Məhkəmə qərarları › İş №e-2(009)-386/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-386/2025

13.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-386/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi İddiaçı Cavabdehin qanuni təmsilçisi X1 iştirakları ilə İddiaçı X5 cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək öz iddia tələbini onunla əsaslandırmışdır ki, 22 avqust 2023-cü il tarixdə saat 13:30-da Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 49-cu kilometrliyində xx.xx.1963-cü il təvəllüdlü Salyan rayonu Quyçu kəndində qeydiyyatda olan və yaşayan İddiaçı etibarnamə əsasında idarə etdiyi «Range Rover» markalı, **- SJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Qazax rayonu istiqamətində yolun orta hərəkət zolağı ilə hərəkətdə olan zaman qarşıda eyni istiqamətdə, eyni zolaqda hərəkətdə olan xx.xx.1994cü il təvəllüdlü Lənkəran rayonu Yuxarı Nüvədi kəndində qeydiyyatda olan və yaşayan X2 idarə etdiyi «Mercedes Benz C250» markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə düzgün ara məsafəsi saxlamadığından idarə etdiyi avtomobilin qabaq hissəsilə «Mercedes Benz C250» markalı avtomobilin arxa hissəsindən vurmuşdur. Hadisə nəticəsində «Mercedes Benz C250» markalı avtomobilin sərnişini xx.xx.1967-ci il təvəllüdlü Lənkəran rayonu Yuxarı Nüvədi kəndində qeydiyyatda olan və yaşayan X8 təcili yardıma müraciət etmişdir. Toplanmış materialda cinayət tərkibi olmadığından İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmiş, İddiaçı barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün qərarın surəti BDYPİ YPXAna göndərilmişdir. X3 məxsus olan “Range Rover” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış “Mercedes Benz C250” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Mercedes Benz C250” markalı, ** AN *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı mütənasiblik qaydasında 100 (yüz) manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 8395 (səkkiz min dörd yüz doxsan beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 4941.14 (dörd min doqquz yüz qırx bir manat, on dörd qəpik) manat məbləğində olan hissəsi mütənasiblik qaydasında “Range Rover” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə geri ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C250” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər 8495 (səkkiz min dörd yüz doxsan beş) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli sığorta aktından və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, “Mercedes Benz C250” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ASC tərəfindən 100 (yüz) manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 8395 (səkkiz min dörd yüz doxsan beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. "xxxx" ASC-nin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilmiş və hadisələrə və qiymətləndirmə şöbəsinin rəhbəri və mütəxəsisi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli zərərin hesablanması aktından müəyyən olunur ki, yolnəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C250” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər 8495 (səkkiz min dörd yüz doxsan beş) manat məbləğində müəyyən edilmişdir. Həmin akta istər zərərçəkmiş tərəf, istərsədə zərər vurmuş şəxs tanış edilməmiş və imza etdirilməmişdir. Daha sonra tərəflərindən müəyyən edilmişdir ki, belə bir akt mövcuddur. Həmin aktın tərtib edilməsində iştirak etmədiyinə və onunla razılaşmadığına görə ləğv edilməsini tələb edir. Çünki akt real hadisədə əzilən detallara uyğun tərtib edilməmiş və qiymətləndirilməsi həddindən artıq şişirdilmiş formada, artıq maşın detalları göstərilməklə tərtib edilmişdir. Bunun nəticəsində də artıq göstərilən məbləğ ondan subriqasiya qaydasında tələb edilməsinə səbəb olmuşdur. Buna görədə bu aktın ləğv edilməsini istəyir. Aktın əsassız və şişirdilmiş olması təyin ediləcək eksperizadan sonra daha aydın olacaqdır. Hadisədən sonra çəkilmiş fotoşəkillərə əsasən ekspertizanın keçirilməsini istəyir. Bunun vəsatət kimi nəzərə alınmasını məhkəmədən xahiş edir. Bildirir ki, akt tərtib edilən zaman qanunvericiliyin tələblərinə riayət edilməmiş, zəruri tərəflərin iştirakı təmin edilməmiş və birtərəfli qaydada təsdiq edilərək sığorta ödənişinin verilməsi təmin edilmişdir.Göstərilənlərə əsasən məhkəmədən "xxxx" ASC-nin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilmiş və hadisələrə və qiymətləndirmə şöbəsinin rəhbəri və mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli zərərin hesablanması aktı ləğv edilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq ona ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X7 izahatında göstərmişdir ki, mübahisələndirdiyi akta zədələnməyən hissələrdə qeyd oulunub. Ziyan məbləği süni olaraq şişirdilib, ona görə də onun ləğv edilməsini istəyir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin qanuni nümayəndəsi X4 izahatında göstərmişdir ki, "xxxx" ASC hazırki iddiaçıya və Həsrətqulu Cəlilova qarşı subroqasiya qaydasında ödənilən sığorta ödənişinin tutulması tələbi ilə Nərimanov rayon Məhkəməsinə müraciət olunmuş, ekspertiza ziyanla bağlı rəy vermiş, cavabdeh rəylə razı olmadığı üçün əlavə ekspertiza təyin edilmiş, məhkəmə ekspert rəyinə istinad edərək qətnamə qəbul etmiş, qətnamədən cavabdeh şikayət versə də, şikayəti təmin olunmamış, qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Hazırda mübahisə predmeti olan akt və ekspert rəylərinə artıq hüquqi qiymət verilmişdir. Bu səbəbdən tələbi əsassız hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək hesab edir ki, iş üzrə icraata xitam veriməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, H.Cəlilova məxsus və İddiaçı tərəfindən idarə edilən “Range Rover” markalı avtomaşınla xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar həmin hadisədə iştirak edən “Mercedes” markalı avtomaşına dəyən ziyanın bir hissəsi icbari qaydada sığortalanmış "xxxx" ASC tərəfindən ödənilmiş, yerdə qalan və ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələbi ilə bağlı iddia ərizəsi ilə iddiaçı "xxxx" ASC cavabdehlər X6 və İddiaçı qarşı Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-593/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər X6 və İddiaçı müştərək qaydada 3453,86 manat məbləğində sığorta ödənişi, 54,54 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən verilən apelyasiya şikayəti təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin icraatında olan qeyd edilən işlə bağlı məhkəmə tərəfindən yol-nəqliyyat hadisəsi zamanı ziyan dəymiş “Mercedes Benz C250” markalı avtomobilə dəyən ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilmiş, həm "xxxx" ASC tərəfindən təqdim olunan qüsur aktı, həm ekspert rəyləri məhkəmə araşdırmasının predmeti olmuş, qiymətləndirilmiş və yekun məhkəmə aktı qəbul edilmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən akt Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən işə baxılarkən sübut kimi qəbul edilməmiş, məhkəmənin təyin etdiyi ekspertiza nəticəsində verilmiş ekspert rəyi mötəbər sübut kimi qəbul edilərək, rəylə müəyyən edilən ziyan məbləği real ziyan məbləği kimi dəyərləndirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub- olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Göründüyü kimi, məhkəməyə hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Ona görə də, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli, 02/2022 saylı qərardadında göstərmiş olduğu mövqe ondan ibarətdir ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, hazırki etibarsız hesab olunulması istənilən müqavilə ürzə öhdəliyin icra edilməsinə dair mübahisə olmuş, iş üzrə Nəsimi Rayon Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsi həmin mübahisəyə baxmış və iddianı təmin etmişdir. Eləcədə Bakı Apelyasiya Məhkəməsi öz qətnaməsində əqdin etibarlılıq məsələsinə də qiymət vermişdir. Belə ki, Bakı Apelyasiya Məhkəməsi öz qərarının 31-ci bəndində qeyd edir: Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən alqı satqı müqaviləsi bağlanarkən əqdin etibarlılıq şərtləri pozulmamışdur. Məhkəmə kollegiyası bu baxımdan hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin başqa bir əqdi pərdələmək məqsədilə bağlanması və yalan əqd olması ilə bağlı dəlillər öz təsdiqini tapmadığından əsassız sayılmalıdır. Məhkəmə həm Konstitusiya Məhkəməsinin , həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən Qərarlarında formalaşan mövqeyi hazırki münasibətə tətbiq edərək hesab edir ki, hazırda mübahisələndirilən akt digər məhkəmənin baxış predmeti də olduğundan və həmin aktın mötəbərliyinə hüquqi qiymət verildiyindən həmin aktın müstəqil iddia qaldırmaqla təkrar mübahisələndirilməsi yolverilməz hesab edilməlidir. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, aktın ləğv edilməsi ayrıca məhkəmə icraatı qaydasında müstəqil tələb şəklində irəli sürülməsinin prosessual qənaət prinsipinə zidd olduğundan hazırki mülki işin icraatına xitam verilməlidir. AR MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. AR MPM-nin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və AR MPM-nin 261.0.2, 170.1 və 262-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı X5 cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi barədə mülki işin icraatına eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin olması ilə əlaqədar xitam verilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar