Məhkəmə qərarları › İş №e-2(009)-1767/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1767/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1767/2021 16.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi F.R.Ələkbərovun iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun idarə etdiyi “Lincoln” markalı ME530TR20 dövlət qeydiyyat nişanlı avtomobil Ağdam rayonu istiqamətində hərəkət edən zaman "xxxx" ASC tərəfindən sığortalanmış “Mercedes Benz 300” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobillə 13.12.2020-ci il tarixdə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı dərhal DYP məlumatlandırılmış, onlar hadisə yerinə gəlib hadisəni qeydə almış, sığorta şirkətinin nömrələrinə cavab verilmədiyindən DYP əməkdaşları hərəkətdə məhdudiyyət yaranmasın deyə hər iki avtomobili duracağa aparmışdır. DYP əməkdaşları əlaqə saxladıqdan sonra "xxxx" ASC-nin Elçin adlı əməkdaşı duracağa gəlib avtomobillərə baxış keçirmiş, foto şəkillərini çəkmiş, sonra isə hadisə yerinə gedib orada da baxış keçirmişdir. Hadisə həftənin bazar günü, yəni qeyri-iş gününə təsadüf etdiyindən şirkətin əməkdaşı iş günlərində sığorta şirkətinin baş idarəsindən iddiaçı ilə əlaqə saxlanılacağını, dəymiş zərərlə bağlı qiymətləndirmənin ona bildirəcəyini söyləmişdir. Növbəti həftə onunla heç bir əlaqə saxlanılmadığından, o, şirkətlə əlaqə saxlamış, bir neçə cəhddən sonra onun işinin Elnur adlı əməkdaşda olduğunu, onunla əlaqə saxlamalı olduğunu bildirmişdir. Bu müddət ərzində iddiaçı avtomobili öz vəsaiti hesabına Bakıya gətirməli olmuş, çünki rayonda ehtiyyat hissələrinin, yaxşı təmir müəssisələrinin tapılması çətin idi. 22.12.2020-ci il tarixdə onun dəfələrlə təkidindən sonra sığorta şirkətinin Elnur adlı əməkdaşının göstərişi ilə avtomobili dəymiş zərərin qiymətləndirilməsi üçün Dərnəgül şossesi, Çermet körpüsünün yanında yerləşən “KİA” servisə aparmış, servisdə zərər məbləğini ona bildirməyərək, sığorta şirkəti tərəfindən bildirəcəyi qeyd olunmuşdur. Onun tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aşağıdakı işlər götürlmüş və əvəzi ödənilmişdir:

1. Yeni arxa sol qapı – 595 manat;

2. Arxa sol disk və barabanın təmiri -250 manat;

3. Baraban – 250 manat;

4. Elektrik – 250 manat;

5. Dəmirçi işinin görülməsi – 1200 manat;

6. Buferin təmiri – 150 manat;

7. Rəngsaz – 1200 manat;

8. Sol qapı dəstəyinin iç mexanizmi – 289 manat, cəmi 4954 manat məbləğində ziyan dəymişdir. Lakin sadalanan işlər görülüb, dəymiş ziyan aradan qaldırıldıqdan sonra cavabdeh 02.02.2021-ci il tarixli məktubla sığorta ödənişini etməkdən imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehdən baş vermiş sığorta hadisəsi ilə bağlı sığorta ödənişini tələb etsələr də, cavabdeh hadisə nəticəsində avtomobilə dəymiş ziyanı ödəməkdən qəsdən yayınır.Göstərilənləri nəzərə alaraq iddiaçı iddia ərizəsinin təmin edilməsi, cavabdeh "xxxx" ASCdən 4954 manat sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin göstərmişdir ki, iddiaçının idarə etdiyi nəqliyyat vasitəsi gömrük sərhəddindən keçərkən zədəli olsa da, yol-nəqilyyat hadisəsi də məhz zədəli hissə arasında baş versə də, hadisədən sonra iddiaçının avtomaşına vurulan ziyanın məbləği artmışdır. İddiaçı nəqliyyat vasitəsini ucuz başa gəlməsi üçün ara maşın ustalarında düzəltdirmiş, bu səbəbdən çəkilən xərclə bağlı məhkəməyə rəsmi sənəd təqdim edə bilmir. Məhkəmə iclasında cavabdehin etibarnamə əsasında nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat daxil olduqdan sonra, müvafiq sənədlər X6 "xxxx" ASC-yə daxil olmuşdur. Şirkət tərəfindən müvafiq araşdırmalar aparılarkən məlum olmuşdur ki, “Lincoln” markalı ME530TR20 dövlət qeydiyyat nişanlı avtomobil X1 alınmışdır. Həmin avtomobilin satışa çıxarılarkən zədəli olması fotoşəkillərdən aşkar görünür. İddiaçıla əlaqə yaratdıqda o bildirmişdir ki, qeyd olunan avtomobil ABŞ-da vuruq vəziyyətdə alınsa da, təmir olunduqdan sonra Azərbaycan Respublikası ərazisinə daxil edilmiş, yolnəqliyyat hadisəsindən öncə avtomobil tam saz vəziyyətdə olmuşdur. Cavabdeh qeyd etdiklərinə dair rəsmi izahat verilməsi üçün şirkətə dəvət olunmuş, lakin İddiaçı kobud şəkildə bundan imtina etmişdir. Bütün bunlar hadisənin qurma bir hadisə olduğunu ehtimal edilməsinə əsas yaradırdı. Araşdırmanın davamı olaraq şirkət tərəfindən “Lincoln” markalı ME530TR20 dövlət qeydiyyat nişanlı avtomobilin hansı tarixdə gömrük baxışından keçdiyi və bu zaman onun xarici görünüşünü əks etdirən fotoşəkillər barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə sorğu edilmişdir. Dövlət Gömrük Komitəsinin 22.01.2021-ci il tarixli məktubundan məlum olmuşdur ki, qeyd olunan avtomobil 11.12.2020-ci il tarixdə, yəni yol-nəqliyyat hadisəsindən cəmi 2 gün öncə gömrük baxışından keçirilmişdir. Təqdim olunan fotoşəkillərdən aydın görünür ki, qeyd olunan avtomobil zədəli vəziyyətdədir. Hadisə vaxtı çəkilən fotoşəkillərdən görünür ki, “Lincoln” markalı ME530TR20 dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsi (arxa sol qanaq, arxa sol qapı, arxa bamper, ön sol qapı) zədəli vəziyyətdədir. Dövlət Gömrük Komitəsindən təqdim olunan fotoşəkillərdən də məhz həmin hissələrin zədəli olduğu aşkar görünür. Yəni “hadisə” zamanı əlavə heç bir detal zərərə məruz qalmamışdır. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə AR DİN BDYP Qİİ tərəfindən verilmiş 11.12.2020-ci il tarixli nəqliyyat vasitəsinin uçot kartoçkasının kserosurətindən görünür ki, 2013-cü ili buraxılışlı ME530TR20 qeydiyyat nişanlı «Lincoln» minik markalı nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə TP ******* saylı, 13.12.2020-ci il tarixli inzibati tənbeh vemə haqqında qərarın kserosurətinə əsasən X2 13.12.2020-ci il tarixdə saat 14.16-da “Mercedes Benz 300” minik markalı **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və barəsində 60 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən X3 ünvanlanmış 02.02.2021-ci il tarixli məktubun kserosurətindən görünür ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanan “Mercedes Benz 300” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətməsi barədə Cəmiyyətinə daxil olmuşdur. 13.12.2020-ci il tarixdə baş vermiş hadisənin ətraflı araşdırılması üçün Azərbaycan Respubikası Dövlət Gömrük Komitəsinə müraciət edilmiş və “Lincoln” markalı ME530TR20 dövlət qeydiyyat nişanlı avtomobilin hadisədən əvvəl gömrük baxışından keçdiyi zaman çəkilən fotoşəkillərinin Cəmiyyətinə təqdim olunması xahiş edilmişdir. Müvafiq dövlət orqanından 29.01.2021-ci il tarixdə Cəmiyyətinə məlumat daxil olmuşdur. Təqdim olunan fotoşəkillərdə həmin avtomobilin 11.12.2020ci il tarixdə (hadisədən 2 gün əvvəl) Azərbaycan Respublikasının ərazisinə zədəli vəziyyətdə idxal olunduğu görünür. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan avtomaşın 13.12.2020-ci il tarixdə yol-nəqilyyat hadisəsinə uğramışdır. Yol-nəqliyyat hadisəsi "xxxx" ASC-də icbari sığorta müqaviləsi üzrə sığortalanmış “Mersedes Benz” markalı ** EH *** dövlət nömrə nişanlı avtomaşının sürücüsünün təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, yol-nəqilyyat hadisəsindən sonra iddiaçı icbari sığota müqaviləsi üzrə üçüncü şəxs kimi avtomaşına vurulmuş ziyanın ödənilməsini cavabdehdən tələb etsə də, sonuncu sığorta ödənişinin verilməsindən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, avtomaşın hadisədən iki gün əvvəl (11.12.2020-ci il tarixdə) Azərbaycan Respublikasının ərazisinə zədəli vəziyyətdə idxal olunmuşdur. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, cavabdeh sığorta ödənişini verməkdən imtina etdikdən sonra iddiaçı maşını təmir etdirmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, yol-nəqilyyat hadisəsi nəticəsində avtomaşına dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilmədiyi üçün, iddiaçı avtomaşını özü təmir etdirmiş və buna görə 4954 matan pul xərcləmişdir. İddiaçı hesab edir ki, baş vermiş sığorta hadisəsi nəticəsində avtomaşına ziyan vurulduğu üçün və cavabdeh qəsdən həmin ziyanı ödəməkdən yayındığı üçün, həmin ziyan ondan məcburi qaydada tutulmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomaşını zədələnsə də, həmin avtomaşın yol-nəqliyyat hadisəsindən qabaq da artıq zədələnmişdir. Belə ki, məhkəmə iclasında təqdim edilmiş videodiskə baxış keçirilməsi zamanı, eyni zamanda iddiaçının nümayəndəsinin izahatı ilə təsdiq edilmişdir ki, iddiaçıya məxsus avtomaşın yol-nəqliyyat hadisəsindən qabaq zədəli olmuşdur. Həmin avtomaşının yol-nəqilyyat hadisəsindən qabaq zədəli olan hissələri eyni zamanda hadisə zamanı təkrar zədələnmişlər. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçı tərəfindən avtomaşın hazırda təmir etdirilsə də, onun tərəfindən zədələnmiş hissələrin yol-nəqilyyat hadisəsindən qabaq və sonra olan vəziyyəti ilə bağlı hər hansı sübut təqdim olunmamışdır. Yəni zədələnmiş hissələrin yol-nəqliyyat hadisəsində təkrar zədələnməsi nəticəsində iddiaçıya hansı məbləğdə zərər vurulması ilə bağlı məhkəməyə heç bir sübut verilməmişdir. Digər tərəfdən avtomaşın iddiaçı tərəfindən təmir olunsa da, həmin avtomaşının təmirinə çəkilmiş xərcin məhz yol-nəqilyyat hadisəsi zamanı vurulmuş ziyanın aradan qaldırılması ilə bağlı olmasına dair sübutlar da məhkəməyə təqdim olunmamışdır. AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcbari sığortalar haqqında” AR Qanununun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir (15.3.1). Qanunvericiliyin tələblərindən göründüyü kimi zərər dedikdə vurulmuş real zərər nəzərdə tutulur. İddiaçıya məxsus avtomaşın yol-nəqliyyat hadisəsindən qabaq zədəli olduğu üçün, baş vermiş yol-nəqilyyat hadisəsindən sonra ona tələb olunan xərcdən daha çox xərcin çəkilməsinin tələb edilməsi ilə bağlı hallar müəyyən edilməmiş və buna dair hər hansı sübutlar təqdim olunmamışdır. Bununla da iddiaçının əmlak mənafelərinə ziyanın vurulması halı məhkəmə iclasında təsdiq olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə məhkəmə hesab edir ki, baş vermiş yol-nəqilyyat hadisəsi nəticəsində icbari sığorta müqaviləsi üzrə iddiaçıya məxsus avtomaşına ziyan vurulması halı müəyyən olunmadığı üçün, həmçinin belə ziyanın vurulması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübutlar təqdim olunmadığı üçün, iddiaçının irəli sürdüyü tələbləri əsaslı hesab edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd olunduğu üçün, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 4954 manat sığorta ödənişinin və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutulması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar