Məhkəmə qərarları › İş №e-2(009)-515/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-515/2024

01.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-515/2024 01.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdeh İlqar oğlunun iştirakı ilə, İddiaçı Vəkıl qızının Cavabdeh İlqar oğluna qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı Vəkıl qızının Cavabdeh İlqar oğluna qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 üçün yetkinlik yaşına çatana qədər hər ay üçün 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, Cavabdeh ilə xx.xx.2019-cu il tarixində nikaha daxil olmuşdur. Onların birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Artıq bir aydır ki, onlar birgə ailə təsərrüfatı aparmırlar. Belə ki, o və oğlu Həsən onun valideynlərinin himayəsində yaşayır. Turxan isə onlara heç bir maddi yardım göstərmir. O, özü ali təhsilli olsa da hal-hazırda heç bir yerdə çalışmır. Ona görə də Həsəni böyütməkdə çətinlik çəkir. Uşaq böyüyür və təbii olaraq da məsrəfləri artır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-ci ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Buna görə də görə “aliment tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarını, eləcə də cavabdehin kifayət qədər yüksək əmək haqqı almasını və başqa gəlirlərinin olmasını nəzərə alaraq, hesab edir cavabdehdən tutulan alimentin məbləği artırılaraq heç olmasa hər ay 250 manata çatdırılmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh İlqar oğlu iddia tələbinə etiraz edərək hazırda iddiaçı ilə nikahın pozulmadığını, lakin aralarında mübahisəli münasibət olduğunu, iddiaçı tərəfin uşaqla birlikdə ailəsinin evinə çıxıb getdiyini, uşağı ona göstərmədiklərini, hazırda heç bir yerdə işləmədiyini, qazancının olmadığını bildirərək iddianın təmin edilməsinə etiraz etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı Vəkıl qızı iddianı müdafiə etdiyini, himayəsində azyaşlı övladının olmasını və məsafənin uzaqlığını nəzərə alaraq xx.xx.2024 saat 15:00-a təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirərək müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 378237 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İlqar oğlu ilə Hüseynova Aygün Vəkıl qızı arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmış və həmin nikah 4504 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Kərəmova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh İlqar oğlu, ana qrafasında İddiaçı Vəkıl qızı qeyd edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Vəkıl qızı ilə Cavabdeh İlqar oğlu xx.xx.2019-cu il tarixində nikaha daxil olmuşdur. Onların birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Artıq bir aydır ki, onlar birgə ailə təsərrüfatı aparmırlar. Belə ki, iddiaçı və oğlu Həsən onun valideynlərinin himayəsində yaşayır, cavabdeh isə onlara heç bir maddi yardım göstərmir. Buna görə iddiaçı aliment tələbi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iş materiallarını və məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin hallarını nəzərə alaraq hesab edir ki, iş üzrə Cavabdeh İlqar oğlunun xx.xx.2020-ci il təvəllüdlü X3 atası olması işin mübahisəsiz halıdır. Ona görə də, İddiaçı Vəkıl qızı cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Alimentin miqdarını müəyyən edərkən məhkəmə uşaqların mənafeyini, onların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, respublikada 2024-cü il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, eyni zamanda tərəflərin maddi və sosial vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin azyaşlı uşaqları xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İlqar oğlundan hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulması uşağın mənafeyi baxımından məqsədə uyğundur. Məhkəmə, iddiaçı ilə cavabdehin rəsmi boşanmasalar da faktiki olaraq ayrı yaşadıqlarını, eləcə də cavabdehin maddi və sosial vəziyyətini və işin diqqətəlayiq digər hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh İlqar oğlundan İddiaçı Vəkıl qızının xeyrinə 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə, alimentin hansı vaxtdan tutulması ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 16(009)-11/2024 saylı qərardadı ilə iş üzrə yekun qətnamə qəbul olunanadək müvəqqəti olaraq xx.xx.2020-ci il təvəllüdlü X2 üçün Cavabdeh İlqar oğlundan hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Vəkıl qızına ödənilməlidir. Belə olan halda, xx.xx.2020-ci il təvəllüdlü X1 üçün alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan hesablanarkən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 16(009)-11/2024 saylı qərardadı ilə iş üzrə yekun qətnamə qəbul olunanadək müvəqqəti olaraq xx.xx.2020-ci il təvəllüdlü X2 üçün Cavabdeh İlqar oğlundan hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Vəkıl qızına ödənilməsi barədə qərardadın qüvvədə saxlanılması faktı mütləq nəzərə alınmalı və aliment almaq hüququnun yarandığı vaxt qətnamənin çıxarıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 48.20 (qırx səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Cavabdeh İlqar oğlundan tutularaq İddiaçı Vəkıl qızına ödənilməli, ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin 40 (qırx) manat hissəsi Cavabdeh İlqar oğlundan tutularaq İddiaçı Vəkıl qızına ödənilməli, 48.20 (qırx səkkiz manat qırx iyirmi qəpik) manat dövlət rüsumu Cavabdeh İlqar oğlundan tutularaq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Cavabdeh İlqar oğlundan tutularaq İddiaçı Vəkıl qızına ödənilsin. Cavabdeh İlqar oğlundan 48.20 (qırx səkkiz manat qırx iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Ödənilmiş mediasiya xərcinin 40 (qırx) manat hissəsi Cavabdeh İlqar oğlundan tutularaq İddiaçı Vəkıl qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin aliment tutulması hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar