Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1904/2022 12.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, cavabdehin nümayəndəsi-vəkili Vəkil2 və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh “Azneft”İB-nə qarşı “mənəvi zərər” dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYƏN ETDİ : İddiaçı cavabdeh “Azneft”İB-nə qarşı “mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 600,000 manat mənəvi zərərin tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2- ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Əliqismət Nağıyevin məhkum edilməsinə səbəb onun səhlənkarlıq, yəni vəzifəli şəxs olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Əliqismət NağıyevCavabdeh H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsinin quyuların əsaslı və yeraltı təmiri sahəsinin rəisi vəzifəsində işləməklə, vəzifə təlimatına uyğun olaraq işə vicdansız və laqeyd münasibəti və öz xidməti vəzifələrini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi nəticəsində 02 sentyabr 2018-ci il tarixdə H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsinin Buzovna sahəsinin 2-ci mədəninin 1368 saylı quyusunda yaranmış qəzanın, yəni qazma kəmərinin pərçimlənməsinin aradan qaldırılması üçün istismar kəmərinin 1984 metrlik sıxılmış hissəsinin düzləndirici alət vasitəsi ilə genişləndirmə əməliyyatını aparan H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsinin quyuların əsaslı və yeraltı təmiri sahəsinin quyularının əsaslı və yeraltı təmiri üzrə böyük ustası X4 təhlükəsizlik texnikası qaydalarına riayət etməsinə nəzarət keçmədiyinə görə Əsəd Əliyev yaranmış qəzanın aradan qaldırılması üçün tal kanatına artıq yük vermiş və bu məqsədlə kənarda yerləşdirilmiş hidravlik çəki indikatoruna baxmaq üçün yaxınlaşaraq tal kanatın ölü ucunun yaxınlığında dayanmış, həmin vaxt sıçrayışla düzləndirici quyunun sıxılmış hissəsindən azad olunmuş və boşalma nəticəsində kanatın ölü ucu Əsəd Əliyevin boyun nahiyəsinə ilişərək qaldırıb yerə çırparaq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəli olan kəskin qanitirmə ilə müşaiyət olunan boyunun yumşaq toxumalarının, əzələlərin, arteriya və venalarının əzilib-cırılması, qırtlağın cırılıb ayrılması, boyun fəqərələrinin qəlpəli,yerdəyişən sınıqları, onurğa beyinin zədələnməsi və İİ-İİİ boyun fəqərəsinin bağ aparatının qırılması və ayrılması fonunda boyunun ön-sağ və sol yan səthinin dərin əzilmiş-cırılmış yarası, sağlamlığın uzun müddət pozulmasın asəbəb olmaqla sağlamlığa az ağır dərəcəli zərərvurma əlamətlərinə malik və ölümlə səbəbli əlaqəli olan döş sümüyü dəstəsinin qapalı, az yerdəyişən sınığı, sol İİİ, İV, V, Vİ, Vİİvə sağ V, Vİ, Vİİ, Vİİİ qabırğaların ortakörpücük xətt üzrə qapalı az yerdəyişən sınıqları, sol dirsək sümüyünün açıq ,qəlpəli sınığı, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül dərəcəli zərərvurma əlamətlərinə malik təpə nahiyəsinin, döş qəfəsinin və sol saidin əzilmiş yaraları, boyunun sağ yan səthinin qançırı və döş qəfəsinin sıyrıqları kimi xəsarətlər yetirmiş, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşının cinayət əməli nəticəsində ölən X7 iddiaçının həyat yoldaşı idi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsini müdafiə edərək, iddianın məzmununa uyğun çıxış edib iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki,iddiaçı tərəfindən keçirilmiş mənəvi iztirabın nədən ibarət olması və nədə ifadə olunması əsaslandırılmamışdır. Bundan başqa həyat yoldaşının vəfatı ilə əlaqədar iddiaçıya müvafiq ödənişlər edilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 1(003)- 187/2019 saylı hökmü ilə X1 onun səhlənkarlığı nəticəsində X4 ölümündə təqsirli bilinərək Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İV-ЖГ 444966 № li nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 ilə X6 xx.xx.1990-cı ildə nikah bağlamışlar, arvada Əliyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, X1 H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsinin quyuların əsaslı və yeraltı təmiri sahəsinin quyularının əsaslı və yeraltı təmiri üzrə böyük ustası X4 təhlükəsizlik texnikası qaydalarına riayət etməsinə nəzarət keçmədiyinə görə Əsəd Əliyevin sağlamlığına az ağır dərəcəli zərər vurmaqla ölümünə səbəb olmuşdur. X1 təqsirli bilinərək Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarilxli qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Mülki Məcəllənin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Başqa şəxsə zərər vurulması həmin maddə ilə hüquq və vəzifə doğuran əsas kimi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 14.2.6-cı maddəsi). Bu hüquq normasındakı “qanunvericilikdə nəzərdə tutulmasa da” ifadəsi isə bilavasitə Məcəllə ilə nəzərdə tutulmayan hallarda belə mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin irəli sürülməsi üçün əsas yaradır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Qeyd edilməlidir ki, qanunverici bəzi hallarda mənəvi ziyanın ödənilməsini xüsusi sahəvi qanunlarda nəzərdə tutur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqlarının istehsalçı (icraçı, satıcı) tərəfindən pozulduğu halda istehlakçıya dəyən mənəvi ziyanın günahkar tərəfindən ödənilməsini nəzərdə tutur. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 28.6-cı maddəsinə uyğun olaraq, nikahın etibarsız sayılması nəticəsində, ər (arvad) ona vurulmuş maddi və ya mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalar üzrə ödənilməsini tələb edə bilər. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, turist turizm məhsulunun pərakəndə alqı-satqı müqaviləsi şərtlərinin turoperator və ya turagent tərəfindən yerinə yetirilmədiyi hallarda ona dəymiş maddi və mənəvi zərərlərin əvəzinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilməsini tələb etmək hüququna malikdir. Lakin ictimai münasibətlərin çoxaspektliyi və zaman ilə bu münasibətlərin daha da mürəkkəbləşdiyi nəzərə alınarsa, mənəvi zərər yetirilə biləcək ictimai münasibətlərin dairəsinin və kompensasiyanın ödənilməsi əsaslarının qanunvericilik ilə tam əhatə olunması qeyri-mümkündür. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Bundan başqa, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə mənəvi zərərin məbləği ilə isə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bu baxımdan məhkəmə iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları nəzərə alaraq, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 5000 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Azneft” İB-dən mənəvi zərərə görə 5000 manat məbləğində pul tularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-1904/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1904/2022
12.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver