Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2885/2025 06.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əmək haqqı" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən 2025-ci ilin yanvar ayından xx.xx.2025-ci il tarixinə qədər ödənilməli olan 22.288 manat əmək haqqı, xx.xx.2025-ci il tarixdən bu günə kimi əmək haqqımın gecikdirilməsinə görə hesablanmış 226.502 manat dəbbə pulu, eləcə də istifadə olunmamış məzuniyyət günlərinə əsasən hesablanmış 6.282 manat məzuniyyət pulu olmaqla, ümumilikdə 255.072 manat məbləğdə pul vəsaətinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh MMC tərəfindən 2025-ci ilin yanvar ayından xx.xx.2025-ci il tarixinədək olan əmək haqqım, eləcə də əmək haqqımın gecikdirilməsinə görə nəzərdə tutulmuş dəbbə pulu ödənilməmişdir. Bununla bağlı dəfələrlə MMCyə müraciət etsəm də məni cavabsız qoyaraq əmək hüquqlarımın pozulmasına səbəb olmuşdurlar. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məlumat üçün bildirirəm ki, mən, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-də “Quru yüklər üzrə şöbə rəisi” vəzifəsinə işə düzəlmişəm. Cavabdehlə bağlanan əmək müqaviləsində (qoşmaya əlavə olunur) mənim əmək haqqım 3.184 AZN (üç min yüz səksən dörd manat) nəzərdə tutulmuşdur. İlk zamanlar mənim əmək haqqımın ödənilməsi ilə bağlı hər hansı problem yaşamasam da, sonradan əmək haqqımın verilməsi zamanı bəzi gecikmələr yaranmağa başlamışdır. Məsələn, dekabr ayının əmək haqqısı yanvar ayında deyil fevral ayında ödənilmişdir. Bu faktı "xxxx" ASC-dən hesabımdan çıxarış sənədində də açıq-aşkar görmək mümkündür (qoşmaya əlavə olunur). xx.xx.2025-ci il tarixdə başqa işə keçməyimlə əlaqədar AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsaslanaraq öz ərizəmlə işdən çıxmışam. İşdən ayrılarkən cavabdeh müəssisə tərəfindən mənə son haqq-hesab pulu olaraq yeddi aylıq əmək haqqım, əmək haqqımın gecikdirilməsinə görə yaranmış dəbbə pulu, eləcə də istifadə olunmamış məzuniyyət pulum ödənilməli olduğu halda bu günə qədər həmin ödənişləri ala bilməmişəm. Yuxarıda da qeyd etdiyim kimi, bu barədə Cavabdeh MMC-yə müraciət etsəm də mənim ödənişlərimi müxtəlif bəhanələrlə verməkdən imtina etmişdirlər. Qeyd olunan işin faktiki halları və qanunvericiliyin normalarının qarşılıqlı təhlili göstərir ki, cavabdeh "xxxx" MMC mənim qanunvericiliklə haqqım olan ödənişlərimi verməməklə kobud pozuntulara yol vermişdir. Belə ki, AR Əmək Məcəlləsinin 83.4-cü maddəsində də göstərildiyi kimi Cavabdeh MMC tərəfindən mənə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əməkhaqqım və digər ödəmələr (gecikdirmələrə görə dəbbə pulu) son iş günü verilməli idi. Lakin qeyd etdiyim kimi bu günə kimi həmin ödənişlərimi ala bilməmişəm. Əmək müqaviləmdə əmək haqqımın 3.184 manat olduğunu və AR Əmək Məcəlləsinin 172.5-ci maddəsini nəzərə alaraq göstərməliyəm ki, yeddi aylıq əmək haqqım, eləcə də 2025-ci ilin yanvar ayından bu günə qədər əmək haqqımın gecikdirildiyi hər gün üçün nəzərdə tutulmuş bir faizlik dəbbə pulu ilə birlikdə mənə 248.790 AZN (iki yüz qırx səkkiz min yeddi yüz doxsan manat) pul ödənişi olunmalıdır. Belə ki, yeddi aylıq əmək haqqım (7 x 3.184= 22.288) manat hesablanır. Eyni zamanda yanvar ayından əmək haqqımın 1 faizi hesablanmaqla və hər ay digər əmək haqlarımın da üzərinə gəlinməsi ilə bu günkü tarixədək mənə ödənilməli olan dəbbə pulunun miqdarı isə 226.502 manat təşkil edir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə qədər ona ödənilməli olan əmək haqqının, istifadə olunmamış məzuniyyət günlərinə əsasən hesablanmış məzuniyyət pulu da daxil olmaqla son haqq-hesabının və bu günə kimi əmək haqqının, istifadə olunmamış məzuniyyət günlərinə əsasən hesablanmış məzuniyyət pulu da daxil olmaqla son haqq-hesabının gecikdirilməsinə görə gündəlik 1% (bir faiz) həcmdə hesablanmaqla dəbbə pulunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də quru yüklər üzrə şöbə rəisi peşəsinə qəbul edilmiş, əmək haqqı 3184 manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsinə əsasən Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 69-cu maddəsinin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. - 83-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. - 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - 157-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. -172-ci maddəsinə əsasən əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. İşçinin əmək kitabçasının bu Məcəllənin 83-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası MPM: - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işin materiallarından görünür ki, tərəflər arasında 01 fevral 2024-cü il tarixində əmək müqaviləsi bağlanmış və iddiaçı quru yüklər üzrə şöbə rəisi peşəsinə qəbul edilmiş, əmək haqqı 3184 manat müəyyən edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 30 iyul 2025-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı ona işlədiyi müddət ərzində 2025-ci ilin yanvar-iyul ayları üçün əmək haqqı ödənilmədiyini iddia edərək cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh tərəf isə iddianı təkzib edəcək hər hansı bir sübut növü məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya işlədiyi müddət ərzində 2025-ci ilin yanvar-iyul ayları üçün əmək haqqı ödənilmədiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, əmək haqqı hesabından çıxarışdan görünür ki, sonuncu dəfə 2024-cü ilin dekabr ayı üçün olan 2800 manat əmək haqqı ödənişi 2025-ci ilin fevral ayında hesaba daxil olmuşdur. Məhkəmə qeyd edir ki, əmək müqaviləsindən görünür ki, onun əmək haqqı məbləği 3184 manat müəyyən edilmiş və hər ay əmək haqqı qanunvericiliyə əsasən müvafiq tutulmalar həyata keçirildikdən sonra ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaya hüquqi qiymət verilən zaman bu hal nəzərə alınmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 01 yanvar 2025-ci il tarixindən 30 iyul 2025-ci il tarixinədək üçün ödənilməmiş əmək haqqı (əmək müqaviləsinin şərtləri və müvafiq tutulmalar nəzərə alınmaqla) və istifadə olunmamış məzuniyyət günlərinə əsasən hesablanmış məzuniyyət pulu da daxil olmaqla son haqq-hesab cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməli, ödənilməyən əmək haqqı məbləğinin və son-haqq hesabın (məzuniyyət pulu) 1 (bir) faizi məbləğində ödənc hər gecikdirilmiş gün üçün ödəniləcək günədək hesablanmaqla cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməli, 60 (altmış) manat mediasiya xərci cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməli, 50 (əlli) manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 01 yanvar 2025-ci il tarixindən 30 iyul 2025-ci il tarixinədək üçün ödənilməmiş əmək haqqı (əmək müqaviləsinin şərtləri və müvafiq tutulmalar nəzərə alınmaqla) və istifadə olunmamış məzuniyyət günlərinə əsasən hesablanmış məzuniyyət pulu da daxil olmaqla son haqq-hesab cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. Ödənilməyən əmək haqqı məbləğinin və son-haqq hesabın (məzuniyyət pulu) 1 (bir) faizi məbləğində ödənc hər gecikdirilmiş gün üçün ödəniləcək günədək hesablanmaqla cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. 60 (altmış) manat mediasiya xərci cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. 50 (əlli) manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2885/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2885/2025
06.02.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver