Məhkəmə qərarları › İş №e-2(009)-518/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-518/2023

11.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-518/2023 11.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi Əzizli Əziz Seyfulla oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-yə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “Azneft” İB-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-dən 60.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinərək vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən X7 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 70-ci madddəsinə əsasən cəzası 1 il sınaq müddəti ilə Şərti hesab edilmişdir. Yaşar Muradovun məhkum edilməsinə səbəb onun səhlənkarlıq, yəni vəzifəli şəxs olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, X12 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin 28 may NQÇİ-də Quyuların Əsaslı və Yeraltı Təmir sexinin rəisi vəzifəsində işləyən zaman, 29 oktyabr 2011-ci ildə saat 09 radələrində Xəzər dənizinin “Günəşli” neft yatağındakı 3 saylı X20 125 saylı istismar quyusunda təmir işləri aparılarkən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsinin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində fiziki şəxslərin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuş, eləcə də “Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydalarının” 1.14.4.11, 1.14.4.16, 1.19.5, “Quyuların əsaslı yeraltı təmiri sexi rəisinin” vəzifə təlimatının 2.16, 2.17, 2.36 bəndlərinin tələblərini yəni, qaldırıcı qurğu aparılan yükləmə-boşaltma işlərinin mühəndis-texniki heyyətdən xüsusi olaraq ayrılmış şəxsin nəzarəti altında aparılması, uzunölçülü yüklə qaldırılan zaman ona əl ilə istiqamət verilməsinin qarşısının alınması üçün tədbirlə və fərdi mühafizə vasitələrindən-qoruyucu dəbilqədən düzgün istifadə edilməsinə nəzarəti, habelə təhlükəsiz və sağlam iş şəraitini, ustaların, briqadaların, işin əlaqələndirmək, müəyyən olunmuş vaxtda idarə rəhbərliyini sexdəki əmək şəraitinin vəziyyəti, əmək şəraitini yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə görülən işlər, verilən əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi haqqında məlumat verilməsini təşkil etməmiş, həmin vaxt təmir quyusundan çıxarılan dəmir borulardan biri X22 tipli elavatorun qıfılından açılaraq qazmaçı X9 və qazmaçı köməkçisi X13 dəymiş, nəticədə Nəhməd Gözəlov təpə nahiyyəsinin əzilmiş yarası, başın yumşaq toxumalarının iç səthinə beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızma, Fikrət Qazıyev isə təpə nahiyyəsinin əzilmiş yarası, təpə sümüyünün xətti sınığı, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beyinin yumşaq qişasına qansızmalarla müşayiət olunan ağır dərəcəli zərərvurmaya aid xəsarətlər alaraq hadisə yerində ölmüş, bununla da o, ehtiyatsızlıqdan insan ölümünə səbəb olan səhlənkarlıq və əmək mühafizəsi qaydalarını pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası CM-nin 162.2, 314.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin əməkdaşının cinayət əməli nəticəsində ölən X9 onun həyat yoldaşı idi. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2 və 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair Xəzər Rayon Məhkəməsinin 10 iyun 2012-ci il tarixli 1(003)-262/2012 nömrəli hökmü qanuni qüvvəyə minmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində 33 il birgə yaşadığı həyat yoldaşının həlak olmasından sonra sanki həyatı sönüb. Keçirdiyi ruhi sarsıntı, iztirab indiyədək davam edir. Həmişə sevincini, kədərini həyat yoldaşı ilə bölüşərdi. O həlak olandan sonra isə onu görməkdən, ünsiyyətdə olmaqdan, sevincli anlar yaşamaqdan məhrum olub. Əzizini itirmək ona unudulması mümkün olmayan davamlı əzab və iztirab verir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, xx.xx.2011-ci il tarixdə X6 öz xidməti vəzifəsinin lazımi qaydada yerinə yetiriİməməsi nəticəsində X2 ölümünə səbəb olmuşdur. X14 barəsində Azərbaycan Respublikası CMnin 162.2 və 314.2-ci maddələri ilə cinayət işi başlanılmış və o, törətdiyi cinayət əməlinə görə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)262/2012 saylı xx.xx.2012-ci il tarixli hökmü ilə təqsirli bilinərək, 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdehin neft-qaz yataqların işlənməsi, qaz anbarının istismarı, neft-qaz çıxarmanın texniki-iqtisadi cəhətdən səmərəliliyinin təmin edilməsi istiqamətində fəaliyyət göstərir. Respublikanın büdcə gəlirlərinin yüksək hissəsi neft-qaz satışından əldə edilir. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və təmir işlərini həyata keçirir. Qeyd olunan işlərin uğurla həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb edilir. İddiaçının mənəvi ziyan tələbi ilə əlaqədar olaraq bildiririk ki, zərərin əvəzini zərər vurmuş şəxs ödəməlidir. İş materiallarından, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-262/2012 saylı xx.xx.2012-ci il tarixli hökmündən də görünür ki, X14 öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində fiziki şəxs vəfat etmişdir. “Azneft“ İB tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu olmadığından, hazırkı iddia tələbi cavabdehdən deyil X19-oğlundan tələb edilə bilər. Cavabdeh xx.xx.2023-cü il tarixdə etiraza əlavə verərək bildirmişdir ki, iddia ərizəsinə dair etiraz məhkəməyə təqdim edilmiş, lakin xx.xx.2023- cü il tarixdə iddia tələbinin əsassız olmasına dair yeni sübutlar əldə olunmuşdur. "Azneft" İB ilə "Paşa Həyat" sığorta arasında "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarına” dair 0094/11 saylı sığorta müqaviləsi bağlanmışdır. Həmin sığorta müqaviləsi üzrə sığorta olunan X10, 108035.28 (yüz səkkiz min otuz beş manat iyirmi səkkiz qəpik) manat sığorta məbləği müəyyən edilmişdir. 10 avqust 2015-ci il tarixli sığorta aktından və 11 avqust 2015-ci il tarixli ödəniş tapşırığından görünür ki, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarına" dair ******* saylı sığorta müqaviləsi üzrə X3 vəfatı ilə əlaqədar 5243.34 (beş min iki yüz qırx üç manat otuz dörd, qəpik) manat İddiaçı ödənilmişdir. 20 sentyabr 2016-cı il tarixli sığorta aktından və 23 sentyabr 2016-cıiİ tarixli ödəniş tapşırığından görünür ki, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsmdə peşə əmək qabiliyyətinin itirilməsi hallarına" dair 0094/11 saylı sığorta müqaviləsi üzrə X3 vəfatı ilə əlaqədar 22046.84 (iyirmi iki min qırx altı manat səksən dörd qəpik) manat İddiaçı ödənilmişdir. Həmçinin, iddiaçı Məlahət X1 vəfati ilə əlaqədar olaraq 19 avqust 2013-cü il tarixdə 10489,64 (on min dörd yüz səksən doqquz manat altmış dörd qəpik) manat və 19 avqust 2014-ci il tarixdə 5243.34 (beş rnin iki yüz qırx üç manat otuz dörd qəpik) manat pul ödənilmişdir. Göründüyü kimi X3 vəfatı ilə əlaqədar həyat yoldaşı, İddiaçı cavabdehin təşəbbüsü ilə bağlanmış sığorta müqaviləsi üzrə 43023.16 (qırx üç min iyirmi üç manat on altı qəpik) manat pul ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, təqdim olunan icbari sığortaya dair sənədlərdən görünür ki, Azneftlə bağlanan icbari sığorta işçilərin öz maaşından tutulur, sonra dövlət özü qarşılayır. Tələbləri isə bununla bağlı deyil, mənəvi zərərlə bağlıdır. Bu ölmüş şəxsin yoldaşının haqqıdır. Şəxs əgər yaşasaydı, pensiyaya çıxıb həyat yoldaşı ilə pensiyasından yararlanaraq qalan ömrünü sürəcəkdi. Həyat yoldaşı onun pensiyasını almaq hüququndan da məhrum edilmişdir. Yeni qanunvericiliyə görə şəxs əgər ailə başçısını itirdikdən sonra onun pensiyasının öz adına keçirmək üçün ya şəxs əlil olmalıdır, ya da özü pensiyaçı olmalıdır. Yığılmış kapital dövlətdə qalır, bildiyiniz kimi də, bu kapital çox yüksəkdir. Tərəf həm maddi, həm də mənəvi işçilərin səhlənkarlığı ucbatından bir növ cəzalandırılmışdır. Tələb olunan məbləği bir şəxsin həyatı ilə müqayisə etsək çox-çox aşağıdır. İddiaçı birgə yaşadığı həyat yoldaşını itirmişdir, mənəvi sarsıntı keçirmişdir. Sığorta ödənişlərinin maddi təzminatla heç bir əlaqəsi yoxdur, bunlar tamam ayrı-ayrıdır. Mənəvi təzminat tələb etmək iddiaçının hüququdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin nümayəndəsi və vəkili Vəkil2 etirazı müdafiə edərək izahatında bildirdi ki, zərəri zərərvuran şəxs ödəməlidir. Zərərvuran da burada X8r, cavabdeh də o olmalıdır. Həmçinin sığorta müqaviləsinə əsasən iddiaçıya ümumilikdə 43000 manat pul ödənilmişdir. Bu ödənilmiş məbləğ həm maddi, həm də mənəvi ziyan kimi nəzərə alınmalıdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(003)-262/2012 saylı hökmün surətindən görünür ki, X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinərək vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən X7 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 70-ci madddəsinə əsasən cəzası 1 il sınaq müddəti ilə Şərti hesab edilmişdir. İş materiallarında olan İ-ЖГ 443195 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X11 arasında nikah 17 fevral 1978-ci il tarixdə, 10 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Gözəlov, arvada Gözəlova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 505340 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X9 29 oktyabr 2011-ci ildə beyninə qansızmadan vəfat etmişdir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3 maddələri. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərər çəkənin onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyində mənəvi zərərin ödənilməsi barədə birbaşa göstəriş olmasa da «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın 41-ci maddəsində göstərilmişdir ki, mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan mübahisələr, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlikləri müəyyən edən İX bölməsinin qaydalarına əsasən nizamlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsində göstərilir ki, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında qanunvericiliyin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər - insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 2-ci bəndinə əsasən zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Adı çəkilən qərarın 2-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının həyat yoldaşının iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi işin sübuta yetirilmiş halıdır. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin işçisi X14 məhkəmə hökmü ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Deməli, hazırkı işdə zərərçəkənin həyat yoldaşının ölümünün cavabdeh təşkilatın işçisinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. Həyat yoldaşının hadisə nəticəsində vəfat etməsinin iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. Yuxarıda qeyd olunan qərarda deyilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Ümumiətlə, qanunvericilikdə mənəvi zərərin məbləğinin müəyən edilməsi üçün konkret kriteriyalar müəyyən edilməmişdir. İnkişaf etmiş ölkələrdə həmin məsələ müzakirə predmeti olan ən aktual mövzulardandır. Qeyd olunan problemə müxtəlif ölkələrin hüquqşünasları müxtəlif yanaşma sərgiləyirlər. Məsələn, Fransada və İtaliyada mənəvi zərərin məbləğinin müəyyən edilməsi üçün konkret olaraq zərərə dair qrafik müəyyənləşdirilir. Müəyyən kateqoriya zərərlər üçün kompensasiya məbləğləri müəyyən edilir. Almaniyada ümumiyyətlə mənəvi zərər anlayışı mövcud deyil. Onlar tələb olunan məbləği “ağrıya görə pul” adlandırırlar. Alman məhkəmələri belə hesablamaları analoji işlər üzrə məhkəmə parktikasının toplusunun dərc olunması yolu ilə müəyyən edir və həmin işlər üzrə statistik rəqəmləri nəzərə alırlar. İngiltərədə hadisə nəticəsində baş vermiş zərərin kataloqu tərtib olunur və hər bir zərərə görə mənəvi zərərin məbləği müəyyən edilir. Qonşu Rusiyanın məhkəmə təcrübəsində mənəvi zərərin məbləğinin məyyən edilməsi ilə bağlı konkret mövqe yoxdur və bu məsələ ilə əlaqədar mütəmadi müzakirələr aparılır. Amma, həmin ölkənin Mülki Məcəlləsində xüsusi olaraq 151-ci maddə yer alır. Həmin normada da mənəvi ziyanın məbləğinin müəyyən edilməsinin ümumi prnisipləri nəzərdə tutulur. Normada deyilir ki, məhkəmələr mənəvi zərərin məbləğini şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən edirlər. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Məsələn, bir şəxsin avtomobil qəzasında vəfat etməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. İztirab və sarsıntının ağırlıq dərəcəsinə təsir göstərən faktorlardan biri də ölən və ya cismani zərərə məruz qalanın yaxınlarının mənəvi təzminat tələb etmələri halında onların zərərçəkmiş şəxslə qohumluq dərəcəsi və şəxsi münasibətlərinin xarakteridir. Yaxınlara ödəniləcək mənəvi təzminatın miqdarında qohumluq dərəcəsindən asılı olmayaraq mövcud olan şəxsi münasibətlərin xarakteri də əhəmiyyət kəsb edir. Sağlığında şəxslər arasında münasibətlərin qənaətbəxş olmaması halında mənəvi təzminat tələbi rədd edilə bilər. Məsələn, ölən şəxslə çox yaxşı münasibəti olan və daimi şəkildə onun yanında qalan əmisi oğluna ödəniləcək mənəvi təzminatın miqdarı, münasibətləri pis olan və uzun zaman ərzində atasını görməyən, onunla maraqlanmayan oğula ödəniləcək təzminat miqdarından çox ola bilər. Mənəvi təzminatın məbləğinə təsir edən ünsürlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Bu hal həm məhkəmə təcrübəsi, həm də hüquq ədəbiyyatları tərəfindən birmənalı olaraq qəbul edilir. Çünki hər kəsin qane olma səviyyəsi eyni deyildir. Maddi vəziyyəti aşağı olan şəxsə çox gələn bir məbləğ, maddi vəziyyəti yüksək olan başqasına az gələ bilər və bu da qaneedici olmaz. Eyni zamanda təqsirli tərəfin maddi vəziyyəti mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan hesab olunur. Təsadüfi deyil ki, Avropa Məhkəməsinin təcrübəsində mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır (Məhkəmənin cavabdeh dövlətdə qurbanları iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq ayırd etdiyi mübahisə olunur (Basarba OOD Bolqariyaya qarşı 20 yanvar 2011-ci il tarixli qərar). Məsələn, məhkəmə “əsas mükafatın” əlaqədar ölkədəki yaşayış səviyyəsinə görə azaldıla biləcəyinə qərar verib (Apicella İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli qərar. “Ərizəçinin daha zəngin və ya kasıb bir ölkədə yaşamasından asılı olmayaraq eyni pozuntu üçün oxşar məbləğlər verməyi mənasızdır. Çünki pulun dəyəri fərqli və həqiqətən yerli iqtisadi inkişafdan və alıcılıq qabiliyyətindən asılıdır”). Təqsirkarın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Çünki ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərənin məbləğindən fərqləndirilməlidir. Ona görə ki, ehtiyatsızlıqla cinayət törədən şəxs həmin əməlin ictimaitəhlükəli nəticələrini ya görmür, və yaxud arzu etmir, amma qəsdən cinayət törədən şəxslər əksinə, ictimaitəhlükəli nəticəni görür, arzu edir (daha təhlükəli əməl). Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Belə ki, iddiaçı mənəvi ziyana görə altmış min manat pul tələb edir. Məhkəmə hesab edir ki, zərərçəkənin ölümünə səbəb olmuş hadisə ehtiyatsızlıqla törədilmiş cinayət olduğundan zərərin məbləği 10.000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat+10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3% dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.3-cü maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - 9.1.3. əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunur. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia qismən təmin edildiyindən 120 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-dən 10000 (on min) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 120 (bir yüz iyirmi) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar