Məhkəmə qərarları › İş №e-2(009)-1903/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1903/2025

06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1903/2025 06.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Kərimova Nəzrin Asim qızının katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqavilənin ləğv edilməsi, 19,000 manat əsas zərər, 16,800 manat kompensasiya, 350 manat vəkil xərci və 198 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixində T 077 saylı Tikinti-Təmir idmətlərinin göstərilməsi barədə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 180 iş günü ərzində Cavabdeh MMC iddiaçıya aid torpaq sahəsində müqavilədə göstərilən tikinti işlərini görüb başa çatdırmalıdır. Müqavilə şərtlərinə görə ilkin ödəniş olaraq 18000 manat ödənilmiş qalan məbləğ 24 ay müddətinə ödənilməlidir. 24 ay müddətindən iddiaçı 4 ay ödəniş etsədə cavabdeh cəmi 15 gün yəni təxmini olaraq 5000 manat məbləğində işlər görmüş və həmin gündən işləri dayandıraraq müxtəlif bəhanələrlə işi uzadır və hər ay işi davam etdirəcəyinə söz verir. Sonuncu dəfə 20 gün öncə görüş gerçəkləşib cavabdehin nümayəndəsi 3-5 günə işlərin başlayacağını bildirsə də yenədə sözünün üstündə durmayıb. Bu günə qədər cavabdehə ümumi 24000 manat pul ödənilmişdir ki, həmin pulmüqabilində cəmi 5000 manatlıq iş görülmüşdür. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Müqavilə şərtlərinə görə artıq may ayında işlər bitməli idi və müqavilənin 3.6-cı bəndinə əsasən cavabdeh işləri gecikdirdiyi hər gün üçün ümumi məbləğin 1% miqdarında kompensassiya ödəməlidir. Cavabdehə xx.xx.2025-ci il tarixində rəsmi xəbərdarlıq göndərsək də məktub cavabdehə çatmayıb lakin cavbdeh necəsə məlumat alıb əlaqə saxlayıb yenədə vədlər verib lakin nəticə yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılması mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Cavabdeh MMC (podratçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanmış 27 avqust 2024-cü il tarixli müqavilənin (surətinin) 1.1-ci, 1.2-ci, 2.1.1-ci və 3.2-ci bəndlərindən görünür ki, sifarişçi bu Müqavilə ilə müəyyən edilmiş həcmdə və şərtlərlə təmir tikinti işlərinin göstərilməsi üzrə öhdəlikləri Podratçıya həvalə edir, Podratçı isə həmin öhdəlikləri üzərinə götürür. Podratçının Sifarişçiyə göstərdiyi xidmətlərin siyahısı Müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilmişdir. Bu müqavilənin qüvvədə olması müddətində bu müqavilənin Əlavə 1 hissəsində göstərilən xidmətləri vaxtl-vaxtında yerinə yetirməyi podratçı üzərinə götürür. Təmir işləri üzrə haqq 47.000 AZN təşkil edir. xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli qəbzlərin surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabadehə ümumilikdə 23,700 manat pul ödənilmişdir. 08 yanvar 2026-cı il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq qəsəbəsində yerləşən torpaq sahəsində görülmüş işlərin həcm və dəyəri 15,400 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən cavabdeh Podratçı qismində iddiaçının sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq qəsəbəsində yerləşən torpaq sahəsində tam keyfiyyətlə və ağlabatan müddətdə ev, söhbətgah, su anbarı və hasarın tikintisini həyata keçirib Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə bunun müqabilində 47,000 manat Podratçıya pul ödəməyi öhdəsinə götürmüşlər. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtda yerinə yetirməyərək, sözügedən tikililərin tikintisini başa çatdırmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür Sadalananlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürmüş öhdəliyi lazımi qaydada və müddətdə yerinə yetirməmişdir. Bu isə cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulmasıdır. Cavabdehin təqsiri ucbatından müqavilənin şərtləri həyata keçirilmədiyindən və artıq iddiaçı həmin müqavilənin icrasında maraqlı olmadığından tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə ləğv edilməlidir. İddia tələbinin “19,000 manat pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ekspert rəyindən görünür ki, iddiaçı tərəfindən təmir-tikinti işləri aparılması sifariş edilən torpaq sahəsində cavabdeh tərəfindən dəyəri və həcmi 15,400 manat təşkil edən işlər görülmüşdür. Eyni zamanda müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən cavabdehə ümumilikdə 23,700 manat məbləğində pul ödənilmişdir. Bu səbəbdən məhkəmə iddiaçı tərəfindən cavabdehə ödənilmiş ümumilikdə 23,700 manat puldan cavabdeh tərəfindən görülən işlərin dəyərini təşkil edən 15,400 manat pul çıxılmaqla yerdə qalan 8,300 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması olduğu qənaətinə gəlir. Məhkəmə iddia tələbinin “16,800 manat kompensasiyanın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış 27 avqust 2024-cü il tarixli Müqavilənin 2.1.2-ci bəndində qeyd edilir ki, sifarişçinin torpaq sahəsində təmi-tikinti ilə bağlı işləri başlanğıc günü ilkin ödəniş günündən hesablamaqla 180 iş günü ərzində müqavilə predmeti 1.1-də göstərilənlər yerinə yetirməyi podratçı öz öhdəsinə götürür. Müqavilənin 3.6-cı bəndində qeyd edilir ki, müqavilə üzrə razılaşdırılmış işlər vaxtında təhvil verilmədikdə podratçı sifarişçiyə hər gecikən günə görə ümumi məbləğin 1% qədərində kompensasiya ödəməyi öz üzərinə götürür. Məhkəmə müqavilədə işlərin təhvil verilməsi üçün 180 iş günü razılaşdırıldığını nəzərə alaraq qeyd edir ki, ən son icra günü 08 may 2025-ci il tarixə rast gəlir. Bu səbəbdən 08 may 2025-ci il tarixdən hazırki vaxta kimi hər gecikən günə görə 1% kompensasiya hesablanmaqla 16,800 manat pul cavabdehdən tutulmalıdır. Məhkəmə 350 manat hüquqi xidmətə görə ödənilmiş pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, AR MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan Hüquqi yardım haqqında müqavilədən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsi üçün 9 saylı Vəkil Bürosunun hesabına 350 manat məbləğində ödəniş edilmişdir. İddia tələbi qismən təmin edildiyindən həmin məbləğin 170 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki halda iddia tələbi qismən təmin olunduğundan, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 100 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli tikinti-təmir xidmətlərinin göstərilməsi haqqında müqavilə ləğv edilsin. 8,300 manat məbləğində zərərin əvəzi və 16,800 manat məbləğində kompensasiya olmaqla ümumilikdə 25,100 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 100 manat hissəsi və hüquqi yardıma görə ödənilmiş vəsaitin 170 manat hissəsi Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. AECS Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən və iddiaçı tərəfindən ödənilmiş 300 manat vəsaitin 150 manat hissəsi Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar