Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-312/2025 13.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdehlə xx.xx.2011-ci il tarixdə rəsmi nikahdan keçərək ailə həyatı qurmuşdur. Nikahları Nizami rayon qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alınmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 175 nömrəli akt qeydi icra olunmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il tarixdə X5 və xx.xx.2014-cü il tarixdə X6 dünyaya gəlmişlər. Ailə həyatının əvvəlində cavabdehlə onların münasibətləri yaxşı olsa da, sonradan həyat yoldaşının ona və uşaqlarına qarşı münasibəti dəyişilmişdir. Belə ki, son müddət ərzində cavabdeh ona və uşaqlarına laqeyd münasibəti göstərərək, öz ailəsinin qayğısına qalmır. Həyat yoldaşı uşaqların saxlamasında iştirak etmir. Övlardarın bütün xərcləri onun tərəfindən ödənilir. Hal-hazırda cavabdeh onların birgə aldıqları və yaşadıqları ünvan 1 ünvanda yerləşən 1 saylı mənzilin qıfılını dəyişərək onları evdən qovmuşdur. Övladların artıq 12 və 10 yaşı var. Onlar idmanla və digər inkişafedici məşğuliyyətlə məşğuldurlar. Bütün bu xərcləri ödəmək üçün xeyli maddi vəsait tələb olunur. Lakin o, uşaqların tərbiyyəsi və onlara baxılması ilə məşğul olduğundan işləmir və onun hər hansı bir qazanc yeri yoxdur. Bundan əlavə bu yaxınlarda böyük oğlu Alinazim Əliyev xəstələnmiş və o, onun müalicəsinə və müayinələrinə 700 manat vəsait xərclənmişdir. Cavabdehin öz ailəsinə bu cür laqeyd və məsuliyyətsiz münasibətin göstərilməsi, ailəsini çətin durumuna salaraq, uşaqların tələbat və ehtiyaclarının ödənilməsinə imkan vermir. Həmçinin o, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1.3-cü maddəsi ilə müəyyən edilmiş mediasiya prosedurundan keçmişdir. Lakin qarşı tərəf ilkin mediasiya sessiyasına gəlmədiyi üçün iş üzrə mediator kimi təyin edilmiş Elçin Həsənov ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı təqdim etmişdir. Bunun müqabilində o, 60 manat dövlət rüsumu ödəmişdir. Onun iş yeri olmadığından və cavabdeh birgə nikahdan olan uşaqların saxlanmasında iştirak etmədiyi üçün hesab edir ki, onun çətin maddi durumunu nəzərə alıb, bütün əlavə çəkdiyi xərclər də cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 300 manat, hər ay cəmi 600 manat məbləğində alimentin və eləcə də uşaqların əlavə xərcləri (müalicə, təhsil və s.) nəzərə alıb hər bir uşaq üçün əlavə hər ay 100 manat, hər ay cəmi 200 manat, ümumilikdə 800 manat tutularaq ona verilməsi, X1 müalicəsinə xərclədiyi 700 manat məbləğinin tutularaq ona verilməsi, eyni zamanda əlavə çəkdiyi 300 manat vəkillə bağladığı müqavilə üzrə ödənişinin və mediatora ödədiyi 60 manat dövlət rüsumunun, cəmi 360 manat məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin məktubuna əsasən cavabdehin hazırkı əmək haqqısı 1589,70 manat təşkil etdiyindən iki uşağa alimentin miqdarı cavabdehin əmək haqqısının 1/3 hissəsində müəyyən edilməlidir. Bundan əlavə iddiada qeyd edildiyi kimi Alimazim Əliyev 2024-cü ilin avqust ayından bu günə kimi Trixofiliya xəstəlikdən əziyyət çəkir və uşağın müalicəsinə onun tərəfindən ümumilikdə 600,45 manat vəsait xərclənilmişdir: xx.xx.2024-62 manat, xx.xx.2025-6,78 manat, 12.01.25-4.56 manat, xx.xx.2024-24.99 manat, xx.xx.2024-9.70 manat, xx.xx.2024-14.50 manat, xx.xx.2025-2.40 manat, xx.xx.2024-12.60 manat, xx.xx.2024-34,35 manat, xx.xx.2024-16.73 manat, xx.xx.2024- 9.57 manat, xx.xx.2024-3.00 manat, xx.xx.2024-53.14 manat, xx.xx.2024-62.00 manat, xx.xx.2024- 5.50 manat, xx.xx.2024-5.26 manat, xx.xx.2024-29.51 manat, 29.10.24-5.57 manat, 12.01.25-1.50 manat, xx.xx.2024-5.94 manat, xx.xx.2024-16 manat, xx.xx.2024-9.26 manat, xx.xx.2024-49,89 manat, xx.xx.2024-3.00 manat, xx.xx.2024-25.05 manat, xx.xx.2025-25.57 manat, xx.xx.2025- 25.37 manat, xx.xx.2024-50.00 manat. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən onun əmək haqqısının 1/3 hissəsi miqdarında alimenti və eləcə də uşaqların əlavə xərcləri (müalicə, təhsil və s.) nəzərə alıb hər bir uşaq üçün əlavə hər ay 100 manat tutularaq ona verilməsi, X1 müalicəsinə xərclədiyi 600.45 manat məbləğinin tutularaq ona verilməsi, eyni zamanda əlavə çəkdiyi 300 manat vəkillə bağladığı müqavilə üzrə ödənişinin və mediatora ödədiyi 60 manat dövlət rüsumunun, cəmi 360 manat məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 175 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş üzrə doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 adlı uşaqları var. İş üzrə ödəniş qəbzlərindən görünür ki, Alimazim Əliyevin tibbi müayinələrdən keçməsi ilə əlaqədar müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə, yəni xx.xx.2024-62 manat, xx.xx.2025-6,78 manat, 12.01.25-4.56 manat, xx.xx.2024-24.99 manat, xx.xx.2024-9.70 manat, xx.xx.2024-14.50 manat, xx.xx.2025-2.40 manat, xx.xx.2024-12.60 manat, xx.xx.2024-34,35 manat, xx.xx.2024- 16.73 manat, xx.xx.2024-9.57 manat, xx.xx.2024-3.00 manat, xx.xx.2024-53.14 manat, xx.xx.2024- 62.00 manat, xx.xx.2024-5.50 manat, xx.xx.2024-5.26 manat, xx.xx.2024-29.51 manat, 29.10.24- 5.57 manat, 12.01.25-1.50 manat, xx.xx.2024-5.94 manat, xx.xx.2024-16 manat, xx.xx.2024-9.26 manat, xx.xx.2024-49,89 manat, xx.xx.2024-3.00 manat, xx.xx.2024-25.05 manat, xx.xx.2025- 25.57 manat, xx.xx.2025-25.37 manat, xx.xx.2024-50.00 manat, cəmi 600,45 manat məbləğində pul ödənişləri edilmişdir. İş üzrə Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/6-02152 saylı arayışından görünür ki, İddiaçı aliment tələbinə dair mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə, saat 17.30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və təminat İdarəsinin rəisi Sənan Rəhimov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubuna əsasən Abşeron rayon icra və probasiya şöbəsinin rəis müavini Cavabdeh aylıq əmək haqqı 1589,70 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanılmış və onların birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü Alimazim və xx.xx.2014-cü il təvəllüdlü Maqsud adlı uşaqları var. Tərəflər arasında ailə münasibətləri pozulsa da, nikahları ləğv edilməmiş və artıq uzun müddətdir ki, onlar ayrı-ayrı ünvanlarda yaşayırlar. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya hər hansı maddi yardım göstəmir və bu səbəbdən iddiaçı uşaqları saxlamaq üçün hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh uşaqları ilə maraqlanmır, uşaqların saxlanılması üçün nə maddi, nə də mənəvi dəstək göstərmir. Bundan başqa, uşaqlardan biri - X2 xəstəlikdən əziyyət çəkir və onun müalicəsinə iddiaçı tərəfindən ümumilikdə 600,45 manat vəsait xərclənilmişdir. Bu səbəbdən iddiaçı məhkəmədən uşaqların saxlanılması üçün cavabdehdən hər ay 1/3 hissəsi miqdarında alimentin tutulmasını, uşaqların əlavə xərcləri (müalicə, təhsil və s.) nəzərə alıb hər bir uşaq üçün əlavə hər ay 100 manat tutulmasını, X1 müalicəsinə xərclədiyi 600.45 manat məbləğinin tutulmasını, eyni zamanda əlavə çəkdiyi 300 manat vəkillə bağladığı müqavilə üzrə ödənişinin və mediatora ödədiyi 60 manat dövlət rüsumunun, cəmi 360 manat məbləğinin cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən iki uşağa görə aylıq qazancının və valideynlərin başqa gəlirlərinin1/3 hissəsi miqdarında aliment tutulur. Məhkəmə qeyd edir ki, cavabdeh işləyib müntəzəm qazanca malik olduğundan, ondan uşaqların saxlanılması üçün tutulmalı olan alimentin miqdarı aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə həmçinin hesab edir ki, aliment tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan - xx.xx.2024-cü il tarixdən başlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. Məhkəmə iddia tələbinin uşaqların əlavə xərcləri (müalicə, təhsil və s.) üçün cavabdehdən hər uşaq üçün hər ay 100 manat pulun tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə (Ailə Məcəlləsinin 81-ci maddəsi) valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakını müəyyən edən əsaslar, yəni bu cür xərclərin çəkilməsi üçün əsaslar müəyyən edilmişdir. Bunun üçün qanunda göstərildiyi müstəsna halların olması zəruridir: ağır xəstə və şikəst olan uşaqların, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladların olması, onlara göstərilən kənar xidmət haqqının ödənilməsi ilə əlaqədar və digər hallar. Lakin həmin hallarla əlaqədar sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, eyni zamanda yetkinlik yaşına çatmayan uşaqların idmanla və təhsillə məşğul olması müstəsna hal olub valideyni əlavə xərclərə cəlb edilməsi üçün Ailə Məcəlləsinin 81ci maddəsinin tələbləri baxımından əsas olmadığından, iddia tələbi əlavə xərclərinin ödənilməsi məqsədi ilə cavabdehdən hər ay hər uşaq üçün 100 manat alimentin tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin yetkinlik yaşına çatmamış Alimazimin müalicəsi ilə bağlı cavabdehdən 600,45 manat pulun iddiaçının xeyrinə tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 27 yanvar 2015-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə əsasən Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Məhkəmə yetkinlik yaşına çatmamış uşaqda trixofiliya xəstəliyinin müəyyən olunmasını və bununla bağlı müalicəsi üçün vəsait xərclənməsini (müvafiq tibbi sənədlər və iddiaçı tərəfindən məhkəməyə təqdim olunan ödəniş qəbzlərinə əsasən), iddiaçının işləməməsini, həmçinin cavabdehin uşağın xəstəliyi ilə əlaqədar onun müalicəsində iddiaçıya hər hansı bir maddi köməklik göstərməməsini, eyni zamanda Ailə Məcəlləsinin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, cavabdehdən uşağın xəstəliyi ilə əlaqədar xərclənmiş 600,45 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 300 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan iddiaçı ilə Bakı şəhəri 24 saylı Vəkil Bürosu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 621 nömrəli müqavilədən və xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə Bakı şəhəri 24 saylı Vəkil Bürosuna 300 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 300 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı qaldırılan tələblə bağlı mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı mediatora müraciət etdiyindən, mediasiya xərci kimi 60 manat ödədiyindən, həmin pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulması müəyyən edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 6358,80 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 83,58 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 83,58 (səksən üç manat, əlli səkkiz qəpik) manat məbləğində pul tutulsun. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar müalicəsinə çəkilmiş xərcin əvəzi kimi 600,45 manat, mediasiya xərci kimi 60 manat və hüquqi xidmət üçün ödənilmiş 300 manat, cəmi 960,45 (doqquz yüz altmış manat, qırx beş qəpik) məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-312/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-312/2025
13.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver