Məhkəmə qərarları › İş №e-2(009)-2051/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2051/2024

27.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2051/2024 27.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, maraqlı şəxs Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı iki uşaqları var. Münasibətləri pozulduğu səbəbindən rəsmi olaraq boşanmaq qərarına gəlmişlər. Qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesinin keçirilməsi üçün mediasiya qurumuna müraciət etmişlər. Mediasiya təşkilatında bütün mübahisəli məsələləri müzakirə edərək razılığa gəlmişlər və xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlamışlar. Barışıq sazişinin şərtlərinə əsasən o, Cavabdeh iki uşağın saxlanması üçün alimentin ödənilməsini, uşaqların bağçaya aparılıb-gətirilməsi, həkimlərlə bağlı xərcləri və s.xərcləri öz öhdəsinə götürmüşdür. Cavabdeh öz növbəsində atanın uşaqları ilə görüşməsinə heç bir maneə yaratmamağı öz öhdəsinə götürmüşdür (sazişin 1-10 bəndləri). Lakin son zamanlar Cavabdeh sazişin şərtlərinə əməl etməkdən hər cür vasitə ilə boyun qaçırır. Belə ki, aliment məbləği onun tərəfindən müntəzəm şəkildə ödənilir. Bəzi hallarda əmək haqqı gecikdirildiyinə görə o, aliment məbləğini bir ya iki gün gec Cavabdeh çatdırmış olur. Saziş bağlandığı gündən indiyədək 2 gündən artıq alimentin ödənilməsində gecikməyə yol verməmişdir. Cavabdeh bundan istifadə edərək və bunu bəhanə gətirərək uşaqları ona vaxtında verməkdən yayınır və barışıq sazişin şərtlərinə əməl olunmasından hər cür yayınır. Faktiki olaraq sazişin uşaqların onunla görüşməsinə dair müvafiq bəndlərin tələblərinə ərizə üzrə maraqlı əməl etmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sazişin 6-cı bəndində sazişin icrası müddəti olaraq göstərilmişdir ki, bu saziş imzalandıqdan sonra 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Beləliklə, maraqlı şəxs tərəfindən sazişin şərtlərinin yerinə yetirilməsi üçün müəyyən edilmiş müddətin pozulduğu aşkardır. Sazişin 8-ci bəndinə əsasən “Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər”. Sazişin 9-cu bəndinə əsasən “Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüququ xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir”. Tərəfindən vəkillə hüquqi xidmət haqqında müqavilə bağlanaraq, müqavilə üçün 300 manat məbləğində ödəniş edilmişdir. Bundan əlavə hal-hazırkı ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hesab edir ki, həmin xərclər maraqlı şəxsdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq ərizəçi onunla maraqlı şəxs Cavabdeh arasında Bakı 6 saylı Mediasiya təşkilatında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi, 300 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun maraqlı şəxsdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni tam müdafiə edərək göstərmişdir ki, barışıq sazişi bağlanıldıqdan sonra ilk vaxtlar maraqlı şəxs sazişdə nəzərdə tutulan qaydada ərizəçinin uşaqları ilə ünsiyyət hüququnun həyata keçirilməsi təmin etmişdir. Ərizəçi özəl şirkətdə işləyir, əmək haqqısında gecikmələr də olur və o, alimenti aldığı əmək haqqından ödəyir. Maraqlı şəxs son zamanlar aliment ödənişində gecikmələr olmasını əsas gətirərək ərizəçini uşaqları ilə görüşməsinə də maneçilik törədir. Ona görə də hazırkı tələblə məhkəməyə müraciətt edilmişdir. Nümayəndə barışıq sazişinin uşaqlarla ünsiyyət hüququnu həyata keçirilməsini nəzərdə tutan 7-ci və 8-ci bəndlərini təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə “Birinci tərəf” qismində Cavabdeh ilə “İkinci tərəf” qismində İddiaçı arasında, Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə, bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin surətindən görünür ki, “1. İkinci tərəf kimi çıxış edən İddiaçı birgə nikahdan dünyaya gəlmiş övladları: xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 üçün 2024-cü ilin aprel ayından etibarən hər ay, hər birinə 235 (iki yüz otuz beş) AZN olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) AZN aliment haqqını birinci tərəf kimi çıxış edən Cavabdeh adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. 2. İkinci tərəf kimi çıxış edən İddiaçı birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2020-ci il təvəllüdlü X2 özəl uşaq bağçasına getməsinə görə yaranmış bütün xərcləri qarşılamağı öhdəsinə götürür. 3. İkinci tərəf çıxış edən İddiaçı birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2020-ci il təvəllüdlü X2 özəl uşaq bağçasına aparılıb-gətirilməsinə görə yaranmış xərcləri qarşılamağı öhdəsinə götürür. 4. İkinci tərəf kimi çıxış edən İddiaçı birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2018-ci il təvəllüdlü X3 psixoloq, loqoped, müalicəvi idman kurslarının xərclərini ödəməyi öhdəsinə görür. 5. İkinci tərəf kimi çıxış edən İddiaçı birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2018-ci il təvəllüdlü X3 məktəbəqədər müəllimlə hazırlıq xərclərini ödəməyi öhdəsinə götürür. 6. Birinci tərəf kimi çıxış edən Cavabdeh birgə nikahdan günyaya gəlmiş övladı xx.xx.2018-ci il təvəllüdlü X3 bütün məşğələlərə aparılıb-gətirilməsindən irəli gələn xərcləri qarşılamağı öhdəsinə götürür. 7. Birinci tərəf kimi çıxış edən Cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladları: xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 ataları ikinci tərəf kimi çıxış edən İddiaçılə hər həftənin 5-ci günü (cümə günü) saat 18.00-dan etibarən, gecə qalmaq şərtilə 7-ci gün (bazar günü) 18.00-dək ananın iştirakı olmadan ünsiyyətinə etiraz etmir. 8. Birinci tərəf kimi çıxış edən Cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladları: xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 ataları ikinci tərəf kimi çıxış edən İddiaçı ilə uşaqların doğum günündən sonrakı gün, Azərbaycan Respublikasında mövcud olan bütün bayram günlərindən sonrakı gün, o cümlədən Pasxa bayramı səhər saat 10.00-dan həmin günü 18.00-dək, hər ilin 26 iyun səhər saat 10.00-dan 27 iyun axşam saat 18.00-dək ananın iştirakı olmadan ünsiyyətinə etiraz etmir. 9. Tərəflər razılığa gəlirlər ki, uşaqların müvəqqəti xaricə aparılmasına bir-birinə icazə verəcəklər və bununla bağlı lazımi sənədləri (etibarnamə və s.) imzalayacaqlar. 10. Tərəflər bu barışıq sazişinin bağlanmasından irəli gələn mediasiya xərclərini 50%-60% olmaqla ödəməyi öhdələrinə götürürlər”. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü Emil və xx.xx.2020-ci il təvəllüdlü Aleks adlı uşaqları var. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesinin tətbiqi üçün mediasiyaya müraciət etmiş, mediasiya prosesində imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən tərəflər birgə nikahdan olan uşaqların saxlanılması üçün alimentin ödənilməsi (bənd 1), uşaqların bağçaya aparıb-gətirilməsi (bənd 2-3), həkimlərlə, məktəbəqədər hazırlıqlarla, məşğələlərlə bağlı xərcləri (bənd 4,5,6), uşaqlarla ünsiyyətdə olması (bənd 7-8), uşaqların müvəqqəti xaricə aparılmasına bir-birinə icazə veilməsi (bənd 9) barədə razılığa gəlmişlər. Ərizəçi tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh tərəfindən barışıq sazişində nəzərdə tutulmuş uşaqlarla ünsiyyətdə olması ilə bağlı öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən ərizəçi barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 24.6-cı maddəsinə əsasən mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. Eyni Qanunun 29.6-cı maddəsinə əsasən tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. Həmin Qanunun 32.1.1-ci maddəsinə əsasən tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Göstərilən Qanunun 33-cü maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur (maddə 33.2) Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır (maddə 33.3). Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir (maddə 33.4.) Eyni Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur (maddə 34.2). Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər (maddə 34.3). Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) (maddə 34.4). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur (maddə 34.5). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci bəndinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi məhkəmənin xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (maddə 355-25.3) Göstərilən Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Eyni Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, tərəflər arasında mediatorun iştirakı ilə xx.xx.2024-cü il tarixdə bağlanılmış barışıq sazişinin uşaqlarla ünsiyyətdə olması ilə bağlı şərtləri maraqlı şəxs Cavabdeh tərəfindən könüllü qaydada icra edilmədiyi üçün ərizəçi barışıq sazişinin həmin hissələrinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlı hesab edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, barışıq sazişinin qeyd edilən hissəsi qanuna zidd olmadığından, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və hər hansı digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, ərizə təmin edilməli, mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin uşaqlarla ünsiyyətdə olması ilə bağlı hissələri (bənd 7-8) məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə hüquqi yardım xərcinə görə 300 manat məbləğində pulun tutulması tələbi üzrə qeyd edir ki, bu hissədə də tələb təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzin surətindən görünür ki, hüquqi yardıma görə 300 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 300 manat maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ərizə təmin olunduğu üçün, ödənilmiş dövlət rüsumunun əvəzi kimi maraqlı şəxsdən ərizəçinin xeyrinə 100 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında, Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə, mediasiya prosesində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı hissələri təsdiq edilsin: “7. Birinci tərəf kimi çıxış edən Cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladları: xx.xx.2018ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 ataları ikinci tərəf kimi çıxış edən İddiaçılə hər həftənin 5-ci günü (cümə günü) saat 18.00-dan etibarən, gecə qalmaq şərtilə 7-ci gün (bazar günü) 18.00-dək ananın iştirakı olmadan ünsiyyətinə etiraz etmir.

8. Birinci tərəf kimi çıxış edən Cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladları: xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 ataları ikinci tərəf kimi çıxış edən İddiaçı ilə uşaqların doğum günündən sonrakı gün, Azərbaycan Respublikasında mövcud olan bütün bayram günlərindən sonrakı gün, o cümlədən Pasxa bayramı səhər saat 10.00-dan həmin günü 18.00-dək, hər ilin 26 iyun səhər saat 10.00-dan 27 iyun axşam saat 18.00-dək ananın iştirakı olmadan ünsiyyətinə etiraz etmir”. Cavabdeh İddiaçı xeyrinə hüquqi xidmət üçün ödənilən 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat, cəmi 400 (dörd yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar