsi, sosial müdafiə, əmək hüquqlarının qorunması sahəsində dövlət siyasətinə tamamilə ziddir. İddiaçı 28 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etmişdir. Xidmət araşdırma nəticəsində o qənaətə gəlmişdir ki, mübahisəyə məhkəmə qaydasında baxıldığından məsələ Xidmətin səlahiyyəti çərçivəsində deyildir. Halbuki, məhkəmə qaydasında baxılan mübahisə iddiaçının tamamilə fərqli məzmunda olan tələbi (işə bərpa) ilə bağlı olmuşdur. İddiaçı cavabdehlə problemin mediator vasitəsilə həll edilməsinə çalışmış, 27 iyul 2023-cü il tarixdə cavabdehə mediasiya təklifi göndərmişdir. 16 avqust 2023-cü il tarixdə baş tutmuş mediasiya sessiyasında barışığa nail olunmamış və mediator tərəfindən razılığa gəlinməməsi barədə mediasiya arayışı təqdim edilmişdir. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından tutulmaların əsasları qanunvericiliklə müəyyən edilmişdir. Qeyd edilən əsaslardan heç birinin mövcud olmadığını, o cümlədən tutulma ilə bağlı məhkəmə qərarının olmadığını, habelə işçinin tutulmaya razılıq vermədiyini nəzərə alaraq, cavabdehin iddiaçının əmək haqqı kartından tutulmanı həyata keçirməsi tamamilə əsassız və qanunsuzdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, iddiaçının dəlillərinin əsassız olduğunu, cavabdeh tərəfindən pulun tutulması zamanı heç bir qanun pozuntusuna yol verilmədiyini, əmək haqqının ödənildiyini, daha sonra müqavilə şərtlərinə əsasən pulun hesabdan silindiyini göstərərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, iş materiallarını və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2015-ci il tarixli 479 nömrəli əmək müqaviləsinin İ redaksiyasından görünür ki, işəgötürən Cavabdeh ASC ilə işçi İddiaçı arasında İddiaçı əsas iş yerinə “Korporativ Kommunikasiyalar Departamentinin Korporativ sosial məsuliyyət və təbliğat qrupunun Kiçik Mütəxəssisi” vəzifəsinə qəbul edilməsi və əmək funksiyasını aidiyyəti strukturun yerləşdiyi iş yerlərində yerinə yetirməsi şərtilə bağlanmışdır. - xx.xx.2020-ci il tarixli 479 nömrəli Təhsil müqaviləsindən görünür ki, bu müqavilə Cavabdeh ASC ilə işçi Korporativ Kommunikasiyalar departamentinin Daxili kommunikasiyalar qrupunun Baş mütəxəssisi İddiaçı arasında xx.xx.2015-ci il tarixli 479 nömrəli əmək müqaviləsi üzrə işəgötürən ilə işçi arasında təhsil münasibətlərinin tənzimlənməsi məqsədi ilə bağlanılır. - Müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə işçinin 2021-ci ilin yanvar ayından başlayaraq 9 (doqquz) ay müddətinə "EAE" universitetində marketinq və satış menecmenti üzrə magistr dərəcəsinə yiyələnməsi üçün 14,850 (on dörd min səkkiz yüz əlli) Avro məbləğində vəsaitin işəgötürən tərəfindən ödənilməsi, həmçinin işçinin təhsili başa çatdırıb iş fəaliyyətini davam etdirdiyi tarixdən 3 (üç) il müddətində işəgötürənlə bağlanmış əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etdikdə və yaxud işdən azad edildikdə (ixtisarlar istisna olunmaqla) təhsil və ixtisas artırılması üzrə xərclənmiş məbləğin iş müddətinə proporsional şəkildə geri ödəniliməsi şərtlərini tənzimləyir. - Müqavilənin 2.2-ci bəndinə əsasən “İşçinin (İddiaçının) təhsil xərcləri üzrə 14,850 avro məbləğində vəsait işəgötürən tərəfindən ödənilir”. - Müqavilənin 2.3-cü maddəsinə əsasən “Bu Müqavilə üzrə nəzərdə tutulan təhsili almış işçi təhsil bitdikdən sonra ən azı 3 il müddətinə işəgötürənlə əmək münasibətlərini davam etdirəcəyini bəyan edir”. - Müqavilənin 2.4-cü maddəsinə əsasən “İşçi təhsil münasibətləri prosesində hər hansısa səbəbdən təhsilini davam etdirmək istəmədikdə onun təhsil alması üçün ödənilmiş xərci işəgötürənə dərhal bir xalis ödəniş çərçivəsində ödəməlidir”. - xx.xx.2021-ci il tarixli Bank xidmətlərinin göstərilməsinə dair Ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.1.4 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-0005871B/2016 saylı Razılıq ərizəsindən görünür ki, İddiaçı Bank xidmətlərinin göstərilməsinə dair Ümumi şərtlər toplusunun Bankın rəsmi internet səhifəsində https://www.pashabank.az/gsa/lang,az/ link üzrə yerləşdirilən xx.xx.2021-ci il tarixli 1.1.4 №-li versiyasının bütün şərtlərini diqqətlə oxuduğunu, Müştəriyə aid hüquq və vəzifələri başa düşdüyünü təsdiq edir və bu şərtlərə razı olduğunu bildirir. Müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair şərtlərə riayət olunmasına görə Müştəri olaraq məsuliyyət daşıyır və bu xidmətlərlə bağlı yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq özü və öz hesabına daşıyır. - Bank xidmətlərinin göstərilməsinə dair Ümumi şərtlər toplusunun 2.2.4-cü bəndindən görünür ki, kredit, faizlər, komissiyalar, Banka ödənilməli olan ödənişlər, Bankın reqres qaydada yönəltdiyi tələblər, müqavilə münasibətləri və qanunvericiliklə müəyyən olunan qaydada yaranmış borcların (tələblərin) ödənilməsinə yönəldilən pul vəsaitlərini Müştərinin Bankda mövcud olan bütün hesablarından akseptsiz qaydada silmək bankın hüququdur. - "xxxx" ASC-nin İddiaçı məxsus bank hesabından çıxarışdan görünür ki, 15 noyabr 2022-ci il tarixdə İddiaçı bank hesabına son haqq-hesab qeydi ilə 2072.11 (iki min yetmiş iki manat 11 qəpik) manat məbləğində vəsait köçürülmüş, 17 noyabr 2022-ci il tarixdə 2072.11 (iki min yetmiş iki manat 11 qəpik) manat məbləğində vəsait həmin bank hesabından silinmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 829/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixli Təhsil Müqaviləsinə əsasən təhsil xərci əvəzi olaraq ödənilmiş 12629,47 Avro məbləğində vəsaitin (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq), mediasiya prosesi üçün ödənilmiş 50 manat xidmət haqqının, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 109 manat dövlət rüsumunun tutularaq iddiaçı "Paşa Bank” ASC-nin xeyrinə ödənilməsi, ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə İddiaçı ilkin iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh "Paşa Bank” ASC-yə qarşı "müqavilənin bir hissəsinin etibarsız sayılması” tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, 152/22-İA/İR nömrəli, 15 noyabr 2022-ci il tarixli "Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrə əsasən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) 15 noyabr 2022-ci il tarixdə xitam verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 6411/2023 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-829/2023 saylı, 24 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "PAŞA Bank” ASC ilə İddiaçı arasında bağlanmış 07 avqust 2015-ci il tarixdə 479 saylı əmək müqaviləsinə əsasən İddiaçı "Korporativ katiblik şöbəsinin qarşılama üzrə köməkçi” vəzifəsinə işə qəbul olunmuşdur. Həmçinin Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə əlavə olaraq imzalanmış təhsil müqaviləsi ilə işçinin 2021-ci ilin yanvar ayından başlayaraq 9 ay müddətinə "EAE” universitetində marketinq və satış menecmenti üzrə magistr ixtisas dərəcəsinə yiyələnməsi üçün 14850 Avro məbləğində vəsaitin işəgötürən tərəfindən ödənilməsi, həmçinin işçinin təhsilini başa çatdırıb iş fəaliyyətini davam etdirdiyi tarixdən 3 il müddətində işəgötürənlə bağlanmış əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etdikdə və yaxud işdən azad edildikdə (ixtisarla istisna olunmaqla) təhsil və ixtisas artırılması üzrə xərclənmiş məbləğin iş müddətinə proporsional şəkildə geri ödənilməsi şərti müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdehin 152/22-İA/İR nömrəli, 15 noyabr 2022-ci il tarixli "Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrə əsasən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) 15 noyabr 2022-ci il tarixdə xitam verilmiş, həmin tarixdə İddiaçı bank hesabına son haqq-hesab qeydi ilə 2072.11 (iki min yetmiş iki manat 11 qəpik) manat məbləğində vəsait köçürülmüş, 17 noyabr 2022-ci il tarixdə 2072.11 (iki min yetmiş iki manat 11 qəpik) manat məbləğində vəsait həmin bank hesabından silinmişdir. İddiaçı "işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin e- 2(009)-315/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. Bundan başqa iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-829/2023 saylı qətnaməsi ilə İddiaçı xx.xx.2020-ci il tarixli Təhsil Müqaviləsinə əsasən təhsil xərci əvəzi olaraq ödənilmiş 12629,47 Avro məbləğində vəsaitin (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq tutulsun), mediasiya prosesi üçün ödənilmiş 50 manat xidmət haqqının, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 109 manat dövlət rüsumunun tutularaq iddiaçı "Paşa Bank” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almamışdır. İddiaçı hazırda cavabdeh qarşısında maliyyə öhdəlikləri olmuş olsa da belə əmək haqqı hesabından 2072.11 AZN məbləğinin tutulmasının qanunsuzluğunu mübahisələndirir və bunu əmək haqqı kimi qimətləndirilən son-haqq-hesaba 100% tutulmanın yönləndirilməsinin şəxsi yaşayış üçün minimum dolanacaq imkanından məhrum etməklə özünün timsalında əhalinin rifahının yüksəldilməsi, layiqli həyat səviyyəsinin təmin edilməsi, sosial müdafiə, əmək hüquqlarının qorunması sahəsində dövlət siyasətinə tamamilə zidd olması ilə əsaslandırır. Cavabdeh isə iddiaya etirazının əsası kimi iddiaçı ilə arasında maliyyə öhdəliyi yaradan müqavilənin mövcud olmasına, tutulmanın da aralarında bağlanmış sözügedən təhsil müqaviləsi əsasında həyata keçirilməsinə istinad etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 7-ci maddəsinin 4-cü hissəsinə əsasən bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər. - 7-ci maddəsinin 5-ci hissəsinə əsasən işçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir. - 11-ci maddəsinin “b” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, ğ) bəndinə əsasən, işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri kimi qeyd olunmuşdur. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 83-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 173-cü maddəsinə əsasən, işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği, tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği göstərilir. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir. Bu maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. - 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. - 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə qeyd edir ki, istinad olunan qanunvericilik normalarının mənasından da aydın olur ki, pul əşya olduğu üçün, əmlak isə istənilən əşyaların toplusu olduğu üçün pul əmlak hesab edilir. Qanunvericiliyin mənasına görə müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirməyi ehtiva edən bir anlayışdır. Bütün bunlara əsasən müqavilə bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan bu iradəsinin formalaşması və ifadəsi onun özünə mənsubdur. Həmçinin müqavilə tərəflərin arasında hüquq və vəzifələrin yaranması, dəyişdirilməsi və xitam edilməsi üçün qanuni əsas olmaqla, mülki dövriyyə iştirakçıları arasında münasibətlərin tənzimlənməsində və mübahisələrin həlli zamanı müəyyənliyinin təmin olunmasında xüsusi qüvvəyə malikdir. Məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli 479 nömrəli Təhsil müqaviləsi hazırki iddianın predmeti olmasa da, tərəflər arasında yaranmış hazırki mübahisəyə məhz qüvvədə olan həmin müqavilənin şərtləri baxımından qiymət verilməlidir. Belə ki, məhkəmə qeyd ilk öncə edir ki, cavabdeh tərəfindən 15 noyabr 2022-ci il tarixli "Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrə əsasən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) 15 noyabr 2022-ci il tarixdə xitam verildikdən sonra eyni tarixdə iddiaçının bank hesabına son haqq-hesab qeydi ilə 2072.11 (iki min yetmiş iki manat 11 qəpik) manat məbləğində vəsait köçürülməsi əmək qanunvericiliyin tələblərinə tam uyğun olmuş və bu hal mübahisəsizdir. Məhkəmə, cavabdehin 17 noyabr 2022-ci il tarixdə 2072.11 (iki min yetmiş iki manat 11 qəpik) manat məbləğində vəsaiti iddiaçının bank hesabına köçürüldükdən iki gün sonra silinməsinin (geri qaytarılmasının) qanunsuz olması ilə bağlı tələbə qiymət verərək bu halda da cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulması halına yol verilməməsi qənaətinə gəlir. Belə ki, işin araşdırılmış halları ilə hazırki iş üzrə tərəflərin qarşılıqlı razılığı əsasında mahiyyət etibarilə Əmək Məcəlləsinin 7-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulan ixtisasa yiyələnmə ilə bağlı təhsil müqaviləsi bağlandıqdan sonra iddiaçı ilə ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan ayrıca təhsil müqaviləsi ilə rəsmiləşdirilməsi, eyni zamanda tərəflər arasında bağlanmış Bank xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən Müştərinin (iddiaçının) Bankda mövcud olan bütün hesablarından pul vəsaitinin akseptsiz qaydada silinməsi qaydası müəyyən edilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən işəgötürənin işçini öz vəsaiti hesabına təhsil almaq və biliklərini artırmaq üçün təhsil müəssisəsinə göndərmək və qarşılığında iddiaçı qayıtdıqdan sonra 3 il müddətində cavabdeh bankda fəaliyyətini davam etdirmək öhdəliyi götürmüşlər. Müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən isə işçi təhsil dövründə hər hansı səbəbdən təhsilini davam etdirmədikdə, yaxud təhsilini bitirib işə başladıqdan 3 ildən tez öz təşəbbüsü ilə yaxud daxili intizam qaydalarını pozması və digər əsaslarla əmək müqaviləsinə xitam veriləcəyi təqdirdə işəgötürənə təhsili ilə bağlı xərcləri müvafiq nisbətlərdə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçının 152/22-İA/İR nömrəli, 15 noyabr 2022-ci il tarixli "Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrə əsasən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) 15 noyabr 2022-ci il tarixdə xitam verilməsi müəyyən edilmiş, bu hal qanuni qüvvəsini almış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-315/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Qanuni qüvvəsini almış sözügedən məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, işçi öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə öz növbəsində qanunvericiliyin tələbinə və əmək müqaviləsinin tələblərinə uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən işçinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, işçi işdən çıxma ilə bağlı 27 sentyabr 2022-ci il tarixdə ərizə ilə müraciət etmiş, işəgötürən isə onu 15 noyabr 2022-ci il tarixdə işdən azad etmişdir. İşin materiallarından görünür ki, iddiaçı sözügedən Müqavilənin 2.3, 2.4-cü və işçinin üzərinə əmək fəaliyyətini davam etmədiyi təqdirdə maliyyə öhdəlikləri qoyan digər maddələri Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq aktların tələblərini pozduğuna görə etibarsız hesab edilməli olmasına dair digər məhkəmənin icraatında olan mülki iş üzrə qarşılıqlı iddia vermiş, bu iddiasının rədd edilmişdir. Qətnamə hələ qanuni qüvvəsini almasa da, bu halın mövcudluğu məhkəməyə iddiaçının işə başladıqdan 3 ildən tez öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verildiyi üçün işəgötürənə təhsili ilə bağlı xərclərin müvafiq nisbətlərdə ödəmək kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi, başqa sözlə cavabdehlə bağladığı müqavilənin sözügedən maddələrinə riayət etmək niyyətinin olmaması qənaətinə gəlməsinə əsas vermişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər aralarında bağlanmış xx.xx.2020-ci il tarixli Təhsil Müqaviləsinin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikləri və həmin müqavilə qüvvədə olduğu üçün onun hazırda müvafiq bəndlərinin digər məhkəmənin predmeti olmasından asılı olmayaraq cavabdeh iddiaçının son haqq-hesabını ödəməklə onun bank hesabına daxil olduqdan iki gün sonra iddiaçının artıq mülkiyyəti sayılan və köçürüldükdən sonra onun tərəfindən həmin mülkiyyətinə sərəncam vermədiyi pul vəsaitini sözügedən müqavilənin şərtlərinə uyğun şəkildə ödənilmiş təhsil xərcinin əvəzi olaraq pul vəsaitinin geri qaytarılmasına yönələn addım kimi iddiaçının bank hesabından silməkdə (geri qaytarmaqda) haqlı olmuşdur. Məhkəmə göstərilən qənaətə gələrkən qanuni qüvvəsini almasa da, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı çəkilmiş xərcin qaytarılması tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2020-ci il tarixli təhsil müqaviləsinə əsasən təhsil xərci əvəzi olaraq ödənilmiş 12629,47 Avro məbləğində vəsait və s. tələblər üzrə iddiasının təmin edilməsi barədə qətnaməsinin və onun apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmasını da nəzərə alır. Məhkəmə iddiaçının - maliyyə öhdəlikləri məhkəmə tərəfindən öz təsdiqini tapacağı halda belə əmək haqqına (son-haqq-hesaba) 100% tutulmanın yönləndirilməsi şəxsi yaşayış üçün minimum dolanacaq imkandan məhrum etməklə əhalinin rifahının yüksəldilməsi, layiqli həyat səviyyəsinin təmin edilməsi, sosial müdafiə, əmək hüquqlarının qorunması sahəsində dövlət siyasətinə tamamilə zidd olmasına dair - dəlillərinə hüquqi qiymət verməkdə davam edərək, onun yuxarıda qeyd edilən müqavilə üzrə cavabdeh qarşısında götürdüyü öhdəliklərdən yayınmasına cəhd və hüquqdan sui-istifadə kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının əmək haqqı hesabından 2072.11 AZN məbləğin qanunsuz olaraq tutulması tələbinə irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından əsassızdır. Məhkəmə, iddiaçının əmək haqqı hesabından 2072.11 AZN məbləğin qanunsuz olaraq tutulması tələbinin əsassız olması təsdiqini tapdığı üçün digər törəmə iddia tələbləri olan hər gecikdirilmiş gün (271 gün) üçün 1% olmaqla cəmi 5162.55 AZN (beş min yüz altmış iki manat əlli beş qəpik) məbləğində ödəncin, 50 AZN (əlli manat) məbləğində mediasiya xidmətinin göstərilməsinə görə haqqın, cəmi 7284.66 AZN (yeddi min iki yüz səksən dörd manat altmış altı qəpik) pulun Cavabdeh ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi hissələri üzrə əlavə araşdırılmasına lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh ASC-yə qarşı "son haqq-hesab və s." tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1754/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1754/2023
07.11.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver