Məhkəmə qərarları › İş №e-2(009)-2231/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2231/2022

25.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2231/2022 25.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «sığorta ödənişi məbləğinin tutulması» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində 25 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC - Cavabdeh qarşı «sığorta ödənişi məbləğinin tutulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 3518,5 manat sığorta ödənişi məbləği və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə Azərpoçt vasitəsi ilə məktub göndərilmiş, lakin cavabdeh iddiaya qarşı etirazını məhkəməyə göndərməmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh yol vərəqəsi əsasında idarə etdiyi “Hyundai H1” markalı ** JH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi zaman "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilə və “X4 Prado” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərrə vurmuşdur. "xxxx" markalı avtomobilə dəymiş zərər ASC tərəfindən 7,251 manat müəyyən edilmiş, həmin məbləğ cavabdehin 3-cü şəxslər qarşısında mülki məsuliyyətini sığorta etmiş "xxxx" ASC tərəfindən və cavabdehin özü tərəfindən təsdiq edilmişdir. Zərərin aradan qaldırılmasl üçün ASC tərəfindən 7,151 manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. 3632,5 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən iddiaçının hesabına daxil olmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, cavabdeh zərər məbləği ilə razılaşmış, ASC-yə geri ödəməli olduğu məbləği birdəfəlik ödəyə bilməyəcəyini deyərək, ödənişin hər ay 300 manat olmaqla hissə-hissə ödənilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməlidir. İş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan Səbail DYPİ tərəfindən tərtib edilmiş TP seriyalı ******* №-li İnzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Nəqliyyat vasitəsinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığorta olunmuşdur. 22 avqust 2022-ci il tarixli AZ0013737 №-li ödəniş tapşırığının surətindən görünür ki, 7,151 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən "xxxx" markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 hesabına ödənilmişdir. "xxxx" ASC tərəfindən təqdim olunmuş hesab vərəqəsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 3632,50 manat məbləğində sığorta ödənişi edilmişdir. Cavabdeh tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, cavabdehin zərər məbləği ilə bağlı heç bir etirazı yoxdur. "xxxx" tərəfindən ödənilən məbləğ çıxıldıqdan sonra qalan 3518,50 manat məbləği hər ay 300 manat olmaqla ödəməyinə şərait yaradılmasını xahiş edir. Mülki Məcəllənin 883-cü maddəsinə əsasən zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, Cavabdeh “Hyundai H1” markalı ** JH *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən "xxxx" Şirkətində “avtokasko” risklərində sığortalı olan "xxxx" markalı, ** DG *** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. İddiaçı şirkət sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək hadisə nəticəsində "xxxx" markalı, ** DG *** dövlət nömrə nişanlı avtomobilə dəyən ziyanın əvəzi olan 7,151 manat məbləğində pul vəsaitini ödəmiş və həmin ödənişdən 3158,5 manat hissəni "xxxx" ASC-dən geri aldıqdan sonra sığorta təşkilatı hazırda haqlı olaraq ödənilmiş əvəz miqdarının yerdə qalan 3518,5 manat hissəsinin cavabdehdən tutulması hüququ ilə məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azər. Resp. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 55,19 manat dövlət rüsumunun və 0,4 manat məbləğində xidmət haqqının əvəzi (iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən görünür) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 284.5.3-cü və 238-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-də sığortalanmış "xxxx" markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün sığorta şirkəti tərəfindən ödənilmiş pul vəsaitinin əvəzi olaraq 3518,5 manat pul vəsaiti, habelə iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 55,59 manat məbləğində pul vəsaiti Cavabdeh alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar