Məhkəmə qərarları › İş №e-2(009)-183/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-183/2022

16.02.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-183/2022 16.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi X3, nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “əmək haqqı, son haqq-hesabın və əmək kitabçasının verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı 2020-ci ilin sentyabr, oktyabr və noyabr ayları üzrə ödənilməli olan 1 167 587.67 (bir milyon bir yüz altmış yeddi min beş yüz səksən yeddi manat 67 qəpik) manat məbləğində əmək haqqının, son haqq-hesabın gecikdirilməsinə görə əmək haqqı ödənildiyi tarixədək hər gecikdirilmiş gün üçün 2% (iki) miqdarında hesablanmış ödəncin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 18 yanvar 2022-ci il tarixdə iddia ərizəsinə əlavə edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ona 2020-ci ilin sentyabr, oktyabr və noyabr ayları üzrə ödənilməli olan 1 167 587,67 (bir milyon bir yüz altmış yeddi min beş yüz səksən yeddi manat altmış yeddi qəpik) manat məbləğində əmək haqqının, son haqq-hesabın gecikdirilməsinə görə əmək haqqı ödənildiyi tarixədək hər gecikdirilmiş gün üçün 2% (iki) miqdarında hesablanmış ödəncin tutulmasına, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən onun əmək kitabçasının müvafiq qaydada rəsmiləşdirilmiş formada verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh ilə (bundan sonra “cavabdeh”) bağladığı 29 mart 2008-ci il tarixli 100/S A saylı əmək müqaviləsinə (bundan sonra “Müqavilə”) 01 sentyabr 2020-ci il tarixli 4 nömrəli Əlavə Razılaşmaya (bundan sonra “Əlavə”) əsasən Müqavilənin 3.1-ci bəndinə dəyişiklik edilmiş və 01 sentyabr 2020-ci il tarixdən iddiaçının əmək haqqı 54 301 (əlli dört min üç yüz bir) manat təşkil etmişdir. Bundan əlavə, cavabdehin 01 sentyabr 2020-ci il tarixli əmri ilə iddiaçının 2020-ci ilin sentyabr əmək haqqına əlavə edilməklə, iddiaçı 1 022 785 ( bir milyon iyirmi iki min yeddi yüz səksən beş) manat məbləğində mükafatlandırılmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verildiyi tarixədək nə yeni məbləğdə təyin edilmiş əmək haqqı, nə də ki, mükafat iddiaçıya ödənilməmişdir. Hətta, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən, onunla son haqq-hesab aparılmamış, əmək müqaviləsinə xitam verilməsinə dair əmr və əmək kitabçası ona təqdim edilməmişdir. Qeyd etmək lazımdır ki, iddiaçıya ödənilməli olan 2020-ci ilin sentyabr, oktyabr və noyabr ayları üçün əmək haqqı, sentyabr ayı üçün mükafat və son haqq-hesab iddiaçıya bu günədək ödənilməmişdir. Bununla bağlı, cavabdehə 20 sentyabr 2021-ci il tarixli 939-VK-05/21 nömrəli pretenziya göndərilmiş, lakin pretenziya nəticəsiz qalmış və cavabdeh hər hansı vəsait ödəməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə 30 dekabr 2021-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin 30.12.2021-ci il tarixli, e-2(009)-2931/2021 saylı qərardadı ilə ərizə MPM-nin 154.1-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmışdır. İddiaçı 14 fevral 2022-ci il tarixdə iddia ərizəsinə əlavə təqdim etmişdir. Səbail Rayon Məhkəməsinin 14.02.2022-ci il tarixli, e-2(009)-183/2022 saylı qərardadı ilə ərizə MPM-nin 152.1.6-1-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, əmək kitabçası barədə heç bir məlumat yoxdur. Ümumiyyətlə şəxsi işdə əmək kitabçası mövcud deyildir. Bu barədə də akt tərtib olunmuşdur. Səbəbləri isə bəlli deyil. İddiaçı tərəfin yazılı formada təqdim etdiyi çıxışa münasibətdə düşünür ki, Mülki Prosessual Qanunvericiliyə görə bu şifahi formada həyata keçirilməli idi. Təbii ki, həm şifahi, həm də yazılı təqdim edilməsi qadağan edilmir. Lakin, şifahi çıxış etməyib, sadəcə elektron qaydada yazılı formada təqdim edilməsi o deməkdir ki, çıxış yoxdur. İddiaçı tərəf iclasın vaxtı və yeri barədə xəbərdar edilsə də, iclasda iştirak etmir, bu səbəbdən də, onlar çıxışa cavab vermir. Hazırki mülki işdə üç iddia tələbi var. Əmək haqqı, mükafat və əmək kitabçası. Əmək kitabçasını istəməkdə iddiaçı tam haqqlıdır. Onlar buna etiraz etmirlər. Bu onun hüququdur. Cavabdeh tərəf olaraq buna etiraz etmirlər. Lakin təqdim etdikləri aktdan da görünür ki, onun şəxsi işində əmək kitabçası aşkar edilməyib. Əmək haqqı ilə bağlı bildirir ki, nizamnamənin 10.11.7-ci maddəsində qeyd olunur ki, baş direktorun və onun müavinlərinin xidməti üçün ödəniş və ya mükafat planını müəyyən etmək direktorlar şurasının səlahiyyətinə aiddir. Faktlardan da görünür ki, iddiaçı tərəf sadəcə təsisçilərin ümumi yığıncağı tərəfindən təyin olunan nümayəndə ilə aralarında olan sənədə istinad edərək, əmək haqqının artırılmasını və ona mükafat verilməsini iddia edir. Lakin, bununla bağlı direktorlar şurasının hər hansı bir qərarını təqdim etmir. Əvəzində 2-3 dəqiqəlik video təqdim edir, hansıki qanunsuz şəkildə qeydə alınan bir videodur. Onun ümumiyyətlə başqalarının icazəsi olmadan bunu etməsi düzgün deyil. Bu adam ümumiyyətlə direktorlar şurasının üzvü də deyil, icra orqanının rəhbəridir. İcra orqanının rəhbəri sadəcə dəvət oluna bilər direktorlar şurasının iclasına. Təkzibolunmaz fakt ondan ibarətdir ki, iddiaçı tərəf direktorlar şurasının hər hansı bir qərarını təqdim etməyib. Onlar da cavabdeh tərəf olaraq bəyan edirlər ki, belə bir qərar yoxdur, mövcud deyildir. Əgər belə bir qərar yoxdursa əmək haqqının artımından söhbət belə gedə bilməz. İkinci məqam isə tərəflər arasında olan əlavə razılaşma başlığı altında olan barışıq razılaşmasıdır. Orada birmənalı şəkildə iddiaçı tərəf üzərinə öhdəlik götürüb ki, onun cavabdeh tərəfə qarşı, nəyinki cavabdehə, cavabdeh tərəflə bağlı olan bütün şirkətlərə qarşı heç bir tələbi yoxdur, heç vaxt iddia qaldırmayacaq. Bununla bağlı isə qarşı tərəfin mövqeyi ondan ibarət oldu ki, biz bu sənədi cırmışıq. Hansısa əqdi, müqaviləni cırmaq onun etibarsızlığına, hüquqi qüvvəsini itirməsinə dəlalət etmir. Əksinə qarşı tərəfin bunu bildirməsi həmin sənədin orijinalının mövcudluğunu təsdiq edir. Birincisi, barışıq razılaşması ilə iddiaçının iddiaları əsassızdır. İkincisi, hətta bu barışıq razılaşması olmasa idi belə, yenə də direktorlar şurasının qərarı yoxdur. Mövcud əmək haqqı 9000 manatın ödənilməməsinin səbəbi onunla əmək haqqı münasibətlərinin rəsmiləşdirilməsi və haqqhesabın əvəzləşdirilməsinin həyata keçirilməsidir. Məhkəməyə bankdan çıxarışlar təqdim edilmişdir. Həmin çıxarışlardan açıq aydın görünür ki, o xərcləmələrin şirkətin fəaliyyətinə heç bir aidiyyəti yoxdur. İddia tələblərinin tamamilə əsassız olduğunu düşünür, bu səbəbdən də tələblərin təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmənin 02.2022-ci il tarixli iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə 20 noyabr 2020-ci ildə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab aparılmalı olduğu halda, son haqq-hesab aparılmamışdır. Hətta sentyabr, oktyabr və noyabr ayının bir hissəsinə görə əmək haqqı ödənilməmişdir və əmək kitabçası verilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edilmişdir. Son hazırlıq iclasında cavabdeh tərəfindən etiraz təqdim olunmuşdur və həmin etiraza müəyyən sənədlər əlavə olunmuşdur. Onların ümumiyyətlə bu sənədlərdən məlumatları olmamışdır. Məsələn, cavabdeh 19 oktyabr 2020-ci il tarixli əmr təqdim etmişdir ki, iddiaçıya mükafatın verilməsi əmri ləğv olunmuşdur. İkinci 23 noyabr 2020-ci il tarixli əmr təqdim etmişdir ki, cavabdehə ödənilməli olan əmək haqqı və məzuniyyət günlərinə görə ödənilməli olan vəsait onun, yəni iddiaçının cavabdeh qarşısında olan borcu hesabına silinsin. Bu səbəbdən də, iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, həmin əmrlərin ləğvini xahiş etmişlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil 16.02.2022-ci il tarixdə məhkəməyə yazılı çıxış ünvanlayaraq bildirmişdir ki, cavabdeh əsas olmadığından əmək haqqının artırılmamasını bildirsə də, əmək haqqının artırılmasını ehtiva edən 01 sentyabr 2020-ci il tarixli 4 nömrəli Əlavə Razılaşma mübahisələndirilmədiyindən qüvvədədir və cavabdeh onunla bağlı öhdəlik daşıyaraq, əmək haqqının Əlavə Razılaşmada nəzərdə tutulan məbləğdə hesablamalı idi. Cavabdeh iddiaçının 16 oktyabr 2021-ci il tarixdə kənarlaşdırdığını bildirsə də, iddiaçıya sentyabr, oktyabr və noyabr ayları üzrə əmək haqlarını hesablamış, 23 noyabr 2020-ci il tarixli İR-505/20-1 nömrəli əmrlə həmin əmək haqlarını iddiaçıdan tutmuşdur. Yəni, həmin əmək haqlarının mövcudluğunu cavabdeh qəbul etmişdir. Mükafat 2017-ilin dekabr ayından 2020-ci ilin iyun ayına qədər olan dövr üzrə ödənilməmiş əmək haqqını əvəzləşdirmək məqsdəilə verilmişdir. Mükafatın verilməsinə dair 01 sentyabr 2020-ci il tarixli əmrin ləğv edilməsinə dair 19 oktyabr 2020-ci il tarixli 443-3/20 nömrəli əmr əsassız verilmişdir. Çünki, əmrin verilməsi üçün əsas kimi iddiaçının əmək fəaliyyətində nöqsanları göstərilsə də, cavabdeh həmin nöqsanların nədən ibarət olmasını nə əmr verilən tarixdə, nə də məhkəmə iclasında göstərməmişdir. Halbuki, əmr verilən tarixdən 1,5 il vaxt keçmiş və cavabdehin araşdırmanın aparılması üçün kifayət qədər vaxtı olmuşdur. Cavabdeh bank kartlarının iddiaçıya verilməsini və iddiaçı tərəfindən istifadə olunmasını göstərsə də, bu hal cavabdeh tərəfindən sübut olunmamışdır. Cavabdeh bank kartları vasitəsilə xərclənmiş vəsaiti maddi ziyan kimi deyil, avans üzrə borc kimi qəbul etmişdir. Deməli, vəsaitinin tutulması zamanı avans üzrə borcun tutulması qayda və müddətlər tətbiq olunmalı idi. Cavabdeh isə həmin qayda və müddətləri pozmuş, qanunsuz olaraq 23 noyabr 2020-ci il tarixli İR-505/20-1 nömrəli əmr vermişdir. Cavabdeh iddiaçı ilə bağlı verdiyi bütün əmrlərdə maddi ziyanın vurulmasını əsas kimi göstərmişdir. Lakin, maddi ziyanın vurulması üçün olan şərtləri (ziyan-təqsir- səbəbli əlaqə), yəni, subyekti, maddi ziyanın nədən ibarət olunması, ziyanın faktiki məbləğini müəyyən etməmişdir. Odur ki, tələblərin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 100/SA nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı 29 mart 2008-ci il tarixdə "xxxx" MMC (AQŞ-Abşeron Qazma) baş direktor vəzifəsinə işə qəbul olub. Müqavilə müddətsiz bağlanmışdır. Əmək haqqı 7388 manatdır. (İşəgötürən - Cəmiyyət iştirakçılarının növbədənkənar ümumi yığıncağının 01/2008 nömrəli, 29.03.2008-ci il tarixli protokolu ilə səlahiyyət verilmiş X7). İş materiallarında olan 100/SA nömrəli əmək müqaviləsinə əlavə razılaşmadan görünür ki, 05 yanvar 2010-cu il tarixdə əmək haqqı 9224 manat olmuşdur. (İşəgötürən- Cəmiyyət iştirakçılarının növbədənkənar ümumi yığıncağının 01/2008 nömrəli, 29.03.2008-ci il tarixli protokolu ilə səlahiyyət verilmiş X7). İş materiallarında olan 100/SA nömrəli əmək müqaviləsinə əlavə razılaşmadan görünür ki, 01 sentyabr 2020-ci il tarixdə əmək haqqı 54301 manat olmuşdur. (İşəgötürən- Cəmiyyət iştirakçılarının növbədənkənar ümumi yığıncağının SOCAR**********00400016X00001 nömrəli, 15.07.2020-ci il tarixli protokolu ilə səlahiyyət verilmiş X6). İş materiallarında olan 01 sentyabr 2020-ci il tarixli əmrdən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 185.1-ci maddəsi ilə sentyabr ayının ümumi aylıq əmək haqqına xalis 1.022.785 manat mükafatlandırılmışdır. İş materiallarında olan 19 oktyabr 2020-ci il tarixli, 443-3/20 nömrəli əmr ilə "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının 16 oktyabr 2020-ci il tarixli protokolunda Cəmiyyətin baş direktoru İddiaçı fəaliyyətində verilən nöqsanlara görə tutduğu vəzifəsindən azad olunması barədə Qərar qəbul edilmişdir. Qeyd olunan nöqsanlar nəticəsində Cəmiyyətdə iqtisadi maliyyə çətinlikləri yarandığından 01 sentyabr 2020-ci il tarixli əmr ləğv edilmişdir. İş materiallarında olan 20 noyabr 2020-ci il tarixli İR 505/20 nömrəli əmr ilə "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının 16 oktyabr 2020-ci il tarixli protokolunda Cəmiyyətin baş direktoru İddiaçı fəaliyyətində yol verilən nöqsanlara görə tutduğu vəzifəsindən azad olunması barədə Qərar qəbul edilmişdir. Cəmiyyətə külli miqdarda ziyan vurmuşdur. Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə 20.11.2020-ci il tarixdə əmək müqaviləsi ləğv edilmişdir. Əmək haqqı və əmək məzuniyyətinə görə ödəniləcək pul əvəzi Cəmiyyətin xeyrinə tutulmuşdur. İş materiallarında olan 23 noyabr 2020-ci il tarixli İR-505/20-1 nömrəli əmr illə (20 noyabr 2020-ci il tarixli İR 505/20 nömrəli əmrə əlavə) 20 noyabr 2020-ci il tarixli İR 505/20 nömrəli əmrin 2-ci bəndi ləğv edilmiş və İddiaçı 2020-ci il sentyabr-noyabr ayları üzrə əmək haqqı ilə yanaşı istifadə edilməmiş əmək məzuniyyətinə görə ödəniləcək pul əvəzindən cəmiyyətin xeyrinə sentyabr ayı üzrə əmək haqqı-9492 manat, oktyabr ayı üzrə əmək haqqı-9492 manat, noyabr ayı üzrə əmək haqqı 6644.40 manat, məzuniyyət günlərinin əvəzi olaraq-23714.54 manat tutulmuşdur. Əsas Əmək Məcəlləsinin 175-ci maddəsinin “d” bəndi. İş materiallarında olan 28 iyul 2021-ci il tarixdə İddiaçı "xxxx" MMC-yə müraciətindən görünür ki, 16 oktyabr 2020-ci il tarixdə öz xahişi ilə işdən çıxmağa dair ərizəni müəssisənin baş hüquqşünası X5 təqdim etmiş və 19 oktyabr 2020-ci il tarixdən işə gəlməmişdir. Əmək kitabçasının verilməsini və son haqq-hesabın verilməsini istəmişdir. 29 iyul 2021-ci il tarixdə müraciət "xxxx" MMC-yə daxil olmuşdur. İş materiallarında olan 17 aprel 2015-ci il tarixli əmr ilə 20.04.2015-20.04.2015 Almaniya Federasiyasının Hamburq şəhərində, 20 may 2015-ci il tarixli əmr ilə 24.05.2015-30.05.2015 X4 şəhərində, 09.10.2015-ci il tarixli əmr ilə 11.10.2015- 15.10.2015 kimi Küveyt dövlətinin Mişref şəhərində, 13 noyabr 2015-ci il tarixli əmr ilə 20.11.2015-26.11.2015 X1 Damam şəhərində, 11 fevral 2016-cı il tarixli əmr ilə 15.02.2016-19.02.2016 X2 Dubay şəhərində, 26 fevral 2016-cı il tarixli əmr ilə 29.02.2016- 04.03.2016 Türkiyənin İstanbul şəhərində iddiaçı ezamiyyətdə olub. İş materiallarından görünür ki, "xxxx" MMC (AQŞ-Abşeron Qazma) ilə İddiaçı arasında 16.10.2020-ci il tarixli 29.03.2008-ci il tarixli, 100/SA saylı Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar Əlavə Razılaşma imzalanmışdır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ona 2020-ci ilin sentyabr, oktyabr və noyabr ayları üzrə ödənilməli olan 1 167 587,67 (bir milyon bir yüz altmış yeddi min beş yüz səksən yeddi manat altmış yeddi qəpik) manat məbləğində əmək haqqının, son haqq-hesabın gecikdirilməsinə görə əmək haqqı ödənildiyi tarixədək hər gecikdirilmiş gün üçün 2% (iki) miqdarında hesablanmış ödəncin tutulması tələbi əsassızdır və təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.5-ci maddəsinə əsasən hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir. İş materiallarında olan "xxxx" MMC-nin Nizamnaməsinin 10.11.7-ci bəndindən görünür ki, baş direktorun və onun müavinlərinin xidməti üçün ödəniş və ya mükafat planını müəyyən etmək-Direktorlar Şurasının sadə səs çoxluğu ilə qəbul etdiyi qərar əsasında olur. Məhkəmə araşdırması zamanı isə belə qərarın olduğu müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələridir. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 175-ci maddəsinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.

2. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr; b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ; c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği; ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu; d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyət xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği; e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər; ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği; f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ; g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları.

3. İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz.

4. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.

5. Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz.

6. İşçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 19 oktyabr 2020-ci il tarixli əmr ilə iddiaçıya mükafatın verilməsi əmri ləğv olunmuşdur. Həmçinin 23 noyabr 2020-ci il tarixli əmr ilə cavabdehə ödənilməli olan əmək haqqı və məzuniyyət günlərinə görə ödənilməli olan vəsait iddiaçının cavabdeh qarşısında olan borcu hesabına silinməsi müəyyən edilmişdir. Həmin əmrlər isə iddiaçı tərəfndən qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qaydasında mübahisələndirilməyib. Məhkəmə tələbin əmək kitabçasının verilməsi ilə bağlı qeyd edir ki, İddiaçı əmək kitabçası Cavabdeh MMC tərəfindən iddiaçıya təqdim edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı əmək kitabçası Cavabdeh MMC tərəfindən iddiaçıya təqdim edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar