Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-275/2024 23.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi Əzizli Əziz Seyfulla oğlunun katibliyi iddiaçının İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdehin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-yə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “Azneft” İB-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-dən 60.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, ata dedikdə arxa dayaq nəzərdə tutulur. Atası onun yəni, oğul toyunu görmədən faciəvi surətdə vəfat etdi. Atasının vəfatını gözümün önünə gətirəndə hələ də özünə gələ bilmir. Atası ailəni dolandırmaqla saxlayırdı. Atasının vəfatıdan sonra ailənin vəziyyəti daha da ağırlaşmışdı. Hələ də atasızlığın əziyyətini çəkir. O, ona yol göstərən arxa dayağı idi. Atasının faciəvi ölümü ilə bağlı başlanmış cinayət işi üzrə hökmdən də görünür ki, atası Əsəd Əliyev yaranmış qəzanın aradan qaldırılması üçün tal kanatına artıq yük vermiş və bu məqsədlə kənarda yerləşdirilmiş hidravlik çəki indikatoruna baxmaq üçün yaxınlaşaraq tal kanatın ölü ucunun yaxınlığında dayanmış, həmin vaxt sıçrayışla düzləndirici quyunun sıxılmış hissəsindən azad olunmuş və boşalma nəticəsində kanatın ölü ucu atamın boyun nahiyəsinə ilişərək qaldırıb yerə çırparaq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəli olan kəskin qanitirmə ilə müşaiyət olunan boyunun yumşaq toxumalarının, əzələlərin, arteriya və venalarının əzilib-cırılması, qırtlağın cırılıb ayrılması, boyun fəqərələrinin qəlpəli, yerdəyişən sınıqları, onurğa beyinin zədələnməsi və İİ-İİİ boyun fəqərəsinin bağ aparatının qırılması və ayrılması fonunda boyunun ön-sağ və sol yan səthinin dərin əzilmiş-cırılmış yarası, sağlamlığın uzun müddət pozulmasına səbəb olmaqla sağlamlığa az ağır dərəcəli zərərvurma əlamətlərinə malik və ölümlə səbəbli əlaqəli olan döş sümüyü dəstəsinin qapalı, az yerdəyişən sınığı, sol İİİ, İV, V, Vİ, Vİİ və sağ V, Vİ, Vİİ, Vİİİ qabırğaların orta körpücük xətt üzrə qapalı az yerdəyişən sınıqları, sol dirsək sümüyünün açıq, qəlpəli sınığı, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül dərəcəli zərərvurma əlamətlərinə malik təpə nahiyəsinin, döş qəfəsinin və sol saidin əzilmiş yaraları, boyunun sağ yan səthinin qançırı və döş qəfəsinin sıyrıqları kimi xəsarətlər yetirmiş, nəticədə atası aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Bu hadisə ilə bağlı X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) ilmüddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Əliqismət Nağıyevin məhkum edilməsinə səbəb onun səhlənkarlıq, yəni vəzifəli şəxs olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Əliqismət Nağıyev Cavabdeh H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsinin quyuların əsaslı və yeraltı təmiri sahəsinin rəisi vəzifəsində işləməklə vəzifə təlimatına uyğun olaraq işə vicdansız və laqeyd münasibəti və öz xidməti vəzifələrini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi nəticəsində 02 sentyabr 2018-ci il tarixdə H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsinin Buzovna sahəsinin 2-ci mədəninin 1368 saylı quyusunda yaranmış qəzanın, yəni qazma kəmərinin pərçimlənməsinin aradan qaldırılması üçün istismar kəmərinin 1984 metrlik sıxılmış hissəsinin düzləndirici alət vasitəsi ilə genişləndirmə əməliyyatını aparan H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsinin quyuların əsaslı və yeraltı təmiri sahəsinin quyularının əsaslı və yeraltı təmiri üzrə böyük ustası X4 təhlükəsizlik texnikası qaydalarına riayət etməsinə nəzarət keçmədiyinə görə Əsəd Əliyev yaranmış qəzanın aradan qaldırılması üçün tal kanatına artıq yük vermiş və bu məqsədlə kənarda yerləşdirilmiş hidravlik çəki indikatoruna baxmaq üçün yaxınlaşaraq tal kanatın ölü ucunun yaxınlığında dayanmış, həmin vaxt sıçrayışla düzləndirici quyunun sıxılmış hissəsindən azad olunmuş və boşalma nəticəsində kanatın ölü ucu Əsəd Əliyevin boyun nahiyəsinə ilişərək qaldırıb yerə çırparaq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmanın əlamətlərinə malik və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəli olan kəskin qanitirmə ilə müşaiyət olunan boyunun yumşaq toxumalarının, əzələlərin, arteriya və venalarının əzilib-cırılması, qırtlağın cırılıb ayrılması, boyun fəqərələrinin qəlpəli, yerdəyişən sınıqları, onurğa beyinin zədələnməsi və İİ-İİİ boyun fəqərəsinin bağ aparatının qırılması və ayrılması fonunda boyunun ön-sağ və sol yan səthinin dərin əzilmiş-cırılmış yarası, sağlamlığın uzun müddət pozulmasına səbəb olmaqla sağlamlığa az ağır dərəcəli zərərvurma əlamətlərinə malik və ölümlə səbəbli əlaqəli olan döş sümüyü dəstəsinin qapalı, az yerdəyişən sınığı, sol İİİ, İV, V, Vİ, Vİİ və sağ V, Vİ, Vİİ, Vİİİ qabırğaların orta körpücük xətt üzrə qapalı az yerdəyişən sınıqları, sol dirsək sümüyünün açıq, qəlpəli sınığı, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül dərəcəli zərərvurma əlamətlərinə malik təpə nahiyəsinin, döş qəfəsinin və sol saidin əzilmiş yaraları, boyunun sağ yan səthinin qançırı və döş qəfəsinin sıyrıqları kimi xəsarətlər yetirmiş, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşının cinayət əməli nəticəsində ölən X5 onun doğma atası idi. Məhkəmə iclasında iştirak edən İddiaçının İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, bu məsələ ilə bağlı artıq məhkəmə praktikası var. Bu praktika və iddia ərizəsində qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, göstərilən məbləğ çoxdur, heç bir dəlil yoxdur, iddianın rədd edilməsini xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, AZ-İ972446 saylı ölüm haqqında şəhdətnamədən görünür ki, X5 xx.xx.2018-ci ildə boyunun arteriya və venaların zədələnməsi səbəbindən vəfat etmişdir. İş materiallarında olan xx.xx.1991-ci il tarixli, XİV- ЖГ 486640 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuşdur, ata qrafasında X5, ana qrafasında X6 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 1(003)-262187/2019 saylı hökmün surətindən görünür ki, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 1(103)01473/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Xətai rayon məhkəməsinin hökmü dəyişdirilmiş və X1 cəzası 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəza çəkmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 1(102)-1048/2020 saylı Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə məhkum edilmiş X2 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına əsasən “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hissləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarına əsasən “Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarına əsasən “İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.” Məhkəmə qeyd edir ki, iddiaçının atasının iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi işin sübuta yetirilmiş halıdır. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin işçisi X2 Bakı Apellyasiya Məhkəməsinin 1(103)01473/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Deməli, hazırkı işdə zərərçəkənin atasının ölümünün cavabdeh təşkilatın işçisinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. Atasının hadisə nəticəsində vəfat etməsinin iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, anoloji işlərlə bağlı formalaşmış məhkəmə təcrübəsi əsasında, həmçinin hazırkı işin spesifik halları baxımından iddiaçının atasının ölümü nəticəsində keçirdiyi mənəvi sarsıntıların, psixoloji stressin və əzab-əziyyətin qarşılığı olaraq mənəvi zərərin məbləği 40000 manat məbləğdə müəyyənləşdirilməlidir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd olunur ki, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Hazırkı işdən isə müəyyən olunur ki, baş vermiş hadisədən artıq 5 il keçməsi onu qəti surədə deməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni ola bilməz. Ona görə də iddia tələbinin iddiaçının qeyd etdiyi formada, tam həcmdə təmin olunması əsasları hazırda mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat+10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3% dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.3-cü maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - 9.1.3. əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunur. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia qismən təmin edildiyindən 210 manat (40000-30000 x 0,3:100=90+120=210) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-dən 40000 (qırx min) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 210 (iki yüz on) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-275/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-275/2024
23.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver