Məhkəmə qərarları › İş №e-2(009)-389/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-389/2024

29.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-389/2024 29.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh (İsmayılovanın) iştirakları ilə, İddiaçı cavabdeh Əhmədova (İsmayılova) Aynur Şahvələd qızına qarşı əmlakların götürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq... MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əhmədova (İsmayılova) Aynur Şahvələd qızına qarşı əmlakların götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, oğlu X4 2011-ci il tarixdə Cavabdeh ilə ailə quraraq nikaha daxil olmuşlar. Həmin tarixdən onun istifadəsində olan ünvan 1 ünvanında yerləşən evinə köçmüşlər. Cavabdeh gələrkən özü ilə 1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd matras, 1 ədəd paltar şkafı, 1 ədəd termo güzgü, 2 ədəd tumboçka, 2 ədəd gəvə, 1 ədəd döşək, 4 ədəd yorğan, 1 ədəd odeyal, 5 ədəd yastıq, 1 ədəd çamadan, 5 ədəd pərdə, 1 komplekt stəkan, 3 ədəd böyük qazan, 2 ədəd qulplu balaca qazan, 2 ədəd jarennik, 3 ədəd dərin boşqab, 1 ədəd dayaz boşqab, 4 ədəd kasa, 1 ədəd podnos, 6 ədəd qaşıq gətirmiş və onun evinə yerləşdirmişdir. Bu nikahdan xx.xx.2012-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. 2022-ci ilin sentyabr ayında Cavabdeh evdən getmiş və ünvan 2 ünvanında ayrı yaşamağa başlamışdır. Gedərkən özü ilə paltarlarını, nazik qızıl sepi, gümüş üzüyü və gümüş sırğalarını da aparmışdır. Evdə qalan əmlakını isə yuxarıda qeyd etmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə oğlu X4 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan nəvəsi xx.xx.2012-ci il təvəllüdlü X3 atası X2 yanında saxlanılmışdır. Hazırda Cavabdeh məxsus yuxarıda sadaladığı əşyalar onun evində qaldığından evindən istifadə hüququnu məhdudlaşdırır. Ona görə də qeyd edilən əşyalar Cavabdeh tərəfindən onun evindən götürülməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı istifadəsində olan ünvan 3 ünvanında yerləşən evində qalan 1 ədəd ikinəfərlik çarpayı, 1 ədəd matras, 1 ədəd paltar şkafı, 1 ədəd termo güzgü, 2 ədəd tumboçka, 2 ədəd gəvə, 1 ədəd döşək, 4 ədəd yorğan, 1 ədəd odeyal, 5 ədəd yastıq, 1 ədəd çamadan, 5 ədəd pərdə, 1 komplekt stəkan, 3 ədəd böyük qazan, 2 ədəd qulplu balaca qazan, 2 ədəd jarennik, 3 ədəd dərin boşqab, 1 ədəd dayaz boşqab, 4 ədəd kasa, 1 ədəd podnos, 6 ədəd qaşığın götürülməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Əhmədova (İsmayılova) Aynur Şahvələd qızı izahatında göstərmişdir ki, o, 16 yaşından ailə qurmuşdur və 11 ildir ki, həmin mənzildən yaşamışdır, indi onu çölə atmışlar. Onun əşyalarını verməmişlər. İddia ərizəsində sadalanan əmlaklar ona məxsusdur. Lakin onun qızılları və iddia ərizəsində sadalanmayan daha çox əmlakı mənzildə qaldığından və ona məxsus bütün əmlaklar ona qaytarılmadığından, iddia ərizəsində sadalanan və ona məxsus əmlakları da götürməkdən imtina edir. Əgər bütün əmlaklar ona qaytarılarsa, onların hamısını götürə bilər. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-122/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X4 arasında Səbail rayon Qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə bağlanmış və 777121 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X1 cavabdeh (atası) X2 yanında saxlanılması qət edilmişdir. İş üzrə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 45 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı 1984-cü ildən Bakı şəhəri, Şahlar Allahverdiyev küçəsində yerləşən 55 saylı evdə qeydiyyatdadır və hal-hazıda yaşayır. İş üzrə Bakı 14 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə MŞB/14/2023-01207 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Cavabdeh məxsus əşyaların evdən götürülməsi tələbinə dair mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə, saat 15.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının oğlu X4 ilə Cavabdeh (İsmayılova) xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və onların birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü Mədinə adlı uşağı anadan olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh cehiz əşyaları ilə birlikdə iddiaçının istifadəsində olan evə gəlin köçmüş və həmin ünvanda yaşamışdır. Sonradan iddiaçının oğlu ilə cavabdeh arasında münasibətlər pozulmuş, 2022-ci ilin sentyabr ayında cavabdeh gəlin yaşadığı və cehiz əşyalarını yerləşdirdiyi mənzildən çıxıb getmiş və başqa ünvanda ayrı yaşamağa başlamışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə X4 arasında olan nikah pozulmuş və yetkinlik yaşına çatmayan uşağın atanın yanında qalması müəyyən edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh evdən gedərkən özü ilə paltarlarını, nazik qızıl sepi, gümüş üzüyü və gümüş sırğaları aparmış, evdə isə iddia ərizəsində sadalanmış əşyalar qalmışdır. Cavabdehə məxsus əşyaların iddiaçının evində qaldığından, iddiaçının evindən istifadə hüququnu məhdudlaşdırır. Bu səbəbdən iddiaçı iddia ərizəsində göstərilən əşyaların götürülməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər (maddə 135.4). Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. (maddə 135.5) Məhkəmə iddiaçı tərəfindən verilmiş tələbin əsaslı olub-olmamasına hüquqi qiymət verməmişdən əvvəl iddiaçının hazırki tələblə çıxış etmək üçün subyektiv hüquqa malik olub-olmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 136.2-ci maddəsinə əsasən mülki dövriyyədə olmasına yol verilməyən əşyalar (mülki dövriyyədən çıxarılmış əşyalar) qanunvericilikdə birbaşa göstərilməlidir. Məhkəmə qeyd edir ki, yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən stukturca ayrıca sahəsi mənzil hesab edilir (Mənzil Məcəlləsinin 13.3-cü maddəsi). AR MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı ev öz hüquqi statusuna görə özbaşına tikili olsa da, həmin tikili iddiaçıya məxsus olduğundan, cavabdeh yaşadığı müddət ərzində həmin evə gətirdiyi cehiz əşyalarını iddiaçının oğlu ilə ailə münasibətləri rəsmi qaydada pozulduqdan və həmin evdən çıxıb getdikdən sonra mübahisəli evdən götürməməklə iddiaçının hüquqlarına xələl gətirdiyi üçün iddiaçı hesab etdiyi pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı hesab edilməlidir. Yəni məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə çıxış etməyə subyektiv hüququ mövcuddur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır(maddə 4.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.4). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəssiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər-birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olunmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də ər-ərvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər-birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh gəlin köçdüyü evdən gedərkən iddia ərizəsində sadalanan özünə məxsus cehiz əşyalarını özü ilə aparmamış və halhazırda həmin əmlaklar iddiaçının yaşadığı evdədir. Məhkəmə qeyd edir ki, cavabdeh iddia ərizəsində sadalanan cehiz əşyalarını hazırki vaxtadək iddiaçıya məxsus evdən götürməməsi iddiaçının həmin ev üzərində olan hüquqlarının pozulması kimi qiymətləndirildiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı istifadəsində olan ünvan 3 ünvanında yerləşən evində qalan və Əhmədova (İsmayılova) Aynur Şahvələd qızına məxsus olan 1 ədəd ikinəfərlik çarpayı, 1 ədəd matras, 1 ədəd paltar şkafı, 1 ədəd termo güzgü, 2 ədəd tumboçka, 2 ədəd gəvə, 1 ədəd döşək, 4 ədəd yorğan, 1 ədəd odeyal, 5 ədəd yastıq, 1 ədəd çamadan, 5 ədəd pərdə, 1 komplekt stəkan, 3 ədəd böyük qazan, 2 ədəd qulplu balaca qazan, 2 ədəd jarennik, 3 ədəd dərin boşqab, 1 ədəd dayaz boşqab, 4 ədəd kasa, 1 ədəd podnos, 6 ədəd qaşığın götürülməsi öhdəliyi Əhmədova (İsmayılova) Aynur Şahvələd qızının üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar