Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1872/2024 22.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı, nümayəndəsi-vəkili Nümayəndə və cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Nəsibova X4 Əli Mehdi oğluna qarşı “atalığın müəyyən edilməsi və alimentin tutulması” tələbinə məhkəmədə iddia qaldıraraq, xx.xx.2007-ci il təvəllüdlü X5 atasının Cavabdeh olmasının müəyyən edilməsi, xx.xx.2007-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutulması, xx.xx.2007-ci il təvəllüdlü X1 üçün əvvəlki dövr üçün ödənilməmiş alimentin əvəzi kimi Cavabdeh İddiaçı xeyrinə əvvəlki 3 illik müddət həddində alimentin tutulması və xx.xx.2007-ci il təvəllüdlü X5 təhsil xərclərinin qarşılanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 4000 manat pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında nikahdan kənar münasibətlər olmuşdur (iddiaçının cavabdehlə olan foto-şəkli əlavə edilir). AZ-İİ №764578 saylı doğum haqqında şəhadətnamədən görünür ki, 25 avqust 2007-ci il tarixdə İddiaçı ilə Cavabdeh övladı X7 anadan olmuşdur. Cavabdeh tərəfindən atalığın qəbul edilməsindən imtina ilə bağlı uşağın doğum haqqında şəhadətnaməsində soyadı kimi iddiaçının soyadı - “Nəsibov" yazılmışdır. Uşağın bioloji atası olduğunu cavabdeh özü də yaxşı bilir. Uzun müddət cavabdeh ata kimi öz vəzifələrini yerinə yetirmədiyi üçün uşağın bütün xərclərini iddiaçı çəkmişdir. İddiaçı cavabdehə uşağın təhsili ilə bağlı köməklik edilməsi üçün müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı tərəfindən cavabdehə 25 iyun 2024-cü il tarixli müraciət göndərilmiş və “Azariexpress” kuryer çatdırılma xidmətinin 779279 saylı poçt qaiməsindən görünür ki, müraciət cavabdehə 27 iyun 2024-cü il tarixdə çatdırılmışdır. Həmin müraciətlə iddiaçı cavabdehdən atalıq faktının müəyyən edilməsi üçün ərizə ilə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə müraciət etməsini və uşağın təhsil xərclərində iştirak etməsini xahiş etmiş, lakin müraciətinə münasibət bildirilməmişdir. İddiaçı tərəfindən cavabdehlə mübahisənin mediasiya vastəsilə həllinə cəhd edilmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/6-01436 nömrəli İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə Arayışından görünür ki, cavabdeh İMS-də iştirak etməmişdir və iddiaçı tərəfindən 50 AZN İMS xərci, 10 AZN kargüzarlıq xərci olmaqla cəmi 60 manat ödənilmişdir. Atalıq faktını qəbul etməməklə yanaşı, uşağın anadan olduğu vaxtdan hal-hazıradək saxlanılmasında cavabdehin maddi və ya mənəvi dəstəyi belə olmamışdır. 17 yaşınadək uşağa iddiaçı baxmış, uşağın bütün xərclərini özü qarşılayaraq ana kimi vəzifələrini lazımınca yerinə yetirmişdir. Uşağın digər xərcləri ilə yanaşı ali təhsil müəssisəsinə qəbul olduğu üçün əlavə olaraq təhsil xərcləri də artmışdır. xx.xx.2024-cü il tarixli ödəniş sənədindən göründüyü kimi, təhsil ilinin 1 semestri üçün 3.975 AZN ali təhsil müəssisəsinin hesabına ödənilmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, təhsili ilə bağlı əlavə olaraq, 9.636 EUR ödəniş həyata keçirilmişdir. Halhazırda iddiaçı övladının saxlanması ilə bağlı xərcləri öz hesabına qarşılamaqda çətinlik çəkir. İddiaçı cavabdehdən dəfələrlə uşağın saxlanması xərclərində iştirak üçün cavabdehə müraciət etsə də, müraciətləri cavabsız qalmışdır. Bununla da hesab edirik ki, uşağın saxlaması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında, həmçinin əvvəlki 3 illik müddət həddində aliment tutulmalı, uşağın təhsil xərclərinin ödənilməsi üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 4000 manat tutulmalıdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbini müdafiə edib iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbini müdafiə edib iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi-vəkili iddianın təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, cavabdeh 1993-cü il tarixdən ailəlidir. İddiaçı 17 il sonra hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan: AZ-İİ № 764578 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 25 avqust 2007-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında İddiaçı qeyd edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tibb-genetik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması AR Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 həvalə edilmişdir. AR Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı uşaqla birlikdə şöbəyə gəldiyi, lakin Cavabdeh isə şöbəyə gəlmədiyi səbəbindən ekspertizanın keçirilməsinin mümkün olmadığı qeyd edimişdir. Məhkəmə İddiaçı iddia tələbinin “atalığın müəyyən edilməsi” hissəsində cavabdehin ekspertizadan yayınmasını nəzərə alaraq tələbin bu hissəsinin təmin olunması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinin tələbinə görə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə iddia tələbinin “xx.xx.2007-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, uşağın mənafeyi nəzərə alınaraq, İddiaçı doğulmuş uşağa görə Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi məbləğində aliment tutulmalıdır. Məhkəmə iddia tələbinin “xx.xx.2007-ci il təvəllüdlü X1 üçün əvvəlki dövr üçün ödənilməmiş alimentin əvəzi kimi Cavabdeh İddiaçı xeyrinə əvvəlki 3 illik müddət həddində alimentin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçının qeyd etdiyi dövr ərzində cavabdeh iddiaçıdan doğulmuş uşağın atası kimi tanınmadığından, yalnız iddiaçının mübahisələndirməsi nəticəsində məhkəmə qaydasında cavabdehin xx.xx.2007-ci il təvəllüdlü X5 atası olması faktı müəyyən edildiyindən onun həmin dövr üçün uşağın saxlanması üçün öhdəliyi yaranmamışdır. Məhkəmə iddia tələbinin “4000 manat əlavə xərclərdə iştirakına görə aliment tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. AR Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə göstərilən normaya istinad edərək qeyd edir ki, hazırki halda normada sadalanan halların heç biri mövcud olmadığından və iddiaçının istinad gətirərək cavabdehdən hər ay 4000 manat pulun tutulması ilə bağlı etdiyi hal (təhsil haqqı) göstərilən normaya əsasən əlavə xərc hesab edilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mediasiya xərcinin 50 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin tutulması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X5 atası olması müəyyən edilsin. xx.xx.2007-ci il təvəllüdlü X5 doğum qeydi kitabının ata adı qrafasında “Cavabdeh”, soyadı qrafasında müvafiq olaraq “Əlibəyli” kimi qeydiyyat aparılsın. xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin 50 manat hissəsi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-1872/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1872/2024
22.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver