Məhkəmə qərarları › İş №e-2(009)-202/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-202/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-202/2022 14.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixində İddiaçı idarə etdiyi “BMW 320D” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində xx.xx.2021-ci il tarixli İXP4125356 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, xx.xx.2021-ci il tarixli TP4538226 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Nəqliyyat vasitələrinin zədələnməsi barədə 018123 nömrəli arayışdan aydın olur ki, sözügedən yolnəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “BMW 320D” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qabaq hissəsindən, Qazel markalı **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə arxa hissəsindən xarici əzintilər almışdır. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə ********** nömrəli sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı məxsus “BMW320D” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixində 1 il müddətinə avtonəqliyyat hadisəsi sığorta riski daxil olmaqla sığortalanmışdır. Sözügedən yol-nəqliyyat hadisəsi baş verən tarixdə sığorta müqaviləsi qüvvədə olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsindən dərhal sonra "xxxx" ASC-nin məsul əməkdaşları hadisə yerinə gələrək sığorta hadisəsini qeydə almışlar. Bundan sonra İddiaçı ərizə ilə cavabdeh "xxxx" ASC-yə müraciət edərək yol-nəqliyyat hadisəsi nəticəsində “BM W320D” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın tam həcmdə olan sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. "xxxx" ASC-nin 16 sentyabr 2021-ci il tarixli, iddiaçıya cavab məktubunda göstərilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, həmin ərazidə olan kamera görüntülərinin təhlili nəticəsində yol-nəqliyyat hadisəsi sığorta ödənişini almaq məqsədilə qabaqcadan süni şəkildə planlaşdırılmış və törədilmiş, bununla da sığorta məbləğinin iddiaçıya ödənilməsindən imtina edilmişdir. Bundan əlavə, "xxxx" ASC-nin məsul şəxsləri İddiaçı əməlinə hüquqi qiymət verilməsi məqsədilə Bakı şəhər Xətai Rayon Polis İdarəsinə müraciət etmişdir. Göstərilənlərlə əlaqədar, aparılmış araşdırma nəticəsində 16 oktyabr 2021-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Sözügedən qərarda göstərilmişdir ki, "xxxx" ASC-nin Subroqasiya şöbəsinin rəisi X1 izahat verərək bildirmişdir ki, video görüntüdə avtomobilin qabaq buferinin əvvəlcə yerində olması, lakin sığorta əməkdaşının hadisə yerinə gəldiyi zaman həmin buferin sökülmüş halda yerdə olması onda müəyyən şübhələr yaratmışdır. Bundan əlavə hadisənin qəsdən imitasiya olduğunu vurğulayaraq hazırda həmin avtomobilə maddi ziyan dəymədiyini bildirmişdir. İddiaçı və yük avtomobilinin sürücüsü X3 öz izahatlarında sığorta şirkətinin qeyd etdiklərinin əsassız və həqiqəti əks etdirmədiyini, bir-birlərini daha öncədən tanımadıqlarını və tanımadığı insanla necə əlbir olaraq süni qəza şəraiti yaradılacağını və bunun ağlasığmaz bir hərəkət olduğunu bildirmişlər. İddiaçı qeyd etmişdir ki, hərəkətdə olan zaman sükan arxasında olarkən mobil telefonla məşğul olduğu üçün Xətai rayonu, S.Əhmədov küçəsində qarşısında gedən Qazel markalı yük maşınının arxa hissəsindən toxunmuş, lakin yük maşınının sürücüsü idarəetməni dayandırmadığı üçün yolda öz avtomobilinin işıqlarını yandırıb söndürməklə ona işarə vermişdir. Qazel markalı yük maşınının sürücüsü yolu sağa dönərək maşını saxlamış və nə baş verdiyini soruşmuşdur. İddiaçı isə cavabında avtomobili ilə yük maşınının arxa hissəsini vurduğunu, sığorta və polis əməkdaşının çağırılmasının dərhal və mühüm olduğunu bildirmişdir. Daha sonra sığorta və polis əməkdaşları gələrək hadisəni yerində sənədləşdirmişlər. Hadisə nəticəsində iddiaçıya məxsus avtomobilin qabaq bufer və “kapot” hissəsi ciddi şəkildə əzilmiş, iddiaçı buferin arxa hissəsində olan ekran hissəciyinə baxmaq istədiyi zaman isə buferə toxunarkən həmin hissə yerə düşmüş və bunu da sığorta əməkdaşına bildirmişdir. İddiaçı "xxxx" ASC-nin ona məxsus nəqliyyat vasitəsinə dəymiş ziyan üzrə sığorta məbləğini ödəməkdən imtina etdiyi üçün yol-nəqliyyat hadisəsi zamanı dəymiş ziyanı öz hesabına aradan qaldırmaq qərarına gəlmişdir. Bununla əlaqədar, avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" avtomobil təmir mərkəzinə müraciət etmişdir. "xxxx" avtomobil təmir mərkəzinin iddiaçıya təqdim etdiyi avtomobilə baxış keçirilməsinin nəticələrinə dair aktdan məlum olmuşdur ki, “BMW320D” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə 2440 manat maddi ziyan dəymişdir. İddiaçı əlacsız qalaraq qeyd olunan məbləği ödəməklə avtomobilini öz hesabına təmir etdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934-cü maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Buna görə də "xxxx" ASC-nin İddiaçı şərtsiz azadolma məbləğini (100 manat) nəzərə alaraq xx.xx.2021-ci il tarixindən iddia qaldırılan xx.xx.2021-ci il tarixinə qədər sığorta ödənişi məbləği olan 2340 (iki min üç yüz qırx) manat məbləğin dəbbə pulu gündəlik 0,1 faiz hesablandıqda, 2340 manat x 0,1% = 2,40, xx.xx.2021-ci il tarixindən iddia qaldırılan xx.xx.2021-ci il tarixinə qədər gecikdirilmiş gün üçün 100x 2,40 = 240 manat ödənilməlidir. Göstərilənlərlə əlaqədar, yolnəqliyyat hadisəsi zamanı “BMW320D” markalı, **-SO-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan üçün şərtsiz azadolma məbləğini nəzərə alaraq sığorta haqqı olan 2340 (iki min üç yüz qırx) manat məbləğində pul vəsaitinin, 240 (iki yüz qırx) manat məbləğində dəbbə pulunun, həmçinin 50,00 (əlli) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2630 (iki min altı yüz otuz) manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən İddiaçıxeyrinə tutulmasına dair qətnamə qəbul edilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixli iddia tələbinin predmet və ya əsasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus “BMW320D” markalı, **-SO-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan üçün şərtsiz azadolma məbləğini nəzərə alaraq sığorta ödənişi olan 2100 (iki min yüz) manat məbləğində pul vəsaitinin, 567 (beş yüz altmış yeddi) manat məbləğində dəbbə pulunun, həmçinin 50,00 (əlli) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2717 (iki min yeddi yüz on yeddi) manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə ********** nömrəli sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı məxsus “BMW320D” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixində 1 il müddətinə avtonəqliyyat hadisəsi sığorta riski daxil olmaqla sığortalanmışdır. İş materiallarında olan Nəqliyyat vasitələrinin zədələnməsi barədə 018123 nömrəli arayışdan aydın olur ki, yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “BMW 320D” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qabaq hissəsindən, Qazel markalı **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə arxa hissəsindən xarici əzintilər almışdır. İş materiallarında olan 3.08.2021-ci il tarixli İXP4125356 nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2021-ci il tarixində İddiaçı idarə etdiyi “BMW 320D” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətmişdir. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli TP4538226 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2021-ci il tarixli İXP4125356 nömrəli inzibati xəta haqqında protokoluna əsasən İddiaçı barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" avtomobil təmir mərkəzinin təqdim etdiyi avtomobilə baxış keçirilməsinin nəticələrinə dair aktdan görünür ki, “BMW320D” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə 2440 manat maddi ziyan dəymişdir. İş materiallarında olan "xxxx" ASC-nin əmlaka dəymiş zərərin qiymətləndirilməsinə dair Akt-dan görünür ki, Bakı Sığorta” ASC-nin Hadisələrin və Zərərlərin Qiymətləndirilməsi şöbəsinin əməkdaşları tərəfindən 2006-cı il buraxılışı “BMW320D” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 1295 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/393 saylı Rəyindən görünür ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışı “BMW320D” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2200 manat məbləğində müəyyən edilmişdir. (təhqiqatın dəyəri 100 manat) İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş sığorta hadisəsi zamanı onun avtomobilinə 2440 manat ziyan dəymiş, həmin məbləğin 2100 manatını və gündəlik 0,1 faiz hesablanmaqla dəbbə pulunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.5-ci maddəsinə əsasən sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Həmin Məcəllənin 922.1. maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2. maddəsinə əsasən sığorta hadisəsi hesab edilənhadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 925.3-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Həmin Məcəllənin 934.1-ci maddəsinə əsasən Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Hazırkı mübahisə üzrə sığorta hadisəsinin baş verməsi və həmin hadisə nəticəsində iddiaçının maddi ziyan çəkməsi və onun cavabdeh sığorta şirkətindən sığorta ödənişi almaq hüququnun olması işin mübahisəsiz hallarıdır. Sığorta ödənişinin məbləği ilə bağlı iş materiallarında olan rəylər arasında ziddiyyət olduğundan məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Ekspert rəyinə əsasən ziyan məbləği 2200 manat müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/393 saylı Rəyini əsas götürmüşdür. İşin araşdırılan hallarından müəyyən edilir ki, sığorta ödənişinin edilməsi bunun üçün üzrlü səbəblər olmadan 270 gün gecikdirilmişdir. Məhkəmə bu halı nəzərə alaraq hesab edir ki, cavabdehin sığorta ödənişini gecikdirməsinə görə ümumi sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. (2100 – 0,1 faiz x 2.10 manat x 270 gün (xx.xx.2021-xx.xx.2022-ci il tarixədək tələb) = 567 manat) həddində müəyyən edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi tam təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 2100 manat (iki min yüz) sığorta ödənişi, 567 manat (beş yüz altmış yeddi) dəbbə pulu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin tam təmin edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 50 manatı cavabdehə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə ekspertizası xərcinin 100 manatı (yüz) "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 2100 manat (iki min yüz) sığorta ödənişi, 567 manat (beş yüz altmış yeddi) dəbbə pulu və iddiaçı tərəfindən ödənilmiş 50 manat (əlli) dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Keçirilmiş məhkəmə ekspertizası xərcinin 100 manatı (yüz) "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar