Məhkəmə qərarları › İş №e-2(009)-1769/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1769/2023

26.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1769/2023 26.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixindən hesablanılmaqla əlavə xərclərinin və maddi ehtiyyaclarının qarşılanması məqsədilə 300 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb belə əsaslandırılmışdır ki, Cavabdeh doğma övladıdır. Artıq 10 ildən çoxdur oğlunun ananın necə dolanmasından, səhətinin necə olmasından xəbəri yoxdur. Hazırda əmək qabiliyyətsizdir. Cavabdeh tərəfindən heç bir köməklik göstərilmir. Bir çox xəstəliklərdən əziyyət çəkir. Covid 19 infeksiyasına yoluxduqdan sonra bir çox xəstəlikləri oyanmışdı. Onurğanın yayılmış osteoxondrozu, hipertoniya İİİ dərəcə, sağ diz oynağının deformasiyası, arterozu və sair xəstəliklərdən əziyyət çəkir. Bütün bunları cavabdehə bildirsə də cavabdeh heç bir əhəmiyyət verməmişdir. Cavabdehdən 300 manat məbləğində aliment tutulmalı və bu tutulma mediasiya qaydasında təkliflə cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. xx.xx.2023-cü il tarixdə cavabdeh iddia ərizəsinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, 2015-ci ildə anası onu və ailəsini 1973-cü ildən yaşadığı Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, 31 saylı evi tərk etməyə məcbur etdi, halbuki onun şəxsi evi yox idi və hal-hazırda da yoxdur. 2017-ci ildə o, öz təşəbbüsü ilə onunla əlaqəni tamamilə dayandırmışdı. Onun niyə belə hərəkət etdiyini, onunla nə baş verdiyini qətiyyən bilmirdi. Bu davranışının səbəbini sonradan anladı. 2021-ci ildə Səbail rayon Məhkəməsinə onu və uşaqlarının evdən istifadə hüquqlarından məhrum etmək üçün ərizə ilə müraciət elədi. İddia ərizəsində evi satmaq istədiyini qeyd etmişdir. İddiası təmin edilməmişdir. Evə köçürülməyinə icazə vermədiyindən Səbail rayon Məhkəməsində iddia qaldırmış və qətnaməyə əsasən həmin evə köçürülməsi qət edilmişdir. Anasının maddi ehtiyyacı olsaydı hər məhkəmə iclasına şəxsi vəkili tutmazdı və rüsümlara, mediasiyalara pul xərcləməzdi. Anasının hərəkətlərinə görə keçmiş yoldaşı ilə münasibətləri tam pozulmuş və xx.xx.2013-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay 250 manat məbləğində alimentin tutulur. Hal-hazırda bu məbləği əziyyət və gecikmə ilə ödəyir. İddiaçı mülkiyyətində 2 mərtəbəli ev var. Evin 1-ci mərtəbəsini 300 manata kirayəyə verir. İddiaçı hər ay dövlətdən təqaüd alır. İddiaçı daha bir övladı var və ona maddi yardım göstərir. Bacısının qızı 2013-cü ildə Maxaçkaladan nənəsigilə köçərək onunla birlikdə yaşayır və ona maddi yardım göstərir. Bütün göstərilən xəstəliklər onun yaşından əmələ gəlir, əliliyi yoxdur və ambulator müalicəni dövlət tibbi sığorta ilə ala bilər. Özü nevroz xəstəliyindən əziyyət çəkir, panik ataklar tez-tez olur, həyacanlananda dərin nəfəs ala bilmir, panikaya düşür, boğulur. Özünün də müalicəyə ehiyyacı var. Xəstəliyinə ğörə işləyə bilmir və heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Özünə oğlu X6 maddi yardım göstərir. Evdən qeydiyyatdan çıxarmaq, evi satmaq mümkün olmadığı halda anası qisas almağa davam edir və onu rahat yaşamağa imkan vermir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən hakimə etiraz edilmiş və Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 1769/2023-cü il tarixli qərardadı ilə etiraz təmin edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən hakimə etiraz edilmiş və Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 1769/2023-cü il tarixli qərardadı ilə etiraz təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında iddiaçının hansı vəziyyətdə yaşamasını, onda olan xəstəliklərin müalicəsinin necə olmasını cavabdehin bildiyini, lakin üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini söyləmişdir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdə hal-hazırda iddiaçıda olan xəstəliklərlə bağlı arayışın olduğu, banklara müraciət edərək kredit götürdüklərini, digər məhkəmə qətnaməsində alimentin tutulması müəyyən edilsə də icra mərhələsində tələbkarın bundan imtina etdiyini və beləliklə cavabdehin digər hər hansı bir öhdəliyi olmadığını bildirərək cavabdehdən iddiaçının saxlanılması üçün 10 mart 2022-ci il tarixdən hesablanmaqla aylıq 300 manat alimentin tutulması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında işləmədiyini, bacısının onun anasını saxladığını, ona qarşı qaldırılan iddianın səbəbini isə onu evdən qeydiyyatdan çıxarmaq istədiklərini, lakin buna razılıq vermədiyini, alimenti ödəyə bilməyəcəyini söyləyərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan MH seriyalı, ******* nömrəli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsində istifadədə olan 0.01967 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 97.4 kv.m yaşayış, 105.2 kv.m köməkçi sahədən ibarət 31 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı 2 otaq, X1 2 otaq, X3 1 otaq y/s 9.1 kv.m, X4 2 otaq adlarına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 457 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin TQS 027 nömrəli Ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixində Covid 19 infeksiyasına yoluxmuşdur. Onurğanın yayılmış osteoxondrozu diaqnozu üzrə müalicə yazılmışdır. Hipertoniya İİİ dərəcə diaqnozu qoyulmuşdur. Sağ diz oynağının deformasiyaedici artrozu qoyulmuşdur. İş materiallarında olan İddiaçı xx.xx.2018-xx.xx.2021-ci il tarixədək Azərbaycan Beynəlxalq Bankından 7057 manat kredit götürülmüşdür. Elektron İnformasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı 327.21 manat pensiya alır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzinin 19 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh Həhman oğlunun əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri, X10 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh vergi ödəyicisi kimi qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş Səbail rayon icra şöbəsinin e240425/2022-16-15-001 nömrəli icra işindən görünürü ki, X5 xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək Cavabdeh heç bir aliment borcunun olmadığını və onun barəsində hər-hansı məcburi icra tədbirlərinin görülməməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 33 saylı şəhər poliklinikasının xəstəlik tarixçəsindən görünür ki, Cavabdeh nevroz xəstəliyindən əziyyət çəkir və səbəb ailədaxili problemlərdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı bəzi xəstəliklərdən (onurğanın yayılmış osteoxondrozu, hipertoniya İİİ dərəcə, sağ diz oynağının deformasiyaedici artrozu) əziyyət çəkir və müalicə olunmalıdır, iddiaçının iki övladı var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Ailə Məcəlləsinin 83-cü maddəsinə əsasən yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. Yetkinlik yaşına çatan övladların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla bu Məcəllənin 82.3-82.6-cı maddələrinə uyğun olaraq müəyyən edilir. Əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı tərəflərin sazişi ilə də müəyyən oluna bilər. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat manat məbləğində müəyyən edilmişdir. Qeyd edilən maddi hüquq normalarının tələbindən hazırki mübahisəyə yanaşan və cavabdehin rəsmi işləməməsini, iddiaçının iki övladı olmasını nəzərə alan məhkəmə bildirir ki, 150 manat məbləğində alimentin müəyyən edilməsi daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın qismən təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay 150 (bir yüz əlli) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 38 (otuz səkkiz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar