Məhkəmə qərarları › İş №e-2(009)-625/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-625/2024

14.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-625/2024 14.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, cavabdehlə nikah bağlamadan ailə qurmuşdur. Evli olduqları müddətdə xx.xx.2016-cı il təvəllüdlü Fatimə adlı uşaqları anadan olmuşdur. Xasiyyətlərin tutmaması, bu səbəbdən birgə yaşamaları mümkün olmamışdır. Buna görə də uzun müddətdir ki, ailə kimi bir yerdə yaşamırlar. Hazırda o, işləyir, lakin aldığı məvacib övladını tək böyütməyə imkan vermir. Çünki Fatimənin aylıq xərci böyüdüyü üçün çoxalmışdır. Ona görə aliment tələbi barədə məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Aliment tələbi barədə ailə münasibətlərinə dair mübahisələr “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirakları tələb olunur. Qeyd olunan tələblə bağlı cavabdeh ilkin mediasiya sessiyasında iştiraka dəvət edilməsinə baxmayaraq iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2016-cı il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində 235 manat alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qismən qəbul edərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, tanışı İddiaçı ilə aralarında nikahdan kənar münasibət olmuşdur. X2 onun övladı olmağını qəbul edir. Uşağa həmişə maddi köməklik göstərmişdir. Hazırda da maddi köməklik göstərməkdən imtina etmir. O, hal-hazırda ailəlidir, iki övladı var. Əmək haqqı 800 manatdır, vergilər və digər məcburi ödənişər çıxıldıqdan sona 672 manat hər ay onun hesabına işəgötürən tərəfindən köçürülür. Nikahda olduğu ailədə xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı uşaqları var. O, aliment ödəməyə razıdır. Lakin 672 manatdan 235 manat çıxılanda 427 manat pul qalır. Ailəsi dağılmaq təhlükəsi ilə üz-üzə qalır. Maddi çətinliklər səbəbindən ən azı iki yeniyetmə ailəsiz böyütmək təhlükəsi ilə üz-üzə qalır. Göstərilənlərə əsasən cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə ondan yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində 150-170 manat məbləğində pul tutulmasını qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2016-cı il təvəllüdlü X5 adlı uşağı var. İş üzrə Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli nikah haqqında şəhadətnaməsinin surətinə əsasən Cavabdeh ilə X7 arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 359 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Fətullayev, arvada Fətullayeva soyadı verilmişdir. İş üzrə doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, Cavabdeh ilə X3 birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı uşaqları var. İş üzrə Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/3/2023-01317 saylı, xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, aliment tələbi barədə mübahisəsi üzrə İddiaçı və X8 xx.xx.2023-cü il tarixdə, saat 11.00-11.30-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin faktiki nikah münasibətlərindən yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü Fatimə adlı uşağı var və həmin uşaq ananın himayəsindədir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh digər şəxslə (A.Fətullayeva) rəsmi nikahdadır və onun rəsmi nikahdan xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı uşaqları var. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehdən uşağın saxlanılması üçün hər ay 235 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 235 manat məbləğində təsdiq edilmişdir. İş üzrə “Elektron məhkəmə” informasiya sistemində olan məlumata əsasən Cavabdeh "xxxx" MMC-də “sürücü” vəzifəsində işləyir, onun aylıq əmək haqqı 800 manat təşkil edir. Məhkəmə 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat müəyyən edilməsini, cavabdehin öhdəsində rəsmi nikahdan yetkinlik yaşına çatmamış 2 övladının olmasını, həmçinin cavabdehin iddianı qismən etiraf edərək uşağa görə 150-170 manat məbləğində alimentin verməsinə razı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləği şəklində aliment tutulmalıdır. AR Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə həmçinin hesab edir ki, aliment tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan - xx.xx.2024-cü il tarixdən başlanılmalıdır. AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 2400 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 44 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 44 (qırx dörd) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar