Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2098/2024 18.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 və cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı «aliment tələbi» barədə iddiası üzrə mülki işə 18 oktyabr 2024-cü il tarixdə, Bakı şəhərində, Səbail Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «aliment tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 19 iyun 2019-cu il təvəllüdlü X1 üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində və 450 manat əlavə xərclərdə iştirakına görə aliment tutulması, əvvəlki 6 ay üçün hər ay 350 manatdan hesablanmaqla 2.100 manat alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, mənim Cavabdehla 19 aprel 2018-ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində qeyd etdirdiyimiz nikahımızdan 19 iyun 2019-cu il təvəllüdlü X4 adlı övladımız vardır. Cavabdehlə fikirlərimiz, düşüncə tərzimiz uyğun gəlmir. O, yerli-yersiz mübahisə salır, məni təhqir edir. O, anasının diktəsi ilə hərəkət edir. Mən Cavabdeh ailə dəyərlərinə hörmət etməyi tələb etsəm də o, buna əhəmiyyət vermir. Cavabdehin xasiyyəti və anasının mənimlə yola getməməsi ucbatından 09 mart 2024-cü il tarixdə uşağımla atamın evinə qonaq qismində getdim ki, ara sakitləşsin. Lakin ərim sakitləşmək əvəzinə, şiddətləndi. Artıq 6 aydır ki, atamın evində yaşayıram. Bu müddət ərzində uşağımız mənim himayəmdədir. Cavabdeh elə bil uşağı olmayan şəxs kimi hərəkət edir. Belə ki, 6 aydır uşağına 1 manat pul belə verməyib, uşağının nə yeyib-içdiyi, nə geyindiyi bu ata olan bəndəni maraqlandırmır. Uşağın bütün maddi və mənəvi ehtiyyacalarını mən ödəyirəm. O, ata kimi uşağının hansı maddi çətinliklərlə böyüməsi barədə düşünmür. Uşağımızın geyimi, sağlamlığı, təhsili, normal qidalanması və s. ehtiyyacları üçün hər ay müəyyən məbləğdə vəsait xərclənməsi tələb olunur. Təbii ki, bütün bu xərcləri mən təkbaşıma ödəyə bilmirəm. Övladını saxlamaq, ona qulluq etmək cavabdeh-ata Cavabdeh boynunun borcudur. O, isə öz atalıq borcunu icra etməkdən qərəzli surətdə boyun qaçırır. Ona görə də uşağımızın saxlanılması üçün cavabdehdən məhkəmə qaydasında aliment tələb etmək zorundayam. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının sığortaya nəzarət departamentində aparıcı mütəxəssis vəzifəsində işləməklə yüksək maaş alır. Onun aylıq gəliri təxmini 2.500 manatdır. Cavabdehin 1 mənzili, 1 ikimərtəbəli evi vardır. Bunları ona görə qeyd edirəm ki, cavabdehin oğlunun saxlanılması üçün istənilən məbləği asanlıqla ödəyə bilər. 6 ay ərzində dəfələrlə cavabdehə uşağına aliment verməsi barədə desəm də, telefon messajları göndərsəm də cavabdeh uşağına aliment vemədi ki, vermədi. Ona görə də qanunun tələbinə əsasən, cavabdehdən mart, aprel, may, iyun, iyul və avqust ayları üçün də uşağımıza aliment tələb edirəm. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi-vəkili bildirmişdir ki, tərəflər birgə nikah dövründə kredit borcu götürmüşdürlər və cavabdeh eyni zamanda həmin borcu da ödəyir. İddiaçının da daimi iş yeri vardır və o da kifayət qədər əmək haqqı alır. Bu səbəbdən alimentin 235 manat məbləğində tutulmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin materiallarında olan AZ-İV № 305124 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, 19 iyun 2019-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehin qazancının dörddə bir hissəsi qədər aliment tələbi qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. Məhkəmə cavabdehdən tutulmalı olan alimentin miqdarının cavabdehin qazancının dörddə bir hissəsi məbləğində müəyyən edilməsini ağlabatan hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamaqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Məhkəmə iddianın “əvvəlki 6 ay üçün hər ay 350 manatdan hesablanmaqla 2.100 manat alimentin cavabdehdən tutulması” hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı son 6 ay müddətində ödənilməli olan alimentin cavabdehdən tutularaq ona verilməsiüçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi və cavabdehin alimentin verməkdən boyun qaçırması nəticəsində alimentin ala bilməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin “450 manat əlavə xərclərdə iştirakına görə aliment tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. AR Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə işdə olan sübutları qanunvericiliyin tələblərinə uyğun qiymətləndirərək qeyd edir ki, hazırda cavabdehin əlavə xərclərin ödənilməsinə cəlb edilməsinə zərurət yoxdur. Belə ki, bunun üçün qanunvericilikdə müəyyən olunmuş əsaslar mövcud deyildir. İşdə uşağın ağır xəstəlikdən əziyyət çəkdiyini yaxud ona kənar xidmətin göstərildiyini təsdiq edə biləcək sübutlara rast gəlinməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən,hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu” haqqında Qanunun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan çox olduqda 30 + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Şərholunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 19 iyun 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 23 sentyabr 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsində aliment tutulub İddiaçı verilsin. 50 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən dövlət büdcəsinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-2098/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2098/2024
18.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver