Məhkəmə qərarları › İş №e-2(009)-2242/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2242/2023

13.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2242/2023 13.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyindən mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin işçisi X4 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməsinə görə onun 10 yaşlı övladı X10 neftçıxaran mancanağın arasında qalaraq, aldığı xəsarətlərdən ölmüşdür. Belə ki, Əlifran Şərəfov «Azneft» İstehsalat Birliyinin «Bibiheybətneft» Neftqazçıxarma İdarəsində 2 saylı neftqazçıxarma sexinin 12-ci dərəcə neftqazçıxarma ustası vəzifəsində işləyərkən, “Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydalari’nm 1.5.30. (avadanlıqların, aparatların, mexanizmlərin, alətlərin açıq hərəkət edən və fırlanan hissələri çəpərlənməli və ya örtüklə bağlanmalıdır), 1.5.23 (qurğular, avadanlıqlar, mexanizmlər, alətlər nasaz vəziyyətdə və ya təhlükəsiz quruluşları nasaz olduqda onların istismarı qadağandır) bəndlərinin, “Bibiheybət” NQÇİ-nin rəisi tərəfindən xx.xx.2010-cu il tarixdə təsdiq edilmiş “Bibiheybət NQÇİ-nin neft və qaz çıxarma sexi neft və qaz çıxarma üzrə ustasının vəzifə təlimatı”nın 4-cü (əməyin mühafizəsi, təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirir) və 6-cı (işlərin düzgün və təhlükəsiz aparılması, avadanlığın, mexanizmlərin təhlükəsiz istismarını, iş yerlərinin mühafizə vasitələrinin lazımi halda saxlanmasını təmin edir) bəndlərinin tələblərini pozaraq, vəzifəli şəxs olmaqla işə laqeyid münasibəti nəticəsində, öz xidməti vəzifəsini yerinə yetirməyərək və lazımi qaydada yerinə yetirməyərək, iddiaçının 10 yaşlı övladı X6 ölümünə səbəb olmuş səhlənkarlıq etmişdir. Övladının ölümünə səbəb olmuş cavadehin işçisi X1 Rayon Məhkəməsinin 1(009)- 263/2010 nömrəli, 18 noyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Hökm xx.xx.2010-cu il tarixdə qanuni qüvvəsini almışdır. Hadisə nəticəsində ona mənəvi zərər vurulmuşdur. Baş vermiş cinayət hadisəsi nəticəsində 10 vaslı körpə balasının faciəvi qaydada ölməsindən sonra davamlı iztirab, sarsıntı keçirir. Övlad acısı valideyin, xüsusilə ana üçün unudulması mümkün olmayan, davamlı əzab və iztirab deməkdir. Səbail Rayon Məhkəməsinin 1(009)-263/2010 nömrəli, 18 noyabr 2010cu il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə işçinin təqsiri üzündən baş vermis hadisədə cavabdehun məsuliyyəti təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Cavabdehin işçisinin təqsiri ilə baş vermis cinayət hadisəsi nəticəsində o, mənəvi əzab çəkməyə davam edir. Çəkdiyi bu iztirablara, əzablara görə cavabdeh məsuliyyət daşıyır və vurduğu mənəvi ziyanın əvəzini ödəməyə borcludur. Mənəvi zərərin qarşılanması ilə bağlı cavabdeh və ya işçisi tərəfindən ona hər hansı ödəniş edilməmişdir.Çəkdiyi mənəvi ziyanın dərəcəsini o bilir. Bu səbəbdən yuxarıda qeyd etdiyi halları və ana olduğunu nəzərə alaraq ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia tələbinə uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, xx.xx.2010-cu il tarixdə X3 öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi nəticəsində X7 ölümünə səbəb olmuşdur. X4 barəsində Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə cinayət işi başlanılmış və o, törətdiyi cinayət əməlinə görə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-263/2023 saylı, xx.xx.2010-cu il tarixli hökmü ilə təqsirli bilinərək, hər ay qazancından 15% məbləğində pul vəsaiti dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarından, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-263/2023 saylı xx.xx.2010-cu il tarixli hökmündən də görünür ki, X4 öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində fiziki şəxs vəfat etmişdir. "Azneft" İB tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu olmadığından, hazırki iddia tələbi cavabdehdən deyil, X2 tələb edilə bilər. İddiaçının mənəvi ziyan tələbi ilə əlaqədar olaraq bildirir ki, zərərin əvəzini zərər vurmuş şəxs ödəməlidir. Qanunvericilikdə bir neçə şəxsin bir hüquqpozmada mülki-hüquqi məsuliyyətini müəyyənləşdirən üç məsuliyyət növü vardır. Bunlar paylı məsuliyyət, solidar (birgə) məsuliyyət və subsidiar (əlavə) məsuliyyətdən ibarətdir. Paylı məsuliyyətdə hər kəs öz payı daxilində məsuliyyət daşıyır ki, vurulmuş zərərin əvəzinin ödənilməsində öz payı həcmində iştirak edir. Solidar (birgə) məsuliyyəti bir neçə şəxs birlikdə zərər vurduqda daşıyır. Məsuliyyətin bu növünün xüsusiyyəti ondadır ki, məhkəmə zərərçəkənin mənafeyi üçün zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Subsidiar məsuliyyət qanunda və ya müqavilədə nəzərdə tutulduğu halda bordu ilə birlikdə öhdəliyin lazımınca icra edilməməsinə görə əlavə məsuliyyətdir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. 1097-ci maddədə nəzərdə tutulmuş fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Ümumiyyətlə zərərin əvəzinin ödənilməsi üçün bir qayda olaraq, mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Mülki hüquq pozuntusunun tərkibini ümumi şərtləri: 1. Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması. Hüquqazidd əməl dedikdə, şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkəti və ya hərəkətsizliyi anlaşılır. 2. Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə, mənəvi zərər şəxsin «şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində çəkdiyi fiziki və mənəvi sarsıntılara səbəb olur. 3. Zərərvuranm hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki, baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir. 4. Hüquqpozan şəxsin təqsirinin olmasıdır. Beləliklə, yalnız yuxanda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. Cavabdehin neft-qaz yataqların işlənməsi, qaz anbarının istismarı, neft-qaz çıxarmanın texniki-iqtisadi cəhətdən şəmərəliliyinin təmin edilməsi istiqamətində fəaliyyət göstərir. Respublikanın büdcə gəlirlərinin yüksək hissəsi neft-qaz satışından əldə edilir. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və təmir işlərini həyata keçirir. Qeyd olunan işlərin uğurla həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb edilir. İş materiallarından da görünür ki, iddiçının övladının vəfat etməsindən 13 ildən çox müddət keçməsi mənəvi zərərin təsirinin artıq olmamasıdır. Yuxarıda qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, işə baxıb, tərəflərin izahatlarını dinləyb, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən iddia tələbinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-263/2010 nömrəli, 18 noyabr 2010-cu il tarixli hökmündən görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və CM-nin 62-ci maddəsi tətbiq edilərək hər ay qazancının 15% məbləğində pul vəsaiti dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan AZ-İ 412299 nömrəli, 20 iyul 2010-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2010-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2010-cu ilin iyul ayının 20 günündə 117 № ilə qeyd edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Əlifran Şərəfov «Azneft» İstehsalat Birliyinin «Bibiheybətneft» Neftqazçıxarma İdarəsində 2 saylı neftqazçıxarma sexinin 12-ci dərəcə neftqazçıxarma ustası vəzifəsində işləyərkən, vəzifəli şəxs olmaqla işə laqeyid münasibəti nəticəsində, öz xidməti vəzifəsini yerinə yetirməyərək və lazımi qaydada yerinə yetirməyərək, iddiaçının 10 yaşlı övladı X6 ölümünə səbəb olmuş səhlənkarlıq etmişdir. İddiaçının övladının ölümünə səbəb olmuş cavadehin işçisi X1 Rayon Məhkəməsinin 1(009)-263/2010 nömrəli, 18 noyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Hökm xx.xx.2010-cu il tarixdə qanuni qüvvəsini almışdır. Hadisə nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur. Baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçı 10 yaslı övladının faciəvi qaydada ölməsindən sonra davamlı iztirab, sarsıntı keçirir. İddiaçı ona dəyən mənəvi zərərin əvəzi olaraq 50000 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında izah etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında eləcə də göstərilmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarında izah etmişdir ki, ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. ... Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hissləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında izah etmişdir ki, mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarında izah etmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında iddiaçının azyaşlı övladının ölümünün cavabdeh təşkilatın işçisinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. İddiaçının azyaşlı övladının hadisə nəticəsində vəfat etməsinin iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. Bununla yanaşı, baş vermiş hadisədən artıq 13 il keçməsi onu qəti surədə deməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni ola bilməz. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Ona görə də iddia tələbinin iddiaçının qeyd etdiyi formada, tam həcmdə təmin olunması əsasları hazırda mövcud deyildir. Belə ki, iddiaçı mənəvi ziyana görə əlli min manat pul tələb edir. Məhkəmə hesab edir ki, zərərçəkənin ölümünə səbəb olmuş hadisə ehtiyatsızlıqla törədilmiş cinayət olduğundan zərərin məbləği 20.000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyindən mənəvi zərərə görə 20 000 (iyirmi min) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar