Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2255/2024 02.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Elxan Elşən oğlu Eminovun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı saxlanılmasına görə Cavabdeh boşanma barədə mediasiya təklifinin göndərildiyi xx.xx.2023-cü il tarixindən hesablanmaqla hər ay razılaşdırılmış pul məbləğində - 2500 manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: iddiaçı cavabdeh ilə xx.xx.1992-ci il tarixdə nikaha daxil olmuş, nikah 312 №li aktla qeydiyyata alınmışdır. Birgə nikah dövründə iddiaçı və Cavabdeh tərəfindən müxtəlif əmlaklar əldə edilmiş, həmin əmlaklar ümumi mülkiyyətdə olmuş və birgə istifadə olunmuşdur. Son bir il ərzində iddiaçı və Cavabdeh arasında münasibətlər kəskin pisləşmiş, boşanma həddinə çatmış, tərəflərin ayrılması ilə bağlı müzakirələr getmişdir. Ailədaxili müzakirələr zamanı tərəflərin boşanması qərara alınmış, ümumi birgə mülkiyyətdə olan əmlaklarının bölünməsi ilə bağlı mübahisələr yaranmışdır. Bundan narahat olan Cavabdeh ümumi birgə mülkiyyətdə olan əmlaklarını iddiaçıdan xəbərsiz özgəninkiləşdirmiş, iddiaçını əmlaksızlaşdırmağa çalışmışdır. Hal-hazırda tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi üzrə məhkəmə mübahisələri davam etməkdədir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Tərəflər arasında həm boşanma, həm də əmlak bölgüsü ilə bağlı mübahisələr davam edən zaman dəfələrlə danışıqlar aparılmış, cavabdeh və onun ailə üzvləri tərəfindən iddiaçıya davamlı təzyiqlər olmuşdur. Tərəflər ayrılmaq ərəfəsində olduqları zaman cavabdeh iddiaçının saxlanılması üçün hər ay 2500 manat aliment ödəyəcəyini bildirmiş, bu məsələnin digər mübahisələrə aidiyyətini olmadığını bildirmişdir. Bununla belə, cavabdeh bu sözünü tutmamış, digər məsələlərdə olduğu kimi alimetlə bağlı da iddiaçını aldatmışdır. Qeyd olunmalıdır ki, iddiaçı 30 il ərzində cavabdehin həyat yoldaşı kimi onun və ailəsinin qulluğunda durmuş, onlara baxmış, ailə təsərrüfatlarına nəzarət etmiş və qorumuşdur. Bu səbəbdən, bu illər ərzində əmək fəaliyyəti ilə məşğul ola bilməmiş, özü üçün karyera qurmaq və qazanc mənbəyi təmin etmək imkanından məhrum olmuşdur. Bu səbəbdən, iddiaçının maddi təminatının təmin edilməsi və saxlanılması üçün cavabdeh tərəfindən ona aliment ödənilməlidir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq onun iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Yevlax şəhər VVAQ şöbəsi tərəfindən verilmiş Vİ-ЖГ seriyalı, 290164 nömrəli nikah haqqında şəhadətnamənn surətindən görünür ki, Cavabdeh ilə X1 arasında 27 sentyabr 1992-ci il tarixdə nikah bağlanmış və həmin nikah 362 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra qadına “Yaqubova” soyadı verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(009)-199/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 27 sentyabr 1992-ci il tarixdə Yevlax şəhər VVAQ şöbəsində bağlanmış və 362 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Nəzifə Paşa qızı ilə Cavabdeh 27 sentyabr 1992-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(009)-199/2024 saylı qətnaməsi ilə onların nikahı pozulmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən özünün saxlanılması üçün alimentin məhkəmə qətnaməsi əsasında alınaraq iddiaçıya ödənilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. - 84-cü maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. - 85-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. (85.2) - 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ərarvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, AM-nin 85.1-ci maddəsində nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malik olan şəxslərin dairəsi müəyyən edilmişdir. Hazırda iddiaçı qanunvericilikdə müəyyən edilən və ona şamil edilə bilən halların olmasını təsdiq edən hər hansı bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2255/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2255/2024
02.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver