Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2358/2024 12.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili R.İ.Hacılının, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin mülkiyyətçisinə ona məxsus paya görə kompensasiyanın ödənilməsi və ya hərracda satılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin mülkiyyətçisinə ona məxsus paya görə kompensasiyanın ödənilməsi və ya hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.1995-ci il tarixdə rəsmi nikaha daxil olub xx.xx.2018-ci il tarixə kimi birgə yaşamışlar. xx.xx.2018-ci il tarixli Bakı şəhəri Səbail rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. xx.xx.2018-ci il tarixdə Səbail rayon Məhkəməsinin qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə İddiaçı və Cavabdeh hər birinin ½ hissədə pay üzrə mülkiyyət hüquqları tanınmışdır. Cavabdeh ilə nikahları pozulduqdan sonra birgə nikah dövründə əldə etdikləri bir sıra əmlaklar məhkəmə qətnamələri ilə bölünmüşdür. Həmin əmlakların siyahısına ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi də daxildir. Dəfələrlə cavabdehə bildirmişdir ki, “paylı mülkiyyətimizdə olan Mətbuat prospekti, məhəllə 504, ev 2A, mənzil 19-da mənzil alqı-satqı ilə öz aramızda bölək ya da qiymətləndirilmiş mənzilin ½ hissəsinin pulunu ya sən ödə mənə, ya da mən ödəyim sənə mübahisəmiz sona çatsın”. Uzun müddətdir ki, gözləmiş, qarşı tərəfdən heç bir məlumat ala bilməmişdir. Bildirmək istəyir ki, halhazırda həmin mənzilin bazar qiyməti 160.000 manat məbləğində qiymətləndirilir. Göstərilənlərlə əlaqədar o, mediasiya təşkilatına da müraciət etmişdir, lakin Cavabdeh İMS-də iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlə onun mülkiyyətində olan ünvan 2 yaşayış sahəsinin qiymətləndirilərək öz payının dəyərinin cavabdehdən kompensasiya şəklində alınması, ödəmədiyi təqdirdə əmlakın açıq hərrac vasitəsi ilə satılaraq satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdehin məhkəməyə təqdim etdiyi və 2021-ci ildə tərtib edilmiş ekspert rəyində mübahisəli evin bazar qiymətinin 82.000 manat olması müəyyən edilmişdir. Lakin əmlakın hazırda real bazar qiyməti 160.000 manatdır və cavabdehdən həmin əmlakın ½ hissəsi olan 80.000 manat kompensasiya tələb edirlər. Hətta onlar o şərtə də razıdılar ki, ya cavabdeh ya da onlar tərəfindən pul ödənilməklə əmlak üzərində onlardan birinin tam mülkiyyət hüquqları tanınsın. Cavabdeh isə nə özü tərəfindən, nə də onlar tərəfindən təklif olunan şərtlə razı deyillər. Əgər həmin kompensasiya məbləği cavabdeh tərəfindən ödənilməyəcəksə, əmlak hərraca çıxarılıb satılmalıdır. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında göstərmişdir ki, o, hesab edir ki, 2 tələb bir yerdə baxıla bilməz. Əvvəl kompensasiya ilə bağlı tələb irəli sürülməlidir, bununla bağlı məhkəmə qətnaməsi çıxdıqdan sonra 2-ci tələblə bağlı məhkəməyə müraciət olunmalıdır. Lakin hər 2 tələb birlikdə verildiyindən iddianın rədd olunmasını xahiş edir. Həmçinin bildirir ki, cavabdeh tərəf 80.000 manat məbləğində iddiaçının payına uyğun kompensasiyanı ödəməkdən imtina edir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayon, Mətbuat prospekti, məhəllə 504 ünvanında yerləşən 2a saylı evin, ümumi sahəsi 62,50 kv.m. ibarət olan 19 saylı mənzili paylı mülkiyyət hüququ üzrə Cavabdeh (1/2 hissə) və İddiaçı (1/2 hissə) adlarına qeydiyyata alınmışdır. İş üzrə Əmlak Ekspert Mərkəzi tərəfindən Səbail rayon Məhkəməsinin hakimi M.Bağırovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospektində yerləşən 2A saylı evin 19 saylı mənzilinin bazar dəyəri 82.000 manat müəyyən olunmuşdur. İş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən (Səbail rayon Məhkəməsinin hakimi M.Bağırova, 2(009)-1295/2020 saylı mülki iş üzrə) verilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, ev 2A ünvanında yerləşən 19 saylı mənzilin tərəflərin ½ paylarına uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölnməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1,2.1,2.2,2.4,2.7,2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildi. İş üzrə Səbail rayon Məhkəməsinin (hakim M.Bağırova) 2(009)-19/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh adına qeydiyyata alınmış “Mitsubishi Pajero- İO” markalı, 90XF781 dövlət qeydiyat nişanlı, “Mitsubishi L200” markalı, 90NE702 dövlət qeydiyyat nişanlı, “Honda Accord” markalı, 10SU777 dövlət qeydiyyat nişanlı, “BMV 328” markalı, 10GS006 dövlət qeydiyyat nişanlı, “Lexus LX570” markalı, 10SG600 dövlət qeydiyyat nişanlı, “M-21 Volqa” markalı, 10DG222 dövlət qeydiyyat nişanlı, “VAZ-21053” markalı, 99KU529 dövlət qeydiyyat nişanlı, “X2 Mİ” markalı, 90HF226 dövlət qeydiyyat nişanlı avtomobillərin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin ümumi mülkiyyətçilər olan İddiaçı və Cavabdeh arasında bərabər paylarla bölüşdürülməsi, Cavabdeh adına qeydiyyata alınmış Qusar rayonunun Çiləgir kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi, Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi tən ortadan sərhəd hasarı inşa olunmaqla ümumi mülkiyyətçilər olan İddiaçı və Cavabdeh arasında hər birinin ½ hissədə payına uyğun olmaqla naturada bölünməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə həmçinin Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, ev 2A ünvanında yerləşən 19 saylı mənzilin naturada tərəflərin paylarına uyğun bölünməsi mümkün olmaması müəyyən edildiyindən iddiaçı tərəfindən qeyd olunan daşınmaz əmlakla bağlı payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi, yaxud paylı mülkiyyət hüququna digər paylı mülkiyyətçi tərəfindən kompensasiya verilməsi yolu ilə xitam verilməsi barədə tələbi irəli sürülməməsini nəzərə alaraq, iddia tələbi həmin hissədə təmin edilməmişdir. İş üzrə Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı birgə nikah dövründə əldə olunmuş əmlaka dair mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə, saat 13.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.1995-ci il tarixdə rəsmi nikah bağlanılmışdır. Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-9841/2018 saylı qətnaməsinə əsasən Cavabdeh adına olan qeydiyyata alınmış müxtəlif daşınar və daşınmaz əmlakları, o cümlədən Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, ev 2A ünvanda yerləşən 19 saylı mənzili birgə nikah dövründə əldə olunan əmlaklar kimi tərəflər arasında bərabər paylarla bölünmüş və həmin əmlakların üzərində Cavabdeh ½, İddiaçı ½ pay üzrə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin 2(009)- 19/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh adına qeydiyyata alınmış müxtəlif daşınar əmlakların açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin ümumi mülkiyyətçilər olan İddiaçı və Cavabdeh arasında bərabər paylarla bölüşdürülməsi, Cavabdeh adına qeydiyyata alınmış torpaq sahələri mülkiyyətçilər olan İddiaçı və Cavabdeh arasında hər birinin ½ hissədə payına uyğun olmaqla naturada bölünməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə həmçinin Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, ev 2A ünvanında yerləşən 19 saylı mənzilin naturada tərəflərin paylarına uyğun bölünməsi mümkün olmaması müəyyən edildiyindən iddiaçı tərəfindən qeyd olunan daşınmaz əmlakla bağlı payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi, yaxud paylı mülkiyyət hüququna digər paylı mülkiyyətçi tərəfindən kompensasiya verilməsi yolu ilə xitam verilməsi barədə tələbi irəli sürülməməsini nəzərə alaraq, iddia tələbi həmin hissədə təmin edilməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh ilə nikahları pozulduqdan sonra birgə nikah dövründə əldə etdikləri bir sıra əmlaklar məhkəmə qətnamələri ilə bölünmüşdür. Həmin əmlakların siyahısına ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi də daxildir. Dəfələrlə cavabdehə bildirmişdir ki, “paylı mülkiyyətimizdə olan Mətbuat prospekti, məhəllə 504, ev 2A, mənzil 19-da mənzil alqı-satqı ilə öz aramızda bölək ya da qiymətləndirilmiş mənzilin ½ hissəsinin pulunu ya sən ödə mənə, ya da mən ödəyim sənə mübahisəmiz sona çatsın”. Uzun müddətdir ki, gözləmiş, lakin qarşı tərəfdən heç bir məlumat ala bilməmişdir. Hal-hazırda həmin mənzilin bazar qiyməti 160.000 manat məbləğində qiymətləndirilir. Bu səbəbdən iddiaçı cavabdehlə onun mülkiyyətində olan ünvan 2 yaşayış sahəsinin qiymətləndirilərək öz payının dəyərinin cavabdehdən kompensasiya şəklində alınması, ödəmədiyi təqdirdə əmlakın açıq hərrac vasitəsi ilə satılaraq satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qüvvədə olan mülki qanunvericiliyinin tələbləri ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdə ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər:
1. ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması;
2. pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Məhkəmə qeyd edir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin bərabər paylı mülkiyyətində olan mübahisəli mənzilin naturada ayrılmasının mümkün olub-olmaması ilə əlaqədar ekspertiza təyin edilmiş və məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə mübahisəli mənzilin naturada təcrid şəklində ayrılmasının texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, paylı mülkiyyətçinin digər paylı mülkiyyətçidən payına mütənasib kompensasiya tələb etmək müstəsna olaraq həmin mülkiyyətçiyə mənsub hüquq olduğundan, əmlakın dəyərinin müəyyən edilməsi də və öz payını qiymətləndirilməsi də paylı mülkiyyətçinin hüququna aid olduğundan məhkəmə hesab edir ki, iddia tələbi tərəflərin paylı mülkiyyətində olan mübahisəli mənzilinin qiymətləndirilərək iddiaçının payının dəyərinin cavabdehdən kompensasiya şəklində alınması hissəsində əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı mübahisəli əmlakın bazar qiymətinin 160.000 manat məbləğində olması və cavabdeh tərəfindən onun payına uyğun olaraq 80.000 manat pul kompensasiyasının ödənilməsini cavabdehə təklif etsə də, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili tərəfindən kompensasiya ödənilməsi barədə iddiaçının təklifi qəbul edilməmişdir. Başqa sözlə iddiaçının təklifindən cavabdeh imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən paylı mülkiyyətçi ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını o halda tələb edə bilər ki, onun paylı mülkiyyətdə olan payının naturada ayrılması mümkün olmasın. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Beləliklə əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə payına uyğun olaraq pul kompensasiyasının ödənilməsi təklif olunsa da, cavabdeh kompensasiya ödənilməsi barədə iddiaçının təklifini qəbul etmədiyindən, ümumi paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması mümkün hesab edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki, «Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli mənzilin tərəflərin paylarına (1/2) uyğun olaraq naturada təcrid şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığından, bununla da ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından, cavabdeh iddiaçının payına uyğun tələb olunan kompensasiyanı verməkdən imtina etdiyindən, iddia tələbi əmlakın açıq hərracdan satılması hissəsində təmin edilməli və mübahisəli mənzil açıq hərracdan satılaraq, satış pulu tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, məhəllə 504 ünvanında yerləşən 2A saylı evdə yerləşən 19 saylı mənzili açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına (1/2 pay) münasib olaraq bərabər bölüşdürülsün. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev