Məhkəmə qərarları › İş №e-2(009)-337/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-337/2025

13.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-337/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cabbarova Sevı̇ l Əli qızı cavabdeh Aşı̇ mova Valı̇ də Museyı̇ b qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ünvan 1 ünvanında yerləşən mənzilə tikinti və əsaslı təmir üçün sərf edilmiş 58.000 (əlli səkkiz min) manat, dövlət rüsumu üçün ödənilən 264 (iki yüz altmış dörd) manat pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: ünvan 2 ünvanında yerləşən mənzil onun faktiki mülkiyyətində olmuşdur. Sözügedən ünvanda yerləşən 31 kv.m sahədən ibarət olan mənzil 2000-ci il tarixdə zəlzələ nəticəsində uçmuşdur. O, ünvanda yerləşən mənzilin dağıntı halında uçmuş vəziyyətdə olduğunu görmüş, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinə müraciət edərək mənzili tikmək üçün icazə istəmişdir. Həmin qurumun əməkdaşları əraziyə baxış keçirmiş və bildirmişlər ki, bura zəlzələ vaxtı uçduğu üçün mənzil fondundan çıxarılmışdır, amma tikintiyə bir şərtlə icazə veriləcəkdir ki, tikinti işlərini öz vəsaiti hesabına aparmalıdır. Bundan sonra o, həmin uçmuş mənzilin yerində öz 2008- 2013-cü illərdə hesabına 2 mənzil, hər mənzil 2 (iki) otaqdan ibarət 48 kv.m sahəsi olan mənzil inşa etdirmişdir. Hal-hazırda həmin mənzilin dəyəri 58.000 (əlli səkkiz min) manat qiymətləndirilir. İcra hakimiyyəti əməkdaşları ilə razılaşmış, 2008-2013-cü illərdə həmin yerdə mənzil tikmişdir. Bundan sonra cavabdeh Aşimova X1 Respublikasından Azərbaycan Respublikasına qayıdandan sonra həmin uçmuş mənzilə baxış keçirən zaman zəlzələ nəticəsində uçmuş mənzilin yerində yeni mənzilin olduğunu görmüş və bundan sonra öz hüquqlarından sui-istifadə edərək məhkəmələrə müraciət etməyə başlamışdır. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 74/2021 saylı, xx.xx.2021 tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh və qarşılıqlı iddia üzrə İddiaçı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8333/2021 saylı, xx.xx.2021 tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1978/2022 saylı,xx.xx.2022 tarixli qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8333/2021 saylı, xx.xx.2021 tarixli qətnaməsi ləğv edilərək Bakı Apellyasiya Məhkəməsinə yenidən baxılması üçün göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5204/2022 saylı, xx.xx.2022 tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası təmin edilmişdir. Bundan sonra cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3310/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Cavabdehlər Nəcəfova Mehriban Həsən qızının kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-964/2024 saylı, xx.xx.2024 tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5204/2022 saylı, xx.xx.2022 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən ünvanda yerləşən mənzili müəyyən etmək üçün Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində ********* saylı cinayət işi üzrə ekspertiza təyin edilmişdir. İş üzrə təyin edilərək keçirilmiş kompleks mühəndis məhkəmə-tikinti texniki və əmtəəşünaslıq ekspertizasının 29 noyabr 2024-cü il tarixli 9/4281 və 10/4031 saylı rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, 12 ünvanında yerləşən baxış zamanı təqdim olunmuş 36.3 kv.m olan mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 58.000 (əlli səkkiz min) manat məbləğində müəyyən olunur. Əlavə olaraq qeyd edir ki, Səbail MKİS-nin 45 saylı MİS tərəfindən verilmiş arayışla, cinayət işində olan şahid ifadələri və ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh sığınacaq kimi yerləşdirdiyi 31,0 kv.metr yaşayış sahəsi olan ünvan 4 ünvan 2000-ci ildə baş vermiş zəlzələ nəticəsində uçmuş, orada yaşayış mümkün olmadığından sökülmüşdür. Bundan sonra Səbail rayon İstintaq Şöbəsinin və 45 saylı MİS-nin nümayəndələri tərəfindən verilmiş şifahi razılığa əsasən İddiaçı öz vəsaiti hesabına 2013-cü il tarixdə həmin sökülmüş mənzilin yerində ümumi sahəsi 77,3 kv.m olan hər biri iki otaqlı, ümumi sahəsi 41 kv.m və 36.3 kv.m olmaqla iki mənzil inşa etmişdir. Yəni, Cavabdeh sığınacaq kimi yerləşdirildiyi 31,1 kv.m yaşayış sahəsi olan Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 12 ünvanında yerləşən 31/32 saylı mənzil 2000-ci il tarixdən etibarən mövcud deyildir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5204/2022 saylı, xx.xx.2022 tarixli icra sənədinə əsasən Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsi Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə 20 dekabr 2022-ci il tarixdə köçürmüşdür. Odur ki, Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-tikinti texniki və əmtəəşünaslıq ekspertizasının 29 noyabr 2024-cü il tarixli 9/4281 və 10/4031 saylı rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, 12 ünvanında yerləşən baxış zamanı təqdim olunmuş 36.3 kv.m olan mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 58.000 (əlli səkkiz min) manat məbləğində pul məbləği Cavabdeh Müseyib qızından alıb ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək, Aşumova Validənin iddiaçıya heç bir zərər vurmadığını, ona zərər dəymişdirsə o, zərərin əvəzini ona qanunsuz ev inşa etməyə icazə verən şəxslərdən tələb edə bilər. Həmçinin bildirmişdir ki, Aşumova Validə 2025-ci ilin noyabr ayında ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmüşdür. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-74/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh – cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılma və onun həmin mənzilə köçürülməsi» tələbinə dair ilkin iddia rədd edilməsi, İddiaçı – Cavabdeh Müseyib qızına qarşı «yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5204/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Müseyib qızı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-74/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməsi və ilkin iddia tələbinin təmin olunması barədə iş üzrə yeni qətnamə qəbul edilməsi, cavabdeh İddiaçı ünvan 5 ünvanında yerləşən 2 otaqlı mənzilindən istifadə hüququnun olmamasının müəyyən edilməsi, cavabdehlər İddiaçı, X6, X7, X4, Nəcəfova Mehriban Həsən qızı, X2 həmin mənzildən çıxarılmaları, iddiaçı Cavabdeh Müseyib qızının həmin mənzilə köçürülməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-3310/2023 saylı qərarından görünür ki, kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5204/2022 saylı iş üzrə 11 oktyabr 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2024-cü il tarixli 10/4031-9/4281 nömrəli ekspert rəyindən görünür ki, ünvan 6 ünvanında yerləşən baxış zamanı təqdim olunmuş, sahəsi 41 m2 olan mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 65600.0 manat məbləğində, 36,3 m2 olan mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri isə təqribən 58000.0 manat məbləğində müəyyən olunmuşdur. - Səbail rayon İcra Şöbəsinin icra məmuru X5 icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cabbarova Apellyasiya Məhkəməsinin 2(103)-5204/2022 saylı, xx.xx.2022 tarixli icra sənədinə xitam verilmişdir. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçının cavabdehdən pul tələbinin əsasını ünvan 2 ünvanında yerləşən 31 kv.m sahədən ibarət olan mənzilin 2000-ci il tarixdə zəlzələ zamanı uçması nəticəsində 2008-2013-cü illərdə öz hesabına təmir bərpa işləri gördüyü mənzilə Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5204/2022 saylı, xx.xx.2022 tarixli icra sənədinə əsasən köçürülməsi təşkil edir. İddiaçı Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində ********* saylı cinayət işi üzrə təyin edilərək keçirilmiş kompleks mühəndis məhkəmə-tikinti texniki və əmtəəşünaslıq ekspertizasının 29 noyabr 2024-cü il tarixli 9/4281 və 10/4031 saylı rəyinə əsasən hesab edir ki, cavabdeh ona Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, 12 ünvanında yerləşən baxış zamanı təqdim olunmuş 36.3 kv.m olan mənzilin hazırki orta bazar qiymətlərinə uyğun 58.000 (əlli səkkiz min) manat məbləğində pul ödəməlidir. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Cavabdeh 1988-ci ildə ailə üzvləri ilə birlikdə Ermənistandan qaçqın düşərək Bakı şəhərində məskunlaşmış, Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 1992-ci il tarixli, 5535 nömrəli sərəncamı ilə o, uşaqları ilə birlikdə ünvan 5 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına alınmışdır. Daha sonra Səbail rayon İcra Hakimiyyəti başçısının 25 mart 1998-ci il tarixli, 410 saylı sərəncamına əsasən verilmiş 14 aprel 1998- ci il tarixli 047907 saylı orderə əsasən qeyd edilən mənzil 4 nəfər ailə üzvü ilə (özü və 3 oğlu) Vailidə Aşimovanın daimi istifadəsinə verilmişdir. 2007ci ilə kimi həmin mənzilin iddiaçının sahibliyində olmasını cavabdeh tərəf də mübahisələndirməmişdir. Daha sonra qətnamələrlə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh mübahisəli mənzildən istifadə hüququ 14 aprel 1998-ci il tarixdə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq əmələ gəlmişdir. 25 mart 1998-ci il tarixdə iddiaçı Cavabdeh Müseyib qızının istifadəsinə verilmiş mənzillə hazırda mübahisə olunan mənzil eyni ünvanda yerləşir. 2000ci ilədə baş verimiş zəlzələdən sonra təmir-bərpa işlərinin aparıldığı nəzərə alındıqda həmin fərqin, mövcud tikililərin sayının və təyinatlarının cizgilərdə göstərilənlərə uyğun gəlməməsinin mümkünlüyü məhkəmə tərəfindən nəzərə alınmamışdır. Mübahisəli mənzili icraiyyə komitəsinin icazəsi ilə tikilməsi iddia edilsə də bu barədə hər hansı bir sübut təqdim edilməmişdir, əksinə hazırki işin materialları, həmçinin qanuni qüvvədə olan digər məhkəmə aktları ilə kassasiya şikayəti verən şəxsin mübahisəli yaşayış sahəsinə sahiblik və istifadəsinin qanunsuz olması təsdiq olunmuşdur. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh İddiaçıya aid olan Fərman Qurbanov küçəsi, ev 12, mənzil 31/32 ünvanında yerləşən mənzili daş mişarla iki hissəyə bölərək Nəcəfova Mehriban Həsən qızına və X3 yaşamaq üçün vermişdir. Məhkəmə aktlarında əksini tapmış üçüncü şəxs Nəcəfova Mehriban Həsən qızı izahatından görünür ki, mənzili 2019-cu ilin oktyabr ayında rəfiqəsinin vasitəsi ilə İddiaçı 30000 (otuz min) manata almış, əlavə xərclərə də 1-2 min manat xərcləmişdir. Üçüncü şəxs X2 izahatından görünür ki, 28 noyabr 2019-cu il tarixdə Fuad adlı şəxsin vasitəsi ilə İddiaçı 32000 (otuz iki min) manata alaraq kirayəyə vermişdir. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə həmçinin müəyyən edilmişdir ki, 25 mart 1998-ci il tarixdə iddiaçı Cavabdeh Müseyib qızının istifadəsinə verilmiş mənzillə hazırda mübahisə olunan mənzil eyni ünvanda yerləşir. 2000-ci ildə baş verimiş zəlzələdən sonra təmir-bərpa işləri aparılmışdır. Beləliklə də, cavabdehə orderlə aid mənzilin 2000-ci ildə zəlzələ nəticəsində zərər görməsi və iddiaçı tərəfndən də onun yerində fərqli ölçülərlə yenidən təmir bərpa işləri aparmaqla evin mövcud vəziyyətə gətirilməsi işin mübahisəsiz halıdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5204/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 2024-cü ilin noyabr ayında həmin ünvanda olan 31/32 saylı mənzilə köçürülməklə orada yaşamağa başlamışdır. Səbail rayon İcra Şöbəsinin icra məmuru X5 icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh Müseyib qızının həmin ünvan 5 ünvanında yerləşən 2 otaqlı mənzilə köçürülməsi ilə bağlı Apellyasiya Məhkəməsinin 2(103)-5204/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilmişdir. Həmin qərardan həmçinin görünür ki, tələbkar Cavabdeh Müseyib qızı xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək icra sənədinin icrasına xitam verilməsini xahiş etmişdir. Başqa sözlə, cavabdeh faktiki olaraq əvvəl ona məxsus olmuş evinə köçürülsə də, o, 1992-ci ildə verilmiş ölçüdə və formada olan sahəsi 31,0 kv.m olan evə deyil, eyni ünvanda olan iddiaçının öz vəsaiti hesabına təmir-bərpa etdiyi fərqli ölçülü, 31/32 saylı evə köçürülmüşdür. Hansı ki, icra tədbirlərinə qədər bu mənzildən Nəcəfova Mehriban Həsən qızı istifadə edirdi. İcra hərəkətləri həyata keçirilməmişdən əvvəl iddiaçı Bakı şəhəri, Səbail rayon Polis İdarəsinə müraciətindən sonra İstintaq Şöbəsində araşdırılmış ********* saylı cinayət işi üzrə təyin edilmiş ekspertiza əsasında müəyyən olunan, cavabdehin köçürüldüyü mənzilin hazırki bazar dəyəri kimi göstərilmiş 58000 manatın hazırda iddiaçı cavabdehdən tutulmasını tələb edir. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn qanuni əsas tapılmalı və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir, uzlaşmırsa rədd edilir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini (və ya onların dəyərini) məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həm sadalanan normalarının tələblərinə əsasən, həm də formalaşmış məhkəmə təcrübəsi baxımından əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, cavabdeh hazırda faktiki olaraq iddiaçının hesabına təmirli və daxilində yaşanıla biləcək mənzil əldə etmiş və əldə etmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsası olmamışdır. Başqa sözlə, cavabdeh Səbail Rayon İcra Hakimiyyətinin 25 mart 1998-ci il tarixli, 410 saylı sərəncamına əsasən verilmiş 14 aprel 1998-ci il tarixli 047907 saylı orderdə göstərilən ünvan üzrə ona məxsus olmuş öz köhnə ölçüdə və formada olan, eləcə də zəlzələdən sonra uçulmuş və dağılmış (iş materiallarında şəkillər mövcuddur) (31,0 kv.m) evinə deyil, iddiaçının hesabına təmir, bərpa işləri aparılmış artıq digər ölçülü və formalı evə köçürülməklə bəhrələnərək əsassız varlanmışdır. Lakin, işin materiallarından görünür ki, iddiaçı cavabdehin zəlzələ nəticəsində dağılmış 31/32 saylı evində təmir bərpa işləri apardıqdan sonra mənzili 2019-cu ilin oktyabr ayında Nəcəfova Mehriban Həsən qızına 30.000 (otuz min) manat müqabilində vermişdir. Məhkəmə iddia tələblərinə qiymət verərək hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5204/2022 saylı, xx.xx.2022 tarixli icra sənədinə əsasən Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsi Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməklə faktiki olaraq iddiaçının hesabına əsassız varlanmasının məbləğini, iddiaçının tələb etdiyi məbləğdə və istinad etdiyi əsasla deyil, bu iş üzrə illər əvvəl mübahisə yaranan vaxt ilk araşdırma zamanı müəyyən edilmiş və bununla əlaqədar qəbul edilmiş qətnamədə əksini tapmış izahatlara əsaslanaraq iddiaçının tələbi mənzili satarkən əldə etdiy məbləğdə, yəni 30.000 manat məbləğində müəyyən edilməlidir. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh 30.000 (otuz min) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun 180 (bir yüz səksən) manat hissəsi tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 30.000 (otuz min) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun 180 (bir yüz səksən) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar