Məhkəmə qərarları › İş №e-2(009)-580/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-580/2023

16.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-580/2023 16.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, iddiaçı Cavabdeh ilə xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uzlaşmaması səbəbindən münasibətləri pozulmuş və nikahları Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)-1473/2022 saylı qətnaməsi ilə ləğv edilmişdir. Hələ nikah ləğv edilmədən öncə cavabdeh özü məhkəməyə aliment tələbi ilə müraciət etmiş və Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2464/2021 saylı qətnaməsinə əsasən uşaqların saxlanması üçün onun qazancının 1/3 hissəsi miqdarında aliment tutulması müəyyən edilmişdir. O, qeyd olunan məhkəmə qətnaməsində alimentin uşaqların yetkinlik yaşına çatana kimi tutulması olması göstərilmişdir. Böyük oğlu xx.xx.2005-ci il təvəllüdlü X4 aprel ayının 11-də artıq 18 yaşı tamam olacaq. Bu səbəbdən məhkəmə qətnaməsinin dəyişilməsi və alimentin yalnız 1 uşağa görə tutulmalı olmasının müəyyənləşdirilməsi zərurəti yaranmışdır. Bakı 4 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməkdən imtina etmişdir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyənləşir. Nəzərə alsalar ki, əmək haqqından (2300,0 manat) tutulan məbləğin 1/3 hissəsi ilə (766,66 manat) ¼ hissəsi (575,0 manat) arasında 1 aylıq fərq təxmini 191,66 manat təşkil edir, bu zaman hazırki iddia tələbində mübahisələndirilən aliment məbləğinin 1 illik məcmusu (191,66 x 12 ay) 2299,92 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq iddiaçı Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2464/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği xx.xx.2023-cü il tarixdən dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay əmək haqqının ¼ hissəsi miqdarında müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, 2 uşağa görə tutulan aliment gəlirin 1/3 hissəsi həddində müəyyən edildiyindən, icra məmuruna müraciət edərkən bildirmişdir ki, alimentin həddi onun tərəfindən aşağı salına bilməz. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-2464/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay aylıq qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, İddiaçı dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması qət edilmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-1473/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə Səadət Sarayında bağlanmış və həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1361 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 cavabdeh (anaları) Cavabdeh yanında saxlanılması qət edilmişdir. İş üzrə Bakı 16 saylı mediasiya təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/16-00185 nömrəli arayışın surətindən görünür ki, İddiaçı Cümşüd oğlu tərəfindən təsvir edildiyi kimi aliment məbləğinin dəyişdirilməsi tələbinə dair mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə, 12.00-13.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2004-cü ildə nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü Əli və xx.xx.2010-cu il təvəllüdlü Hüseyn adlı uşaqları anadan olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən uşaqların saxlanılması üçün hər ay aylıq qazancının 1/3 hissəsi miqdarında aliment tutulmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah ləğv edilmiş, birgə nikahdan olan uşaqların ananın yanında saxlanılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iki yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün onun qazancının 1/3 hissəsi miqdarında aliment tutulması müəyyən edilmişdir. Qətnamədə alimentin uşaqların yetkinlik yaşına çatana kimi tutulmalı olması göstərilmişdir. xx.xx.2005-ci il təvəllüdlü X4 aprel ayının 11-də artıq 18 yaşı tamam olacaq. Bu səbəbdən iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin xx.xx.2023-cü il tarixdən dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay əmək haqqının ¼ hissəsi miqdarında müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisənin məhkəmədənkənar qaydada mediator vasitəsi ilə həll edilməsini istəsə də, cavabdeh mediasiya sessiyasına gəlmədiyindən, iddiaçı mübahisənin həll edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb aşağıdakı əsaslara görə əsaslı hesab edilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşağını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə valideyndən məhkəmə tərəfindən hər ay qazancın və ya başqa gəlirlərin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlardan biri - 11 aprel 2005-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə 18 yaşı tamam olacaq. Ailə qanunvericiliyində isə yetkinlik yaşına çatmış uşaqların valideynindən aliment almaq hüququnun hüquqi əsasları nəzərdə tutulur. Hazırkı halda yetkinlik yaşına çatacaq uşağın belə bir hüquqa malik olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qanunvericiliyin tələbləri baxımından müəyyən edilmiş alimentin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi həddində dəyişdirilməsi ilə bağlı iddiaçının tələbi əsaslı hesab edilməlidir. Məhkəmə qanunvericiliyin tələblərini, iddiaçının uşaqlardan birinin - X4 xx.xx.2023-cü il tarixdə 18 yaşı tamam olacağını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2464/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarı xx.xx.2023-cü il tarixdən dəyişdirilərək, iddiaçıdan cavabdeh ilə birgə nikahından olan uşağı - yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə qətnaməsi ilə tutulması müəyyən edilən alimentin dəyişidirilməsi X4 18 yaşa çatdığı tarixdən, yəni xx.xx.2023-cü il tarixdən sonra həyata keçirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçıdan dövlət nəfinə ödənilməmiş dövlət rüsumunun kəsiri tutulmalıdır. Belə ki, hazırki mübahisə ailə münasibətləri ilə əlaqədar olduğundan, qiymətləndirilməyən iddia kimi hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilməli olduğundan, iddiaçı tərəfindən isə mediasiya prosesində iştirakla bağlı 50 manat rüsum ödənildiyindən, dövlət rüsumunun ödənilməyən hissəsi – 50 manat iddiaçıdan dövlət nəfinə tutulmalıdır. AR MPM-nin 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2464/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarı xx.xx.2023-cü il tarixdən dəyişdirilsin və 05 avqust 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilsin. İddiaçı dövlət nəfinə ödənilməmiş dövlət rüsumunun kəsiri – 50 (əlli) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar