Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2068/2025 21.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili O.R.Kəngərlinin, Cavabdeh, onun nümayəndəsi və vəkili N.N.Alıyevin iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının İstanbul Baş Konsulluğunda nikaha daxil olmuş, onlar arasında olan nikah Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-2258/2024 saylı qətnaməsinə əsasən pozulmuşdur. Onların bu nikahdan xx.xx.2018-ci il təvəllüdlü X3 adlı övladı var və uşaq onun himayəsindədir. Cavabdeh nikaha xitam verildikdən və tərəflər ayrı yaşadığı gündən iyul ayınadək onunla şifahi razılaşmaya əsasən uşağın saxlanılması üçün 1000 manat məbləğində ödəniş etmişdir. Bu dövr ərzində cavabdehin rəsmi gəlirlərinin ¼ hissəsi 2000 manat və daha artıq olmuşdur, buna baxmayaraq o, humanist davranmış, cavabdehin digər xərclərinin də olduğunu nəzərə alaraq ona etibar etmiş və rəsmi aliment kəsilmədən, uşağın saxlanılması üçün hər ay 1000 manat ödənilməsinə razılıq vermişdir. Cavabdeh İT sahəsində İOS mobil proqramçısı olaraq çalışmaqdadır, bu günədək ölkənin müxtəlif iri banklarının Rəqəmsal Departamentlərdə rəhbər pozisiyalarda çalışmış və kifayət qədər yüksək əmək haqqı almışdır. Paralel olaraq cavabdeh ATL Academy-də İOS Mobil Proqramlaşdırma üzrə təlimçidir, bu kursu həftəlik tədris edir və qarşılığında xidmət haqqı alır. Həmçinin onlar nikahda olduqları 7 il ərzində cavabdeh mütəmadi olaraq öz sahəsi üzrə xarici şirkətlərlə uzaqdan (outsource) işləyərək xarici valyuta ilə ödəniş almış, bu gün də eyni qaydada çalışmaqdadır. Hazırda cavabdeh qərəzli yanaşaraq rəsmi əmək haqqıdan alimentin tutulmasından yayınmaq məqsədilə çalışdığı bankdan işdən çıxmış, fəaliyyətini rəsmi olaraq ATL Academy-də həftəlik kurs tədrisi və xaricdə nüfuzlu şirkətlərlə uzaqdan işləməklə davam etdirir. Onların övladı X1 xərcləri və maddi ehtiyacları cavabdehə məlum olsa da, uşağın bütün zəruri xərcləri cari ilin iyul və avqust ayları tamamilə onun hesabına qarşılanmışdır. Nikaha xitam verilərkən uşağın saxlanılması üçün hər ay 1000 manat ödənilməsi üzrə razılaşdıqları üçün hazırda da eyni məbləğin ödənilməsini tələb edir. Bununla əlaqədar olaraq o, aliment tələbinə dair iddia qaldırmaq qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 1000 manat sabit pul məbləğində aliment və ödənilmiş 61 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X4 iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, o, aydan 300-400 manat aliment verə bilər, imkanı yaxşı olarsa daha da çox verər. Əvvəllər maddi təminatı yaxşı olduğu üçün hər ay İddiaçı 1000 manat vermiş, hətta uşağın digər tələbatını da qarşılamışdır. Lakin hazırda həmin həddə aliment vermək iqtidarında deyil. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili X5 izahatında göstərmişdir ki, iddiaçı yalnız 300-400 manat aliment ödəmək iqtidarındadır, qərar qəbul edilərkən bunu nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X3 adlı uşağı var. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-2258/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Azərbaycan Respublikasının Baş Konsulluğu (İstanbul) tərəfindən qeydə alınmış xx.xx.2017-ci il tarixli, 03 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X1 anası – İddiaçı yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. İş üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh (VÖEN **********) xx.xx.2018ci il tarixdən Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamentində qeydiyyata alınmışdır. İş üzrə Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə MŞB/9/2025-01060 saylı, xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı aliment tələbinə dair mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə, saat 12.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü Liana adlı uşağı var. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşağın ananın yanında qalması müəyyən edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh nikaha xitam verildikdən və tərəflər ayrı yaşadığı gündən iyul ayınadək onunla şifahi razılaşmaya əsasən uşağın saxlanılması üçün 1000 manat məbləğində ödəniş etmişdir. Bu dövr ərzində cavabdehin rəsmi gəlirlərinin ¼ hissəsi 2000 manat və daha artıq olmuşdur, buna baxmayaraq o, humanist davranmış, cavabdehin digər xərclərinin də olduğunu nəzərə alaraq ona etibar etmiş və rəsmi aliment kəsilmədən, uşağın saxlanılması üçün hər ay 1000 manat ödənilməsinə razılıq vermişdir. Onların övladı X1 xərcləri və maddi ehtiyacları cavabdehə məlum olsa da, uşağın bütün zəruri xərcləri cari ilin iyul və avqust ayları tamamilə onun hesabına qarşılanmışdır. Nikaha xitam verilərkən uşağın saxlanılması üçün hər ay 1000 manat ödənilməsi üzrə razılaşdıqları üçün hazırda da eyni məbləğin ödənilməsini tələb edir. Bu səbəbdən iddiaçı xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 1000 manat sabit pul məbləğində aliment və ödənilmiş 61 manat mediasiya xərcinin tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göstərilən Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 246 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1.-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşağın iddiaçının yanında qalmasını, 2025-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 246 manat olması müəyyən edilsə də, cavabdehin hazırda işləyib müntəzəm əmək haqqı alması barədə məlumatın mövcud olmamasını, cavabdehin 300-400 manat aliment ödəmək imanının olması ilə bağlı mövqeyini də nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq sabit aliment məbləği 500 manat həddində müəyyən edilməlidir. Məhkəmə alimentin 500 manat həddində müəyyən edilməsi qənaətinə gəlinməsini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilənləri və 2025-ci il üçün minimum əmək haqqının 400 manat müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, X2 İddiaçı xeyrinə yetkinlik yaşına çatmamış uşaqların saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,25 misli həddində (500:400=1,25) sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə həmçinin hesab edir ki, aliment tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan – xx.xx.2025-ci il tarixdən başlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulması müəyyən edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 6000 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 80 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı mediatora müraciət etdiyindən, mediasiya xərcləri kimi 50 manat ödədiyindən, həmin pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,25 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 80 (səksən) manat məbləğində pul tutulsun. Cavabdeh İddiaçı xeyrinə mediasiya xərcləri kimi ödənilən 50 (əlli) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2068/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2068/2025
21.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver