Məhkəmə qərarları › İş №e-2(009)-726/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-726/2023

26.04.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-726/2023 26.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının verilməsi, maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, “Azinko Development“MMC-nin K-4444 nömrəli, 20 may 2022-ci il tarixli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, “X6 Hotel Baku” Filialında icraçı direktor vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi, cavabdehin təqsiri üzündən ölkəni tərk etdiyindən aviabiletlərə görə ödənilmiş 1160.56 manat, otelə görə ödənilmiş 1489.07 ABŞ dolları (ABŞ dollarının ödəniş gününə olan məzənnəsilə manatla), ödənilmiş təhsil haqqının əvəzi olaraq 2000 manat və vəkilə ödənilmiş 3300 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ilin aprel ayından etibarən “X6 Hotel Baku” Filialında işə başlamış, 07 oktyabr 2019-cu il tarixində onunla Cavabdeh MMC-nin “X6 Hotel Baku” Filialı arasında müddətli əmək müqaviləsi bağlanılmışdır. Müqavilənin müddəti 18 fevral 2023-cü ilə qədər nəzərdə tutulmuşdur. Rəhbərlik etdiyi otel dünyaca məşhur və nüfüzlu otellərdən biri olduğundan işinin məsuliyyətini dərk etmiş və daim yüksək tutmuşdur. Bu dövr ərzində, o, işə vicdanla yanaşmış və iş fəaliyyətində heç bir nöqsanı olmamışdır. Otelin nüfuzunu saxlamaq da elə ən çətin məsələlərdən biri olduğundan bütün xırda detallara belə həssas yanaşmışdır. Personalın əmək funksiyalarına nəzarət edilməsi, həmçinin işə qəbul və işdən azad etmə səlahiyyətləri də ona aid olmuşdur. Bununla bağlı, 10 may 2022-ci il tarixdə şirkətin əməkdaşı olan mühafizə meneceri Atamoğlan Hüseynovun mütəmadi olaraq işdə yol verdiyi nöqsanları ilə əlaqədar onunla bağlanılmış əmək müqaviləsinin xx.xx.2022-ci il tarixdə bitməsini nəzərə alaraq, onunla bağlanılmış əmək müqaviləsinin müddətinin uzadılmaması haqqında qərar vermişdir. Belə ki, Atamoğlan Hüseynov qonaqlara aid şəxsi məlumatları və videogörüntüləri ona bildirmədən, ondan razılıq almadan, özbaşna olaraq məktub əsasında xidməti vəsiqəni təqdim etməyən, lakin özünü polis əməkdaşı kimi təqdim edən şəxsə vermişdir. Onun bu qərarı Cavabdeh MMC-nin rəhbər şəxslərin qəzəbinə səbəb olmuşdur. İlk öncə onunla əmək müqaviləsinin uzadılmasına dair tapşırıqlar almağa başlamışdır. Daha sonra isə 11 may 2022-ci il tarixdə Cavabdeh MMC məktubla Accor Şirkətinə müraciət edərək, ayrı-ayrılıqda onunla və digər əməkdaş, insan resursları üzrə direktor Fəridə Abbasova ilə bağlanılan əmək müqavilələrinə xitam verilməsini tələb etmişdir. Accor şirkəti öz növbəsində bundan imtina etmişdir. Daha sonra isə Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən ona və Fəridə Abbasovaya qarşı ərizələrini yazıb işdən çıxmaqları ilə bağlı təzyiqlər başlamışdır. Təbii ki, onlar bundan imtina etmişlər. Buna görə də, rəhbərlik ondan qurtulmaq üçün 20 may 2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir. Əsas kimi isə hansısa naməlum akt göstərilmişdir. Halbuki o akt ona təqdim edilməmişdir. Əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə işçinin işəgötürən tərəfindən azad edilməsi əsaslarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinin (tərəflərdən birinin təşəbbüsü) dəqiqləşdirilməsi, daha doğrusu hansı halları nəzərdə tutması həmin Məcləənin 70-ci maddəsi ilə dəqiqləşdirilmişdir. Həmin normaya görə Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda. Bundan sonra o, rəhbərliyə bildirmişdir ki, bu hərəkətləri qanunsuzdur, bununla bağlı məhkəməyə müraciət edəcəkdir. Bununla əlaqədar o, mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya prosesində cavabdeh tərəf verdiyi əmrin qanunsuz və əsassız olduğunu anlayaraq onunla barışıq sazişi bağlamışdır. Barışıq sazişinin şərtlərinə əsasən, cavabdeh tərəfindən elektron əmək müqaviləsi bildirişində göstərilən xitam maddəsinə, yəni Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndində qanuna uyğun şəkildə dəyişklik edilməli, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) qeyd edilməli idi. Lakin cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməmişdir. Baxmayaraq ki, o, artıq neçə ildir ailəsi ilə birlikdə Azərbaycanda yaşayır, uşağı burada məktəbə gedir və məktəbin ödənişini də əvvəlcədən aparmışdır, cavabdeh dərhal Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, demək olar ki, onu ölkədən qovmuşdur. Buna səbəb isə onun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmaq idi. Barışıq sazişinin icrasına da 14-28 gün isətəmələri də onun tərəfindən iddia müddətini ötürməyi üçün idi. Görünən odur ki, rəhbərlik onunla şəxsi qərəzlik aparmışdır. Onun işdən qanunsuz olaraq çıxarılmağına və cavabdehin bunu etiraf etməsinə dair kifayət qədər sübutu var. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi imperativ qayda olmaqla işçini işəgötürənin özbaşınalığından qorumaq məqsədi daşıyır. Göründüyü kimi, mülki qanunvericiliyin normalarının vicdanlı əldə edənlərin (vicdanlı sahiblərin) hüquqlarının müdafiə məqsədi güddüyü şübhəsizdir. Təbiidir ki, əks təqdirdə qanun fəaliyyətsiz qalar ki, bu da qanunvericiliyin çatmaq istədiyi ümumi məqsəd xəyali xarakter alardı. Yuxarıda qeyd etdiyi kimi, cavabdehin qanunsuz hərəkəti nəticəsində o, ölkəni tərk etməli oldu və övladı təhsilini yarımçıq qoymalı oldu. Hesab edir ki, bununla bağlıaviabiletlərə görə ödənilmiş 1160.56 manat, otelə görə ödənilmiş 1489.07 ABŞ dolları (ABŞ dollarının ödəniş gününə olan məzənnəsilə manatla), ödənilmiş 2000 manat təhsil haqqı da cavabdehdən tutularaq ona ödənilməlidir. Onun işdən azad edilməsi haqqında “Azinko Development“MMC-nin K-4444 nömrəli, 20 may 2022-ci il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməyinə, qətnamə icra olunanadək məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmiş, lakin məhkəməyə öz etirazını, eləcə də, iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı xx.xx.2019-cu ildə Cavabdeh MMC-nin “X3 Otel Bakı” filialında işə başlamış, onunla Cavabdeh MMC-nin “X6 Hotel Baku” Filialı arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Cavabdeh MMC-nin “X6 Hotel Baku” Filialı İcraçı direktoru İddiaçı öz hərəkətləri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” va “b” bəndləri ilə nəzərdə tutulmuş əsas vəzifələri yerinə yetirmədiyindən, xx.xx.2022-ci il tarixli, K-4444 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən xitam verilmiş və o həmin tarixdən işdən çıxarılmışdır. İddiaçı həmin əmrlə razılaşmadığından Mediasiya Şurasına müraciət etmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişi icra olunaraq onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 2EAB7DO0001X0 saylı əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi və onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ila xitam verilməsi təmin olunmuşdur. Bundan sonra, xx.xx.2022-ci il tarixdə, İddiaçı “işə bərpa və pul” tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)-1491/2022 saylı qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.13-cü maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İddiaçı yenidən xx.xx.2022-ci il tarixdə Mediasiya Şurasına, xx.xx.2023-cü il tarixdə məhkəməyə “Azinko Development“ MMC-nin K-4444 nömrəli, 20 may 2022-ci il tarixli əmrinin ləğv edilməsi, “X6 Hotel Baku” Filialında icraçı direktor vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona verilməsi, cavabdehin təqsiri üzündən ölkəni tərk etdiyindən aviabiletlərə görə ödənilmiş 1160.56 manat, otelə görə ödənilmiş 1489.07 ABŞ dolları (ABŞ dollarının ödəniş gününə olan məzənnəsilə manatla), ödənilmiş təhsil haqqının əvəzi olaraq 2000 manat və vəkilə ödənilmiş 3300 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi tələbi ilə müraciət etmişdir. İddia tələbinin qanunsuz və əsassız olması ilə bağlı aşağıdakı halları məhkəmənin diqqətinə çatdırır. Birincisi, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvini tələb edə bilməz. Belə ki, iş materiallarından görünür ki, işdən azad edilməyə dair ərizə sonuncu tərəfindən şəxsən imzalanmışdır. İddiaçı işdən azad edilməyi ilə bağlı aşağıdakı məbləğlər ödənilmişdir: 1. 2022-ci il May ayı üçün əmək haqqı -4291.74 USD (7295.96 AZN); 2. İki aylıq əmək haqqının kompensasiyası - 10000.00 USD (17000.00 AZN); 3. İstifadə edilməmiş məzuniyyət günlərinin kompensasiyası (54.61 gün) - 14068.20 USD (23915.94 AZN); 4. Şəxsi əşyaların kargo xidmətlərinin kompensasiyası - 4000.00 USD (6800.00 AZN); 5. İddiaçı və onun 3 nəfər ailə üzvünün bilet pulu - 2960.00 AZN. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 329.4. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Göründüyü kimi, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilməsinə razı olmuş, hətta bununla bağlı mediasiyaya və məhkəməyə müraciət etmiş, yuxarıda göstərilən məbləğlər bank hesabına yükləndikdən sonra ödənişi qəbul etmiş və digər bank hesabına köçürmüşdür. Əgər İddiaçı əmrlə razılaşmasa idi, iş yekunlaşanadək son-haqq hesabı götürməz və işə bərpa olunmağını gözləyərdi. İkincisi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin: 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Göründüyü kimi, İddiaçı K- 4444 nömrəli, 20 may 2022-ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa ilə bağlı iddia müddətini ötürmüşdür. Üçüncüsü, əmr qanuni və əsaslı əmr olduğundan, həmçinin iddiaçı son-haqq hesabı götürməklə bilavasitə əmrlə razılaşdığından “X6 Hotel Baku” Filialında icraçı direktor vəzifəsinə bərpa oluna və ona məcburi işburaxmaya görə əmək haqqı hesablanıb verilə bilməz. Dördüncüsü, iddiaçı “cavabdehin təqsiri üzündən ölkəni tərk etdiyindən aviabiletlərə görə ödənilmiş 1160.56 manat, otelə görə ödənilmiş 1489.07 ABŞ dolları (ABŞ dollarının ödəniş gününə olan məzənnəsilə manatla), ödənilmiş təhsil haqqının əvəzi olaraq 2000 manat və vəkilə ödənilmiş 3300 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona verilməsi”ni xahiş etsə də; a) aviabiletlərə görə iddiaçının əvəzinə “X4” MMC-yə 2960.00 manat ödənilmişdir, b) təhsil haqqı və hotel xərclərinə gəldikdə iddiaçı ilə bağlanmış əmək müqaviləsində Cavabdeh MMC belə bir öhdəlik götürməmişdir. Götürmüş olsa belə artıq əmək münasibətləri faktiki olaraq pozulduğundan və xitam verildiyindən öhdəliklərə də xitam verilmiş hesab olunur, c) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hazırkı halda iddia tələbinin hüquqi və qanuni əsası olmadığından vəkilə çəkilmiş xərclər cavabdeh tərəfindən ödənilə bilməz və iddiaçının özünə aid edilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin: 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı). Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair" 3 iyun 2013-cü il tarixli Qərarı). İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 12 mart 2020-ci il tarixli Qərarı). Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı iş üzrə” 7 iyul 2009-cu il tarixli Qərarı). Göründüyü kimi, iddiaçı hazırkı tələblə 2022-ci ilin may ayında mediasiyaya və xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)-1491/2022 saylı qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.13-cü maddəsinə əsasən baxılmamış saxlanılmışdır. xx.xx.2022-ci il tarixli əmr xx.xx.2022-ci il tarixədək mübahisələndirilə bilərdi. Lakin iddiaçı iddia müddətini ötürərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)-1491/2022 saylı qərardadı çıxarıldıqdan 3 ay sonra, yəni xx.xx.2022-ci il tarixdə mediasiyaya, 6 ay sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bundan başqa, iddia ərizəsinin baxılmamış saxlanılması iddia müddətinin axımını dayandırmır. Göründüyü kimi, iddiaçı 1 təqvim aylıq iddia müddətini ötürməklə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda qeyd edilən halları və iddia müddətinin tətbiq edilməsi barədə ərizəni nəzərə alaraq, iddia tələbinə iddia müddətini tətbiq etməklə rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi əsasızdır və təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh MMC-nin K-4444 nömrəli, 20 may 2022-ci il tarixli əmrindən görünür ki, “Azinko Development“ MMC-nin “X3 Otel Bakı” filialında icraçı direktor vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72- ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli tərəflərin razılaşma memorandumundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixindən etibarən əmək müqaviləsində və vəzifə öhdəliklərində sadalanan heç bir əmək funksiyasını həyata keçirməyəcəyini, Cavabdeh MMC isə xx.xx.2022-ci il tarixində İddiaçı may ayı üçün əmək haqqı - 4291,74 USD və ya 7295,96 AZN; iki aylıq əmək haqqının kompensasiyası - 10000 USD və ya 17000,00 AZN; istifadə edilməmiş məzuniyyət günlərinin kompensasiyası (54,61 gün) - 14,068 USD və ya 23915,94 AZN; şəxsi əşyaların kargo xidmətlərinin kompensasiyası - 4000 USD və ya 6800 AZN məbləğində pul ödəməyi, əlavə olaraq İddiaçı və ailəsinin Rusiyaya geri dönüş üçün bir tərəfli təyyarə biletinin təmin edilməsini, ölkədən çıxanadək oteldə yerləşdirilməsini öhdələrinə götürmüşlər. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru X1 ünvanlanan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o öz xahişi ilə 20 may 2022-ci il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 20 may 2022-ci il tarixli K-4444 nömrəli əmrindən görünür ki, Cavabdeh MMC-nin “X3 Otel Bakı” filialında İcraçı Direktor vəzifəsində çalışan İddiaçı 20 may 2022-ci il tarixindən tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2ci maddəsinin “a” bəndinə əsasən (işçinin öz xahişi ilə) 20 may 2022-ci il tarixindən xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru (İkinci tərəf) ilə İddiaçı (Birinci tərəf) arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin şərtlərindən görünür ki: “2.1. İkinci tərəf Saziş imzalandıqdan sonra 1 (bir) gün ərzində əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 2EAB7DO0001X0 saylı əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi və Birinci tərəfin əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilməsinə dair öhdəlik götürür. 2.2. İkinci tərəf Saziş imzalandıqdan sonra 1 (bir) gün ərzində 2.1-ci maddədə qeyd edilən öhdəliyi icra etmək məqsədilə müvafiq dövlət orqanına müraciət edəcəkdir. 2.3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini va aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırkı va keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar va öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.5. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm da notarisun icra qeydina əsasən həyata keçirilə bilər. 2.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir”. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X2 Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, şirkətdə İcraçı Direktor vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 2EAB7DO0001X0 saylı əmək müqaviləsi bildirişini xx.xx.2022-ci tarixində Əmək Münasibətləri və Məşğulluq altsisteminə (ƏMAS) daxil edildikdə Əmək müqaviləsinə verilməsinin əsası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinin yerinə səhvən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi daxil edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci tarixli, 2EAB7DO0001X0 saylı əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi və ƏMAS-da AR ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin həmin tarixlə daxil edilməsinə icazə verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2019cu ildə Cavabdeh MMC-nin “X3 Otel Bakı” filialında işə başlamış, onunla Cavabdeh MMCnin “X6 Hotel Baku” Filialı arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Cavabdeh MMC-nin “X6 Hotel Baku” Filialı İcraçı direktoru İddiaçı öz hərəkətləri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” va “b” bəndləri ilə nəzərdə tutulmuş əsas vəzifələri yerinə yetirmədiyindən, xx.xx.2022-ci il tarixli, K-4444 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən xitam verilmiş və o həmin tarixdən işdən çıxarılmışdır. İddiaçı həmin əmrlə razılaşmadığından Mediasiya Şurasına müraciət etmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişi icra olunaraq onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 2EAB7DO0001X0 saylı əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi və onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ila xitam verilməsi təmin olunmuşdur. Bundan sonra, xx.xx.2022-ci il tarixdə, İddiaçı “işə bərpa və pul” tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)-1491/2022 saylı qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası MPMin 259.0.13-cü maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İddiaçı yenidən xx.xx.2022-ci il tarixdə Mediasiya Şurasına, bundan sonra isə hazırki iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, öz xahişi ilə 20 may 2022-ci il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İddiaçıya işdən azad edilməyi ilə bağlı aşağıdakı məbləğlər ödənilmişdir: 1. 2022-ci il May ayı üçün əmək haqqı -4291.74 USD (7295.96 AZN); 2. İki aylıq əmək haqqının kompensasiyası - 10000.00 USD (17000.00 AZN); 3. İstifadə edilməmiş məzuniyyət günlərinin kompensasiyası (54.61 gün) - 14068.20 USD (23915.94 AZN); 4. Şəxsi əşyaların kargo xidmətlərinin kompensasiyası - 4000.00 USD (6800.00 AZN); 5. İddiaçı və onun 3 nəfər ailə üzvünün bilet pulu - 2960.00 AZN. Göstərilən məbləğlər iddiaçının bank hesabına yükləndikdən sonra o, həmin ödənişi qəbul etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələblərinə tam riayət edilmişdir və iddiaçının işdən azad olunması barədə əmrin ləğv olunması üçün heç bir qanuni əsas mövcud deyildir. Məhkəmə işəgötürən tərəfindən iddiaçının işdən azad olunması və bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulmasına dair iddiaçının dəlillərini əsassız hesab edir. Bundan əlavə, məhkəmə iddianı rədd edərkən iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini nəzərə alır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci və 296.3-cü maddələrinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi fərdi əmək mübahisəsindən (əmrin ləğv edilməsi və işə bərpa) irəli gələn iddia olduğu üçün qeyd edilən tələbə Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq iddia müddəti şamil edilməlidir. Məhkəmə xüsusilə qeyd edir ki, əmək mübahisələrindən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir və bu zaman Əmək Məcəlləsinin 296.3-cü maddəsinin müddəaları mütləq nəzərə alınmalıdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 15 aprel 2011-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. İş materiallarından göründüyü kimi, iddiaçı hazırkı tələblə 2022-ci ilin may ayında mediasiyaya və xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)-1491/2022 saylı qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.13-cü maddəsinə əsasən baxılmamış saxlanılmışdır. xx.xx.2022-ci il tarixli əmr xx.xx.2022-ci il tarixədək mübahisələndirilə bilərdi. Lakin iddiaçı iddia müddətini ötürərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)-1491/2022 saylı qərardadı çıxarıldıqdan 3 ay sonra, yəni xx.xx.2022-ci il tarixdə mediasiyaya, 6 ay sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bundan başqa, iddia ərizəsinin baxılmamış saxlanılması iddia müddətinin axımını dayandırmır. Göründüyü kimi, iddiaçı 1 təqvim aylıq iddia müddətini ötürməklə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi hazırki tələb üzrə iddia müddətinin keçdiyini bildirərək iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “E.S.Həkimovun şikayəti üzrə” 03 noyabr 2008-ci il tarixli qərarında izah etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafıə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair" 3 iyun 2013-cü il tarixli Qərarında izah etmişdir ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 12 mart 2020-ci il tarixli Qərarı). Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı iş üzrə” 7 iyul 2009-cu il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfınin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfınin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi ilə bağlı iddia müddəti iddiaçı tərəfindən ötürüldüyündən və cavabdeh tərəfındən iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edildiyindən iddia tələbi rədd edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iddiaçının Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunması tələbi əsaslı olmadığından onun digər tələbləri - məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi, cavabdehin təqsiri üzündən ölkəni tərk etdiyindən aviabiletlərə görə ödənilmiş 1160.56 manat, otelə görə ödənilmiş 1489.07 ABŞ dolları, ödənilmiş 2000 manat təhsil haqqının əvəzi olaraq cəmi 3160.56 manat və 1489.07 ABŞ dolları məbləğində pulun ödənilməsinə dair tələbləri də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4 maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının verilməsi, maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar