Məhkəmə qərarları › İş №e-2(009)-696/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-696/2025

18.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-696/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2021-ci ildə Nərimanov rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Daha sonra xx.xx.2021-ci il tarixdə onların el adəti ilə toyları olmuşdur. Onların birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X6 adlı uşaqları var. Cavabdehlə evləndikləri ilk vaxtlar Orxanın ailəsinə məxsus ayrı bir evdə onlarla bir həyətdə yaşayırdılar. Onların münasibətləri normal olmuş, cavabdeh həmin dönəmdə çalışırdı, yəni işi var idi. Belə ki, Orxan öncə “Port Baku” t/m-də “Bumblebee kids”də mühafizədə, daha sonra isə “Dəniz Mall”da “Kinderland”da texniki şöbədə işləyirdi, aylıq gəliri də normal idi. Lakin, 2022-ci ilin dekabrın 1-i cavabdeh işdən çıxmışdı.Ailədəki söz-söhbətlərin yaranmasına səbəblərdən biri də cavabdehin işsizlik problemi idi. O, heç vaxt işləmək üçün can atmamışdır. Hər dəfə “iş yoxdur ki” bəhanələr gətirirdi. Cavabdeh bütün günü evdə işsiz, boş bekar olması da onun psixologiyasına təsir edirdi və evdə hər xırda məsələyə görə söz-söhbət salırdı. Eyni zamanda Orxanın ailəsinin gənc ailəyə yersiz müdaxilələri də öz həddini aşmağa başlamışdır və bu da öz növbəsində ailədə mənasız və əsassız söz-söhbətlərin yaranmasına gətirib çıxartmışdı. O, mütəmadi olaraq cavabdehin ailəsi, xüsusilə də anası və bacısı tərəfindən təhqirlərə, aşağılayıcı ifadələrə, söyüşlərə məruz qalırdı. Orxanın bacısı hər zaman evlə bağlı söz-söhbət yaradırdı ki, “o ev Orxanın evi deyil, ev anamdı, mənimdi” və s. Orxan isə ailəsinin ona qarşı bu münasibəti qarşısında hər zaman soyuq münasibət sərgiləmişdir, “boş ver, fikir vermə”. 2022-ci ilin sentyabr ayının əvvəllərində evdə baş verən söz-söhbətlərdən sonra gecə Orxanın valideynləri ilə qaldıqları evi tərk edərək kirayə yaşamağa başlamışlar. Ayrı qaldıqlarına baxmayaraq cavabdehin ailəsinin müdaxilələri davam edirdi. Ailənin ilk övladı xx.xx.2022-ci il təvəllüdlü X4 dünyaya gələrkən onlar kirayə qalırdılar. Onun valideynləri mütəmadi olaraq onlara dəstək olurdu, hətta onlara yaşamaq üçün ev vermişlər. Hətta buna baxmayaraq yenə ailədəki münaqişələr səngimirdi, cavabdehin ailəsi onların hər bir işinə qarışaraq öz təsirlərini göstərirdilər. Orxanın anası ona zəng edərək onu təhqir edir, oğlunu ona qarşı doldururdu. Hətta onlar cavabdehin ailəsi ilə bir həyətdə qaldıqları 1 il 1 ay müddətində ona su verməmiş (su ümumi olduğuna görə), qazı kəsilmişdir. Bildirmək istəyir ki, bu dönəmdə o, hamilə idi. Artıq get-gedə ailədəki söz-söhbətlər daha da böyüməyə başlamışdı. Çünki Orxanın evə gec gəlmələri, çox vaxt isə anasıgildə qalmaları başlamışdır. Orxan çox qısa müddət taksi fəaliyyəti ilə məşğul olmuşdur, lakin qazancından evə - ona və uşaqlarına xərcləməmişdir. Cavabdeh evə gecə saatlarda gəlmələri artıq adət halını almışdı. O, 2-ci övladına hamilə olduğu dönəmdə belə Orxan onun nə maddi, nə də mənəvi heç bir tələbatını ödəmirdi. Ona öz valideynləri dəstək olmuş, lazım olan hər bir şeyi valideynləri alırdı. Nəhayət ailənin 2-ci övladı xx.xx.2024-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. Xəstəxananın bütün xərclərini onun atası öz şəxsi büdcəsi hesabına ödəmişdir. O, Orxanın ailəsi tərəfindən hər zaman təhqirlərə, ağır təhqiramiz sözlərə məruz qalmışdı. xx.xx.2024-cü il tarixdə cavabdeh valideynlərinin yaşadığı evə gedərək bir daha onun və uşaqlarının yanına qayıtmamışdır. Uşaqların heç bir tələbatını ödəmir. Hətta xx.xx.2024-cü il tarixdə o, övladı ilə OMEDE-də reanimasiya şöbəsində qaldığı günlərdə belə ona xəbər göndərmiş, lakin cavabdeh buna məhəl qoymamış, ailəsi ilə maraqlanmamışdır. Cavabdeh ümumiyyətlə heç bir zaman ailə məsuliyyətini dərk etməmiş, övladları ilə maraqlanmamış, uşaqlara nəsə olduğu halda belə bu vəzifəni onun atası yerinə yetirirdi. Uşaqların bütün müalicələrini, onlara lazım olan dərman preparatlarını belə onun atası alırdı. Nəinki dərman preparatlarını, hətta evin bütün tələbatları, qida, kommunal ödənişlər, hətta uşaqların və onun geyimlərini belə onun ailəsi təmin edirdi. Çünki Orxanın borc xərclərinə görə o, öz qızıllarını da satmış, Orxanın kreditlərini ödəmişdir. Orxan ailəsi ilə qəti şəkildə maraqlanmırdı. Bununla yanaşı Orxan onu dəfələrlə döymüş, ona xəyanət etmişdir və o, da haqlı olaraq bunu qəbul etmirdi. Lakin cavabdehin ailəsi oğluna hər zaman haqq qazandırırdı ki, “kişidir, bunu niyə böyütmüsən, adi haldır, Orxan istəsə ailəsinin yanına gedər, istəməsə bizim yanımızda qalacaq, sən həyatda yeganə qadın deyilsən ki, boşanasan, uşaqlarını tək böyüdən qadın da deyilsən, biz Orxanı məcbur edə bilmirik, istəmir gəlmir və s.” kimi sözlər deyirdilər. Onların münasibətlərinin bu həddə gəlib çatmasında Orxanın valideynlərinin bir başa rolu vardır. Onlar ailəyə şiddətli şəkildə müdaxilələri, təhqirləri, çirkin ifadələri, gənc ailənin dağılmasına gətirib çıxartmışdırlar. Ortada 2 körpənin aqibəti ilə maraqlanmamış, onlara qayğı göstərməmişdirlər. Çünki Orxanın anası elə ilk gündən ona “mən səni gəlin kimi seçməmişəm, istəməmişəm və sən bu evdə otura bilməzsən” kimi ifadələr işlətmişdir. O, bütün bunlarla bağlı öz etirazını Orxana bildirmişdir, nəhayət oktyabrın 7-də son olaraq onun dediklərindən, Orxanın xəyanətindən xəbərdar olduğunu ona söylədikdən sonra Orxan evi tərk etmişdir. Arada 1-2 dəfə uşaqlarla görüşmüşdür, 20 gündən çoxdur ki, Orxan ümumiyyətlə ailə ilə əlaqəsini kəsilmişdir. O, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmişdir. Buna dair MSB/2-01237 saylı arayış da mövcuddur. Cavabdeh mediasiya sessiyasına gəlməkdən imtina etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı birgə nikahdan doğulan xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X2 üçün Cavabdeh hər ay hər uşaq üçün 246 manat olmaqla, sabit pul məbləğində aliment tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onların birgə nikahdan 2 övladı dünyaya gəlmişdir. Hər ikisi çox körpədir və onların bütün tələbatlarını və qulluğunu o, etməkdədir. 2-ci körpəsi, yəni xx.xx.2024-cü il təvəllüdlü X6 hələ də bir yaşına çatmamışdır, təbii ki, bağçaya getmir. Körpələrə o, baxır və buna görə də o, heç bir əmək fəaliyyəti ilə məşğul ola bilmir. Göstərilənləri nəzərə alaraq iddiaçı birgə nikahdan doğulan xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 246 manat olmaqla sabit pul məbləğində aliment tutulub ona verilməsi, birgə nikahdan doğulan xx.xx.2024-cü il təvəllüdlü X5 3 yaşına çatanadək Cavabdeh hər ay 100 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil həcmi artırılmış iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, tərəflər 2021-ci ildə ailə qurmuşlar. Ailədə iki övladı var. Əvvəllər münasibətlər normal olmuş, sonradan iddiaçı evdən çıxıb gedəndən onun uşaqlarına valideynləri baxır. İddiaçı işləmir, 2-ci uşağın 1 yaşı da tamam olmamışdır. Hesab edir ki, qaldırdıqları iddia əsaslıdır. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, o, 2 aydır işə düzəltmişdir, 500 manat əmək haqqı alır. 2 uşağa görə 350 manat aliment ödəyə bilər. O, əvvəllər işləmişdir və ailəsini təmin etmişdir. Əvvəllər işləyirdi, ailəsinə ***- **** manat xərcləyirdi. Onda əmək haqqısı 1200 manat idi. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X6 adlı uşaqları var. İş üzrə Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/2-01237 saylı arayışın surətindən görünür ki, İddiaçı “aliment” tələbinə dair mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə, saat 11.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanılmış və onların birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü Nurislam və xx.xx.2024-cü il təvəllüdlü Yusif adlı uşaqları var. Tərəflər arasında ailə münasibətləri pozulsa da, nikahları ləğv edilməmiş və artıq uzun müddətdir ki, onlar ayrı-ayrı ünvanlarda yaşayırlar. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya hər hansı maddi yardım göstəmir və bu səbəbdən iddiaçı uşaqları saxlamaq üçün hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh uşaqları ilə maraqlanmır, uşaqların saxlanılması üçün nə maddi, nə də mənəvi dəstək göstərmir. Bu səbəbdən iddiaçı məhkəmədən xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 246 manat olmaqla sabit pul məbləğində aliment tutulub ona verilməsini, xx.xx.2024-cü il təvəllüdlü X5 3 yaşına çatanadək Cavabdeh hər ay 100 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının alimentin tutulması tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi alimentin tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göstərilən Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 246 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1.-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqların iddiaçının yanında qalmalarını, 2025-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 246 manat olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq sabit aliment məbləği hər uşaq üçün 246 manat həddində müəyyən edilməlidir. Məhkəmə alimentin 246 manat həddində müəyyən edilməsi qənaətinə gəlinməsini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilənləri və 2025-ci il üçün minimum əmək haqqının 400 manat müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə yetkinlik yaşına çatmamış uşaqların saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində (246:400=0,615) sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə həmçinin hesab edir ki, aliment tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan – xx.xx.2025-ci il tarixdən başlanılmalıdır. Məhkəmə iddiaçının cavabdehdən Yusif adlı uşağın 3 yaşına çatanadək saxlanılması üçün əlavə 100 manat alimetin tutulması tələbi üzrə qeyd edir ki, həmin tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad. Məhkəmə qeyd edir ki, arvadın ərindən uşaq 3 yaşına çatanadək aliment tələb etmək hüququnun yaranması üçün, cavabdehin belə vəsaitə malik olması tələb olunur. Məhkəmə iclasında iddiaçının 100 manat maddi yardıma ehtiyacının olması və cavabdehin iddiaçının saxlanılması üçün 100 manat aliment ödəməyə zəruri vəsaitə malik olması ilə bağlı sübutlar təqdim olunmaması müəyyən edildiyindən, iddia tələbi bu hissədə əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulması müəyyən edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 5904 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 79,04 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 79,04 (yetmiş doqquz manat, dörd qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar