Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-273/2023 20.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şöhrət Əliyevin iştirakları ilə, İddiaçı (Şöhrət Əliyev iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı "avtomobillərin satışından əldə olunmuş vəsaitin ödənilməsi, qızıl zinət və cehiz əşyaların qaytarılması" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı – Cavabdeh qarşı "avtomobillərin satışından əldə olunmuş vəsaitin ödənilməsi, qızıl zinət və cehiz əşyaların qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən “Lexus LX 570” markalı 10SA004 dövlət qeydiyyat nişanlı, “Audi RS 7” markalı 10EG004 dövlət qeydiyyat nişanlı və “BMW M 4” markalı 10EV600 dövlət qeydiyyat nişanlı avtomobillərin satışından əldə edilmiş vəsaitin 1/2 hissəsinin ona ödənilməsi, həmçinin ağ 750 əyarlı qızıldan badam formasında olan və üzərində brilyantlar olan sırğaların, üzük və klon dəstin, ağ qızıldan 750 əyarlı, üzərində 5 ədəd iri brilyant və təqribən 50 ədəd xırda brilyantlardan ibarət qolbağın, üzərində qara və sarı brilyantlar və qara mirvarili gül formalı sırğalar və həmin mirvarilərdən yığılmış, üzərində eyni gül formalı kulon olan boyunbağı; ağ qızıldan və üzərində brilyantlar olan nişan üzüyü, sarı qızıldan üzərində kəpənəklər olan dəstin, qırmızı qızıldan üzərində rəngli daşlar və koral muncuqlar olan ilan formalı dəstin, ağ qızıldan üzərində briliyantlar olan abstrakt formalı boyunbağının ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, Cavabdeh ilə 2014-cü ildə nikaha daxil olmuşlar. Tərəflər arasında ailə münasibətləri zəminində yaranmış mübahisələr səbəbindən, o, mediasiya sessiyasını başlamış, mediasiya bitdikdən sonra qarşı tərəf nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, o, isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş, xx.xx.2016-cı il doğum tarixli X4 və xx.xx.2021ci il doğum tarixli X7 anada qalması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Hər iki tələbə hazırda Səbail rayon Məhkəməsində baxılır (hakim Şahin Abdullayev). Ailə münasibətlərində yaranmış gərginlik səbəbindən 2022-ci ilin aprel ayının əvvəllərində o, cavabdehlə birgə yaşadıqları ünvandan çıxaraq övladları ilə birlikdə valideyninin evinə getmişdir, hal-hazıradək orda yaşayır. Onunla Cavabdeh birgə nikah dövründə, xx.xx.2018-ci ildə cavabdeh tərəfindən “Lexus LX 570” markalı 10SA004 dövlət qeydiyyat nişanlı, xx.xx.2019-cu il tarixdə “Audi RS 7” markalı 10EG004 dövlət qeydiyyat nişanlı və xx.xx.2020-ci il tarixdə “BMW M 4” markalı 10EV600 dövlət qeydiyyat nişanlı avtomobillər əldə edilmişdir. Həmin avtomobillər, müvafiq olaraq xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə özgəninkiləşdirilmişdir. Hər üç avtomobilin özgəninkiləşdirilməsi məqsədli şəkildə, yəni iddiaçı ilə nikahın pozulacağını bildiyi üçün, nikahın pozulacağı halda avtomobillər üzərində paylı mülkiyyət hüququnun yaranmaması üçün edilmişdir. Hər 3 avtomobilin satışından əldə olunan vəsaitdən iddiaçıya heç nə çatmamışdır. Avtomobillərin satılması tarixlərində iddiaçı ilə cavabdeh birgə yaşamadıqları və birgə təsərrüfat idarə etmədikləri üçün, həmin vəsait onlar tərəfindən birgə -xərclənməmiş, vəsait bütünlüklə cavabdeh tərəfindən götürülmüşdür. İddiaçı və cavabdehin birgə nikah dövründə əldə etdikləri yuxarıda göstərilən avtomobillər onların birgə mülkiyyətində olmuş, cavabdeh avtomobilləri satmış, satışdan əldə olunmuş vəsaitin iddiaçıya məxsus hissəsini özü götürmüşdür. Bundan başqa, o, cavabdehlə nikaha girdikdə, ona ağ 750 əyarlı qızıldan badam formasında olan və üzərində brilyantlar olan sırğalar, üzük və klon dəsti, ağ qızıldan 750 əyarlı, üzərində 5 ədəd iri brilyant və təqribən 50 ədəd xırda brilyantlardan ibarət qolbağı, üzərində qara və sarı brilyantlar və qara mirvarili gül formalı sırğalar və həmin mirvarilərdən yığılmış, üzərində eyni gül formalı kulon olan boyunbağı, ağ qızıldan və üzərində brilyantlar olan nişan üzüyü, sarı qızıldan üzərində kəpənəklər olan dəst; qırmızı qızıldan üzərində rəngli daşlar və koral muncuqlar olan ilan formalı dəst, ağ qızıldan üzərində briliyantlar olan abstrakt formalı boyunbağı qızıl-zinət əşyaları hədiyyə edilmişdir. İddiaçı cavabdehlə nikaha daxil olarkən, ona aşağıdakı cehiz əşyaları hədiyyə edilmişdir: Həmin əşyalar hazırda cavabdehlə iddiaçının birgə yaşadıqları ünvandadır. Göstərilən qızıl-zinət əşyaları, İddiaçı cavabdehlə birgə yaşadığı yuxarıda göstərilən ünvandan çıxdıqda Cavabdeh evində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, ailənin bütün maddi təminatını cavabdehin atası Şöhrət Əliyev həyata keçirib. Tərəflərin gəlirləri bəllidir, mübahisə predmeti olan maşınların tərəflərin gəlirləri ilə əldə edilməsi mümkün olmazdı, Şöhrət Əliyevin özünün şirkətləri var, neçə illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Ailə üzvlərinin adına alınan avtomobillər də Şəhrət Əliyevin gəlirləri və vəsaiti hesabına alınır, iş materiallarından da görünür ki, ailə üzvlərinin adına mütəmadi olaraq avtomobillər alınıb, satılıb, Cavabdeh bu qədər avtomobil almaq imkanı olmayıb, nikahın pozulması və aliment tələbinə dair məhkəmə mübahisəsi Ali Məhkəməyə qədər davam edib, Cavabdeh aylıq əmək haqqı almasından başqa gəlirlərinin olması sübuta yetirilməyib. Satılan maşınlar da məhz ailə üzvlərinə satılıb, bu da bir daha onu təsdiq edir ki, həmin maşınlar Şöhrət Əliyevin vəsaiti hesabına əldə edilib. Qızıl-zinət əşyaları ilə bağlı bildirir ki, iddiaçı tərəf həmin qızıl-zinət əşyalarının cavabdeh tərəfdə olmasını sübut edə bilməyib. Evdən gedərkən qızıl-zinət əşyalarını özü ilə birlikdə aparıb. Belə ki, əmisi onu aparmağa gələn zaman Şöhrət müəlliminin evinə daxil olub, onunla bir müddət söhbət edib. İddiaçının kifayət qədər vaxtı olub ki, qızıl-zinət əşyalarını götürüb bir çantaya yığsın. Həmçinin bildirmişdir ki, iddiaçı tərəf toylarının da video yazısının cavabdehin evində qaldığını iddia edirdi lakin sonradan video diski iddiaçı tərəf özü məhkəməyə təqdim etdi. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Şöhrət Əliyev iddia ərizəsinə etiraz edirək bildirmişdir ki, iddia tələblərin rədd edilməsini məhkəmədən xahiş edir, bildirir ki, 2014 nişan dövrünə qədər ailənin 6 maşını olub: - MERCEDEZ HALENTVAGEN (2012), RANGE ROVER (2009), oğlu Nəsiminin BMW X6, ailə maşınları VOLKSVAGEN PASSAT, TOUREG və əlavə bir maşın olub. Bildirir ki, 5 şirkəti var, Gürcüstan Respublikasında və BƏƏ-də (Dubayda) şirkətləri var, Türkiyə Respublikasında ailə biznesi var. Oğlu Nəsimi də şirkətlərdən birinin icraçı direktorudur. Maşınların hamısını o, (Şöhrət Əliyev özü) öz qazancı hesabına əldə etmişdir. Qızıl-zinət əşyaları ilə bağlı bildirmişdir ki, nişan üzüyünü 1000 manata alıblar, toyda hədiyyə edilən dəsti şəxsən özü Dubaydan 10.000 ABŞ dollarına alıb gətirmişdir. Bundan başqa da gəlinə qızıl zinət əşyaları hədiyyə edilmişdir, hər dəfə gəlinə özü Nikolay monetalar vermişdir, qaynı Rusiyadan hədiyyə brilyant dəst alıb hədiyyə etmişdir, qohumları da gəlinə müxtəlif tədbirlərdə qızıl-zinət əşyaları hədiyyə etmişlər. Gəlinin qızı-zinət əşyaları həmişə onun özündə olub, lakin işləri ilə bağlı olaraq gəlin qızılların yarısını satıb, digər yarısını isə gedəndə özü ilə aparıb. Onlar ailə qurduqdan sonra onlara üç mərtəbəli ev vermişdir. Özü və iki oğlu bir həyətdə 3 ayrı evdə yaşayırlar. İddiaçının əmisi iddiaçıya təxminən 200.000 manatlıq 3 mərtəbəni də dolduracaq cehiz verib, cehiz əşyalar hələ də evdədir, nə vaxt istəyir gəlib götürsün evi boşaltsınlar, gəlinin geyim əşyalarının da yarısı evdə qalıb nə vaxt istəyir gəlsin hamısını götürsün, ona və ailəsinə gəlinin heç nəyi lazım deyil. Oğlugil ailə qurduqdan sonra onların münasibətinə heç kim müdaxilə etməyib. Boşanmaları ilə bağlı bildirmişdir ki, gəlin ali təhsilini bitirdikdən sonra işləmək istəyini bildirdi. Oğlu və yoldaşı onun işləməsinə qarşı idi, ailə rəisi olaraq o özü gəlinin işləməsinə icazə verdi. Uşaq (Safiya) və ikinci uşaqları dünyaya gələndən sonra evə əlavə dayə və sair işçilər tutuldu və gəlin işə yenə də getdi. Hər istədiyini edirdi gəlin. Gəlin hər səhər tezdən işə hazırlaşıb getdiyindən səhərlər uşaqlarla oğlu məşğul olurdu, sonradan gəlin ikinci iş yerində də işləməyə başladı, səhərdən axşama qədər işdə olurdu, belə hallara görə aralarında mübahisələr yarandı. Sonuncu dəfə aralarında mübahisə yaranan zaman gəlin əmisinə zəng edərək onu gəlib aparmasını demişdir. Əmisi gəldi evə keçdi, əyləşib müzakirə etdilər mübahisəni, daha sonra gəlini götürdü getdi. Gəlin gedərkən o, həyətə çıxmamışdır, lakin oğlu Fizüli onları yola salmış və gəlinin çantalar ilə çıxdığını bildirmişdir. Oğlunun ailəsinin şəxsi əşyaları, qızılları ayrıca özlərində olub. İddia əsassızdır. Şahid ifadəsi: Məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının əmisi X6 ifadəsində göstərmişdir ki, cavabdehi və ailəsini qohum olmamışdan öncə tanıyırdı. Qardaşı rəhmətə getdikdən sonra iddiaçını öz qızı kimi böyütmüş və ailə quran zaman cavabdeh tərəfi yaxşı ailə kimi bilib onlara gəlin vermişdir, cehiz əşyalarını da özü verib. Ailə həyatlarına heç vaxt əmi kimi qarışmayıb, düşünüb ki, ailədir, söz-söhbət olsa belə özləri gərək həll etsinlər. Lakin, sonuncu dəfə mübahisə daha böyük olduğundan, qardaşı qızı ona zəng edib orada qala bilmədiyini vəgəlib onu aparmasını bildirmişdir. Həmin gün cavabdeh iddiaçını vurmuş və üz nahiyəsində izi qalmışdı. Yaşadıqları evə gəlib həyətə keçdi, Şöhrət Əliyevin yaşadığı evə daxil oldu, onunla təxminən 20 dəqiqə söhbət etdilər, daha sonra Nərmini götürüb apardı, Nərminin əlində balaca çanta var idi, başqa heç bir əşyasını götürməmişdi. Ailənin dağılmasını qəti istəmirdi, evdən getdikdən sonra Şöhrət Əliyevlə görüşüb danışıblar cavanların məsələsini, lakin mübahisə həll edilə bilmədi, barışmadılar. Daha sonra məhkəməyə müraciət edildi və nikah pozuldu. Nərmin evdən çıxanda əşyalarını götürməyib, hətta uşaqların sənədlərini də götürməmişdir, sənədlərin sonradan dublikatını o (əmisi) çıxarmışdır. Xanımın döyülməsi ilə bağlı hüquq mühafizə orqanına müraciət etməmişlər, cavabdeh iddiaçının evdən getməsini istədi və o da iddiaçının həmin evdə qalmasını düzgün bilməmişdir. Həmçinin bildirmişdir ki, iddiaçının satdığı qızıl-zinət əşyaları onun özünə məxsus olan qızıllar olub, cavabdeh tərəfin verdiyi qızıl-zinət əşyaları cavabdehin evində qalıb. Məhkəmə işdə iştirak edən tərəflərin nümayəndə və vəkillərinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarını, şahid ifadəsini dinləyərək, onların izahatlarını, ifadəni iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddianın dəlillərini nəzərə alaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Sübutlar: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilən: - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2559/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon 2(009)- 1616/2022 nömrəli iş üzrə 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.2014-cü il tarixli, 986 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1115/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə də apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası xx.xx.2023-cü il tarixli 2(102)-2559/2023 saylı qərarından görünür ki, "xxxx" İstehsalat-Kommersiya Firmasının arayışa əsasən, Cavabdeh "xxxx" İstehsalat-Kommersiya Firmasının icraçı direktoru vəzifəsində çalışır və əmək müqaviləsinə əsasən aylıq maaşı ştat cədvəli üzrə 776 manat təşkil edir. - Nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsindən və DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat imtahan İdarəsinin komputer uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışından görünür ki, “Lexus LX 570” markalı 10SA004 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci ildə Cavabdeh adına şəhadətnamə verilməklə qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Şöhrət Əliyevin sahibliyinə keçirilmişdir. - Nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsindən və DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlmatların komputer çıxarışından görünür ki, “Audi RS 7” markalı 10EG004 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu ildə Cavabdeh adına şəhadətnamə verilməklə qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X2 keçirilmişdir. - Nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsindən və DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlmatların komputer çıxarışından görünür ki, “BMW M 4” markalı 10EV600 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci ildə Cavabdeh adına şəhadətnamə verilməklə qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X1 keçirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.2014-cü il tarixində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Səbail Rayon 2(009)-1616/2022 nömrəli iş üzrə 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İddiaçı yaranmış ailə mübahisəsi zəminində evdən çıxarılmasını və evdən çıxarkən ona məxsus əşyaların cavabdehin sahibliyində qalmasını iddia edərək iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona qaytarılmasını və birgə nikah dövründə alınmasına əsalanaraq Cavabdeh tərəfindən “Lexus LX 570” markalı 10SA004 dövlət qeydiyyat nişanlı, “Audi RS 7” markalı 10EG004 dövlət qeydiyyat nişanlı və “BMW M 4” markalı 10EV600 dövlət qeydiyyat nişanlı avtomobillərin satışından əldə edilmiş vəsaitin 1/2 hissəsinin ona ödənilməsini iddia etmişdir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək iddiaçının iddianı əsaslandırdığı halları təsdiq edən sübutları məhkəməyə təqdim etməməsini bildirmişdir. Məhkəmə iddia tələbinin avtomobillərin satışından əldə edilmiş vəsaitin 1/2 hissəsinin ona ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı göstərilən tələbinin maddi əsası kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2.1, 32.2., 32.3-cü maddələrinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, ümumi mülkiyyət hüququnun yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi mülkiyyətində olan əmlakın hüquqi rejimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225 və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilir. Qeyd edilən normalara əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. (32.1-ci maddə) Ər-arvadın birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intelektual fəaliyyəti nətcəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlalmlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş payla, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmamasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. (Ailə Məcəlləsinin 32.2, 32.2.1, 32.2.2-ci maddələri) Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.( 32.3-cü maddə) Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsi) İddiaçı tərəf qeyd edilən avtomobillərin satış pulunun yarı bölünməsi tələbindən əvvəl onların nikah dövründə əldə olunmaqla yanaşı birgə nikah dövründə qazanılmış vəsait hesabına əldə edilməsinə dair məhkəməyə sübut növləri təqdim etməli olduğu halda, belə sübutları məhkəməyə təqdim etməmiş, bu iddiasını qanunun tələbi olması ilə əsaslandırmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəf birgə nikah dövründə əldə edilməsini iddia etdiyi avtomobillərin özgəninkiləşdirilməsinin məqsədli şəkildə, yəni iddiaçı ilə nikahın pozulacağını bildiyi üçün, nikah pozulacağı halda avtomobillər üzərində paylı mülkiyyət hüququnun yaranmaması üçün edilməməsini vurğulasa da, tələbində bu əmlaklarla bağlı əqdləri və onlara münasibətdə mülkiyyət hüquqlarını deyil, məhz birgə mülkiyyətində olan avtomobilləri satan cavabdehin satışdan əldə olunmuş vəsaitin iddiaçıya məxsus hissəsini özünün götürməsinə istinad etməklə həmin satış pulunun yarısının ona verilməli olmasını iddia etmişdir. Başqa sözlə, iddiaçı xx.xx.2018-ci ildə əldə edilmiş “Lexus LX 570” markalı 10SA004 dövlət qeydiyyat nişanlı, xx.xx.2019-cu il tarixdə əldə edilmiş “Audi RS 7” markalı 10EG004 dövlət qeydiyyat nişanlı və xx.xx.2020-ci il tarixdə əldə edilmiş “BMW M 4” markalı 10EV600 dövlət qeydiyyat nişanlı avtomobillərin müvafiq olaraq xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə özgəninkiləşdirilməsini mübahisələndirmir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında iddiaçı tərəf müstəqil tələb irəli sürməyən 3-cü şəxs Şöhrət Əliyevin həqiqətən yüksək maddi imkanı olan şəxs olmaqla Azərbaycan, Gürcüstan və Türkiyə Respublikasında, BƏƏ-də (Dubay şəhərində) şirkətləri, ailə biznesinin olmasını inkar etməmiş, lakin buna baxmayaraq avtomobillərin tərəflərin birgə nikah dövründə onların gəlirləri hesabına əldə edilməsini iddia etməklə bu faktı təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddiaçı tərəfin hər hansı bir şəxsin gəlirinin az olmasının əmlak əldə etməsinə qadağa olmamasına dair dəlili ilə bağlı qeyd edir ki, iddiaçının aylıq əmək haqqından əlavə digər gəlirlərinin olmasına dair sübutlar təqdim edildiyi təqdirdə bu dəlilin əsaslılığı müzakirə predmeti ola bilərdi. Məhkəmə hesab edir ki, mübahisələndirilən avtomobillərin tərəflərin birgə nikahda olduqları müddətdə onların birgə vəsaitləri, gəlirləri əsasında əldə edilməsi sübuta yetirilmədiyindən, həmin avtomobillərin birgə nikah dövründə əldə edilmiş əmlakın rejmi tətbiq edilərək bölünməsi yolverilməzdir. Məhkəmə, bu qənaətə gələrkən iddiaçının aylıq qazancından əlavə başqa gəlirlərinin olmamasının tərəflər arasında nikahın pozulması və s. tələblə əlaqədar qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilməsini, eləcə də müstəqil tələb irəli sürməyən 3-cü şəxsin iş materiallarında DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat imtahan İdarəsi tərəfindən təqdim edilmiş cavabdehin adına olan və satışı onun tərəfindən həyata keçirilmiş çoxsaylı avtomobillərin hamısının onun vəsaiti hesabına alınmasına dair izahatlarını diqqətə almışdır. Məhkəmə hesab edir ki, cavabdehin adına rəsmiləşdirilmiş birgə nikah dövründə əldə edilən nəqliyyat vasitələrinin tərəflərin gəlirləri hesabına deyil, cavabdehin atası Şöhrət Əliyevin vəsaiti hesabına əldə edilməsi məhkəmə araşdırması zamanı təsdiq edildiyindən həmin nəqliyyat vasitələri ər-arvadın ümumi əmlakı hesab edilə bilməz. Buna görə də, iddia avtomobillərin satışından əldə edilmiş vəsaitin 1/2 hissəsinin ödənilməsi hissəsində rədd edilməlidir. Məhkəmə iddianın qızıl-zinət əşyaları tələbinə aid hissəsi ilə bağlı qeyd edir ki, bu tələbin maddi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Belə ki, bu normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İddiaçı ona ağ 750 əyarlı qızıldan badam formasında olan və üzərində brilyantlar olan sırğalar, üzük və klon dəsti, ağ qızıldan 750 əyarlı, üzərində 5 ədəd iri brilyant və təqribən 50 ədəd xırda brilyantlardan ibarət qolbağı, üzərində qara və sarı brilyantlar və qara mirvarili gül formalı sırğalar və həmin mirvarilərdən yığılmış, üzərində eyni gül formalı kulon olan boyunbağı, ağ qızıldan və üzərində brilyantlar olan nişan üzüyü, sarı qızıldan üzərində kəpənəklər olan dəst; qırmızı qızıldan üzərində rəngli daşlar və koral muncuqlar olan ilan formalı dəst, ağ qızıldan üzərində briliyantlar olan abstrakt formalı boyunbağı qızıl-zinət əşyaları hədiyyə edilməsini göstərsə də, hazırda onların hamısının cavabdehlə birgə yaşadığı evdən çıxdıqda Cavabdeh evində qalmasını iddia etmişdir. Cavabdeh tərəf isə iddianın bu hissəsinə də etiraz edərək iddiaçının evdən gedərkən özünə məxsus bütün qızılları aparmasını bildirmişdir. Məhkəmə qeyd edir ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların özünün mülkiyyətində olduğunu sübut etməsidir. Cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, əgər iddiaçı müvafiq halları sübuta yetirərsə, o zaman bu əmlakların iddiaçı tərəfindən evdən aparıldığını (yəni artıq özünün sahibliyində olmadığını) sübut etməlidir. Məhkəmə qeyd edir ki, birgə nikah dövründə hədiyyə kimi əldə olunmuş əşyaları digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əşyaların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən mübahisələndirilməməsi belə iddiaların təmin olunması üçün birmənalı əsas deyildir. Bu baxımdan oxşar işlər üzrə birgə yaşadıqları evdən gedərkən mübahisəli əşyaları özü ilə aparmadığını və əşyaların cavabdehdə qaldığını sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən baxılan işin hallarından asılı olaraq məhkəmə iddiaçının evdən getmə şəraitini nəzərə almaqla, tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübutetmək yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün iddiaçı ilk növbədə həqiqətən də birgə yaşadıqları evi mübahisəli əşyaları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməlidir. Buna görə də, hazırki işdə də tələb olunan qızılzinət əşyalarının cavabdeh tərəfdə qalıb-qalmadığının müəyyən edilməsi baxımından iddiaçının evdən getdiyi şərait xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı evdən getdiyi gün əmisinə zəng edərək onu gəlib aparmasını istəmiş və əmisi də həmin gün iddiaçını aparmağa gəlmişdir. Bu halı həm iddiaçı tərəf, həm də iş üzrə 3-cü şəxs izahatında və dindirilmiş şahididdiaçının əmisi ifadəsində göstərmişlər. Belə ki, şahid ifadəsindən görünür ki, İddiaçı ona zəngindən sonra onların yaşadığı evə gedəndə eyni həyətdə yaşayan Cavabdeh atası Şöhrət Əliyevin evinə daxil olaraq onunla oturub təxminən 20 dəqiqə söhbət etmiş və sonra o, İddiaçı götürüb oradan çıxmışdır. Çıxan zaman iddiaçının əlində balaca çanta olmuşdur. Sənədlərin heç birini, əşyaları götürməmişlər. Sənədlərin isə sonradan dublikatını əmisi çıxartmışdır. Şahid həmçinin cavabdehin iddiaçını fiziki zor tətbiq etməklə vurmasını və üz nahiyəsində izinin qalmasını bildirsə də, iddiaçı tərəf bununla bağlı sübut təqdim etməmişdir. Məhkəmə, şahid ifadəsinə qiymət verərək hesab edir ki, iddiaçının evdən getməzdən əvvəl əmisinə zəngindən sonra, əmisi də gələnə kimi evdən getməyə hazırlıq işləri görməklə yanaşı, əmisinin qayınatası ilə oturub təxminən 20 dəqiqə söhbəti ərzində onun evdən getməyə hazırlıq işləri görməklə özünə və uşaqlarına aid zəruri əşyaları (o cümlədən də gündəlik istifadəsi üçün kosmetik, qızıl əşyaları və s.) götürməsinə kifayət qədər vaxtı olmuş və məhkəmənin qənaətinə görə o, bu əşyalarını özü ilə götürmüşdür. Məhkəmə bu qənaətə gələrkən əmisinin ifadəsində iddiaçının maşına oturanda özü ilə kiçik bir çantasının olmasını bildirməsini, eləcə də məhkəmə baxışı zamanı tərəflərin toy video diskinin cavabdeh tərəfdən olmasını təkidlə bildirməsi və ondan tələb edilməsinə dair verilən vəsatətin rədd edilməsindən sonra (iddiaçının evdən getdikdən sonra bir daha oraya qayıtmamasına baxmayaraq) həmin video diskin məhz iddiaçı tərəfin özündə aşkar edilərək məhkəməyə təqdim edilməsini diqqətə alır. Belə olan halda məhkəmə araşdırması zamanı iddiaçıya məxsus qızıl-zinət əşyalarının cavabdehin yaşadığı evdə qalması təsdiq edilməməklə, tələb olunan qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olmaması tərəflərin, 3-cü şəxsin izahatları və şahidin ifadəsinin qarşılıqlı təhlili və işin mübahisəsiz halları ilə sübuta yetirilir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarından yalnız toyda hədiyyə edilən dəst və nişan üzüyünün mövcud olmasına dair sübutlar (fotoşəkillər, video yazı) təqdim etməsinə baxmayaraq, 3-cü şəxs Şöhrət Əliyev iddiaçıya özləri və qohumları tərəfindən digər qızıllar da (Nikolay monetalar, qaynının Rusiyadan hədiyyə gətirdiyi brilyant komplekt) bağışlanmasını, eləcə də 3-cü şəxs fotoşəkillərdə olan nişan üzüyünün 1000 manat, toyda bağışlanan dəstin isə Dubaydan 10.000 manata alınmasını etiraf etmişdir. Bununla belə cavabdeh və 3-cü şəxs izahatlarında iddiaçının bu qızılların yarısını öz işləri ilə bağlı satmasını, digər yarısını isə özü ilə aparmasını göstərmişdir. Məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarının cavabdeh tərəfindən iddiaçıya qaytarılmaması inandırıcı deyildir. Belə ki, 3-cü şəxsin izahatlarından həmçinin görünür ki, o, iddiaçının evdə 200.000 manatlıq cehiz əşyaları və bəzi geyim əşyaları olmasını, onları da nə vaxt istəsə gəlib apara biləcəyini, onların iddiaçının heç bir əmlakına ehtiyaclarının olmadığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi qızıl-zinət əşyalarının onun mülkiyyətində və istifadəsində olması inkar edilməsə də, onların cavabdehdə qalmaqla qaytarmamaq niyyətinin olması öz təsdiqini tapmır. Məhkəmə iddiaçı tərəfin iddiasının əsaslı olması idə bağlı izahatını özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələri ilə bağlı qeyd edir ki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Hər bir halda qeyd edilən hallar həmin şəxslərin şahid qismində dindirilməsi üçün mane olmasa da, onların ifadələrində nəzərə alınmalıdır. Məhkəmə şahdin ifadəsinin, qızılların, sənədlərin və əşyaların götürülməməsinə dair ifadəsinə tənqidi yanaşaraq onları iddiaçının yaxın qohumu olmaqla maraq və mənafeyinə uyğun verilmiş ifadələr kimi qiymətləndirir. Belə olan halda, məhkəmə iddiaçı tərəfin qızıl-zinət əşyasının cavabdehdə qaldığına dair izahatını inandırıcı hesab etməyərək qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı qızıl zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində qalmasına dair hüquqi mövqeyini sübut edə bilmədiyindən, buna dair hər hansı mötəbər və tutarlı sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə iddianın bu hissədə də rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı (Şöhrət Əliyev iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı "avtomobillərin satışından əldə olunmuş vəsaitin bölünməsi, qızıl-zinət əşyalarının qaytarılması" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-273/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-273/2023
20.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver