Məhkəmə qərarları › İş №e-2(009)-709/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-709/2023

28.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-709/2023 28.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə əsasında aparımış və mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə əsasında aparımış və mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə, xx.xx.2021-ci il tarixdə aldığları “ CHEVROLET MALİBU MİNİK ” markalı, 77BU139 dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı xx.xx.2022-ci il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında aparılmış qeydiyyatın ləğv olunması, İddiaçı və Cavabdeh1 həmin avtomobilə mülkiyyət hüququnun tanınması, avtomobilin ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh1 paylarının müəyyən edilməsi, İddiaçı və Cavabdeh1 həmin avtomobil üzərində mülkiyyət hüququnun qeydə alınması; həmçinin birgə nikah dövründə xx.xx.2021-ci il tarixdə aldıımız “ OPEL ASTRA MİNİK ” markalı, 77DN269 dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh1 paylarının müəyyən edilməsi, İddiaçı və Cavabdeh1 həmin avtomobil üzərində mülkiyyət hüququ qeydə alınması, göstərilən hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 500 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq - İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı Cavabdeh1 ilə rəsmi qaydada 26 fevral 2019-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurublar. Nikahları xx.xx.2022-ci il tarixdə 3 saylı“ ASAN sidmət ” mərkəzi Qeydiyyat Şöbəsində pozulmuşdur. Birgə nikah dövründə xx.xx.2021-ci il tarixdə “ CHEVROLET MALİBU MİNİK” markalı, 77BU139 dövlət qeydiyyat nişanlı avtomobil alıblar. Avtomobil Cavabdeh1 adına qeydiyyata alınmışdır. Cavabdeh həmin avtomobili onun razılığı olmadan xx.xx.2022-ci il tarixdə Cavabdeh2 satmışdır. Bundan başqa birgə nikah dövründə xx.xx.2021-ci il tarixdə “ OPEL ASTRA MİNİK ” markalı, 77DN269 dövlət qeydiyyat nişanlı avtomobil alıblar. Avtomobil Cavabdeh1 adına qeydiyyata alınmışdır. Avtomobil hal-hazırda da onun adınadır. Cavabdehə şifahi təklif etmişdi ki, razılaşma yolu ilə avtomobillərin ½ hisssinə onun mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququnun qeydə alınması məsələsini həll etsin. Lakin,cavabdehdən cavab almadığı üçün mediasiyaya müraciət edib. Cavabdeh1 ilkin Mediasiya sessiyasında iştirak etməməsi səbəbindən X1 tərəfindən ilkin Mediasiya sessiyasında ( İMS ) iştirak edilməməsi barədə 30 noyabr 2022-ci il tarixli MŞB/3-01856 saylı Arayış verilmişdir. Hesab edir ki, birgə hikah dövründə, xx.xx.2021-ci il tarixdə aldığları “ CHEVROLET MALİBU MİNİK ” markalı, 77BU139 dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı xx.xx.2022-ci il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə əsasında aparılmış qeydiyyat ləğv olunmalı, İddiaçı və Cavabdeh1 həmin avtomobilə mülkiyyət hüququ tanınmalı, avtomobilin ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh1 payları müəyyən edilməli, İddiaçı və Cavabdeh1 həmin avtomobil üzərində mülkiyyət hüququ qeydə alınmalıdır, həmçinin birgə nikah dövründə xx.xx.2021-ci il tarixdə aldığları “ OPEL ASTRA MİNİK ” markalı, 77DN269 dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh1 payları müəyyən edilməli, İddiaçı və Cavabdeh1 həmin avtomobil üzərində mülkiyyət hüququ qeydə alınmalıdır. Göstərilən hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 500 manat pul və ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh1 alınaraq ona - İddiaçı ödənilməlidir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək birgə nikah dövründə, xx.xx.2021-ci il tarixdə aldıqları “CHEVROLET MALİBU MİNİK” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı, 2017ci il buraxışlı avtomobil və “OPEL ASTRA MİNİK” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı 2005-ci il buraxılışlı avtomobillə bağlı, avtomobillərin ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh1 paylarının müəyyən edilməsi, “CHEVROLET MALİBU MİNİK” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı avtomobilinin bazar qiymətinin (internet Turbo.az portalı) 24900 manat olmasını nəzərə alaraq həmin avtomobilin ½ hissəsinə görə 12450 manat məbləğində pulun və “OPEL ASTRA MİNİK” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı 2005-ci il buraxılışlı avtomobilin bazar qiymətinin (internet Turbo.az portalı) 12500 manat olmasını nəzərə alaraq həmin avtomobilin ½ hissəsinə görə 6250 manat məbləğində pulun, cəmi 18700 manat məbləğində pulun, göstərilən hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 500 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq - İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, “OPEL ASTRA MİNİK” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti təxminən 13.000 - 14.000 manat təşkil edir, həmin avtomobil cavabdehin mülkiyyətindədir, hazırda bununla bağlı iddia irəli sürülsə də avtomobilin dəyərinin müəyyən olunmasına zərurət görmür, belə ki, iddiaçının həmin avtomobilə payı müəyyən edilərsə daha sonra məhkəmədən kənar tərəflər öz aralarında razılığa gələ də bilərlər, razılığa gələ bilməsələr isə paylara münasib qaydada digər hüquq müdafiə vasitələrindən istifadə edə bilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 öz izahatında göstərmişdir ki, avto təmir məntəqəsində rəngsaz kimi fəaliyyət göstərir. İmkanı olduqca avtomobil alır, təmir edir və satır, “OPEL ASTRA MİNİK” markalı avtomobil onun özünündür, təxminən 9000-10000 manata alıb. Lakin, “CHEVROLET MALİBU MİNİK” markalı avtomobil onun adına alınsa da, avtomobilin sahibi o deyil, tanışı alıb və satıb, aldığı zaman onun adına sadəcə rəsmiləşdirilib. Etibarnamə verdiyi adamı tanımır və avtomobili kim tərəfindən, necə və kimə satılmasını bilmir. İddianın həmin hissədə rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil3 öz izahatında göstərmişdir ki, hazırda avtomobilin qiymətləri alındığı dövürə münasibətdə qalxıb. “OPEL ASTRA MİNİK” markalı avtomobili təsdiq edirlər, ki, cavabdehə məxsusdur, lakin “CHEVROLET MALİBU MİNİK” markalı avtomobil cavabdehin adına rəsmiləşdirilsə də, ona məxsus olmayıb, bu halı şahid də təsdiq edə bilər. Şahid həmin avtomobilin faktiki sahibidir. İddianın həmin hissədə rədd edilməsini xahiş edir. Cavabdeh2 nümayəndəsi X3 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsində göstərmişdir ki, Cavabdeh2 digər cavabdeh X4 və iddiaçını hər hansı formada tanımır və onlarla heç bir zaman əlaqə və münasibəti olmamışdır. İddiaçının mübahisələndirdiyi “CHEVROLET MALİBU MİNİK” markalı minik maşını xx.xx.2021-ci il tarixli etibarnamə əsasında Cavabdeh1 tərəfindən X5 təqdim olunmuşdur. O da xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adından etibarnamə üzrə səlahiyyətli (faktiki olaraq avtomaşını etibarnamə əsasında almış) şəxs kimi avtomaşını X6 təqdim etmişdir. Sonuncu da etibarnamə əsasında avtomaşını Cavabdeh2 təqdim etməklə, avtomaşının AR DYPİ-də müvafiq qaydada onun adına rəsmiləşdirmişdir. Eyni zamanda Cavabdeh2 avtomaşında aşkar olunmuş qüsurlar səbəbindən başqa bir vətəndaşla alqı-satqı qaydasında satmışdır. Cavabdeh2 iddiaçını və əsas cavabdehi tanımadığı üçün avtomaşını almış vicdanlı alıcı olmuşdur. Vicdanlı alıcıya münasibətlə isə iddia rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, ABŞdan özü avtomobillər gətirir, “CHEVROLET MALİBU MİNİK” markalı avtomobil də o alıb. Sadəcə olaraq il ərzində 2 avtomobil öz adına gətirə bildiyindən həmin avtomobil isə həmin il artıq üçüncü olduğundan onu tanışı Cavabdeh1 adına qeydiyyatdan keçirib. Avtomobili şəxsən o etibarnamə götürərək alqı-satqını həyata keçirdib. Cavabdeh1 alqısatqıda iştirak etməyib, avtomobili sahibi kimi özü satıb, neçəyə satdığı hazırda yadında deyil. Məhkəmə tərəflərin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli 016118779/222 nömrəli Bakı şəhər Baş Polis İdarəsindən vəkil Nümayəndə ünvanlanmış məktubdan görünür ki, “CHEVROLET MALİBU MİNİK ” markalı, 77BU139 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi xx.xx.2022-ci il tarixdən Cavabdeh2 qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli 01687126/222 nömrəli Bakı şəhər Baş Polis İdarəsindən vəkil Nümayəndəa ünvanlanmış məktubdan görünür ki, Cavabdeh1 adına xx.xx.2021-ci il tarixdə “CHEVROLET MALİBU MİNİK” markalı, 77BU139 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2022-ci tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. - xx.xx.2022-ci il tarixli, AZ-l 408821 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2022ci il tarixində pozulmuştur. - xx.xx.2022-ci tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki Cavabdeh1 “CHEVROLET MALİBU MİNİK ” markalı, 77BU139 dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxışlı avtomobili 17000 manat pul məbləği qarşılığında Cavabdeh2 satıb. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, tərəflər 26 fevral 2019-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, bu nikahları xx.xx.2022-ci il tarixdə 3 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində pozulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, birgə nikah dövründə, xx.xx.2021-ci il tarixdə “CHEVROLET MALİBU MİNİK” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil və xx.xx.2021-ci il tarixdə “OPEL ASTRA MİNİK” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 adına qeydiyyata alınmışdır. İddia tələblərinə əsasən cavabdeh xx.xx.2021-ci il tarixində “CHEVROLET MALİBU MİNİK” markalı, 77BU139 dövlət qeydiyyat nişanlı avtomobili onun razılığı olmadan xx.xx.2022-ci il tarixdə Cavabdeh2 satmışdır. “OPEL ASTRA MİNİK ” markalı, 77DN269 dövlət qeydiyyat nişanlı avtomobil isə hazırda cavabdehin mülkiyyətindədir. İddiaçı sözügedən avtomobillərin ½ hissədə özünün, ½ hissədə, Cavabdeh1 paylarının müəyyən edilməsi ilə yanaşı hər iki avtomobilin bazar qiymətlərinin (internet Turbo.az portalı) nəzərə alınmaqla (müvafiq olaraq 24900 və 12500 manat) onların dəyərinin yarasının cavabdehdən tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə iddia tələbi ilə bağlı həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 32.1-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. - 32.2.2-ci maddəsinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. - 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir.Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. - 37.1-ci maddəyə əsasən Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. - 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. - 650-ci maddəsinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Məhkəmə hazırda cavabdehin mülkiyyətində olan “OPEL ASTRA MİNİK” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı qeyd edir ki, həmin avtomobilin birgə nikah dövründə əldə edilməsi faktı mübahisəsizdir və cavabdeh tərəf iddiaçının həmin avtomobil üzərində mülkiyyət payının olmasını inkar etməmişdir. İddiaçı tərəf “OPEL ASTRA MİNİK” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiymətinin (internet Turbo.az portalı) 12500 manat olmasına dair tələblərinin olmasına baxmayaraq izahatında həmin avtomobilin hazırda cavabdehin mülkiyyətində olmasını nəzərə alaraq ona mülkiyyət payı tanındıqdan sonra bu əmlakla bağlı mübahisəni cavabdehlə qarşılıqlı razılıq əsasında həll edilməsinin mümkünlüyünü, əks halda isə paylara münasib qaydada digər hüquq müdafiə vasitələrindən istifadə edilə bilməsini göstərmişlər. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı tərəf “OPEL ASTRA MİNİK” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı 2005-ci il buraxılışlı avtomobilin bazar qiymətinin cavabdehdən tutulmasına dair iddia tələbənin olmasına baxmayaraq faktiki olaraq bu məbləğin ondan tutulmasında israrlı olmayaraq avtomobilin hazırda cavabdehin mülkiyyətində olması baxımından pay hüququnun tanınmasını təkid etmiş, lakin bununla belə iddia həcminin azaldılmasına dair ərizə ilə müraciət etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinin tələbləri baxımından iddia tələblərinə qiymət verərək hesab edir ki, “OPEL ASTRA MİNİK” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı 2005-ci il buraxılışlı avtomobil tərəfərin nikah dövründə əldə edildiyi üçün onların ümumi birgə mülkiyyəti sayılır və buna görə də onların hər birinin bu əmlakda 1/2 hissədə payları müəyyən edilməlidir. Belə ki, məhkəmə sözügedən avtomobilin hazırda cavabdehin mülkiyyətində olmaqla mövcud olmasını, iddiaçının da həmin avtomobilə 1/2 hissədə payının tanınmasını nəzərə alaraq, onun internet resurslarında göstərilən bazar və ya digər formada olan qiymətinin tərəflər arasında bölünməsini hazırda məqsədə uyğun hesab etmir. Məhkəmə bu qənaətə gələrkən iddiaçı tərəfin avtomobilin cavabdehin mülkiyyətində olmasına görə bu əmlakla bağlı mübahisəni cavabdehlə qarşılıqlı razılıq əsasında həll edilməsinin mümkünlüyü barədə izahatını da nəzərə almışdır. Məhkəmə bu qənaətə gəlməklə yanaşı qeyd etməyi zəruri sayır ki, paylar üzrə avtomobilin istifadəsi və onun üzərində sərəncam verilməsi ilə bağlı aralarında gələcəkdə razılaşma olmadığı təqdirdə hüququ pozulan şəxsin həmin paylı mülkiyyət üzərində qanunvericilikdə müəyyən edilmiş hüquqlarının realizəsi ilə bağlı iddia qaldırmaq hüquqlarından istifadə edilməsi istisna edilmir. Məhkəmə hesab edir ki, iddia “OPEL ASTRA MİNİK” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı 2005-ci il buraxılışlı avtomobilinə münasibətdə qismən təmin edilməklə tərəflərin həmin avtomobilə 1/2 hissədə payları tanınmalıdır. Məhkəmə iddia tələbinin digər hissəsi olan “CHEVROLET MALİBU MİNİK” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxışlı avtomobillə bağlı qeyd edir ki, bu avtomobilin də birgə nikah dövründə əldə edilməsi faktı mübahisəsizdir, lakin cavabdeh tərəf onun üzərində həm özünün, həm də iddiaçının mülkiyyət payının olması ilə razılaşmır və ümumilikdə iddianı bu avtomobilə aid hissədə qəbul etmir. Belə ki, cavabdeh tərəfin iddianın bu hissəsinə olan etirazının əsas dəlili ondan ibarətdir ki, “CHEVROLET MALİBU MİNİK” markalı avtomobil işdə tanış olduğu şəxsin xahişi ilə onun adına gətirilib və həmin şəxs tərəfindən də satılmışdır. Etibarnamə verdiyi adamı tanımır və avtomobili kim tərəfindən, necə və kimə satılmasını bilmir. Başqa sözlə, cavabdehin mövqeyinə görə “CHEVROLET MALİBU MİNİK” markalı, 77BU139 dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxışlı avtomobil onun adına formal qeydiyyata alınıb. Cavabdehin bu mövqeyini məhkəmədə şahid qismində ifadə vermiş X8 da verdiyi ifadəsində təsdiqləmiş və Cavabdeh1 alqı-satqıda iştirak etməməsini, avtomobilin faktiki sahibinin özünün olmasını və özü tərəfindən də satılmasını göstərmişdir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Qanunvericiliyə əsasən şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin izahatı və şahid ifadəsi özü-özlüyündə iddianın “CHEVROLET MALİBU MİNİK” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxışlı avtomobilə aid hissəsinin əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. İşin materiallarından görünür ki, sözügedən avtomobil cavabdehin adına rəsmiləşdirilmiş və onun tərəfindən də özgəninkiləşdirilməsi üçün X7 müvafiq etibarnamə verilmiş, bundan sonra həmin avtomobilin özgəninkiləşdirlməsi ilə bağlı rəsmiləşdirilmələr ararılmış, cavabdeh qeyd olunan rəsmiləşdirmələrdə müqavilə tərəfi olmuşdur. Cavabdeh tərəfin sözügedən avtomobilin formal olaraq onun adına qeydiyyata alınmasına dair dəlilləri heç bir mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Eyni hallar şahid ifadəsinə də aiddir. Məhkəmə hesab edir ki, “CHEVROLET MALİBU MİNİK” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı avtomobili tərəflərin birgə nikah dövrundə əldə edilməsinə dair iddiaçının irəli sürdüyü dəlilləri daha əsaslı və inandırıcıdır. Lakin məhkəmə qeyd edir ki, iddiaçı tərəf həmin avtomobillə bağlı həyata keçirilmiş özgəninkiləşdirilmələri mübahisələndirməyərək avtomaşının hazırda cavabdehdə olmadığını bildiyinə baxmayaraq onun üzərində paylarının müəyyən edilməsi ilə yanaşı sözügedən avtomobilin internet resurslarında göstərilən bazar dəyərinin, yəni 24900 manatın yarısının cavabdehdən tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, «CHEVROLET MALİBU MİNİK ” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil hazırda cavabdehin mülkiyyətində deyil, digər şəxsin mülkiyyətində olduğu üçün həmin avtomobilə münasibətdə payın tanımasına dair iddia əsaslı sayıla bilməz. Lakin, mübahisələqdirilən avtomobil tərəflərin birgə nikah dövründə əldə edildiyindən və sonradan cavabdeh tərəfindən özgəninkiləşdirildiyindən məhkəmə hesab edir ki, onun iddiaçının iddiasında göstərdiyi həcmdə deyil, ilk dəfə satışından əldə edilmiş olan 17000 manat vəsaitin yarısı, yəni 8500 manat cavabdehdən iddiaçının xeyrinə tutulmaqla iddia bu hissədə də qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müvafiq olaraq göstərilən hüquqi yardımla əlaqədar vəkil xərci olaraq ödənilmiş 500 manat pulun 250 manat hissəsi və ümumilikdə ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin əvəzi olan 100 manatın 50 manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “OPEL ASTRA MİNİK” markalı, 77DN269 dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh1 və İddiaçı ½ hissədə payı müəyyən edilməli, “CHEVROLET MALİBU MİNİK” markalı, 77BU139 dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxışlı avtomobilin satışından əldə olunmuş pul məbləğinin ½ hissəsi olan 8500 (səkkiz min beş yüz) manat pul vəsaiti, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş haqqın 250 (iki yüz əlli) manat hissəsi, dövlət rüsumunun və mediasiya xərcinin əvəzi olan 100 manatın 50 (əlli) manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “OPEL ASTRA MİNİK” markalı, 77DN269 dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh1 və İddiaçı ½ hissədə payı müəyyən edilsin. “CHEVROLET MALİBU MİNİK” markalı, 77BU139 dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxışlı avtomobilin satışından əldə olunmuş pul məbləğinin ½ hissəsi olan 8500 (səkkiz min beş yüz) manat pul vəsaiti, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş haqqın 250 (iki yüz əlli) manat hissəsi, dövlət rüsumunun və mediasiya xərcinin əvəzi olan 100 (bir yüz) manatın 50 (əlli) manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar