Məhkəmə qərarları › İş №e-2(009)-1933/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1933/2024

24.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1933/2024 24.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit məbləğdə təyin edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “alimentin sabit məbləğdə təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli X5 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment məbləğinin hər ay 1000 (bir min) manat olmaqla sabit məbləğdə müəyyən edilməsi barədə, eyni zamanda aliment ödənişinin xərclənməsi barədə hesabatın (cədvəl formasında xərcləmənin göstərilməsi şəklində) hər ayın sonunda iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 3779/2024 saylı qətnaməsi ilə Həmzəyeva (Tahirli) Arzu Mikayıl qızı ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan dünyaya gəlmiş X2 (Tahirli) Arzu Mikayıl qızının himayəsinə verilmiş, həmçinin X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancından ¼ hissədə aliment tutularaq Həmzəyeva (Tahirli) Arzu Mikayıl qızına ödənilməsi qət edilmişdir. X1 əmək haqqı və digər gəlirlərindən ¼ hissədə aliment tutulması onun maddi vəziyyəti, digər diqqətəlayiq hallar nəzərə alındığında onun mənafelərini əhəmiyyətli dərəcədə pozur. Belə ki, yuxarıda qeyd edilən qətnamə üzrə nikah pozulduqdan sonra xx.xx.2024-cü il tarixində X3 ilə yeni nikaha daxil olmuşdur. Digər tərəfdən xx.xx.2023-cü il tarixində Azərbaycan Beynəlxalq Bank ASC ilə onun arasında bağlanmış Kredit Müqaviləsinə əsasən kredit müddəti 300 (üç yüz) ay olmaqla aylıq ödənişi 2349.71 manat olan Kredit Müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin təyinatı İddiaçı daşınmaz əmlak (mənzil) əldə etməsi olmuşdur. Göründüyü kimi İddiaçı yeni maliyyə öhdəlikləri yaranmışdır. Qeyd edilən halları nəzərə alaraq Cavabdeh aylıq sabit məbləğdə 1000 (bir min) manat aliment ödənilməsi ilə bağlı tərəflərindən mediasiya təklifi verilmişdir. Cavabdeh isə bu təkliflə razılaşmamış və mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Eyni zamanda Cavabdeh bu günədək tutulan alimentin hara xərclənməsi ilə bağlı da məlumat və ya hesabat verməkdən hər zaman imtina etmişdir. Etirazın dəlilləri: iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərdən müəyyən olunur ki, iddiaçının kifayət qədər maddi imkanı vardır, belə ki, iş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı hər ay 2349.71 (iki min üç yüz qırx doqquz manat yetmiş bir qəpik) məbləğində kredit ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, iddiaçının maddi imkanları yuxarı səviyyədədir ki, 300 ay müddətinə hər ay 2349.71 manat kredit ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində Ali Məhkəmənin plenum qərarına istinad edib, alimentin azaldılmasını tələb etsə də, onun gəlirlərində azalmanın olması və yaxud vəziyyətinin pisləşməsini təsdiq edən hər hansı bir xüsusat mövcud deyildir, əksinə iddiaçının gəlirləri artmışdır ki, 300 aylıq ayda 2349.71 manat kredit ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, iddiaçı tərəfindən yenidən nikaha girməsi ilə bağlı iddia ərizəsinə nikah şəhadətnaməsi əlavə edilmiş və bu hala alimentin azaldılmasına səbəb kimi istinad etmişdir. Bununla bağlı bildirmək istərdi ki, Cavabdeh tərəfindən məhkəmə iclasında sübutlar təqdim ediləcəkdir, belə ki, iddiaçı yenidən ailə qurarkən kifayət qədər bahalı toy mərasimi keçirmişdir ki, bu da iddiaçının maliyyət vəziyyətinin yaxşılaşmasını bir daha sübut edir. Bundan əlavə qeyd etmək istərdi ki, tərəflərin birgə nikahdan doğulmuş övladları X5 təhsilinə, idman, qida və digər xərclərinə anası tərəfindən kifayət qədər vəsait xərclənir, hesab edir ki, məhkəmə tərəfindən bu məsələr də nəzərə alınmalıdır. İddiaçı iddia tələblərinin qanunsuz və əsassız olması səbəbindən rədd olunması barədə qətnamə qəbul edilməsi xhiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, uşağa ödənilən alimentin hara xərclənməsi barədə cavabdeh tərəfindən ona məlumat verilmədiyindən hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. Hazırda ailə qurduğu həyat yoldaşı işləyir. Başqa xərcləri də var, onun da adına ipoteka ilə yüklü edilmiş öhdəliyi var. Əlavə qazancı və iş yeri yoxdur. Uşağının gələcəkdə yaranacaq xərclərini qarşılayacaq. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraza uyğun məzmunda izahat verərək bildirmişdir ki, uşaq 4 yaşına qədər danışmamışdır. Ona dair əlavə xərclər yaranmışdır. Hazırda da uşağın təhsilini və inkişafına kifayət qədər vəsait xərclənir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 etirazı müdafiə edərək iddia tələbinin rədd edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, iddiaçının hazırkı qazancının ¼ hissəsi 1000 manatdan təxminən 200-300 manat fərqlənir, iddiaçı bu məbləğə görə deyil, çox güman ki, başqa gəlirlərinin də olması gözlənildiyi üçün hazırda belə bir iddia ilə müraciət edib. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(004)-3799/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X9 ilə cavabdeh İddiaçı arasında 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə 1958 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 08 may 2018-ci il təvəllüdlü X11 anası X4 yanında saxlanılması, 08 may 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh İddiaçı qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarda aliment tutularaq iddiaçı X7 verilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 29 sentyabr 2023cü il tarixli DAKM-153 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı 300 ay, illik 9 faiz dərəcəsi ilə 280000 manat kredit verilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 624199 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 arasında 17 aprel 2024-cü il tarixdə nikah bağlanmış və həmin nikah 571 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra qadına “Məhərrəmova” soyadı verilmişdir. “Cücələrim” uşaq bağçası tərəfindən verilmiş 24 oktyabr 2024-cü il tarixli 16 saylı arayışdan görünür ki, X11 bağçaya gedir. İlyas Əfəndiyev adına Elitar Gimnaziya tərəfindən verilmiş 01 noyabr 2024-cü il tarixli 705 saylı arayışdan görünür ki, X11 məktəbəqədər hazırlıq qrupunda təhsil alır. Əsaslandırıcı hissə: Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahdan olan övladları 08 may 2018-ci il təvəllüdlü X11 cavabdehin (anasının) himayəsindədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(004)-3799/2021 saylı qətnaməsi ilə X9 ilə İddiaçı arasında 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə 1958 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 08 may 2018-ci il təvəllüdlü X11 anası X4 yanında saxlanılması, 08 may 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarda aliment tutularaq X7 verilməsi qət edilmişdir. Hazırda iddiaçı xx.xx.2024-cü il tarixində X3 ilə yeni nikaha daxil olmasına, digər tərəfdən xx.xx.2023-cü il tarixində Azərbaycan Beynəlxalq Bank ASC ilə onun arasında bağlanmış Kredit Müqaviləsinə əsasən kredit müddəti 300 (üç yüz) ay olmaqla aylıq ödənişi 2349.71 manat olan Kredit Müqaviləsi imzalanmasına, kredit müqaviləsinin təyinatının İddiaçı daşınmaz əmlak (mənzil) əldə etməsi olmasına, beləliklə də, İddiaçı yeni maliyyə öhdəliklərinin yaranmasına, eləcə də cavabdehin alimentin hara xərclənməsi barədə ona məlumat verməməsinə istinad edərək maddi vəziyyətində olan dəyişikliklərlə bağlı aliment məbləğinin azaldılmasını xahiş edir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək iddiaçının gəlirlərində azalmanın olması və yaxud vəziyyətinin pisləşməsini təsdiq edən hər hansı bir xüsusatın mövcud olmamasına, əksinə iddiaçının gəlirləri artmışdır ki, 300 aylıq ayda 2349.71 manat kredit ödəməyi öhdəsinə götürməsinə, ikinci dəfə ailə qurduğu zaman bahalı toy keçirməsinə istinad edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. -75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. (76.2) - 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. -112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.” Həmin Qərarın 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə, alimentin miqdarını müəyyən edərkən uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını nəzərə alır. Alimentin miqdarının dəyişdirilməsini müəyyən edərkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, uşağın mənafeyini, alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini, eyni zamanda hər iki tərəfin ailə və maddi vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırda iddianın təmin edilməsi və alimentin sabit pul məbləğində tutulması üçün əsaslar müəyyən edilmir. Belə ki, iddiaçının göstərdiyi dəlillər iddianın əsaslı sayılması üçün kifayət etmir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının dəlillərindən biri onun yenidən ailə qurmasıdır ki, o, hazırkı həyat yoldaşının da işlədiyini və gəlirinin olduğunu məhkəmə iclasında bildirmişdir. Digər dəlil ondan ibarətdir ki, o, xx.xx.2023-cü il tarixində Azərbaycan Beynəlxalq Bank ASC ilə onun arasında bağlanmış Kredit Müqaviləsinə əsasən kredit müddəti 300 (üç yüz) ay olmaqla aylıq ödənişi 2349.71 manat olan Kredit Müqaviləsi imzalamışdır, kredit müqaviləsinin təyinatı İddiaçı daşınmaz əmlak (mənzil) əldə etməsidir. Məhkəmə bu halı iddiaçının maddi vəziyyətinin çətinləşməsi kimi qiymətləndirmir. Əksinə, bu hal iddiaçının rifahının yaxşılaşması naminə atılmış addımdır ki, belə bir hal uşağın saxlanılması üçün ödənilən alimentin azaldılmasına əsas ola bilməz. İddiaçı həmçinin cavabdeh tərəfindən ona alimentin hara xərclənməsi barədə məlumat verməməsinə də istinad edir. Məhkəmə qeyd edir ki, nikah pozulduqdan sonra uşağın ananın himayəsində qalması və hazırda da ananın himayəsində yaşaması işin mübahisəsiz halıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X11 “Cücələrim” uşaq bağçasına gedir və İlyas Əfəndiyev adına Elitar Gimnaziyada məktəbəqədər hazırlıq qrupunda təhsil alır. Uşağın aylıq yemək-içmək, geyinmək, dünya görüşünün artması və mənəvi inkişafı üçün gəzmək, təlim və təhsil alması üçün müəyyən vəsait xərcləmək lazımdır. Ailə qanunvericiliyinə əsasən valideynlərin hüquq və vəzifələri bərabər olsa da, uşağın yaşı və hazırda ananın himayəsində olması nəzərə alınarsa bütün bu sadalanan hallara nəzarət etmək və xərcləri bölüşdürmək hazırkı halda cavabdehin üzərinə düşür. Odur ki, məhkəmə iddianın dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, iddia təmin edilə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin sabit məbləğdə təyin edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar