Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-513/2023 11.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi Əzizli Əziz Seyfulla oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 MMC-nin nümayəndələri X15 və X2 iştirakları ilə İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-dən 500.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, o yetimdir. Kiçik yaşlarından atası onu və anasını ataraq başqa şəxslə ailə həyatı qurmuşdur. O evin tək uşağıdır. X1 "xxxx" MMC-də işləyirdi və hər gün səhər 06:30 radələrində evdən çıxıb işə gedirdi. xx.xx.2019-cu il tarixdə, səhər saat 06:30 radələrində anası həmişəki kimi işə gedirdi. Dayısı Şahin anasını avtomobili ilə “Koroğlu” metrostansiyasına aparmışdır. Təxminən saat 08 radələrində dayısına anasının nömrəsindən zəng gəlmiş və dayısı həmin şəxslə danışanda anasını avtobus vurması nəticəsində hadisə zamanı xəsarət aldığını, hal-hazırda 1 saylı X3 bildirmişdir. O xəbəri eşitdikdən sonra dayısı ilə xəstəxanaya gəldikdə artıq anasının öldüyünü demişdilər. Həmin an keçirdiyi sarsıntı və anasız böyüməyin mənasız olması düşüncəsi ilə hələ də yaşayır. Hazırda o xalasının yoldaşı X6 himayəsindədir. Bu barədə olan iş üzrə məhkəmə istintaqı yekunlaşmış və qəbul edilmiş məhkəmə hökmündə göstərilmişdir ki, X11 08 fevral 2019-cu il tarixdə, saat 07:40 radələrində 3 saylı marşrut xətti üzrə yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyət olan, Cavabdeh1 MMC-yə məxsus “İveco Crealis” markalı, **-JH-*** dövlət nişanlı avtobusla Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsindən sağa H.Ələsgərov küçəsinə dönüb 10 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələbinə riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa imkanı olduğu təqdirdə, bu tələblərə riayət etməmiş, avtobusun qabaq sağ hissəsi ilə ehtiyatsızlıqdan həmin vaxt yolun hərəkət hissəsini keçməkdə olan piyada X4 vuraraq ona sol qalça-qasıq, cinsiyyət yarığı və sağ bud nahiyyələrinin iri ölçülü əzilmiş-cırılmış yarası, aralıq nahiyəsinin düz bağırsağa keçən iriölçülü əzilmiş-cırılmış yarası, İV dərəcəli travmatik vəhemorragik şokla nəticələnən sağ bud arteriası və venasının zədələnməsi və çanaq, sağ bud, sol baldır sümüklərinin sınıqları, sol aşağı ətrafın baldırın ön-iç səthindən başlayan və pəncənin üst-iç səthindəki davam edən iri ölçülü qaçırı, sağ bud və qarın nahiyəsinin sıyrıqları kimi həyati, ölümlə birbaşa səbəbli əlaqəli olan və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır xəsarətlər yetirməklə onun ölümünə səbəb olan hadisə törətmişdir. Bu işlə bağlı Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(006)-234/2019 saylı hökmünə əsasən X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, ona 01 il, 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tiplicəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli onun həmin müəssisədə qeydə alındığı andan hesablanmsı hökm edilmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(006)-234/2019 saylı hökmü qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir. Təqsirləndirilən şəxs X9 təqsiri-yəni cinayət əməlini törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirildiyinə görə onun barəsində hökm çıxarılaraq o, məhkum edilmişdir. Hökmdəndə görünür ki, məhkum olunmuş X11 hadisəni törədərkən Cavabdeh1 MMC-də sürücü işləmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadtnaməsindən görünür ki, “İveco Crealis” markalı, 99 JH058 dövlət nömrə nişanlı avtobus Cavabdeh1 MMC-nin mülkiyyətində olmuşdur. Cavabdeh orqanın əməkdaşının qanunsuz və hüquqa zidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona bir övlad kimi mənəvi zərər dəymiş,anasının faciəvi vəfatı onu çox üzmüşdür. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi X15 tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, iddiaçının tələbini qəbul etmirlər. Belə ki, Cavabdeh1 MMC-nin sabiq avtobus sürücüsü X11 xx.xx.2015-ci ildə Cavabdeh1 MMC-yə avtobus sürücüsü vəzifəsinə əmək müqaviləsi bağlanmaqla qəbul olunmuş və xx.xx.2019-cu il tarixdə işdən azad olunaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hadisə baş verən zaman həmin şəxs həqiqətən Cəmiyyətdə əmək münasibətində olmuş və hadisənin nəticəsi olaraq barəsində cinayət təqibi aparılmış və Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə məlum nəticə ilə mühakimə olunmuşdur. Hökmün 2-ci səhifəsində qeyd olunur ki, məhkəmə istintaqı zamanı mərhumənin hüquqi varisi qismində X12 çıxış etmiş və tələbi olmamışdır. Hökmün 3-cü səhifəsində bu hal CM-nin 59-cu maddəsinə əsasən təqsirkara yüngülləşdiici hal kimi təqbq edilmişdir. Həmçinin, iddiaçı iddia ərizəsində AR MM-nin 1108 maddəsinə istinad etmişdir. Maddənin özünün dispozisiyasında zərərin qarşılanmasında təqsirkar şəxslə birlikdə yüksək təhlükə mənbəyin sahibi paralel məsuliyyət daşıyır. Lakin, bundan öncə hökmdə qeyd edilən ifadəyə istinad edərərk bildirir ki, hüquqi varis təqsirkar şəxslə tərəfin vurduğu ziyanı tam şəkildə qarşıladığı və ona qarşı heç bir tələbin olmadığını qeyd edir. Bu halda hadisəni törətmiş şəxsə görə hüquqi şəxs, üzərindən 4 il keçdikdən sonra niyə məsuliyyət daşımalıdır?. Burada cavabdehin düzgün seçilməməsi anlamına gəlib çıxır. Odur ki, göstərilənləri nəzərə alaraq və AR MPM-nin 154-cü maddəsinə əsaslanaraq İddiaçı Ramin oğlunun Cavabdeh1 MMC-yə qarşı “mənəvi ziyanın ödənilməsinə” dair iddiası əsassız və qanunsuz olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı yetim olub, atasını görməyib, bircə anasını görüb. Anası da "xxxx" MMCdə işləməklə həm özünü, həm də oğlunu dolandırırmış. 08 fevral 2019-cu ildə anası həmişəki kimi evdən çıxıb işə gedərkən Koroğlu metro stansiyasının yaxınlığında "xxxx" MMC-yə məxsus avtobusu idarə edən şəxs tərəfindən vurulmuş, elə hadisə yerindəcə keçinmişdir. Həmin vaxtı Rəfailin 14 yaşı olmuşdur. Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli hökmü ilə Məmmədov Elxan azadlıqdan məhrum etmə çəzasına məhkum edilmişdir, hal-hazırda da həmin hökm qüvvədədir, icraya yönəlmişdir. Şamaxı RİHB-nın 16 noyabr 2020-ci ildə xalasının əri ona himayəçi təyin edilmişdir, onlarda yaşayır. Onun çəkdiyi mənəvi iztirabların, çəkdiyi hisslərin həddini müəyyən etmək qeyri-mümkündür. Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli mənəvi ziyanın ödənilməsi ilə bağlı qərarında həmin hisslər açıqlanmayıb. Kompensasiyanın ədalətli şəkildə ödənilməsi məhkəmənin üzərinə düşən məsələdir. Avropa Məhkəməsi məhkəmələrin üzərinə öhdəlik qoyur ki, həmin kompensasiya məbləğini müəyyən etməlidirlər. Hökmdən görünür ki, şəxsin idarə etdiyi avtobus "xxxx" MMC-yə məxsus olmuşdur. Bizdə mənəvi ziyanla bağlı institut yeni-yeni formalaşmaqdadır. Burda hakim sırf iddiaçının qəlbinin səsini, hisslərini duymalıdır. Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin qərarlarında qeyd edilir ki, bu zaman cavabdehin maddi durumu nəzərə alınmalıdır. Ananın itirilməsinə görə dəymiş mənəvi ziyanın məbləği sonsuzdur, çünki övladın hər zaman ana qayğısına ehtiyacı vardır, onu heç bir məbləğ əvəz edə bilməz. "xxxx" MMC Azərbaycan Respublikasının məşhur sərnişindaşıma şirkətlərindən birincisidir, onun kifayət qədər nizamnamə kapitalı vardır. Hesab edirlər ki, tələb etdikləri məbləği cavabdeh ödəmək iqtidarındadır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi X7 izahatında bildirdi ki, bu hadisə ehtiyatsızlıqdan olmuşdur. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrində zərərçəkmişə 5000 manat sığorta ödənişi edilməlidir, ona görə də onlar tərəfindən zərərçəkmişə 5000 manat sığorta ödənişi edilmişdir. Bu ödənişdən sonra qarşı tərəflə razılıq, barışıq əldə edilmişdir. Üstəlik, belə işlərdə sürücü birbaşa təqsirli olduğundan cavabdeh X11 qoyulmalı idi. "xxxx" MMC–nin bu hadisədə heç bir günahı yoxdur. Hadisənin üstündən 4 il keçmişdir, 4 ildən sonra iddianı qaldırıblar, iddiada göstərilən məbləği də əsaslandıra bilmirlər. Zərər məbləği ağlabatan və ədalətli olmalıdır. "xxxx" MMC dövlət müəssisəsidir, onun hesabında hal-hazırda bloklanmalar vardır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi X15 izahatında bildirdi ki, həmin nəqliyyat hadisəsini fiziki şəxs törətmişdir, buna görə də cinayət məsuliyyətinə cəlb edilmişdir, cəzasını çəkir. Cavabdeh kimi "xxxx" MMC-nin qoyulması absurddur. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019cü il tarixli, 1(006)-234/2019 saylı hökmün surətindən görünür ki, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Şamaxı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli,130 nömrəli sərəncamından görünür ki, X10 xx xxxxxx 2005-ci il təvəllüdlü İddiaçı himayəçi təyin edilmişdir. İş materiallarında olan AZ-İ 999107№-li ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2019-cu ildə vəfat etmişdir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3 maddələri. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərər çəkənin onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyində mənəvi zərərin ödənilməsi barədə birbaşa göstəriş olmasa da «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın 41-ci maddəsində göstərilmişdir ki, mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan mübahisələr, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlikləri müəyyən edən İX bölməsinin qaydalarına əsasən nizamlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsində göstərilir ki, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında qanunvericiliyin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər - insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 2-ci bəndinə əsasən zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Adı çəkilən qərarın 2-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının anasının baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi işin sübuta yetirilmiş halıdır. Bununla bağlı Cavabdeh1 MMC-nin işçisi X11 məhkəmə hökmü ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Deməli, hazırkı işdə zərərçəkənin anasının ölümünün cavabdeh təşkilatın işçisinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. Anasının hadisə nəticəsində vəfat etməsinin iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. Yuxarıda qeyd olunan qərarda deyilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Ümumiətlə, qanunvericilikdə mənəvi zərərin məbləğinin müəyən edilməsi üçün konkret kriteriyalar müəyyən edilməmişdir. İnkişaf etmiş ölkələrdə həmin məsələ müzakirə predmeti olan ən aktual mövzulardandır. Qeyd olunan problemə müxtəlif ölkələrin hüquqşünasları müxtəlif yanaşma sərgiləyirlər. Məsələn, Fransada və İtaliyada mənəvi zərərin məbləğinin müəyyən edilməsi üçün konkret olaraq zərərə dair qrafik müəyyənləşdirilir. Müəyyən kateqoriya zərərlər üçün kompensasiya məbləğləri müəyyən edilir. Almaniyada ümumiyyətlə mənəvi zərər anlayışı mövcud deyil. Onlar tələb olunan məbləği “ağrıya görə pul” adlandırırlar. Alman məhkəmələri belə hesablamaları analoji işlər üzrə məhkəmə parktikasının toplusunun dərc olunması yolu ilə müəyyən edir və həmin işlər üzrə statistik rəqəmləri nəzərə alırlar. İngiltərədə hadisə nəticəsində baş vermiş zərərin kataloqu tərtib olunur və hər bir zərərə görə mənəvi zərərin məbləği müəyyən edilir. Qonşu Rusiyanın məhkəmə təcrübəsində mənəvi zərərin məbləğinin məyyən edilməsi ilə bağlı konkret mövqe yoxdur və bu məsələ ilə əlaqədar mütəmadi müzakirələr aparılır. Amma, həmin ölkənin Mülki Məcəlləsində xüsusi olaraq 151-ci maddə yer alır. Həmin normada da mənəvi ziyanın məbləğinin müəyyən edilməsinin ümumi prnisipləri nəzərdə tutulur. Normada deyilir ki, məhkəmələr mənəvi zərərin məbləğini şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən edirlər. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Məsələn, bir şəxsin avtomobil qəzasında vəfat etməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. İztirab və sarsıntının ağırlıq dərəcəsinə təsir göstərən faktorlardan biri də ölən və ya cismani zərərə məruz qalanın yaxınlarının mənəvi təzminat tələb etmələri halında onların zərərçəkmiş şəxslə qohumluq dərəcəsi və şəxsi münasibətlərinin xarakteridir. Yaxınlara ödəniləcək mənəvi təzminatın miqdarında qohumluq dərəcəsindən asılı olmayaraq mövcud olan şəxsi münasibətlərin xarakteri də əhəmiyyət kəsb edir. Sağlığında şəxslər arasında münasibətlərin qənaətbəxş olmaması halında mənəvi təzminat tələbi rədd edilə bilər. Məsələn, ölən şəxslə çox yaxşı münasibəti olan və daimi şəkildə onun yanında qalan əmisi oğluna ödəniləcək mənəvi təzminatın miqdarı, münasibətləri pis olan və uzun zaman ərzində atasını görməyən, onunla maraqlanmayan oğula ödəniləcək təzminat miqdarından çox ola bilər. Mənəvi təzminatın məbləğinə təsir edən ünsürlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Bu hal həm məhkəmə təcrübəsi, həm də hüquq ədəbiyyatları tərəfindən birmənalı olaraq qəbul edilir. Çünki hər kəsin qane olma səviyyəsi eyni deyildir. Maddi vəziyyəti aşağı olan şəxsə çox gələn bir məbləğ, maddi vəziyyəti yüksək olan başqasına az gələ bilər və bu da qaneedici olmaz. Eyni zamanda təqsirli tərəfin maddi vəziyyəti mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan hesab olunur. Təsadüfi deyil ki, Avropa Məhkəməsinin təcrübəsində mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır (Məhkəmənin cavabdeh dövlətdə qurbanları iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq ayırd etdiyi mübahisə olunur (Basarba OOD Bolqariyaya qarşı 20 yanvar 2011-ci il tarixli qərar). Məsələn, məhkəmə “əsas mükafatın” əlaqədar ölkədəki yaşayış səviyyəsinə görə azaldıla biləcəyinə qərar verib (Apicella İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli qərar. “Ərizəçinin daha zəngin və ya kasıb bir ölkədə yaşamasından asılı olmayaraq eyni pozuntu üçün oxşar məbləğlər verməyi mənasızdır. Çünki pulun dəyəri fərqli və həqiqətən yerli iqtisadi inkişafdan və alıcılıq qabiliyyətindən asılıdır”). Təqsirkarın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Çünki ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərənin məbləğindən fərqləndirilməlidir. Ona görə ki, ehtiyatsızlıqla cinayət törədən şəxs həmin əməlin ictimaitəhlükəli nəticələrini ya görmür, və yaxud arzu etmir, amma qəsdən cinayət törədən şəxslər əksinə, ictimaitəhlükəli nəticəni görür, arzu edir (daha təhlükəli əməl). Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Beləki, iddiaçı mənəvi ziyana görə beş yüz min manat pul tələb edir, lakin həmin məbləği şərtləndirən halları əsaslandırmamışdır. Məhkəmə hesab edir ki, zərərçəkənin ölümünə səbəb olmuş hadisə ehtiyatsızlıqla törədilmiş cinayət olduğundan zərərin məbləği 10.000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat+10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3% dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.3-cü maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - 9.1.3. əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunur. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia qismən təmin edildiyindən 120 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən 10000 (on min) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 MMC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 120 (bir yüz iyirmi) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-513/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-513/2023
11.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver