Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-405/2024 21.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı - Cavabdeh MMC-yə qarşı «əməyin ödənilməsi» tələbinə dair mülki işə 21 fevral 2024-cü il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh MMC-yə qarşı «əməyin ödənilməsi» barədə iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ixtisar əmri verilənədək cavabdeh tərəfindən əmək haqqı gecikdirilmiş bütün aylar üçün olmaqla hər gün üçün ödəncin (987 manat), son haqq-hesabın ödənməsi gecikdirilmiş gər gün üçün ödəncin (350 manat) hesablanıb cavabdehdən tutulması və “Hərbi vəzifə və hərbi xidmət” haqqında Qanunun tələbinə əsasən ona verilməli olan lakin son haqq-hesabda verilməyən 9607,74 manat məbləğində müavinətin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə belə əsaslandırılmışdır ki, iddiaçı 15 may 2023-cü il tarixdə 8 ilə yaxın əmək münasibətlərində olduğu Cavabdeh MMC-də ixtisara düşdüyü üçün əmək müqaviləsinə xitam verilmişdir. Həmin müəssisədə işlədiyi dövrlərdə müxtəlif zamanlarda əmək haqqı ödəmələrində gecikmələr olub. Əmək müqaviləsində əmək haqqının hər növbəti ayın 5 iş günü ərzində ödənməsi işəgötürənin öhdəliyinə daxil idi. İşlədiyi müddət ərzində müxtəlif vaxtlarda əmək haqlarının ödənməsi gecikdirilmişdir. Eyni zamanda əmək müqaviləsinə xitam verilən gün ödənməsi tələb olunan son haqq-hesabın ödənməsi də gecikdirilmişdir. xx.xx.2020-ci il tarixdə 44 günlük Vətən müharibəsində iştirak etmək üçün həqiqi hərbi xidmətə çağırılmışdır. Lakin dəfələrlə cavabdeh MMC-nin hüquq şöbəsinə müraciət etsə də, cavabdeh tərəfindən ona verilməli olan müavinət verilməmişdir. İş yerinin ixtisara salınmasından sonra da son haqq-hesabın verilməsi zamanı bu hal nəzərə alınmamışdır. Həmin dövrdə orta aylıq əmək haqqısı 3202,58 manat olmuşdur. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində qeyd edir ki, “15 may 2023-cil il tarixində 8 ilə yaxın əmək münasibətlərində olduğum SOCAR-AQŞ MMC-də ixtisara düşdüyüm üçün əmək müqaviləmə xitam verilib. Həmin müəssisədə işlədiyim dövrdə müxtəlif zamanlarda əmək haqqı ödəmələrində gecikmələr olub. SOCAR-AQŞ MMC ilə bağladığım əmək müqaviləsində əmək haqqının hər növbəti ayın 5 iş günü ərzində ödənməsi işəgötürənin öhdəliyinə daxil idi. (0290 nömrəli əmək müqaviləsinin 4.4 bəndi). Bununla bağlı bildirilir ki, iddiaçının bu qeydi tamamilə əsassızdır və əmək haqqında gecikmələr əsasən son bir neçə ayda yaranmışdır. Belə ki, Azneft İB-in müəssisələrinə hazırda təsdiq olunmuş hesab-fakturalar üzrə 14.968.377,90 manat, Azneft İB tərəfindən təsdiqi gözlənilən hesab-fakturalar üzrə isə 31.273.205,13 manat olmaqla cəmi 46.241.583,03 manat borcu yaranmışdır. Göründüyü kimi, SOCAR-AQŞ MMC-yə vaxtında müvafiq ödənişlərin Azneft İ В tərəfindən həyata keçiriiməməsi səbəbindən SOCAR-AQŞ MMC öz iradəsindən asılı olmayan səbəblərə görə əmək haqqım vaxtında verə bilməmişdir. İddiaçı daha sonra “İddia ərizəsinə Əlavə” verərək iddia tələbinin həcmini artırmış və "Hərfi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 50.1-ci yarımbəndinin tələbinə əsasən mənə verilməli olan lakin son haqq-hesabda verilməyən, 9607 manat 74 qəpik məbləğində müavinətin ödənilinəsi üçün qətnamə qəbul edilməsini" məhkəmədən xahiş etmişdir. 274- 1VQ nömrəli 23 dekabr 2011-ci il tarixli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1-ci yarımbəndinin tələbinə əsasən, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlara mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq iş (təhsil) yerində orta əmək haqqının ən azı 3 misli məbləğində müavinət ödənilir. Təəssüflər olsun ki, iddiaçı “ehtiyatda olan baş leytenant” olduğu halda “Qanun”un qeyd olunan müddəasım səhv şərh etmiş və qeyd olunan müavinətin ona da şamil olması qənaətinə gəlmişdir. Çünki məsələyə iddiaçının təbirincə yanaşsaq belə çıxır ki, o, hərbi vəzifəli deyil, həqiqi hərbi xidmətdə olmuş şəxs olmuşdur. Qeyd olunan “Qanun”da isə “hərbi qulluqçular” və “hərbi vəzifəlilər” ifadələrinin anlayışları verilmişdir: Belə ki, həmin “Qanun”un 2.0.9-cu bəndinə əsasən, hərbi qulluqçular həqiqi hərbi xidmətdə olan şəxslərdir. Həmin “Qanun”un 2.0.10-cu bəndinə əsasən isə hərbi vəzifəlilər - ehtivata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşlarıdır. Başqa sözlə desək, iddiaçı həqiqi hərbi xidmətdə olan vətəndaş deyil, məhz hərbi vəzifəli vətəndaş sayılır. İddiaçının özü tərəfindən məhkəməyə təqdim olunan sənədlə isə onun “ehtiyatda olan baş leytenant”, yəni hərbi vəzifəli şəxs olması açıq-aşkar müəyyən olunur. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı məhz Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən hərbi vəzifəli qismində hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli “Sərəncamı’na diqqət yetirdikdə öncə göstərilənlərin bir daha şahidi oluruq. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilsin.
2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələblərini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, cavabdehdən məhkəməyə müraciət etməzdən öncəki son 1 il üçün ona ödənilməli olan, lakin ödənilməyən əmək haqqını mübahisələndirir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını və iddia ərizəsinin və iddiaya etiraz ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan tərəflər arasında bağlanmış 0290 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də mexanik vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqısı 2823 manat təşkil edir. Əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin surətindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 15 may 2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Belə ki, tərəflərin izahatları və iş materiallarında olan sübutlardan müəyyən olunur ki, iddiaçı cavabdeh şirkətdə mexanik vəzifəsində işləmişdir və xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ilə işdən azad olunmuşdur. Məhkəmə qeyd edir ki, göstərilən faktları tərəflər mübahisələndirmirlər. İddiaçının mübahisələndirdiyi hallar isə ona gecikdirilmiş əmək haqları və son haqqhesab üçün ödəncin və hərbi qulluqçu kimi ona ödənilməli olan, lakin ödənilməmiş müavinət ilə bağlıdır. Məhkəmə ilk öncə iddia tələbinin “cavabdeh tərəfindən əmək haqqı gecikdirilmiş bütün aylar üçün olmaqla hər gün üçün ödəncin (987 manat), son haqq-hesabın ödənməsi gecikdirilmiş gər gün üçün ödəncin (350 manat) hesablanıb cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsassızdır. Belə ki, AR Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-ci bəndinin tələblərinə görə əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 154-cü maddəsinin 1-ci bəndinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, lıabelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 172ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Məkhəmə işin hallarını yuxarıda qeyd olunan hüquqi normalara istinadən yoxlayaraq hesab edir ki, işəgötürən tərəfindən işçiyə əmək haqqı ilə bağlı ödənişlərin edilməsində gecikmələr baş versə də, bu hal işəgötürənin təqsiri ucbatından baş verməmişdir. Belə ki, işçinin ona ödənilməli olan əmək haqqının gecikdirilməsi ilə bağlı işəgötürəndən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc tələb etməsi hüququ qanunvericiliklə təsbit olunmuşdur. Lakin həm əmək qanunvericiliyində, həmçinin də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında işəgötürənin hansı hallarda həmin ödənci ödəmək məsuliyyəti daşıdığı izah edilmişdir. Belə ki, işəgötürən əmək haqlarının ödənməsində gecikmələrə yol verərsə yalnız o halda işçiyə ödənc ödəmək vəzifəsi daşıyır ki, həmin gecikmələrin baş verməsində işəgötürənin təqsiri olsun. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin hesabdan çıxarışından görünür ki, “Azneft” İB tərəfindən "xxxx" MMC-nin hesabına köçürülməli olan köçürmələr müvafiq olaraq xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, və xx.xx.2023-cü il tarixlərdə köçürülmüşdür. İddiaçının qeyd olunan tarixlərdə əmək haqqını gec alması işin mübahisəsiz halıdır və cavabdeh tərəfindən də etiraf olunur. Lakin qeyd olunan hesabdan çıxarışından görünür ki, həmin tarixlərdə cavabdeh ona ödənilməli olan ödənişləri aldıqdan dərhal sonra elə həmin tarixlərdə iddiaçıya ödəməli olan əmək haqqını iddiaçının hesabına köçürmüşdür. Burdan da görünür ki, cavabdeh işçinin əmək haqqısını həmin əmək haqqını ödəmək üçün onun hesabına köçürülməli olan pulu həmin aylar üzrə gec almağı səbəbindən bir neçə gün ötürməklə ödəmişdir. Burdan belə nəticəyə gəlmək olar ki, cavabdeh MMC “Azneft” İB tərəfindən ona ödənməli olan ödənişlərin vaxtında ödənilməməsi səbəbindən iddiaçının əmək haqqısının ödənilməsində özündən asılı olmayan səbəbdən gecikmələrə yol vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, işçiyə ödənilməli olan əmək haqqının cavabdeh tərəfindən gecikmələrlə ödənməsi işəgötürənin təqsiri ucbatından olmadığından Cavabdeh MMC əmək qanunvericiliyinin 172-ci maddəsinin pozuntusunun iştirakçısı sayıla bilməz. Məhkəmə iddia tələbinin “Hərbi vəzifə və hərbi xidmət” haqqında Qanunun tələbinə əsasən ona verilməli olan lakin son haqq-hesabda verilməyən 9607,74 manat məbləğində müavinətin cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. “Hərbi vəzifə və hərbi xidmət” haqqında Qanunun: 2.0.9-cu maddəsinə əsasən hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar 2.0.10-cu maddəsinə əsasən hərbi vəzifəlilər – ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları; 50.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlara mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq iş (təhsil) yerində orta əmək haqqının ən azı üç misli məbləğində müavinət ödənilir. “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin. İş materiallarında olan İddiaçı hərbi qeydiyyatı və xidməti barəsində məlumatdan görünür ki, İddiaçı ehtiyatda olan baş leytenant kimi xx.xx.2020-ci il tarixdən xx.xx.2021ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Məhkəmə iddiaçının istinad etdiyi əsası yuxarıda göstərilən hüquq normalarına istinadən yoxlayaraq qeyd edir ki, “Hərbi vəzifə və hərbi xidmət” haqqında Qanuna əsasən hərbi qulluqçu həqiqi hərbi xidmətdə olan şəxs, hərbi vəzifəli isə ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamından görünür ki, ölkə ərazisində qismən səfərbərlik elan edilməklə hərbi vəzifəlilər səfərbərlik üzrə hərbi xidmətə çağırılmışdır. İş materialları ilə də təsdiq olunur ki, iddiaçı ehtiyatda olan baş leytenant kimi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiq hərbi xidmətdə olmuşdur. “Hərbi vəzifə və hərbi xidmət” haqqında Qanunun normalarına əsasən iddiaçı hərbi qulluqçu deyil, hərbi vəzifəli şəxsdir. Belə ki, iddiaçı ehtiyatda olan baş leytenant olmaqla hərbi vəzifəli şəxs statusu daşıyır və o, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə hərbi qulluqçu kimi deyil, hərbi vəzifəli şəxs kimi səfərbərliyə cəlb olunmuşdur. “Hərbi vəzifə və hərbi xidmət” haqqında Qanunun 50.1-ci maddəsinə əsasən isə yalnız həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlara mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq iş (təhsil) yerində orta əmək haqqının ən azı üç misli məbləğində müavinət ödənilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hərbi vəzifəli şəxs statusu daşımaqla Qanunun göstərilən normasının təsir dairəsinə düşmür. Məhkəmə eyni zamanda cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edir ki, ərizə əsassızdır. Belə ki, ərizədə qeyd edilir ki, iddiaçı xx.xx.2015-ci ildən xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək haqqı ödənclərini tələb edir, lakin o, bilməlidir ki, bununla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı izahatında da göstərdiyi kimi yalnız məhkəməyə müraciət etməzdən 1 il öncənin əmək haqqı gecikmələrinə görə ödənclərin ona ödənilməsini tələb edir. Burdan da görünür ki, iddiaçı cavabdehin qeyd etdiyi müddət ərzində olan əmək haqqı ödənişlərini deyil, məhz son 1 ilin ödənişlərini mübahisələndirir. Belə olan halda iddiaçı qanunla müəyyən edilmiş 1 illik iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Qeyd edilən maddənin 2-ci bəndinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə
QƏT ETDİ:
İddiaçı - Cavabdeh MMC-yə qarşı «əməyin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlkin Rüstəmli