Məhkəmə qərarları › İş №e-2(009)-266/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-266/2025

14.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-266/2025 14.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay sabit aliment məbləğində 300 (üç yüz) manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı cavabdehlərin oğlu X4 xx.xx.2014-cü il tarixli 239 saylı akt qeydi üzrə nikaha daxil olmuşdur. Onların birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü oğulları X5 dünyaya gəlmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2-(009)-1373/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsilə İddiaçı ilə X4 arasında olan xx.xx.2014-cü il tarixdə Xəzər rayon qeydiyyat şöbəsində bağlanılmış nikahın pozulması, X2 xx.xx.2022-ci il tarixdən başlayaraq, 28 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin e-2-(009)-1373/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclunun icra vərəqəsi üzrə 5018 (beş min on səkkiz) manat aliment borcu təşkil edir. Həmçinin, məhkəmənin diqqətinə çatdırır ki, borclu X4 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, artıq bir ildən çoxdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmət 15 saylı Cəzaçəkmə Müəssəsində ona hökm edilmiş cəzasını çəkməkdədir. Cavabdehlər xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2014-cü il təvəllüdlü X3 nənə və babasıdır. Nəzərə çatdırır ki, qeyd olunan halda, övladı maddi xərclərinin qarşılanması ilə bağlı atası tərəfindən hər hansı bir yardım almadığı üçün hazırda maddi çətinlik çəkir. Eləcə də yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvə hazırda saxlanmaq üçün öz valideynlərindən (ata cəzaçəkmə müəssisəsində olduğundan) maddi yardım almaq imkanı yoxdur. Cavabdehlərin nəvələrinə kömək etmək üçün yetərincə maddi vəsaiti var və onu saxlaya bilər, ancaq həmin vəzifəni könüllü surətdə yerinə yetirmək arzusunda deyillər. Etirazın dəlilləri: aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsində göstərilənlər tamamilə əsassız olduğundan təmin edilməməlidir. Əvvəla, onu qeyd edir ki, iddia ərizəsində göstərilmişdir ki, cavabdehlərin nəvələrinə köməklik etmək üçün yetərincə maddi vəsaitləri var, onu saxlaya bilərlər. Ancaq bu vəzifəni könüllü surətdə yerinə yetirmirlər. İddiada göstərilmiş bu halın sübutu üçün heç bir fakt yoxdur, ola da bilməz, çünki Cavabdeh1 evdar xanımdır, heç bir yerdə işləmir. Digər Cavabdeh2 da işləmir. Çünki o ağır şəkər xəstəsidir. Hər gün bədənindəki şəkər səviyyəsinin nəzarətdə saxlanılması üçün insulin iynəsindən istifadə edir. Həmçinin Cavabdeh2 yüksən qan təzyiqindən əziyyət çəkir və ürəyindən əməliyyat edilmişdir. Hər gün beş iynə və üç ədəd dərman qəbul edir ki, bu qeyd etdiyi xəstəliklər nəzarət altında saxlanılsın. Hal-hazırda cavabdehlərin yaşamaq üçün gündəlik tələbatını digər iki oğlu ödəyir. Yəni iddia ərizəsində göstərildiyi kimi X1 üçün cavabdehlərin maddi vəsaitləri yetərincə deyil. Ona görədə iddia ərizəsi təmin edilməməlidir. İddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etirazı müdafiə edərək bildirmişdir ki, xəstədir, hər ay cəzaçəkmə müəssisəsinə oğlunun xərclərinə 400-500 manat pulxərclənir. Digər oğlu evlənib, onun ailəsinə baxır, çünki o oğlu da işləmir. Üçüncü oğlu da işləmir. Nə qazanır uşaqlarına xərclənir. Hər ay 1500 manat kredit ödənişi ğdəyir. Uşağa 9 il o baxmışdır, gəlini ilə münasibətləri yaxşı olmuşdur, lakin nikah pozulduqdan sonra gəini onlarla münasibəti kəsmiş və uşağı da onlara göstərmir. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Sübutlar: Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1373/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X4 ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə Xəzər rayon qeydiyyat şöbəsində bağlanmış və 239 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 28 dekabr 2014-cü il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması, cavabdeh X2, xx.xx.2022-ci il tarixdən başlayaraq, 28 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 ilə İddiaçı xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X5 anadan olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1373/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş uşağın ananın yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atadan hər ay 193 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Birgə nikahdan doğulmuş uşaq hazırda anası İddiaçı yanında yaşayır. Hazırda İddiaçı keçmiş həyat yoldaşı X4 ilə birgə nikahından doğulmuş uşağın saxlanılması üçün sonuncunun valideynləri (uşağın babası və nənəsi) olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aliment tutulmasını tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsini 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 89-cu maddəsinin mənasından da göründüyü kimi, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün məhz öz valideynlərindən maddi yardım ala bilmədikdə və buna zəruri vəsaitə malik olan baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Belə ki, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi əlavə təminat xarakteri daşıyır. Baba və nənənin nəvələrini o hallarda saxlamaq vəzifəsi var ki, nəvə valideynlərindən, yəni hər iki valideyndən də maddi yardım ala bilməsin. Nəvələrin valideynlərindən aliment tələb etmək hüququnun əsasını yardıma ehtiyaclarının olması təşkil edir. Bura onların valideynlərindən yardım ala bilməmələri halları daxildir. Nəvələr valideynlərindən aliment aldıqda, lakin həmin vəsait onların ehtiyaclarını ödəmədikdə, onların baba və nənələrindən aliment tələb etmək hüquqları yoxdur. Çünki baba və nənənin nəvələrinə münasibətdə aliment öhdəlikləri ikinci növbəli olub, birinci növbəli borcluların (valideynlər) öhdəliklərindən sonra tətbiq edilə bilər. Bundan başqa baba və nənə nəvələrinə o halda aliment ödəmək vəzifəsi daşıyır ki, onların zəruri vəsaitləri olsun. Onların belə vəsaitinin olub-olmamasını işin konkret hallarından asılı olaraq məhkəmə müəyyənləşdirir. Hazırki işin materiallarından da görünür ki, uşaq iddiaçının himayəsindədir, uşağın digər valideyni olan atadan isə məhkəmə qətnaməsi ilə aliment tutulması qət edilmiş, lakin ata icra sənədini icra etmir və ya edə bilmir. Məhkəmə qeyd edir ki, icra sənədinin icra edilməməsi ilə bağlı iddiaçının müavfiq səlahiyyətli dövlət qurumuna müraciət etmək hüququ vardır. Lakin bu hal hazırki iddianın qanuni və əsaslı olmasına dəlalət etmir. Belə ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələri saxlamaq üçün hər iki valideyndən də maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Hazırda xx.xx.2014-cü il təvəllüdlü X3 hər iki valideynindən maddi yardım ala bilmədiyi təsdiq olunmur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Odur ki, məhkəmə xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər ay 300 manat məbləğində alimentin İddiaçı ödənilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Beləliklə də, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “aliment” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “aliment” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar