Məhkəmə qərarları › İş №e-2(009)-2195/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2195/2024

17.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2195/2024 17.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tutularaq Cavabdeh2 Nurəddin qızına ödənilməli olan 12.785 manat aliment borcu İddiaçı tərəfindən ödənildiyindən silinməyə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh2 İddiaçı ilə xx.xx.2009-cu ildə nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2010-cu il tarixində Tuqay adlı oğlu dünyaya gəlmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 iyul 2013-cü il tarixli 2(009)-787/2013 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Qətnamədə həmçinin aliment tələbi təmin edilərək uşağın saxlanılması üçün hər ay 100 manat alınmaqla Cavabdeh2 ödənilməsi qət edilmişdir. Məhkəmə qərarına əsasən icra sənədi icraya yönəldilmişdir. Bildirmək istəyir ki, Cavabdeh2 İddiaçı qarşı 2024-cü ildə “alimentin artırılması və ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı oğlu Tuqayın saxlanılması üçün hər ay 235 manat aliment məbləğinin müəyyən edilməsini və bu günədək ödənilməmiş alimet məbləğini cavabdehdən alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-901/2024 21 may 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı hər ay sabit pul məbləğində tutulan 100 manat alimentin həcmi artırılaraq 235 manat olması qət edilmişdir. Bakı şəhər Səbail Rayon İcra şöbəsinin 8546/2013-16-12-002 saylı alimentin hesablanması barədə qərara əsasən İddiaçı hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Cavabdeh2 xeyrinə ödənilməsi və bu günə olan aliment borcunun 12.785 manat olması qeyd olunmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, nikaha xitam verilməsindən 11 il keçib. Bu müddət ərzində İddiaçı atası Azad Əliyev vasitəsilə aliment gecikdirilmədən, hər ay tam məbləğdə ödənilmişdir. Buna baxmayaraq, ödənişləri əlbəəl ödədiyi üçün İddiaçı borclu qismində qeydə alınmışdır. Həmçinin onu da qeyd edir ki, məhkəmə qərarına əsasən icra sənədi icraya yönəldilmişdir. Tərəflər arasında qarşılıqlı razılıq olduğundan icraya getmədən ödənişi öz aralarında həll etmişlər. Yuxarıdakılara əsasən hesab edirlər ki, tələbkarın 11 il sonra aliment tələb etməsi şübhə doğurur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, tərəflər arasında nikah pozulandan sonra gərginlik olduğundan uşağın tələbatları birbaşa cavabdehə müxtəlif vasitələrlə iddiaçının atasının (uşağın babasının) vasitəsilə həm nağd, həm köçürmə, həm də digər üsullarla ödənilmişdir. Uzun müddət cavabdeh tərəfindən alimentin artırılması barədə və borcun ödənilməsi tələbi ilə müraciət edilməmişdir. Bundan başqa, həm babanın, həm də atanın şəxsi hesablarına uşağın bütün tələbatları ödənilmişdir. İcra işindən görünür ki, 2013-cü ildə tədbirlər görülüb, 2014-cü ilin oktyabr ayına qədər ödənişlərlə bağlı mübahisə olmuş, lakin 2014-cü ilin oktyabr ayından sonra heç bir hərəkət edilməmişdir. Axtarış belə ləğv edilmişdir. Babanın daimi iş yeri yoxdur, baba tərəfindən ödənilən məbləğlər atanın gəliri hesabına həyata keçirilmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək bildirdi ki, iddiaçı özü uşaqla maraqlanmamışdır, onun atası bir neçə dəfə uşağı gəzdirmiş, kafeyə aparmış, lakin onun saxlanılması üçün aliment ödəməmişlər. Uşağın bütün xərclərini cavabdehin ailəsi çəkmişlər. Uşaq 14 yaşı olandan sonra görəndə ki, ata tərəfi onunla maraqlanmır özü bu məsələ ilə maraqlanıb bildir ki, neçə ildir aliment ödənilmir və ödənilməmiş alimentlərin ödənilməsi üçün müraciət edilməsini istədi. Məsələni qaldırmaq fikirləri olmamışdır, uşağın istəyinə əsasən bu məsələni qaldırmışlar. Baba tərəfindən hədiyyələr alınıb, Türkiyəyə gəzməyə də aparıb, lakin bu alimentin ödənilməsinə hesablanmır. Baba tərəfindən aliment ödənilməmişdir. 2024-cü ilin yanvar və ya fevral ayında alimentin artırılmasına dair icra sənədinə əsasən 235 manat məbləğində ödəniş edilmişdir. Son 2-3 ildə ümumiyyətlə əlaqə olmamışdır. 2 ay ingilis dili kursunun ödənişini, paltar və digər hədiyyələr alınmasını inkar etmirlər. İddiaçının atası bu ilin əvvəlində ona zəng etmiş, görüşmüş, bildirmişdir ki, imkanı yoxdur, telefonla danışanda ona bildirmişdir ki, maddi imkanı zəif olduğundan uşaq üçün doğum günü hədiyyəsi ala bilmədiyindən uşağa da zəng etməmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh1 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçı oğludur, cavabdeh isə keçmiş gəlini olmuşdur. Dəfələrlə nə istəyib təmin etmişlər. Hətta uşağı və keçmiş gəlinini İstanbul şəhərinə gəzməyə aparmışdır. Aliment məsələsinin qalxması bununla bağlıdır ki, 2023-cü ilin may ayında uşaq ondan 1000 dollar istəmiş, o isə imkanı olmadığından verə bilməmişdir. Bununla da münasibətlər pozulmuşdur. Uşaq həmişə kifayət qədər yaxşı saxlanılmışdır. Ata ilə uşağın görüşünə qarşı tərəf şərait yaratmır. Hər ay 600-700-800 manat uşağa xərclənmişdir. İşi ilə əlaqədər Türkiyəyə gedəndə gəlinə və uşağa nə istəmişlər almışdır. Almayanda pis adam olurdu. Həmişə gəlinə və uşağa bahalı geyimlər almışdır. 2022-ci ildə həyat yoldaşı ilə Rusiya Federasiyasına getmiş, brend mağazalar bağlandığından heç nə ala bilməmiş, buna görə də gəlinin münasibəti onlara qarşı pozulmuşdur. Alimentin ödənilməsi barədə məsələ qalxandan sonra cavabdehin nümayəndəsi ilə görüşüb söhbət etmiş və bildirmişdir ki, həmişə ödənişlər edilib axı, lazım olan hər şey edilib, brend paltarlar alınıb, hətta keçmiş gəlininə onların nikahının pozulmasına baxmayaraq istədiyi hər şeyi almışlar. Dediklərilə bağlı cavabdehin nümayəndəsi də onunla razılaşmışdır. 1000 dolların imtinasından sonra soyuqluq yaranmışdır. Hətta uşağa icazə verilmirdi ki, onların evinin yanından keçsin ki, birdən ata uşağını görər. Uşaqla ünsiyyətin yaradılması barədə məhkəməyə müraciət edilməmişdir. Aliment məsələsi qalxandan sonra mediator onunla əlaqə saxlamış, hər ay 250 manat ödənilməsini bildirmişdir. Oğlu da hər ay ödənişi edir. Bundan başqa, uşağın ingilis dili kursunun pulunu ödəmişlər. Uşağın oyunlara sərf etdiyi xərcləri üçün o, öz adına kart alıb uşağa vermişdir. Həmin “Paşa Bank” kartı 2020-ci ildə uşağa verilmişdir. Bildirir ki, nə ona, nə uşağın nənəsinə, nə də iddiaçıya uşaqla görüşə icazə verilmir. Həmçinin bildirmişdir ki, uşağa xərclənən pulları iddiaçı ona vermişdir, aliment məbləğindən də artıq pullar xərclənmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(009)-787/2013 saylı qətnaməsi ilə nikah pozulmuş, uşaq ananın himayəsində saxlanılmış və uşağın saxlanılması üçün xx.xx.2013-cü il tarixindən hesablanmaqla hər ay 100 manat alimentin İddiaçı tutulması qət edilmişdir. - Cavabdeh1 xx.xx.2013-cü il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-787/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Cavabdeh1 xx.xx.2014-cü il tarixli “borclunun axtarışı haqqında” qərarından görünür ki, borclu İddiaçı barəsində axtarış elan edilmişdir. - Cavabdeh1 xx.xx.2024-cü il tarixli “alimentin hesablanması barədə” qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-787/2013 nömrəli icra sənədi üzrə aliment borcunun 12785 manat müəyyən edilməsi və qeyd olunan aliment borcunun İddiaçı tutularaq tələbkar Cavabdeh2 xeyrinə ödənilməsi qərara alınmışdır. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2009-cu ildə nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2010-cu il tarixdə Tuqay adlı övladları dünyaya gəlmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(009)-787/2013 saylı qətnaməsi ilə nikah pozulmuş və uşağın saxlanılması üçün hər ay 100 manat aliment müəyən edilmişdir. Cavabdeh1 xx.xx.2013-cü il tarixli “icraata başlamaq haqqında” qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-787/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Cavabdeh1 xx.xx.2014-cü il tarixli “borclunun axtarışı haqqında” qərarı ilə borclu İddiaçı barəsində axtarış elan edilmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixli “alimentin hesablanması barədə” qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-787/2013 nömrəli icra sənədi üzrə aliment borcunun 12785 manat müəyyən edilməsi və qeyd olunan aliment borcunun İddiaçı tutularaq tələbkar Cavabdeh2 xeyrinə ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 106.3-cü maddəsinə əsasən, borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. - 106.5-ci maddəsinə əsasən, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Məhkəmə qeyd edir ki, qeyd olunan icra sənədi üzrə tutulmalı olan aliment məbləğinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi nə icra işinin materialları ilə, nə də ki, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının nümayəndəsinin və şahidin ifadəsində göstərdiyi hallar, yəni babanın nəvəsinə çəkdiyi xərclər uşağın ehtiyacları və digər zəruri xərclərin qarşılanması və ya hədiyyə məqsədilə edilmişdir. Baba tərəfindən ödənilən pulun və ya verilən hədiyyələrin icra sənədi üzrə alimentin əvəzi olaraq verilməsi barədə hər hansı bir mötəbər sübut növü iddiaçı tərəfindən təqdim olunmamışdır. Odur ki, tələbkara və ya uşağa baba tərəfindən edilən hədiyyələrin və ya ödənilən pul vəsaitinin alimentin əvəzi olaraq ödənilməsi qənaətinə gəlmək üçün heç bir əsas müəyyən edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar