Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2342/2025 01.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əmək haqqı" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən əsas əmək haqqı cari ilin fevral və mart (2 ay × 1700 =3400 AZN) ödənilməmiş əmək haqlarının, həmçinin hər gecikdirilmiş gün üçün əmək haqqının 1 % həcmində (3570 manat+3060 manat = 6630 manat) kompensasiyanın, mediasiya xərci 60 (altmış) manat, 3400 (üç min dörd yüz) + 6630 (altı min altı yüz otuz) + 60 (altmış) manat, cəmi 10090 (on min doxsan) manat və 5000 (beş min) manat məbləğində mənəvi zərərin əvəzi olaraq cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, 22 noyabr 2022-ci il tarixindən "xxxx" MMC-yə gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis vəzifəsində əmək müqaviləsi əsasında çalışmışdır. İşə qəbul tarixi - xx.xx.2022, işdən çıxma tarixi - xx.xx.2025. İşdən öz ərizəsiylə çıxmışdır. İşdən ayrılmağının əsas səbəbi işəgötürənin əməkhaqqının davamlı şəkildə gecikdirməsi və əməkdaş qarşısında əməkhaqqı ilə bağlı maliyyə öhdəliklərini yerinə yetirməməsi olmuşdur. İşdən ayrıldığı xx.xx.2025 tarixindən bu günədək heç bir maliyyə hesablaşması aparılmamış, əmək haqqı və digər qanuni ödənişlər ona təqdim edilməmişdir. xx.xx.2025 tarixində işəgötürənə yazılı müraciət göndərmiş, 5 təqvim günü ərzində ödənişin təqdim olunmasını xahiş etmişdir. Lakin müraciətinə heç bir cavab verilməmiş, əməkhaqqı isə yenə də ödənilməmişdir. Əldə etdiyi məlumata görə, şirkət fərdi şəkildə bəzi şəxslərlə hesablaşma aparsa da, onunla qərəzli şəkildə maliyyə hesablaşmasından yayınılır. Qeyd olunan məsələ ilə bağlı araşdırma aparılmasını, qanunvericiliyin tələblərinə uyğun olaraq son haqqhesabın ödənilməsini təmin olunması üçün 14 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X1 Xidmətinə şikayət ərizəsi ünvanlamışdır. Dəfələrlə şirkətin rəhbərinə əmək haqqının ödənilməsi ilə bağlı müraciət etmiş lakin müsbət nəticə əldə olunmamışdır. Bu səbəblə də mediasiyaya müraciət etmiş və mübahisənin məhkəmədən kənar həll edilməsinə çalışmışdır. Lakin mediasiya tərəfindən ona təqdim edilən arayışda Cavabdeh MMC-nin iştirak etməkdən imtina etdikləri qeyd edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ödənilməmiş əmək haqqı borcları: (fevral 2025 və mart 2025 ayları üçün əmək haqqı 3400 AZN), gecikdirilmiş ödəniş üzrə 1 % gündəlik ödənc: (məhkəmə prosesinin davam etməsi nəzərə alınaraq hər gecikdirilmiş gün üçün əmək haqqının 1 %-i məbləğində ödənc, qətnamə çıxarıldığı günə qədər hesablanmaqla tutulması), digər xərclər: (iş üzrə sübutların əldə edilməsi məqsədilə əmək haqqı hesabından çıxarışı əldə etmək üçün ödədiyi 10 manat və mediasiya xərci 60 manatın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, əmək haqqı hesabından çıxarışdan görünür ki, cavabdeh 2024-cü ilin noyabr ayının əmək haqqını 2025-ci ilin yanvar ayında ödəmiş, dekabr və yanvar ayının əmək haqqını nəğd şəkildə ödəmiş, lakin fevral və mart aylarının əmək haqqı ödənilməmişdir. 2025-ci ilin aprel ayından əmək münasibətlərinə xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-də gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis (bəyannaməçi) peşəsinə qəbul edilmiş, əmək haqqı 1926.86 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə) və 539.3cü maddəsinə (539.3. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi) uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Bu səbəbdən müəssisənin işəgötürəni barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü və 192.4-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati haqqında protokol tərtib olunmuş və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Həmçinin qeyd olunan məsələ ilə bağlı xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli Qərardad tərtib olunaraq baxılması üçün Səbail rayon məhkəməsinə ünvanlanmışdır. Təfimizdən sizinlə bağlı müvafiq sənədlərin təqdim edilməsi və son haqq-hesab ödənişinizin ödənilməsini təmin edib hüquq pozuntusunu aradan qaldırması üçün Cavabdeh MMC-yə göstəriş məktubu ünvanlanmışdır. Müəssisə tərəfindən sizinlə bağlı müvafiq sənədlər təqdim olunduğu təqdirdə müraciətinizə baxılaraq Sizə cavab veriləcəkdir. Araşdırma zamanı tərəfimizdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən Sizinlə “Tez Logistics MMC arasında bağlanılmış xx.xx.2022-ci il 14.2025-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə (tərəflərdən robüsü) əsasən xitam verildiyi məlum olmuşdur. Məlumat üçün bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2026-cı il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsinə əsasən Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 69-cu maddəsinin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. - 83-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. - 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - 157-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Azərbaycan Respublikası MPM: - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işin materiallarından görünür ki, tərəflər arasında 22 noyabr 2022-ci il tarixində əmək müqaviləsi bağlanmış və iddiaçı gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis (bəyannaməçi) peşəsinə qəbul edilmiş, əmək haqqı 1926.86 manat müəyyən edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01 aprel 2025-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı ona işlədiyi müddət ərzində 2025-ci ilin fevral və mart ayları üçün əmək haqqı ödənilmədiyini iddia edərək cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh tərəf isə iddianı təkzib edəcək hər hansı bir sübut növü məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya işlədiyi müddət ərzində 2025-ci ilin fevral və mart ayları üçün əmək haqqı ödənilmədiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, əmək haqqı hesabından çıxarışdan görünür ki, sonuncu dəfə əmək haqqı ödənişi 1700 manat 2025-ci ilin yanvar ayında hesaba daxil olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı aylıq məbləğ olaraq 1700 manat əldə etdiyini bildirərək həmin məbləğdə iki aylıq əmək haqqı hesablanmaqla ödənilməsini tələb etsə də, əmək müqaviləsindən görünür ki, onun əmək haqqı məbləği 1926.86 manat müəyyən edilmiş və hər ay əmək haqqı qanunvericiliyə əsasən müvafiq tutulmalar həyata keçirildikdən sonra ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaya hüquqi qiymət verilən zaman bu hal nəzərə alınmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2025-ci ilin fevral və mart ayları üçün ödənilməmiş əmək haqqı (əmək müqaviləsinin şərtləri və müvafiq tutulmalar nəzərə alınmaqla) cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməli, ödənilməyən əmək haqqı məbləğinin hər gecikdirilmiş gün üçün qətnamə çıxarılan günədək hesablanmaqla bir faizi məbləğində ödənc cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməli, 60 (altmış) manat mediasiya xərci və əmək haqqı hesabından çıxarışı əldə etmək üçün çəkilən 10 (on) manat xərc, cəmi 70 (yetmiş) manat cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2025-ci ilin fevral və mart ayları üçün ödənilməmiş əmək haqqı (əmək müqaviləsinin şərtləri və müvafiq tutulmalar nəzərə alınmaqla) cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. Ödənilməyən əmək haqqı məbləğinin hər gecikdirilmiş gün üçün qətnamə çıxarılan günədək hesablanmaqla bir faizi məbləğində ödənc cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. 60 (altmış) manat mediasiya xərci və əmək haqqı hesabından çıxarışı əldə etmək üçün çəkilən 10 (on) manat xərc, cəmi 70 (yetmiş) manat cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2342/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2342/2025
01.12.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver