Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-71/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 mart 2025ci il tarixdə, Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 35,300 manat pul vəsaitinin, 01 mart 2024-cü il tarixdən faktiki ödəniş ediləsi günədək 35,300 manatdan hesablanmaqla hər gecikdirilmiş günə görə illik 5% ödənişin, 2000 manat təzminatın, 1200 manat vəklil xərcinin və 196 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Şəki şəhəri X3 küçəsində, Universiteti keçərək “Könül bulağı”na çatdıqdan sonra sola dönərkən sağ tərəfdən ikinci həyət olan 6 sot torpaq sahəmi bölərək, 2 sotun bir oğluma, 2 sotun da digər oğluma bağışlamışam. Hər üç sahədə “A”-evlər deyilən (damı hündür, iti bucaqlı A bənzər evlər) kiçik həcmli 3 ədəd yüngül konstruksiyadan evlərin tikilməsini istədim. Təxminən 6 ay qabaq internetdə AFNAR tikinti şirkətinin səhifəsin gördüm, inandırıcı gəldi mənə. Düşündüm ki, bu şirkət ciddi şirkətdi, evin tikilməsini elə bunlara sifariş edim. Müəssisənin rəhbəri olan X1 görüşdüm. Özündən çox arxayın şəkildə dedi ki, istədiyin üç evi tam təmirlişəkildə 90.000,0 (doxsan min) manata tikib tezliklə (2 aya) təhvil verirəm sənə. 28 dekabr 2023 tarixdə getdi mənimlə Şəkidə yerə baxdı. Hər ikisot üzərində “A”-evlər deyilən (damı hündür, iti bucaqlı A bənzər evlər) kiçik həcmli 3 ədəd yüngül konstruksiyadan evlərin tikilməsini istədiyimi dedim. 5.000,0 manat beh götürdü. 2 aya təhvil verməliydilər. Ertəsi gün, dekabrın 29-da onların ofisində, Bakı ş., Nərimanov r., Əhməd Rəcəbli küçəsində, Amaro Plaza-nın 4-cü mərtəbəsinin 411 otağında mənimlə müqavilə imzaladılar, elə həmin vaxt mən Elçinə əlbəəl 30.000,0 manat da pul verdim. Beləliklə, behlə bir yerdə 35.000,0 pul verdim. Bu zaman onun yanında 3 nəfər işçisi var idi. Birinin adı Mirağa, o biri Elnur, digəri isə Nicat idi. Həmin bu şəxslər də Şəkiyə getmişdilər. Qeyd edim ki, müqavilənin tarixini xx.xx.2023, ödəniş qəbzinin tarixini isə xx.xx.2023 kimi yazmışlar. Bir ay yarımdan sonra heç nə edilmədiyini görüb narazılıq bildirdim. Dərhal Nicatı göndərdilər Şəkiyə, o da ora kubik tökdürüb iki evin beton halqasın (poyas) betondan töküb, iki evdən bir evin isə üç daşla divarın hördürdü (o da yalnız üç tərəfdən). Hələ zəng də elədi ki, ustalara verməyə 1.500,0 manat göndər, Bakıya qayıdan kimi verərəm. Onu da vermədi. O vaxtdan heç bir iş görülmədi. Ümumilikdə məndən 36.500,0 manat pul götürdülər. O vaxtdan zəng edirəm Elçinə, telefonu bağlıdı. Mirağaya zəng etdim. Mirağa, Elnur və Nicat gəldilər Badamdara görüşdük. Dedilər Elçin bizə də cavab vermir. Sabahdan gedirik evini tikməyə. Dedim gedin tikin. Heç nə etmədilər. 10 gün sonra zəng elədim ki, pulumu qaytarın. Bu təxminən mart ayının əvvəli olub. Yenə də heç bir hərəkət olmadı. Novruz bayramından sonra, təxminən 27-29 mart Elçin zəng eliyib Elnurnan gəldi Badamdara, görüşdük. Dedi pulum indi yoxdu, yavaş yavaş verərəm. O gedən, getdi. Sonuncu dəfə xx.xx.2024 tarixdə Elnurnan danışdım, dedi biraz pul tapıb ödəyərik. Mənə tam aydın oldu ki, bu yolla onlar pulumu ələ keçirdilər. Onu da qeyd edim ki, bayırda kubiklər yığmışlar. Ondan 150 kubiki kubik satan gəlib aparıb ki, pulunu verməyiblər. Asiman adlı ustaya 60,0 manat borclu qalıblar, digər adını unutduğum fəhləyə 66,0 manat borclu qalıblar,armatur satan Telmana 200,0 manat borclu qalıblar. Mən sonradan bildikdə hamısın ödədim. Görülən iş 1.200,0 manat sərfiyat aparıb. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı eksperr rəyini əsaslı hesab edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 22 dekabr 2023-cü il tarixli müqavilənin (surətinin) 2.1-ci və 3.1-ci bəndlərindən görünür ki, Sifarişçi (İddiaçı) ona məxsus Şəki şəhərində yerləşən torpaq sahəsində, layihəyə uyğun təsdiq olunmuş 3 ədəd hər biri 60 kv.m olan Aframe tipli evlərin tikintisini və təmirini Cavabdeh MMC-yə (İcraçı) həvalə edir. İcraçı öz üzərinə götürür ki, razılaşdırılmış layihəni yüksək keyfiyyətlə və bütün tikinti normativlərinə uyğun olaraq tikib Sifarişçiyə təhvil verəcək və tikilən evə 15 il zəmanət verir. Müqavilənin 2.2-ci bəndinə əsasən Sifarişçi və İcraçının razılaşmasına əsasən evlərin tikintisi ümumi 90000 manat təşkil edir. 25 dekabr 2023-cü tarixli kassa mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 35,000 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin 10 fevral 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Şəki şəhəri, X5 küçəsində yerləşən mübahisə predmeti olan tikililərə çəkilən xərclərin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribi 3451 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən cavabdeh İcraçı qismində iddiaçının sifarişi əsasında Şəki şəhərində yerləşən torpaq sahəsində, layihəyə uyğun təsdiq olunmuş 3 ədəd hər biri 60 kv.m olan Aframe tipli evlərin tikintisini başa çatdırıb Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə bunun müqabilində 90000 manat İcraçıya pul ödəməyi öhdəsinə götürmüşlər. Müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən cavabdehə ümumilikdə 35,000 manat məbləğində pul ödənilmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtda yerinə yetirməyərək, sözügedən evlərin tikintisini başa çatdırmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürmüş öhdəliyi lazımi qaydada və müddətdə yerinə yetirməmişdir. Bu isə cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulmasıdır. İddia tələbinin “35,300 manat pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 35,300 manat pulun tutulmasını xahiş etsə də, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 35,000 manat pul ödənilmişdir. Belə olan halda iddiaçı tərəfindən cavabdehə ödənilmiş puldan cavabdeh tərəfindən görülən işlərin dəyərini təşkil edən pul (ekspert rəyi il müəyyən edilmiş 3451 manat) vəsaiti çıxılmaqla 31,549 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, pulun qaytarılmasının gecikdirilməsinə görə 01 mart 2024-cü il tarixdən hazırki vaxta kimi 31,549 manat pul vəsaitinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1577,45 manat faiz məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında deyilir ki, “...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.” Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7 və 449.1-cu maddəsinə və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsaslanaraq, məhkəmə hesab edir ki, 01 mart 2024-cü il tarixdən hazırkı vaxtadək 1 illik dövr üçün 34,000 manat borc məbləğinə illik 5% dərəcəsi ilə faiz məbləği hesablanmaqla, 1 il üçün 1577,45 manat faiz məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının mənəvi təzminat kimi 2.000 manat tələb etməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən aldadılmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə 1200 manat hüquqi xidmətə görə ödənilmiş pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, AR MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 488036 nömrəli mədaxil orderinin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsi üçün Vəkil hesabına 1200 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki halda iddia tələbi qismən təmin olunduğundan, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 100 manat hissəsi və hüquqi yardıma görə ödənilmiş vəsaitin 600 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 31,549 manat məbləğində zərərin əvəzi, 1577,45 manat məblğində əldən çıxmış fayda olmaqla ümumilikdə 33,126.45 (otuz üç min yüz iyirmi altı manat, qırx beş qəpik) məbləğində pul vəsaiti Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 100 manat hissəsi və hüquqi yardıma görə ödənilmiş vəsaitin 600 manat hissəsi Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-71/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-71/2025
17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver