Məhkəmə qərarları › İş №e-2(009)-248/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-248/2023

07.08.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-248/2023 07.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 və cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 07 avqust 2023cü il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, işlədiyi dövrdə (xx.xx.2021-xx.xx.2022) əmək müqaviləsində nəzərdə tutulmuş iş saatlarından əlavə işləməyinə görə ona ödənilməli olan əmək haqqının hesablanaraq cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 09 avqust 2021-ci il tarixdə cavabdeh ilə əmək müqaviləsi bağlayaraq “SƏTƏM işləri üzrə mütəxəssis” vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə əsasən iddiaçının əmək haqqısı vergilər və digər məcburi ödənişlər daxil olmaqla hər ay 1679,10 manat təşkil etmişdir. 04 iyun 2022-ci il tarixdə əmək haqqı dəyişdirilərək 2041,14 manat müəyyən edilmişdir. 07 oktyabr 2022-ci il tarixdə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işlədiyi dövrdə bəzi ayalrda mütəmadi olaraq həftəiçi iş saatları 08:00-dan başlamış, saat 18:00-da bitmiş, bəzi aylarda isə saat 07:30-da başlamış, 18:30-da bitmişdir. Şənbə günləri mütəmadi olaraq iş saatları 08:00-da başlamış, saat 16:00-da bitmişdir. İddiaçı cavabdeh müəssisədə işlədiyi dövrdə iş saatlarından artıq işlədiyi bu saatlara görə heç bir əlavə ödəniş almamışdır. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, iddiaçının işlədiyi 2021-ci ilin noyabr ayında 6 saat artıq iş saatlarına görə saatlıq tarif maaşının ikiqat məbləğində və 1 gün qeyri iş günü işə cəlb edildiyinə görə gündəlik vəzifə maaşının ikiqat məbləğində əmək haqqı ödənilmişdir. 2022-ci ilin yanvar ayında 11,5, fevral ayında 27, mart ayında 42,5, aprel ayında 41,5, may ayında 32,5 saat və 3 gün qeyri iş günü üçün və iyun ayında 21 saat üçün əlavə ödəniş edilmişdir ki, iş vaxtından artıq işləmiş saatlar qeydiyyat uçot cədvəllərindən götürülmüşdür. İddiaçı işlədiyi dövrdə 13 gün istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində işlərə cəlb edilmişdir ki, onun ərizəsinə əsasən işəgötürən özünün 22 sentyabr 2022-ci il tarixli əmri ilə həmin tarixdən xx.xx.2022-ci il tarixinədək iddiaçıya 13 iş günü ödənişli əvəzgün vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili iddiaya etirazin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı SƏTTƏM üzrə mütəxəssis peşəsinə işə qəbul edilmişdir. İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 07 oktyabr 2022-ci il tarixdə işçinin öz təşəbbüsü əsasında xitam verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh MMC-də SƏTTƏM üzrə mütəxəssis peşəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əlavə işlədiyi saatların əvəzinin ödənilmədiyini əsas gətirərək, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 54.1-ci maddəsinə əsasən işəgötürən əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini təmin etməlidir. 89.2-ci maddəsinə əsasən gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. 99.1-ci maddəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 165.1-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, İddiaçı Cavabdeh MMC-də işlədiyi dövr ərzində iddiaçıya həmin dövr üçün iş saatlarından əlavə işlədiyinə görə ödənilməyən əmək haqqı məbləği mövcud deyildir. Məhkəmə ekspert rəyinin kifayət qədər əsaslandırıldığını nəzərə alaraq, cavabdehin iddiaçıya ödənilməli olan pul vəsaitinin qalmadığını əks etdirən rəyinin əsas götürülməsini daha məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi onun əsasları iddiaçı tərəfindən sübut edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat pul vəsaiti iddiaçıdan tutulub dövlət büdcəsinə (hesab: VÖEN ********** X1, Kod:210005, VÖEN: ********** müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar