Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-616/2025 14.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 mart 2025ci il tarixdə, Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 9300 manat zərərin, 600 manat dəbbə pulunun, 119 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, fərdi yaşayış evi tikdirmək üçün cavabdeh Türk Qrup MMC ilə xx.xx.2024-cü il tarixli T/t/2/2024 nömrəli (Müqavilədə texniki səhv olaraq 2023-cü il qeyd edilmişdir) Podrat müqaviləsi bağlamışam. Elə həmin gündə İMX seriyalı 376864 nömrəli Mədaxil Qəbzi əsasında 12300 manat pul vəsaitini Cəmiyyətə ödəmişəm. Cavabdehlə aramızda olan müqavilə şərtinə əsasən mən 12300 manatı şirkətə ödəyirəm. Şirkət 60000 manat qiyməti olan fərdi yaşayış evini tam təmirli şəkildə 5 ay müddətinə tikərək mənə təhvil verməli, mən isə 60 ay müddətinə 47700 manat qalığı şirkətə ödəyəcəm. Lakin şirkət bu müddət ərzində yalnız yararsız təməl beton işlərində başqa heçbir iş icra etməmişdir. Əvəzində təməl beton işlərində işləyən ustalarında pulları ödənilməmişdir və bu pul məndən ustalar tərəfindən tələb edilmişdir.Dəfələrlə onlara müraciət edib işlərini davam etdirmələrini və yaxud pulu geri qaytarmaqlarını tələb etsəmdə nəticəsi olmamışdır. Müqavilənin 4.1 ci bəndinə əsasən işlərinin qurtarma vaxtının xx.xx.2024-cü il tarix yazılı razılaşdırılsada cavabdeh şəxs nə işləri görür nədə pulumu geri qaytarırlar.Müqavilənin 7.1 və 7.2-ci bəndlərinə əsasən Podratçı təşkilat işləri lazımınca icra etməzsə ödənilən məbləğin 10% ni keçməmək şərti ilə cərimə ödəməlidir. Cavabdeh təşkilata müqavilənin ləvq edilməsi və pulumun geri qaytarılmasına dair ərizə göndərsəmdə nəticəsi olmamışdır. Bu şəxslərin hərəkətlərinə dair Xətai Rayon polis idarəsinə şikayət etsəmdə xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanılmasına rədd cavabı verilmişdir və işin mülki xarakterli olduğu bildirilmişdir.Şikayətlərdən sonra cavabdeh tərəfindən 3000 manat pul qaytarılsa da, qalıq 9300 manat bu günə kimi ödənilməmişdir.Cavabdeh "xxxx" MMC-nin təqsiri üzündən mənə 9300 manat maddi zərər və eyni zamanda müqavilə şərtlərinə əsasən 600 manat dəbbə pulu cavabdehdən tutulmalıdır. Ümumilikdə cavabdehdən 9900 manat tutularaq mənə ödənilməlidir.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması, yəni lazımınca icra edilməməsi, vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtlərin pozmaqla icra edilməsi başa düşülür.Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu, gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu məcəllənin 445.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallara görə cavabdehdir. Göründüyü kimi, cavabdeh təşkilat podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün mənə maddi zərər vurmuşdur.Yuxarıda göstərilənləri və Mülki Məcəlləni rəhbər tutaraq, xahiş edirəm: Cavabdeh "xxxx" MMC-dən 9300 manat əsas borcun və 600 manat məbləğində dəbbə pulunun, ödədiyim 119 manat dövlət rüsumunun tutularaq mənə, X1 ödənilməsinə dair qətnamə çıxarasınız. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin üzrlü səbəb olmadan o, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılması mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış T/t/2/2024 saylı müqavilənin (surətinin) 1.1-ci, 1.2-ci və 2.1-ci bəndlərindən görünür ki, podratçı sifarişçinin mülkiyyətində olan Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 139 kv.m mənzilin tikinti işlərinin görülməsini, Sifarişçi isə öz növbəsində göstərilmiş həmin xidmətlərin dəyərini podratçıya ödəməyi öhdəsinə götürür. Podratçı tərəfindən görüləcək təmir işləri dizayner tərəfindən tərtib edilmiş təmir dizaynına uyğun şəkildə (sadə paket) həyata keçiriləcəkdir. Müqavilənin qiyməti tərəflər arasında ümumi 12300 məbləğində razılaşdırılır. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə işlərin başlama vaxtı müqavilə imzalandıqdan 1 təqvim günü sonra, qurtarma vaxtı 30 may 2024-cü il olmaqla razılaşdırılmışdır. Müqavilənin 7.1-ci bəndinə əsasən qüsurların aradan qaldırılması onlar aşkarlandıqdan sonra hər hansısa səbəbdən 5 təqvim günü ərzində yerinə yetirilməzsə, Sifarişçi Podratçını xəbərdar etməklə hazırki müqaviləni dərhal ləğv edə bilər. Bu halda podratçı sifarişçidən xəbərdarlıq aldıqdan sonra 14 təqvim günü ərzində ləğv etmə cəriməsi kimi sifarişçiyə müqavilə dəyərinin 10 %-ni ödəməlidir. 15 mart 2024-cü il qəbzin surətindən görünür ki, T/t/2/2024 saylı müqavilə üzrə Cavabdeh MMC-yə 12,300 manat məbləğində pul verilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 may 2024-cü il tarixli qərarında qeyd edilir ki, X2 izahatında bildirmişdir ki, təxminən 5 ildir təmir tikinti yəni fərdi yaşayış evlərinin tikintisi və mənzillərin təmir işi ilə məşğul olur. Əvvəlcə “Gilan Holdinq”də formen vəzifəsində tikintilərində nəzarətçi işləsə də, son iki ildir həyat yoldaşı Rüstəmova Nazəndənin adına təsis olunmuş Cavabdeh MMC adlı tikinti şirkətinin icraçı direktorudur. 2024-cü ilin fevral ayında tanışı Pərviz adlı şəxs mənə X3 adlı tanışının da təmir-tikinti işləri ilə məşğul olduğunu,lakin özünün şirkətinin lisenziyası olmadığı üçün onunla şərik olmaq istədiyini bildirdikdə, o Anarla görüşüb onun əlində olan işlərə baxış keçirdikdən sonra ümumi gəliri 50-50yə böləcəkləri barədə razılaşmışlar. Cari ilin mart ayında Anar onu Binə qəsəbəsində yerləşən İddiaçı torpaq sahəsinə baxış üçün aparmış və həmin sahəyə baxış keçirdikdən sonra betonun yararsız olduğunu və evin ümumi təmir işləri deyil, yalnızca tikinti yəni qaba işlərini görəcəyimizi bildirmişlər. Onlar İbrahimə bir həftə sonra işə başlayacaqlarını söyləyərək xx.xx.2024-cü il tarixdə imzaladıqları müqavilədən 2 gün sonra İbrahim qaba tikinti işlərinə razı olmadığını, evi tam təmir olunmuş şəkildə təhvil almaq istədiyini bildirdikdə, o Anara evi tam təmir edə bilməyəcəyini, yalnız qaba işlərini görə biləcəyini söyləmişdir. Bu zaman İbrahim qaba tikinti işləri ilə razılaşmayıb, 12300 manat pulu geri qaytarmalarını istədikdə, Anar pulu İbrahimə hissə-hissə qaytaracağını söyləmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən cavabdeh Podratçı qismində iddiaçının sifarişi əsasında mülkiyyətində olan Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 139 kv.m mənzilin tikinti işlərinin görülməsini, Sifarişçi isə bunun müqabilində 12,300 manat məbləğində Podratçıya pul ödəməyi öhdəsinə götürmüşlər. Müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən cavabdehə 12,300 manat məbləğində pul ödənilmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtda yerinə yetirməyərək, sözügedən mənzilin tikintisini və təmirini ümumiyyətlə həyata keçirməmişdir. Bundan sonra iddiaçının müraciətləri nəticəsində cavabdeh müqavilə üzrə almış olduğu puldan 3000 manat məbləğində vəsaiti iddiaçıya geri qaytarmasına baxmayaraq, qalan 9300 manat pulu hazırki vaxta kimi qaytarmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürmüş öhdəliyi lazımi qaydada və müddətdə yerinə yetirməmişdir. Bu isə cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulmasıdır. Bu səbəbdən 9300 manat məbləğində zərərin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “600 manat dəbbə pulunun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış Müqavilədə qeyd edilir ki, qüsurların aradan qaldırılması onlar aşkarlandıqdan sonra hər hansısa səbəbdən 5 təqvim günü ərzində yerinə yetirilməzsə, podratçı sifarişçidən xəbərdarlıq aldıqdan sonra 14 təqvim günü ərzində ləğv etmə cəriməsi kimi sifarişçiyə müqavilə dəyərinin 10 %-ni ödəməlidir. Məhkəmə bu səbəbdən qeyd edir ki, 300 manat məbləğində dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması daha ağlabatandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 466.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki halda iddia tələbi qismən təmin olunduğundan, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 119 manat dövlət rüsumunun 60 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 9300 manat məbləğində zərərin əvəzi və 300 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 9600 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 60 manat hissəsi Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-616/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-616/2025
14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver