Məhkəmə qərarları › İş №e-2(009)-2108/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2108/2025

22.01.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2108/2025 22.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqının, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləğinin və vaxtında ödənilməyən əmək haqqına görə hər gün üçün əmək haqqının 1% məbləğində ödəncin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqının, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləğinin və vaxtında ödənilməyən əmək haqqına görə hər gün üçün əmək haqqının 1% məbləğində ödəncin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə bağlanılmış əmək müqaviləsi əsasında Cavabdeh MMC-nin tətbiqi sistemlərin layihələndirilməsi departamentində elektronika mühəndisi vəzifəsində çalışmışdır. Əmək müqaviləsinin 4.1 və 4.6-cı bəndlərinə əsasən işçiyə hər ay 2499 manat məbləğində, ayın 10 günü olmaqla əmək haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 4.26-cı bəndinə əsasən işçinin iş ili kimi xx.xx.2024-xx.xx.2025-ci il aralığı göstərilmiş və 4.27-ci bəndinə əsasən məzuniyyətinin müddəti 30 təqvim günü olması göstərilmişdir. Əmək haqların vaxtında ödənilməməsi səbəbindən xx.xx.2025-ci il tarixdə onun xahişi ilə, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə cavabdehə olan əmək münasibətlərinə xitam verilmişdir. Bu barədə onun əmək kitabçasına qeyd aparılmış və cavabdehin möhürü ilə təsdiq edilmişdir. Habelə tərəflər arasında imzalanan qaiməyə əsasən onun istifadəsində olan avadanlıqlar cavabdehin məsul şəxslərinə təhvil verilmişdir. Lakin o, çalışdığı 2024-cü ilin oktyabr, noyabr, dekabr və 2025-ci ilin yanvar, fevral, mart ayları üçün əmək haqqı, habelə işdən ayrılarkən istifadə edilməyən ümumilikdə 69 gün əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləği ona Cavabdeh MMC tərəfindən ödənilməmişdir. Bundan əlavə əmək haqqı məbləği ödənilməsi ilə bağlı bildirir ki, əmək haqqı məbləği cavabdeh tərəfindən 2 kart hesabı vasitəsi ilə, biri ABB, digəri isə "xxxx" olmaqla köçürülmüşdür. Hazırda iddia ərizəsinə əlavə edilən həmin kart hesablarından çıxarışlardan da görünür ki, ABB hesabına sonuncu köçürmə “Amak haqqı Sentyabr, Oktyabr” təyinatı ilə 1100,63 manat, "xxxx" hesabına isə sonuncu köçürmə əmək münasibətlərinə xitam verildikdən sonra, son haqq-hesabın bir qismi kimi xx.xx.2025-ci il tarixdə 1010,09 manat olmuşdur. Bundan başqa iddia ərizəsinə əlavə edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əlavə edilən “Fərdi şəxsi hesab haqqında” arayışdan görünür ki, 2025-ci ilin yanvar, fevral ayları üçün 2499 manat və mart ayı üçün 1892,88 manat gəlir göstərilmişdir. Hesablamalara əsasən aylıq məcburi dövlət social sığorta haqları çıxıldıqdan sonra cavabdeh ona 2024-cü ilin oktyabr, noyabr, dekabr, 2025-ci ilin yanvar, fevral ayları üçün hər ay 2200,63 manat, tam işlənməmiş 2025-ci ilin mart ayı üçün isə 1513,90 manat məbləğində net əmək haqqı ödəməli idi. Yəni ümumilikdə ödənilməyən əmək haqqı məbləğ 12517,05 manat təşkil edir. Habelə, iddiaçının 2022-2023-cü ili üçün 10 gün, 2023-2024-cü iş ili üçün 30 gün və 2024-2025-ci iş ili üçün 29 gün istifadə edilməmiş əmək məzuniyyəti günləri qalmışdır. Əmək münasibətlərinə xitam verilərkən bu istifadə edilməmiş məzuniyyət günlərinin əvəzi olaraq məcburi dövlət sosial sığorta haqları çıxıldıqdan sonra ümumilikdə 4977,06 manat kompensasiya verilməli idi. Lakin həmin məbləğdən yalnız 1010,09 manat ödənilmiş, qalan 3966,97 manat isə ona ödənilməmişdir. Həmçinin əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya verilməsi cavabdeh işəgötürənin təqsiri üzündən gecikdirildiyindən, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənic verilməlidir. Bunun əsasında xx.xx.2025-ci il tarixə cavabdeh ona 2024-cü il oktyabr ayı üçün əmək haqqı 285 gün gecikdirildiyindən 6271,78 manat (2200,63 x 1% x 285 = 6271,78), 2024-cü il noyabr ayı üçün əmək haqqı 255 gün gecikdirildiyindən 5611,59 manat (2200,63 x 1% x 255 = 5611,59), 2024-cü il dekabr ayı üçün əmək haqqı 224 gün gecikdirildiyindən 4929,40 manat (2200,63 x 1% x 224 = 4929,40), 2025-ci il yanvar ayı üçün əmək haqqı 193 gün gecikdirildiyindən 4247,21 manat (2200,63 x 1% x 193 = 4247,21), 2025-ci il fevral ayı üçün əmək haqqı 165 gün gecikdirildiyindən 3631,03 manat (2200,63 x 1% x 165 = 3631,03), 2025-ci il mart ayı üçün əmək haqqı 162 gün gecikdirildiyindən 2452,52 manat (1513,90 x 1% x 162 = 2452,62), istifadə edilməmiş məzuniyyət günlərinin əvəzi olaraq ödənilməli kompensasiya məbləği isə 162 gün gecikdirildiyindən 6426,49 manat (3966,97 x 1% x 162 = 6426,49) gecikmə məbləğləri ödəməlidir. Mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün onun tərəfindən Bakı 6 saylı Mediasiya təşkilatına müraciət edilsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən, mediator tərəfindən iştirak edilməmə barədə MŞB/6-01367 nömrəli, xx.xx.2025-ci il tarixli arayış təqdim edilmişdir. İlkin mediasiyanın xərci olan 50 manat və kargüzarlıq xərcinin əvəzi olan 10 manat onun tərəfindən ödənilmişdir. Bundan başqa ona hüquqi yardımın göstərilməsi üçün “Zəfər” Vəkil Bürosu ilə müqavilə bağlanılmış və hüquqi yardıma görə 500 manat haqq onun tərəfindən ödənilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh MMC-dən ödənilməyən əmək haqqının əvəzi olaraq 12.517,05 manat, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya əvəzi olaraq 3966,97 manat, vaxtında ödənilməyən əmək haqqına görə hər gün üçün əmək haqqının 1% məbləğində ödəncin əvəzi olaraq 33570,02 manat, mediasiya xərci əvəzi olaraq ödənilmiş 60 manat və hüquqi yardıma görə çəkilmiş xərclərin əvəzi olaraq isə 500 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddiaçının Əmək Müfəttişliyinə etdiyi müraciət əsasında həqiqətən cavabdeh tərəfindən əmək haqqı ödənilmədiyi üçün əmək qanunvericiliyin tələblərinin pozulması müəyyən edilmiş, inzibati məsuliyyətə cəlb olunaraq cərimə edilmiş, qəbul edilmiş qərar qanuni qüvvəsini almış və icraya yönəlmişdir, ondan şikayət olunmamışdır. Eyni zamanda məhkəmənin hazırlıq iclasında ifadə verən şahidlər də iddiaçının 6 ay müddətində iş yerində olmasını inkar etməmişlər. Departament rəhbəri Namiq hətta ifadəsində bildirmişdir ki, iş olmadığı üçün hərdən gələ bilərlər. Şahid Kirsanova isə bildirmişdir ki, iddiaçının yalnız 3 dəfə işdə olmaması ilə bağlı akt tərtib olunub. Ümumiyyətlə işçinin 6 ay müddətində işə gəlməməsi səbəbindən əmək münasibətlərinə xitam verilməməsi də məntiqli hesab edilə bilməz. İddiaçı iş yerində vaxtamuzd işləmişdir, günəmuzd yox. Şahid qismində dindirilən şəxslər orada işlədiyi üçün də cavabdehin mənafeyinə uyğun ifadə verməli idilər. İşin araşdırılmış halları iddianın əsaslı olmasını təsdiq edir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddia əsassızdır. İddiaçı 6 ay müddətində işdə olmadığı üçün həmin aylar üçün əmək haqqı ödənilməmiş və əmək məzuniyyət günləri də həmin müddət üçün nəzərə alınmamışdır. Məhkəmənin iclasında şahid qismində ifadə verən şəxslər bir daha təsdiq etmişlər ki, iddiaçı 6 ay müddətində mütəmadi işdə olmamış, bir neçə saat gedib getmişdir. İddiaçının işi vaxtamuzd deyil, işəmuzdur. Əmək müqaviləsində işdə olma müddəti saat 09-dan 18-dəkdir. İddiaçı tərəfindən dəvət olunan şahidin ifadəsini nəzərə alınmamasını xahiş edir. İfadə həqiqəti əks etdirmir. İddiaçıya humanistlik edilib işdə olmadığı zaman maddə ilə cavan olduğu üçün işdən çıxarmaq istəməmişlər, iddiaçı 6 ay müddətində heç bir iş görməyib, ona görə də qaldırılan iddiası əsassızdır və onun təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə iddiaya dair yazılı mülahizə göndərilmiş və mülahizədə göstərmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi əsasında cavabdehin tətbiqi sistemlərin layihələndirilməsi departamentində elektronika mühəndisi vəzifəsinə işə qəbul edilmişdir. Ona əmək müqaviləsində nəzərdə tutulan şərtlərlə aylıq əmək haqqı müəyyən edilmiş, eyni zamanda daxili əmək intizam qaydalarına əməl etmək, iş vaxtı ərzində iş yerində olmaq, tapşırıqları yerinə yetirmək öhdəlikləri izah olunmuşdur. xx.xx.2025-ci il tarixdə iddiaçının öz ərizəsi əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmiş, bu barədə əmək kitabçasında müvafiq qeyd aparılmış, iddiaçıya son haqq-hesab ödənilmişdir. İddiaçı da iddia ərizəsində əmək münasibətlərinə bu əsasla xitam verildiyini təsdiq edir. Cavabdeh müəssisənin daxili nizam-intizam qaydalarına ciddi nəzarət edir və işçilərin iş vaxtında iş yerində olmaması halları aktlaşdırılmaqla sənədləşdirilir. İddiaçı ilə bağlı aparılmış yoxlamalar nəticəsində aşağıdakı hallar rəsmiləşdirilmişdir: -xx.xx.2024-cü il tarixdə İnsan resurslari şöbəsinin aparıcı mütəxəssisi X4, baş mühasib X11 və tətbiqi sistemlərin layihələndirilməsi departamentinin müdiri X2 iştirakı ilə tərtib edilmiş “İşçinin iş vaxtında iş yerində olmaması haqqında” aktda İddiaçı həmin gün iş vaxtı ərzində (saat 09.00- 18.00) iş yerində olmadığı, dəfələrlə aparılmış nəzarət yoxlamaları zamanı iş yerində aşkarlanmadığı göstərilmişdir; -xx.xx.2024-cü il tarixli analoji aktda yenə eyni tərkibdə komissiya tərəfindən iddiaçının bütün iş günü ərzində işə gəlmədiyi və iş yerində olmadığı təsbit edilmişdir; -xx.xx.2025-ci il tarixli aktda da eyni qaydada iddiaçının iş vaxtında iş yerində olmadığı, ona hər hansı iş tapşırığının verilmədiyi, faktın günün müxtəlif saatlarında aparılmış nəzarət yoxlamaları ilə təsdiqləndiyi rəsmən qeyd edilmişdir. Hər üç aktda komissiya üzvlərinin imzaları mövcuddur, bu aktlar müəssisənin sənəd dövriyyəsində rəsmən qeydiyyata alınmış və İnsan resursları şöbəsində saxlanılır. Yuxarıda qeyd olunan aktların tərtib edilməsi ilə yanaşı tətbiq sistemlərin layihələndirilməsi departamentinin müdiri X6 tərəfindən cavabdeh müəssisənin prezidentinə xx.xx.2024, xx.xx.2024 və xx.xx.2025-ci il tarixlərində müvafiq xidməti yazılar təqdim edilmişdir. Həmin xidməti yazılarda İddiaçı göstərilən tarixlərdə bütün iş günü ərzində işə gəlmədiyi, işə gəlməməsi barədə heç bir xəbərdarlıq etmədiyi və üzrlü səbəb göstərmədiyi barədə məlumat verilir. Bu xidməti yazılar və onlarla əlaqəli aktlar göstərir ki, iddiaçı 2024-cü ilin sentyabr ayından etibarən faktiki olaraq işə çıxmamağa başlamış, bu hallar davamlı xarakter almışdır. Cavabdehin tərtib etdiyi iş vaxtının uçotu tabellərindən və müəssisənin giriş-çıxış rejiminə dair jurnallardan aydın görünür ki, xx.xx.2024-xx.xx.2025 dövründə İddiaçı işə çıxmamış, gündəlik tabellərdə onun imzası yoxdur, giriş-çıxış qeydlərində də adı əks olunmur. Bu sənədlər yalnız bir neçə günə aid yox, bütün mübahisəli dövr üzrə işə gəlməmənin sistemli xarakter daşıdığını nümayiş etdirir. İddiaçı əmək qanunvericiliyi ilə müəyyən olunmuş iş rejimini kobud şəkildə pozmasına baxmayaraq, cavabdeh işəgötürənin intizam tədbiri kimi əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”bəndi ilə xitam verməmiş, işçinin şəxsi və peşəkar nüfuzunu zədələməmək üçün ona ərizə yazaraq öz xahişi ilə işdən çıxmaq imkanı yaratmışdır. Bu fakt bir daha sübut edir ki, cavabdeh işəgötürən iddiaçının hüquqlarını pozmaq niyyəti ilə deyil, əksinə, maksimum loyal münasibətlə hərəkət etmişdir. İddiaçının indi həmin məsuliyyətsiz davranışını gizlətmək üçün əsassız əmək haqqı iddiası qaldırılması yaxşı niyyət prinsipi ilə ziddiyyət təşkil edir. İddiaçı iddia edir ki, guya 2024-cü ilin oktyabr, noyabr, dekabr və 2025-ci ilin yanvar, fevral, mart ayları üçün ona əmək haqqı ödənilməmişdir. Halbuki yuxarıda göstərilən aktlar, xidməti yazılar, iş tabelləri, giriş-çıxış qeydləri və vəsatətlərdə adı çəkilən şahidlərin ifadələri ilə sübut ediləcəkdir ki, iddiaçı həmin dövrdə faktiki olaraq işə gəlməmiş və heç bir əmək funksiyası yerinə yetirməmişdir. Əmək hüququnun fundamental prinsipi ondan ibarətdir ki, əmək haqqı yalnız görülmüş işə görə ödənilir. İşçi öz təşəbbüsü ilə və işəgötürəni xəbərdar etmədən uzun müddət işə gəlmədiyi halda, bu müddət üzrə əmək haqqı tələb etmək hüququna malik ola bilməz. İddiaçının təqdim etdiyi bank çıxarışlarından da görünür ki, ona cavabdeh tərəfindən 2024-cü ilin sentyabr ayınadək əmək haqqı üzrə ödənişlər tam həcmdə köçürülmüş, xx.xx.2025-ci il tarixdə isə işdən azad olunması ilə bağlı son haqq-hesab çərçivəsində istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya ödənilmişdir. İşəgötürənin mühasibatlıq sənədləri və ödəniş orderləri ilə təsdiq ediləcək ki, iddiaçı ilə əmək münasibətləri xitam edilənədək onun faktiki işlədiyi bütün dövrlər üçün əmək haqqı tam ödənilmiş, son haqq-hesab zamanı da qanunla nəzərdə tutulmuş bütün ödənişlər aparılmışdır. İddia ərizəsində qeyd olunan “12517,05 manat ödənilməmiş əmək haqqı” rəqəmi həqiqətə uyğun olmayan, iddiaçının birtərəfli subyektiv hesablamasından ibarətdir. İddiaçı 2022-2025-ci illər üzrə guya ümumilikdə 69 gün istifadə edilməmiş əmək məzuniyyətinin qaldığını, bunun üçün ona 3966,97 manat kompensasiya ödənilməli olduğunu iddia edir. Halbuki cavabdehin məzuniyyət cədvəlləri, şəxsi vərəqəsi və digər kadr sənədləri ilə sübut ediləcək ki, iddiaçı hər iş ili üzrə ona müəyyən olunmuş illik əsas məzuniyyətinin əhəmiyyətli hissəsindən istifadə etmiş, istifadə edilməmiş günlərə görə isə əmək münasibətlərinə xitam verilərkən artıq kompensasiya hesablanmış və ödənilmişdir. İddiaçının xx.xx.2024-cü il tarixdən etibarən işə çıxmaması, bu dövr üzrə heç bir tapşırıq yerinə yetirməməsi, daxili intizam qaydalarını pozaraq iş yerini tərk etməsi müxtəlif sənədlərlə sübut olunduğu halda, onun 2024-cü ilin oktyabr-dekabr və 2025-ci ilin yanvar-mart ayları üçün əmək haqqı tələb etməsi Əmək Məcəlləsinin 154-cü maddəsinin məzmunu ilə birbaşa ziddiyyət təşkil edir. 1% ödəncin tətbiqi üçün mütləq şərt ondan ibarətdir ki, işçiyə qarşı əvvəlcədən yaranmış, hesablanmış və ödənilməli olan əmək haqqı və digər ödənclər mövcud olsun, lakin onların verilməsi işəgötürənin təqsiri üzündən geciksin. Əgər işçi faktiki işləməyibsə və həmin dövr üzrə əmək haqqı öhdəliyi yaranmayıbsa, gecikmədən də söhbət gedə bilməz. İddiaçı isə məhz belə bir dövr – xx.xx.2024xx.xx.2025 aralığında, yəni işə gəlmədiyi müddət üzrə 1% cərimə tələb edir ki, bu da hüquqi mexanizmin təyinatını tam təhrif edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixloi Qərarı da (Əmək Məcəlləsinin 172.5-ci maddəsinin şərhi ilə bağlı) yalnız mövcud əmək haqqı borcunun gecikdirildiyi hallara şamil olunur; həmin Qərar işlənməyən dövrlər üçün “cərimə” tələb edilməsinə hüquqi əsas vermir. İddiaçının bu Qərara istinadla tələb etdiyi 33.570,02 manat məbləğində ödənc mahiyyət etibarılə əsassız zənginləşmə tələbinə bənzəyir və hüquq sisteminin məqsədlərinə ziddir. Cavabdeh tərəfin təqdim edəcəyi kadr və mühasibatlıq sənədlərindən görünür ki, iddiaçıya 2022-2024-cü illər ərzində məzuniyyət verilib, istifadə edilməmiş günlərin əvəzi isə əmək münasibətlərinə xitam verilərkən hesablanaraq ona ödənilib. İddiaçı uzun müddət – bir neçə ay işə gəlmədiyi, bu barədə işəgötürəni əvvəlcədən xəbərdar etmədiyi, üzrlü səbəb göstərmədiyi halda, indi həmin müddət üzrə əmək haqqı, üstəlik qeyrimütənasib cərimə tələbləri irəli sürməklə öz hüquqlarını sui-istifadə edir. Belə mövqe nə qanunla, nə də dürüstlük prinsipi ilə uzlaşır. Məhkəmə tərəflərin izahatlarını dinləyib və hazırlıq iclasında dindirilmiş şahid ifadələrini elan edib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X12 öz ifadəsində göstərmişdir ki, o, Ağadadaşla birlikdə Cavabdeh MMC-də mexanika mühəndisi işləmişdir. Hazırda o, başqa yerdə işləyir, lakin dostluq münasibətləri vardır. Onlar MMC-də mexanika mühəndisi işləmişlər, texniki layihə üzrə çalışmışlar. İş günləri 5 gün saat 09.00-dan saat 18.00-dək olmuşdur. Onlar işə gələndə girişdə sənəd-tabel olub, imza atıb keçirdilər. O, 2024-cü ilin noyabr ayında işdən çıxmışdır. Onlar həmişə Ağadadaşla birgə işə gəlib-gedirdilər. Ağadadaş hər gün işə gəlib gedirdi. 25 noyabra qədər onlar işə birgə gəlib getmişlər. O, xx.xx.2024-cü ilə qədər Cavabdeh MMC-də işləmişdir. O, Cavabdeh MMC-də iyun ayının 22-də işə başlamışdır. Həmişə maaşda gecikmələr olurdu, elə olurdu ki, 2-3 ay maaş almırdılar. 2 il yarım ərzində təxminən 5 dəfə vaxtında maaş almışdır. O, işdən ayrılanda işçiləri 3 kateqoriyaya ayırdılar. O, 2 aylıq məzuniyyət götürmüşdür. Bildirmişdir ki, ona təcili pul lazımdır, dedilər “ərizə yazsanız verə bilərik”. Ona görə də ərizə yazıb getmişdir. Onlar işə gələndə saat 09.30-a qədər imza etməli idilər. Tabel ciddi sənəd olmadığı üçün o, oktyabr ayında bir müddət imza etməmişdir. O, tabelə imza etməsə də, sentyabr, oktyabr, noyabr ayının əmək haqlarını almışdır. O, 2 ay öz hesabına məzuniyyətdə olmuşdur Sentyabr-oktyabrda 2 həftə məzuniyyətdə olmuşdur. 2 il yarım orada işləmişdir, Ağadadaşla bir şöbədə bir otaqda otururdular. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində göstərmişdir ki, o, Cavabdeh MMC-də departament müdiri işləyir. İddiaçının işlədiyi tətbiq sistemin layihələndirilməsi departamentidir. Bu departament 2022-ci ildən yaradılıb. İddiaçı elektronika mühəndisidir. Onlarda əmək münasibəti müqavilə ilə olub. Müqaviləsiz işçi yoxdur. Onun müdir olduğu departamentdə kim nə vaxt istəyir işə gəlib gedə bilməzdi. O, hətta özü gedəndə rəhbərə deyib icazə alırdı. Onlarda otaqlar eynidir, bəzi otaqda 5 nəfər, bəzi otaqda 4 nəfər işçi oturur, təxminən 30-40 işçi olurdu. Onlar Cəmillə və Ağa Ağadadaşla danışmışlar ki, maliyyə çətinliyi olduğu üçün həftədə 1-2 dəfə gəlsinlər. İddiaçı oktyabr ayından işdən çıxana qədər həftədə 1-2 dəfə işdə olub. İddiaçı ona demişdir ki, imkan yoxdur gəlməyə, o, da demişdir ki, hərdən gəlsin. Kim nə qədər əmək haqqı alır, bilmir. Son 6 ay barədə əmək haqqı verilməsindən məlumatı yoxdur. İddiaçı təxminən 2000-2200 manat miqdarında əmək haqqı alır. Ağadadaş demək olar ki, son 6 ay ərzində heç bir iş görməmişdir. Ağadadaş mütəxəssisdir, dəyərli işçi olduğu üçün işdən çıxarılmamışdır, çünki başqa işçi tapmaq çətindir. İşçi yox idi kasad olurdu. Əgər onu işdən çıxartsaydılar yeni işçi tapmaq çətin olurdu, ona görə işdən çıxartmadılar. O, Ağadadaşın rəhbəri olmuşdur. O, işə gələndə tabelə imza edir. Keçən il o, tez-tez ezamiyyətdə olurdu. İddiaçının 2024-cü ilin sentyabr ayından, 2025-ci ilin mart ayına qədər işdə olması ilə bağlı deyə bilər ki, iddiaçı deyib “imkanım yoxdur gəlməyə”, onlar demişlər ki, “hərdən gəlin”. O, iddiaçının vəziyyətini başa düşmüşdür, rəhbərliyə də yəqin ki, demişdir. İddiaçı hərdən işə gəlməyəndə də ona maaş verilib. 2024-cü ilin sentyabr ayında yoxlayıblar, yəqin ki, Ağadadaş işdə olmayıb. xx.xx.2025-ci ildə də işdə olmayıb. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində göstərmişdir ki, o, tərəfləri tanıyır, 2020-ci ildən “X9” MMC-də mühafizəçisidir. İddiaçı onların əməkdaş olub, işə gəlibgedib görmüşdür. O, iddiaçını işdə çox görmürdü, işə gələn tabelə imza ediblərsə tabeldə var, tabel onlarda olurdu, içəri girən gəlib imza edirdi. Onlar girişdə otururdular. O, işdə olanda ola bilməz ki, işçi gəlsin və imza etmədən keçsin. O, işdə olanda hamı imza edirdi. 2024-cü ilin sentyabr ayından, 2025-ci ilin mart ayına qədər iddiaçını işə gələndə görməmişdir. O, işə gələndən tabel orada olub. Ağadadaşı 2025-ci ilin mart ayına qədər tək-tək görürdü işdə. İşçi həmin gün imza etmirsə, köhnə günə imza atmırlar. O, işdə olan zaman işçi köhnə günə imza etmirdi. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, o, Cavabdeh MMC-də insan resursları üzrə aparıcı mütəxəssisdir, iddiaçını tanıyır. İddiaçı işə hərdənbir gəlib gedirdi. O, kadrlar şöbəsində olurdu. İşə gələndə tabelə qol çəkirdilər. İddiaçı sentyabr ayında hərdən-bir gəlirdi işə, qol çəkmirdi. 2024-cü ilin əvvəlki ayları barədə onun məlumatı yoxdur. O, 2024-cü ilin sentyabr ayına qədər tabel olanda imza edirdi, olmayanda imza etmirdi. Tabelə imza atmayanlar barədə müdirə soruşanda o, məlumat verirdi, soruşmayanda özü şəxsən demirdi. İddiaçıya nəzarəti öz müdiri edirdi. İdarədə təxminən 300-ə yaxın işçi olub. O, Namiq Rüstəmovu tanıyır, departament direktorudur. N.Rüstəmov müdir olduğu üçün imza etmirdi. Proqramistlərə müdir icazə verirdi ki, imza etməsinlər. Sentyabr ayında iddiaçını tapmaq lazım idi, ona görə akt tərtib olunub. İddiaçını həmin gün müdir axtarıb, olmayanda akt tərtib olunub. İddiaçının xx.xx.2024, xx.xx.2024,xx.xx.2025-ci il tarixlərində işdə olmadığı barədə akt tərtib olunub. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X13 öz ifadəsində göstərmişdir ki, o, iddiaçı ilə eyni departamentdə işləmişdir. Bu il o, hər gün işə gəlmişdir. Ağadadaş və Cəmil işə gəlməyiblər. Onlarda ofis binasıdır, iddiaçı onlardan 3 otaq qabaqda oturur. O, iddiaçını sentyabr, oktyabr, noyabr aylarında işdə görməmişdir. İddiaçı həftədə 1-2 saat işə gəlib və deyinib çıxıb gedib. Departament rəhbəri iddiaçıya icazə verib ya yox deyə bilmir. Onlar həftədə 1-2 saat işə gəlib deyinib çıxıb gedirdilər.Ona müdir deməyib ki, həftədə 1-2 dəfə gələ bilər. Girişdə tabel var, ofisə girən zaman imza edirlər. O, işə gələndə tabeli açıb imza edir. Zavodda saat 8 və saat 9-da işə gələnlər var, ona görə tabeli saat 8-dən sonra götürüb foyeyə qoyurlar. O, 2018-ci ilin aprel ayından orada işləyir. Ofisə girənlər də eyni qapıdan girir. Tabel mühafizəçinin yanında olur. Saat 9da işə gələnlər üçün tabel ofisin qabağında olur. İçəri girən şəxs tabeli görməlidir. Onlar fərqli otaqlarda otururlar. Onlar elektronika üzrə mühəndisdirlər. Onlar zavod yox, ofis işçilərdir. Tabelə heç kimi məcbur etmirlər ki, imza edin. Orada 200-dən çox işçi var. Onlarda vəzifə təlimatı var ki, iş vaxtı nədir, hüquqları hansıdır. Onun Ağadadaşla münasibəti şəxsi deyildi, yaxın deyillər. Onlar eyni mərtəbədə otururlar. Onların otaqlar şüşəbəndir. Danışırdılar, deyiblər ki, pul yoxdur deyə gəlmirlər. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, o, Cavabdeh MMC-də mühəndis texnik işləyir. İddiaçı ilə eyni departamentdədirlər. O, 2019-cu ildən iddiaçını tanıyır. O, keçən il öz hesabına oktyabr-noyabr aylarında məzuniyyət götürmüşdür. O, iddiaçını işdə görmüşdür. Özü səhər işə gəlirdi, axşam gec çıxırdı təxminən saat 8-9-da. O, iddiaçını sentyabr ayında işdə görmüşdür. O, bu ilin yanvar ayında işdə olmuşdur. O, sentyabr, oktyabr aylarında iddiaçını hərdən işdə görmüşdür. Oktyabr ayı yadında deyil, noyabr ayında o, məzuniyyətdə olmuşdur. O, işə gələndə Ağadadaşı orada görməmişdir. O, yanvar ayında işdə olmuşdur. O, işə gələndə tabelə qol çəkildi. O, xəstə olduğu üçün səhərlər işə gec gəlir. Tabel mühafizəçidə və ofisdə olurdu. Tabel girişdədir, saat 8-də oxranada olur, saat 8-dən sonra ofisdə olur. Əmək haqqı çətin olurdu, o, öz hesabına məzuniyyət götürmüşdür. O, pulunu qabaqcadan daxili kreditlə almışdır. O, saat 10-da işə gəlirdi, tabelə qol çəkməmişdir. Sonra ona əmrlə töhmət vermişlər. O, işə saat 7-də gələndə tabel gözətçidə olur, qol çəkirdi. Saat 10-da gələndə qol çəkmirdi. O, iddiaçı ilə bir otaqda oturmur. Şirkətdə neçə nəfər işçi var bilmir. İş üzrə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən İddiaçı Cavabdeh MMC-nin Tətbiqi Sistemlərin Layihələndirilməsi Departamentinin elektronika mühəndisi vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli bağlanmışdır (bənd 2.1). Bu əmək müqaviləsi “47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az.Resp. Əmək Məcəlləsi)” bəndində qeyd olunan səbəbə görə xx.xx.2025-ci il tarixədək 3 il 1 gün müddətinə bağlanmışdır (bənd 2.3). İşçi xx.xx.2022-ci il tarixindən həmin tarixədək imzalanmadıqda isə imzalandığı gündən işə başlayır (bənd 2.4).İşçiyə hər ay 2499 manat məbləğdə əmək haqqı ödənilir (bənd 4.1.) Əmək haqqı: 1470 manat məbləğində tarif haqqından (vəzifə maaşından); tarif haqqında (vəzifə maaşına) 1029 manat miqdarında əlavədən ibarətdir (bənd 4.2). İş üzrə xxxxxxx000208 saylı, xx.xx.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin Tətbiqi Sistemlərin Layihələndirilməsi departametinin elektronika mühəndisi vəzifəsinə işə qəbul olunmuş, onunla müddətli növü əmək müqaviləsi bağlanılmış, aylıq əmək haqqı 2499 manat təşkil etmişdir. Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix - xx.xx.2024-cü ildir. Qeyd: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərdə alınmaqla müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, ona xx.xx.2022-xx.xx.2023-cü il üzrə istifadə etmədiyi növbəti əsas məzuniyyət günlərindən 4 təqvim günü xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə etməsinə icazə verilməsini, xx.xx.2022-ci il tarixindən onu işdə hesab edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh MMC-nin 261/4-şh nömrəli, xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, cəmiyyətin mühəndis-elektronçu İddiaçı xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün 4 təqvim günü xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək növbəti əmək məzuniyyətinin verilməsi, işçinin xx.xx.2022-ci il tarixdə işə başlamalı olması əmr verilmişdir. Əmrin əsası kimi işçinin məzuniyyət ərizəsi göstərilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, ona xx.xx.2022-xx.xx.2023-cü iş ili üzrə istifadə edilməmiş əmək məzuniyyət günlərindən 26 təqvim günü xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər istifadə etməsinə icazə verilməsini, xx.xx.2023-cü il tarixindən onu işdə hesab edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh MMC-nin 209/13-şh nömrəli, xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, cəmiyyətin Elektronika mühəndisi İddiaçı xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün 26 təqvim günü xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək növbəti əmək məzuniyyətinin verilməsi, işçinin xx.xx.2023-cü il tarixdə işə başlamalı olması əmr verilmişdir. Əmrin əsası kimi işçinin məzuniyyət ərizəsi göstərilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, ona xx.xx.2023-xx.xx.2024-cü iş ili üzrə istifadə edilməmiş əmək məzuniyyət günlərindən 10 təqvim gününü xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər istifadə etməsinə icazə verilməsini, xx.xx.2024-cü il tarixindən onu işdə hesab edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh MMC-nin 130/1-şh nömrəli, xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, cəmiyyətin Elektronika mühəndisi İddiaçı xx.xx.2023-xx.xx.2024-cü iş ili üçün 10 təqvim günü xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək növbəti əmək məzuniyyətinin verilməsi, işçinin xx.xx.2024-cü il tarixdə işə başlamalı olması əmr verilmişdir. Əmrin əsası kimi işçinin məzuniyyət ərizəsi göstərilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, ona xx.xx.2023-xx.xx.2024-cü iş ili üzrə istifadə edilməmiş əmək məzuniyyət günlərindən 10 təqvim gününü xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər istifadə etməsinə icazə verilməsini, xx.xx.2024-cü il tarixindən onu işdə hesab edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh MMC-nin 166/4-şh nömrəli, xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, cəmiyyətin Elektronika mühəndisi İddiaçı xx.xx.2023-xx.xx.2024-cü iş ili üçün 10 təqvim günü xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək növbəti əmək məzuniyyətinin verilməsi, işçinin xx.xx.2024-cü il tarixdə işə başlamalı olması əmr verilmişdir. Əmrin əsası kimi işçinin məzuniyyət ərizəsi göstərilmişdir. İş üzrə Cavabdeh MMC-nin İnsan Resursları şöbəsi üzrə aparıcı mütəxəssis X4, baş mühasib X11 və Tətbiqi sistemlərin layihələndirilməsi departamentinin müdiri X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 01/2024 saylı aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixində saat 09.00-da işçilər tərəfindən daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nəticəsində Tətbiqi sistemlərin layihələndirilməsi departamentinin Elektronika mühəndisi İddiaçı iş yerində olmaması müəyyən edilmişdir. Yuxarıda adları çəkilən işçilərin iştirakı ilə həmin gün saat 11.00, 14.00 və 16.45-də aparılmış təkrar nəzarət yoxlamaları vasitəsilə işçinin iş günün sonuna kimi iş yerində olmaması təsbit edilmişdir. Tətbiqi sistemlərin layihələndirilməsi departamentinin müdiri X6 şifahi izahatında bildirmişdir ki, işçiyə işdənkənar heç bir tapşırıq verməmişdir. İş üzrə Tətbiqi sistemlərin layihələndirilməsi departamentinin müdiri X6 tərəfindən Cavabdeh MMC-nin prezidenti X1 xx.xx.2024-cü il tarixdə ünvanlanmış işçinin iş vaxtında işdə olmaması haqqında xidməti yazısının surətindən görünür ki, rəhbərlik etdiyi departamentin Elektronika mühəndisi İddiaçı xx.xx.2024-cü il tarixdə bütün iş günü ərzində (səhər saat 9.00-dan axşam 18.00-dək) iş yerində olmamışdır. İşçi işə gəlməməsi barədə heç bir xəbərdarlıq etməmiş, üzrlü səbəb gətirməmişdir. İş üzrə Cavabdeh MMC-nin İnsan Resursları şöbəsi üzrə aparıcı mütəxəssis X4, baş mühasib X11 və Tətbiqi sistemlərin layihələndirilməsi departamentinin müdiri X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 02/2024 saylı aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixində saat 09.00-da işçilər tərəfindən daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nəticəsində Tətbiqi sistemlərin layihələndirilməsi departamentinin Elektronika mühəndisi İddiaçı iş yerində olmaması müəyyən edilmişdir. Yuxarıda adları çəkilən işçilərin iştirakı ilə həmin gün saat 11.00, 14.00 və 16.45-də aparılmış təkrar nəzarət yoxlamaları vasitəsilə işçinin iş günün sonuna kimi iş yerində olmaması təsbit edilmişdir. Tətbiqi sistemlərin layihələndirilməsi departamentinin müdiri X6 şifahi izahatında bildirmişdir ki, işçiyə işdənkənar heç bir tapşırıq verməmişdir. İş üzrə Tətbiqi sistemlərin layihələndirilməsi departamentinin müdiri X6 tərəfindən Cavabdeh MMC-nin prezidenti X1 xx.xx.2024-cü il tarixdə ünvanlanmış işçinin iş vaxtında işdə olmaması haqqında xidməti yazısının surətindən görünür ki, rəhbərlik etdiyi departamentin Elektronika mühəndisi İddiaçı xx.xx.2024-cü il tarixdə bütün iş günü ərzində (səhər saat 9.00-dan axşam 18.00-dək) iş yerində olmamışdır. İşçi işə gəlməməsi barədə heç bir xəbərdarlıq etməmiş, üzrlü səbəb gətirməmişdir. İş üzrə Cavabdeh MMC-nin İnsan Resursları şöbəsi üzrə aparıcı mütəxəssis X4, baş mühasib X11 və Tətbiqi sistemlərin layihələndirilməsi departamentinin müdiri X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 01/2025 saylı aktın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 09.00da işçilər tərəfindən daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nəticəsində Tətbiqi sistemlərin layihələndirilməsi departamentinin Elektronika mühəndisi İddiaçı iş yerində olmaması müəyyən edilmişdir. Yuxarıda adları çəkilən işçilərin iştirakı ilə həmin gün saat 11.00, 14.00 və 16.45-də aparılmış təkrar nəzarət yoxlamaları vasitəsilə işçinin iş günün sonuna kimi iş yerində olmaması təsbit edilmişdir. Tətbiqi sistemlərin layihələndirilməsi departamentinin müdiri X6 şifahi izahatında bildirmişdir ki, işçiyə işdənkənar heç bir tapşırıq verməmişdir. İş üzrə Tətbiqi sistemlərin layihələndirilməsi departamentinin müdiri X6 tərəfindən Cavabdeh MMC-nin prezidenti X1 xx.xx.2025-ci il tarixdə ünvanlanmış işçinin iş vaxtında işdə olmaması haqqında xidməti yazısının surətindən görünür ki, rəhbərlik etdiyi departamentin Elektronika mühəndisi İddiaçı xx.xx.2025-ci il tarixdə bütün iş günü ərzində (səhər saat 9.00-dan axşam 18.00dək) iş yerində olmamışdır. İşçi işə gəlməməsi barədə heç bir xəbərdarlıq etməmiş, üzrlü səbəb gətirməmişdir. İş üzrə Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış bildirişin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən etibarən heç bir üzrlü səbəb bildirilmədən işə gləməmişdir. Ən qısa bir müddət ərzində işə gəlməmə səbəbini onlara rəsmi surətdə bildirməsini xahiş etmişlər. Əks təqdirdə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə (heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmə) əsasən işdən azad ediləcəkdir. İş üzrə Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli 44-şh nömrəli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdən cəmiyyətin Elektronika mühəndisi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, işçinin istifadə edilməmiş xx.xx.2022-xx.xx.2025 dövrü üzrə 36 əsas məzuniyyət günlərini əvəzinə kompensasiya ödənilməsi əmr edilmişdir. Əmrin əsası kimi işçinin işdən çıxış ərizəsi göstərilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun və ona əlavə edilmiş çıxarışın surətindən görünür ki, xx.xx.2024-xx.xx.2025-ci il dövrü üçün İddiaçı "xxxx" ASC-də olan kart hesabına xx.xx.2025-ci il tarixdə 663,19 manat, xx.xx.2025-ci il tarixdə 1.010,16 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. İş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına dair xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı əmək müqaviləsi əsasında Cavabdeh MMC-də elektronika mühəndisi vəzifəsində çalışmışdır. Onun aylıq əmək haqqı 2499 manat təşkil etmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC ilə olan əmək münasibətlərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, yəni tərəflərdən birinin təşəbbüsü (öz xahişi) ilə xitam verilmişdir. Lakin çalışdığı 2024-cü ilin oktyabr, noyabr, dekabr və 2025-ci ilin yanvar, fevral, mart ayları üçün əmək haqqı, habelə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ona ödənilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq 2024-cü ilin oktyabr, noyabr, dekabr və 2025-ci ilin yanvar, fevral, mart ayları üçün əmək haqqının, habelə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin və hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin İddiaçı 3 gün ərzində tam şəkildə ödənilməsini xahiş edir. Əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəkdir. İş üzrə Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/6-01367 saylı arayışın surətindən görünür ki, İddiaçı əmək haqqının, cərimənin və zərərin əvəzinin ödənilməsi tələbi barədə mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə saat 13.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-nin Tətbiqi Sistemlərin Layihələndirilməsi departamentində elektronika mühəndisi vəzifəsində işləmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli aktlara əsasən iddiaçının göstərilən tarixlərdə bütün iş günü ərzində işə gəlmədiyi və iş yerində olmadığı təsbit edilmişdir. Həmçinin cavabdeh təşkilatın Tətbiqi sistemlərin layihələndirilməsi departamentinin müdiri Namiq Rüstəmov tərəfindən Cavabdeh MMC-nin rəhbərinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli xidməti yazılara əsasən iddiaçının İddiaçı həmin tarixlərdə bütün iş günü ərzində işə gəlmədiyi, işə gəlməməsi barədə heç bir xəbərdarlıq etmədiyi və üzrlü səbəb göstərmədiyi barədə məlumat verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 44-şh nömrəli əmri ilə Cavabdeh MMC-nin elektronika mühəndisi vəzifəsində işləyən İddiaçı xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Həmçinin həmin əmrdə işçinin istifadə edilməmiş xx.xx.2022-xx.xx.2025 dövrü üzrə 36 əsas məzuniyyət günlərini əvəzinə kompensasiya ödənilməli olması göstərilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, xx.xx.2022-ci il tarixdə bağlanılmış əmək müqaviləsi əsasında Cavabdeh MMC-nin tətbiqi sistemlərin layihələndirilməsi departamentində elektronika mühəndisi vəzifəsində çalışmışdır. Əmək müqaviləsinin 4.1 və 4.6-cı bəndlərinə əsasən işçiyə hər ay 2499 manat məbləğində, ayın 10 günü olmaqla əmək haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 4.26-cı bəndinə əsasən işçinin iş ili kimi xx.xx.2024xx.xx.2025-ci il aralığı göstərilmiş və 4.27-ci bəndinə əsasən məzuniyyətinrin müddəti 30 təqvim günü olması göstərilmişdir. Əmək haqların vaxtında ödənilməməsi səbəbindən xx.xx.2025-ci il tarixdə onun xahişi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə cavabdehə olan əmək münasibətlərinə xitam verilmişdir. Bu barədə onun əmək kitabçasına qeyd aparılmış və cavabdehin möhürü ilə təsdiq edilmişdir. Habelə tərəflər arasında imzalanan qaiməyə əsasən onun istifadəsində olan avadanlıqlar cavabdehin məsul şəxslərinə təhvil verilmişdir. Lakin o, çalışdığı 2024-cü ilin oktyabr, noyabr, dekabr və 2025-ci ilin yanvar, fevral, mart ayları üçün əmək haqqı, habelə işdən ayrılarkən istifadə edilməyən ümumilikdə 69 gün əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləği ona Cavabdeh MMC tərəfindən ödənilməmişdir. Əmək haqqı məbləği cavabdeh tərəfindən 2 kart hesabı vasitəsi ilə biri ABB, digəri isə "xxxx" olmaqla köçürülmüşdür. Kart hesablarından çıxarışlardan görünür ki, ABB hesabına sonuncu köçürmə “Amak haqqı Sentyabr, Oktyabr” təyinatı ilə 1100,63 manat, "xxxx" hesabına isə sonuncu köçürmə əmək münasibətlərinə xitam verildikdən sonra, son haqq-hesabın bir qismi kimi xx.xx.2025-ci il tarixdə 1010,09 manat olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əlavə edilən “Fərdi şəxsi hesab haqqında” arayışdan görünür ki, 2025-ci ilin yanvar, fevral ayları üçün 2499 manat və mart ayı üçün 1892,88 manat gəlir göstərilmişdir. Hesablamalara əsasən aylıq məcburi dövlət sosial sığorta haqları çıxıldıqdan sonra cavabdeh ona 2024-cü ilin oktyabr, noyabr, dekabr, 2025-ci ilin yanvar, fevral ayları üçün hər ay 2200,63 manat, tam işlənməmiş 2025-ci ilin mart ayı üçün isə 1513,90 manat məbləğində net əmək haqqı ödəməli idi. Yəni ümumilikdə ödənilməyən əmək haqqı məbləğ 12517,05 manat təşkil edir. Habelə, onun 2022-2023-cü ili üçün 10 gün, 2023-2024-cü iş ili üçün 30 gün və 2024-2025-ci iş ili üçün 29 gün istifadə edilməmiş əmək məzuniyyəti günləri qalmışdır. Əmək münasibətlərinə xitam verilərkən bu istifadə edilməmiş məzuniyyət günlərinin əvəzi olaraq məcburi dövlət sosial sığorta haqları çıxıldıqdan sonra ümumilikdə 4977,06 manat kompensasiya verilməli idi. Lakin həmin məbləğdən yalnız 1010,09 manat ödənilmiş, qalan 3966,97 manat isə ona ödənilməmişdir. Həmçinin əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya verilməsi cavabdeh işəgötürənin təqsiri üzündən gecikdirildiyindən, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənic verilməlidir. Bunun əsasında xx.xx.2025-ci il tarixə cavabdeh ona 2024-cü il oktyabr ayı üçün əmək haqqı 285 gün gecikdirildiyindən 6271,78 manat (2200,63 x 1% x 285 = 6271,78), 2024-cü il noyabr ayı üçün əmək haqqı 255 gün gecikdirildiyindən 5611,59 manat (2200,63 x 1% x 255 = 5611,59), 2024-cü il dekabr ayı üçün əmək haqqı 224 gün gecikdirildiyindən 4929,40 manat (2200,63 x 1% x 224 = 4929,40), 2025-ci il yanvar ayı üçün əmək haqqı 193 gün gecikdirildiyindən 4247,21 manat (2200,63 x 1% x 193 = 4247,21), 2025-ci il fevral ayı üçün əmək haqqı 165 gün gecikdirildiyindən 3631,03 manat (2200,63 x 1% x 165 = 3631,03), 2025-ci il mart ayı üçün əmək haqqı 162 gün gecikdirildiyindən 2452,52 manat (1513,90 x 1% x 162 = 2452,62), istifadə edilməmiş məzuniyyət günlərinin əvəzi olaraq ödənilməli kompensasiya məbləği isə 162 gün gecikdirildiyindən 6426,49 manat (3966,97 x 1% x 162 = 6426,49) gecikmə məbləğləri ödəməlidir.Bu səbəbdən iddiaçı Cavabdeh MMC-dən ödənilməyən əmək haqqının əvəzi olaraq 12.517,05 manat, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya əvəzi olaraq 3966,97 manat, vaxtında ödənilməyən əmək haqqına görə hər gün üçün əmək haqqının 1% məbləğində ödəncin əvəzi olaraq 33570,02 manat, mediasiya xərci əvəzi olaraq ödənilmiş 60 manat və hüquqi yardıma görə çəkilmiş xərclərin əvəzi olaraq isə 500 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalı, işçinin iradə ifadəsi bildirildiyi halda isə xitam verilməlidir. Qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir. X3 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir (Əmək Məcəlləsinin 172-ci maddəsinin 1, 2 və 4-cü hissələri). Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı, şahid ifadələri ilə də təsdiq olunmuşdur ki, iddiaçı əmək münasibətində olduğu cavabdeh təşkilatda 2024-cü ilin oktyabr ayından sonra 2025-ci ilin mart ayınadək keçən müddət ərzində mütəmadi olaraq faktiki işə çıxmamış, həftədə bir neçə saat işə gələrək çıxıb getmiş, işdə olmamasını əmək haqqının verilməməsi ilə əlaqələndirmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının işləmədiyi 2024-cü ilin oktyabr ayından 2025-ci ilin mart ayınadək keçən müddət ərzində əmək haqqısı ödənilməmiş, son haqq-hesab hesablanarkən 6 ay müddətində işdə olmadığı üçün əmək məzuniyyətinin günü də hesablanarkən bu hal nəzərə alınmışdır. Məhkəmə qeyd edir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Konstitusiyanın 35-ci maddəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Göstərilən Məcəllənin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 139-cu maddəsinin 1-ci hissəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məhkəmə araşdırması zamanı iddiaçıya son haqq-hesab kimi hesablanıb ödənilən məbləğin işçinin işlədiyi müddət və həmin müddət ərzində istifadə etmədiyi əmək məzuniyyəti günləri nəzərə alınmaqla müəyyən edilməsi təsdiqini tapmışdır. Belə olan halda məhkəmə iddiaçı tərəfindən onun 6 ay müddətində işləsə də, əmək haqqı almaması ilə bağlı dəlillərini əsaslı hesab etmir, həmin dəlillər məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə təkzib olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Qeyd edilən Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi ödənilməyən əmək haqqının əvəzi kimi 12.517,05 manat məbləğində və istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya əvəzi olaraq 3966,97 manat məbləğində pulun tutulması hissələrində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən hər gecikdirilmiş gün üçün ümumi məbləğinin 1% həddində kompensasiyanın tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında iddiaçının işə çıxdığı və cavabdeh təşkilatda işlədiyi aylarda əmək haqqısı tam ödənildiyindən, iddiaçıya əmək haqqının ödənilməməsi onun işə çıxmadığı ayları əhatə etdiyindən, işə çıxmadığı aylar üzrə işəgötürən tərəfindən əmək haqqının ödənilməməsi ilə bağlı hərəkətləri əsaslı hesab edildiyindən, iddia tələbi ödənilməyən əmək haqqının gecikdirilməsinə görə 1% əlavə ödəncin cavabdehdən tutulması hissəsində də əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərin əsaslı olması müəyyən olunmadığından, həmin tələblər əsassız hesab olunmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri - 60 manat mediasiya xərci və 500 manat hüquqi xidmət xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ : İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən ödənilməyən əmək haqqının əvəzi olaraq 12.517,05 (on iki min beş yüz on yeddi manat, beş qəpik) manat, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya əvəzi olaraq 3966,97 (üç min doqquz yüz altmış altı manat, doxsan yeddi qəpik) manat, vaxtında ödənilməyən əmək haqqına görə hər gün üçün əmək haqqının 1% məbləğində ödəncin əvəzi olaraq 33570,02 (otuz üç min beş yüz yetmiş manat iki qəpik) manat, mediasiya xərci əvəzi olaraq ödənilmiş 60 (altmış) manat və hüquqi yardıma görə çəkilmiş xərclərin əvəzi olaraq isə 500 (beş yüz) manat vəsaitin tutularaq ona ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar