Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2277/2025 14.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq... MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Dağlıq küçəsi, 22 saylı evin, 2 otaqlı, 15 saylı mənzildə qeydiyyatdadır, həmin ünvanda yaşayır. O, xx.xx.1945-ci il təvəllüdlüdür, 81 yaşın içindədir, əmək qabiliyyəti yoxdur, işləmək iqtidarında deyil. Pensiyaçıdır, dövlət tərəfindən hər ay ona 400 manat məbləğində təqaüd verilir. Sağlamlığını itirmişdir, bir sıra xəstəliklərdən əzab çəkir, ayda bir neçə dəfə poliklinikada müayinə və müalicə alır, evə tez-tez təcili yardım çağırır. Cavabdehlər X2 və Mir-X7 ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Dağlıq küçəsi, 22 saylı evin 15 saylı mənzilini gələcəkdə sataraq varlanmaq məqsədi ilə saxta yollarla əldə edərək onu küçəyə atıb mənzil hüquqlarını pozmuşlar. Hazırda onu qızı öz evində saxlayır və bütün xərclərini ödəyir. Aldığı təqaüd onun dərmanlarının alınmasına, kommunallarının ödənişinə və sair xərclərinə çatmır. O, kənar kömək olmadan hərəkət etmək iqtidarında deyil. O, cavabdehlərdən maddi və mənəvi köməklik etmələrini xahiş etsə də, onu saya salmamış, hətta onun ləyaqətinni alçaldan ifadələr işlədirlər. O, cavabdehlərə öz valideynlik borcunu ləyaqətlə yerinə yetirmişdir, onların saxlanmasına, təhsil almalarına, sağlamlıqlarına eveşik sahibi olmalarına qayğı ilə yanaşmışdır. O, cavabdehlərə ilkin mediasiya sessiyasında iştirak etmələri üçün müraciət etmişdir, lakin onlar mediasiya sessiyasında iştirak etməkdən imtina etmişlər. Bu barədə ona 8 saylı Bakı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixli MŞB/8/2025-01952 nömrəli arayış verilmişdir. Ona görə də o, cavabdehlər X2 və Mir-X5 qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlərdən hər birindən hər ay 500 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddiaçının aldığı təqaüd onun aylıq tələbatına yetərli deyil. 6 aydır ki, ümumiyyətlə cavabdehlər tərəfindən ataya hər hansı bir maddi köməklik göstərilmir. Tibbi müayinələr və xəstəli ilə bağlı dərman preparatlarına pul sərf olunur. Bununla bağlı sübutları məhkəməyə təqdim etmişlər. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, atasını 31 il saxlamışdır. Özü 1100 manat pensiya alır və 8 nəfər ailə üzvü var, onları saxlayır. Həmçinin 20.000 manat kredit öhdəliyi var, hər ay 600 manat banka kredit ödəyir. Onun evi sökülərkən aldığı kompensasiyadan bacısı 10.000 manat tələb etmiş, aldığı 130.000 manat kompensasiya əsasında mənzil almış, bacısına pul verə bilmədiyi üçün atasını öz evinə aparmışdır ki, ona pul versinlər. Atası ilə birgə yaşayan vaxtı atasının aldığı 405 manat təqaüd bütün xərclərini ödəmişdir. Hətta artıq da qalırdı. O, indi də atasını yanına gətirib saxlamaq istəyir. Bacısı buna imkan vermir. Artıq qalan puldan hətta o, da istifadə etmişdir. Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı tərəfindən 405 manat təqaüdün aylıq tələbatı ödəmək üçün yetərli olmamasına dair sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Digər tərəfdən onlar hesab edirlər ki, bu iddianın qaldırılmasından iddiaçı bixəbərdir, bacısının təşəbbüsü ilə iddia qaldırılmışdır. İşin mahiyyəti isə söküntü ilə bağlı veriləcək kompensasiya ilə bağlıdır. Eyni zamanda tibbi sığorta mövcuddur, müayinə və müalicələr pulsuz həyata keçirilir. Nümayəndəsi olduğu şəxs isə bildirmişdir ki, hər ay bacısına atası onun yanında qaldığı üçün 50 manat pul verir. əvvəllər də atasına maddi köməklik göstərmişdir. Nümayəndə həmçinin göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin özünün də maddi imkanı çox deyil, özü 1100 manat pensiya alır, şəkərli diabet xəstəsidir, iki övladı var. Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 2-ci dərəcə əlilliyə görə 405,24 manat məbləğində əmək pensiyası alır. İş üzrə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Bakı Baş Səhiyyə Mərkəzi” X12 33 nömrəli Şəhər Poliklinikası tərəfindən fərdi qaydada vəkillik fəaliyyəti göstərən vəkil Nümayəndə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.1945-ci il təvəllüdlü İddiaçı xx.xx.2025-ci il tarixdə 33 saylı Şəhər Poliklinikasına müraciət etmişdir. Həkim otolorinqoloq, həkim oftalmoloq, həkim kardioloq, həkim nevropatoloq tərəfindən müayinə olunmuşdur. “H61.2-qulaq kiri tıxacı, otoskopiya, H25.8-digər qocalıq katarakta, H26.2ağırlaşma katarakta, İ10-Esensial hipertenziya, G31.0-baş beyin məhdud atrofiyası” diaqnozu təyin edilmiş və müalicə yazılmışdır. İş üzrə "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, GTKR 6919516C105 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafakinə əsasən bank tərəfindən Cavabdeh2 59 ay müddətinə, illik faiz dərəcəsi 25,8% ödənilməsi şərti ilə 19.830 manat məbləğində kredit verilmişdir. İş üzrə Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə MŞB/8/2025-01952 saylı, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı “yetkinlik yaşınqa çatmış övladların valideynlərini saxlamaq vəzifəsi, onların valideynlərinə görə əlavə xərclərdə iştiraka cəlb olunmaları və aliment” tələbinə dair mübahisəsi üzrə xx.xx.2025ci il tarixdə, saat 13.00-dan 14.00-dək keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh1 və Cavabdeh2 iştirak etməmişlər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər iddiaçının oğullarıdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı təqaüdçüdür, hər ay 400 manat məbləğində təqaüd alır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, sağlamlığını itirmişdir, bir sıra xəstəliklərdən əzab çəkir, ayda bir neçə dəfə poliklinikada müayinə və müalicə alır, evə tez-tez təcili yardım çağırır. Cavabdehlər ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Dağlıq küçəsi, 22 saylı evin 15 saylı mənzilini gələcəkdə sataraq varlanmaq məqsədi ilə saxta yollarla əldə edərək onu küçəyə atıb mənzil hüquqlarını pozmuşlar. Hazırda onu qızı öz evində saxlayır və bütün xərclərini ödəyir. Aldığı təqaüd onun dərmanlarının alınmasına, kommunallarının ödənişinə və sair xərclərinə çatmır. O, kənar kömək olmadan hərəkət etmək iqtidarında deyil. O, cavabdehlərdən maddi və mənəvi köməklik etmələrini xahiş etsə də, onu saya salmamış, hətta onun ləyaqətini alçaldan ifadələr işlədirlər. O, cavabdehlərə öz valideynlik borcunu ləyaqətlə yerinə yetirmişdir, onların saxlanmasına, təhsil almalarına, sağlamlıqlarına ev-eşik sahibi olmalarına qayğı ilə yanaşmışdır. Bu səbəbdən iddiaçı cavabdehlərdən hər birindən hər ay 500 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. AR Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Məhkəmə qeyd edir ki, valideynlərin əmək qabiliyyətini itirmələri onların pensiya yaşına çatması nəticəsində də yaranır. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından aliment almaq hüququ valideynin maddi yardıma ehtiyacı olması və əmək qabiliyyətinin olmaması ilə əlaqədardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» qərarında göstərilmişdir ki: «Ailə Məcəlləsinin 80 və 81-ci maddələrində “əmək qabiliyyəti olmayan” və 81-ci maddəsində “göstərilən kənar xidmət”, “və digər hallarda” ifadələrində nəyin nəzərdə tutulması ilə bağlı ünvanlanan müraciətə dair aşağıdakıların qeyd edilməsi zəruridir. Ailə Məcəlləsinin 80-ci maddəsində əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ nəzərdə tutulmuşdur. Həmin maddənin birinci hissəsinə müvafiq olaraq valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər». Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ ilə bağlı hüquqi mövqe nümayiş etdirilsə də, həmin qərarda «maddi yardıma ehtiyacı olan» anlayışa hüquqi qiymət verilmişdir. Belə ki, həmin qərarı əsas tutaraq məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmış övladlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsi daşıyırlar. Yetkinlik yaşına çatmış övladın bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: valideynin əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə yetkinlik yaşına çatmış övlad(lar) üçün vəzifə yaradır. Başqa sözlə, valideynin maddi yardıma ehtiyacı olması yetkinlik yaşına çatmış övladdan(lardan) aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, valideynin əmək qabiliyyətinin olmaması da tələb olunur. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82-ci maddəsinin tələblərini rəhbər tuturaq cavabdehlərdən hər birindən 500 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etsə də, hər ay tələb olunan maddi yardımın məhz həmin məbləğ təşkil etməsi ilə bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Yəni iddiaçının cavabdehlərdən hər birindən ayda 500 manat maddi yardıma ehtiyacının olmasını təsdiq edən hər hansı sübutu yoxdur. Başqa sözlə iddiaçı aldığı əmək pensiyasından artıq həddə tələbatının mövcudluğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı təqaüdçüdür və ayda 405,24 manat əmək pensiyası alır. Həmin təqaüd isə «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən onun yaşayış minimuma uyğundur. Eyni zamanda məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdehlərin hər ikisi təqaüdçüdür, 1100 manat həddində pensiya alırlar, cavabdehlərdən Cavabdeh2 bank qarşısında öhdəliyi də mövcuddur. Hər iki cavabdehin öhdəsində ailə üzvləri vardır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbin əsaslı olması müəyyən olunmadığından, həmin tələb əsassız hesab olunmalı və təmin edilməməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birindən hər ay 500 (beş yüz) manat alimentin tutulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2277/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2277/2025
14.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver