Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-745/2025 12.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndə və vəkili Vəkil1, cavabdehin nümayəndə Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən mənəvi zərərə görə 40.000 (qırx min) manat məbləğində pulun, “Ekol” Vəkil Bürosu ilə bağladığı müqaviləyə əsasən ödədiyi 300 (üç yüz) manat və ödədiyi 210 (iki yüz on) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ata dedikdə arxa dayaq nəzərdə tutulur. O, 1986-cı ildə anadan olmuşdur. 26 yaşı olarkən atası hansısa səhlənkar qurumun əməkdaşının məsuliyyətsizliyinin qurbanı oldu. Belə ki, atası X9 X17 İdarəsinin Quyuların Əsaslı və Yeraltı təmir sexində qazmaçı köməkçisi vəzifəsində işləyirdi. Atasına çox bağlı idi. Bu bağlılığı dillə ifadə etmək çətindir. Bunu sadəcə ata sevgisi olan qızlar duyub hiss edə bilərlər. Soyuq qış ayları idi, daha dəqiq desək, 06 yanvar 2012-ci il tarixdə, evlərinə gələn telefon zəngindən sonra həyatlarının düzəni dəyişdi. Atası aşmış kranın altında qalmış və faciəvi surətdə vəfat etmişdi. Əlbəttə ki, bir gün gələn bir gün gedəcək, amma atasının ölümü bir başqa faciəvi idi. Atasının yoxluğunu hələ də hiss edirlər. Atasının faciəvi ölümünə dözə bilməyən anası da dünyasını dəyişdi. Sözün həqiqi mənasında özünü yetim olaraq tənha hiss edir. Atasının faciəvi ölümü ilə bağlı cinayət işinin istintaqı aparılmış X9 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunmuşdur. Belə ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 17 may 2012-ci il tarixli, 1(002)-112/2012 saylı hökmünə əsasən X13 Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə bir il sınaq müddəti müəyyən edilməklə cəzası şərti hesab edilmişdir. X6 məhkum edilməsinə səbəb onun səhlənkarlıq, yəni vəzifəli şəxs olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 17 may 2012-ci il tarixli hökmündə aşağıdakı kimi göstərilmişdir: Belə ki, X13 Cavabdeh, Qaradağ rayonu, Salyan şosessi 63 ünvanında yerləşən, Qaz Anbarlarının istismarı İdarəsi Quyuların Əsaslı və Yeraltı təmir sexində-usta vəzifəsində işləyən X13 “X20 İdarəsinin” Quyuların Əsaslı və Yeraltı Təmir Sexinin ustasının vəzifə təlimatının 4-cü, 5-ci və 06 yanvar 2005-ci il tarixdə təsdiq olunmuş “Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları” nın 4.8.14-cü bəndinin tələblərinə görə quyuların əsaslı və yeraltı təmiri üzrə işlərə rəhbərlik etməklə işlərin təhlükəsiz aparılması üzrə təlimat və qaydalara, texnoloji rejim və reqlamentlərə əməl edilməsinə, təhlükəsiz iş üsullarının tətbiq edilməsinə, nasaz avadanlıqların işləməməsinə, nasaz alət və tərtibatların istifadəsinə yol verilməməsinə, habelə əmək şəraitinin vəziyyətinə daimi nəzarət, avadlanlıqların mexanizmlərin, tərtibatların düzgün və quyuların yoxlanılmasına, avtomatik nəzarət və siqnalizasiya qurğularının sazlığının və quyuların dərinliyindən asılı olmayaraq, saz vəziyyətdə olan çəki indikatoru olmadan endirmə-qaldırma əməliyyatlarına, həmçinin qülləyə (vışkaya) ağırlıq düşməsi ilə əlaqədar olan təmir işlərinin aparılmasının qadağan edilməsi üzrə qaydaların təmin edilməsinə nəzarət etmə vəzifəsi həvalə edilmiş şəxs olduğu halda 06 yanvar 2012-ci il tarixdə, saat 16 radələrində 426 saylı qaz anbarı quyusunun üzərində aparılan işlərə rəhbərlik edərkən nəzarət ölçü cihazlarına (çəki indikatoruna) nəzarət etmədən endirmə-qaldırma əməliyyatları aparmış və “Kraz” markalı **-JD-***dövlət qeydiyyat nömrə nişanlı avtomaşının arxa hissəsində yerləşən, səyyar qaldırıcı qurğunun qülləsinə (vışkaya) normadan artıq yük düşmüş, bunun nəticəsində qaldırıcı mexanizm aşmış və X17 İdarəsinin Quyuların Əsaslı və Yeraltı təmir sexində qazmaçı köməkçisi vəzifəsində çalışan X10i qaldırıcı mexanizmin altında qalaraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik sol qasıq sümüyünün qapalı, hər iki baldır sümüklərinin açıq qəlpəli sınıqları xəsarətləri almış və xəstəxanaya çatdırılarkən təcili tibbi yardım avtomaşınında vəfat etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşının cinayət əməli nəticəsində vəfat edən X7 onun doğma atası idi. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 40.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsini məhkəmədən xahiş edir. Bundan başqa, ona məhkəmədə təmsil etmək üçün “Ekol” Vəkil Bürosu ilə bağladığı müqaviləyə əsasən 300 manat xidmət haqqı ödəmişdir. Göstərilən məbləğ də cavabdehdən alınaraq ona ödənilməlidir. Həmçinin hazırki iddianı vermək üçün məhkəməyə dövlət rüsumu olaraq 210 manat pul ödəmişdir. Ödədiyi 210 manat dövlət rüsumu da cavabdehdən alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia tələbinə uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, aşağıdakılara görə iddia ərizəsini əsassız hesab edir. Belə ki, xx.xx.2012-ci il tarixdə X6 öz xidməti vəzifəsinin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində X3 ölümünə səbəb olmuşdur. X13 barəsində Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə cinayət işi başlanılmış və törətdiyi cinayət əməlinə görə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-112/2012 saylı xx.xx.2012-ci il tarixli hökmü ilə təqsirli bilinərək, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və AR CM-nin 70-ci maddəsini tətbiq olunaraq bir il sınaq müddəti müəyyən olunmaqla təyin edilmiş cəza şərti tətbiq edilmişdir. Bildiririk ki, iş materiallarından, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-112/2012 saylı xx.xx.2012-ci il tarixli hökmündən də görünür ki, X13 öz xidməti vəzifəsinə lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində fiziki şəxs vəfat etmişdir. "Azneft" İB tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu olmadığından, hazırki iddia tələbi cavabdehdən deyil X4 tələb edilə bilər. İddiaçının mənəvi ziyan tələbi ilə əlaqədar olaraq bildiririk ki, zərərin əvəzini zərər vurmuş şəxs ödəməlidir. Qanunvericilikdə bir neçə şəxsin bir hüquqpozmada mülkihüquqi məsuliyyətini müəyyənləşdirən üç məsuliyyət növü vardır. Bunlar paylı məsuliyyət, solidar (birgə) məsuliyyət və subsidiar (əlavə) məsuliyyətdən ibarətdir. Paylı məsuliyyətdə hər kəs öz payı daxilində məsuliyyət daşıyır ki, vurulmuş zərərin əvəzinin ödənilməsində öz payı həcmində iştirak edir. Solidar (birgə) məsuliyyəti bir neçə şexs birlikdə zərər vurduqda daşıyır. Məsuliyyətin bu növünün xüsusiyyəti ondadır ki, məhkəmə zərərçəkənin mənafeyi üçün zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Subsidiar məsuliyyət qanunda və ya müqavilədə nəzərdə tutulduğu halda borclu ilə birlikdə öhdəliyin lazımınca icra edilməməsinə görə əlavə məsuliyyətdir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlikanlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. 1097-ci maddədə nəzərdə tutulmuş fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin ödənilməsi nəzərdə tutulmuşdur.Ümumiyyətlə zərərin əvəzinin ödənilməsi üçün bir qayda olaraq, mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Mülki hüquq pozuntusunun tərkibini ümumi şərtləri: (1) Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması. Hüquqazidd əməl dedikdə, şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkəti və ya hərəkətsizliyi anlaşılır. (2) Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə, mənəvi zərər şəxsin şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində çəkdiyi fiziki və mənəvi sarsıntılara səbəb olur. (3) Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir. (4) Hüquqpozan şəxsin təqsirinin olmasıdır. Beləliklə, yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. Cavabdehin neft-qaz yataqların işlənməsi, qaz anbarının istismarı, neft-qaz çıxarmanın texniki-iqtisadi cəhətdən səmərəliliyinin təmin edilməsi istiqamətində fəaliyyət göstərir. Respublikasımızın büdcə gəlirlərinin yüksək hissəsi neftqaz satışından əldə edilir. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və təmir işlərini həyata keçirir. Qeyd olunan işlərin uğurla həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb edilir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunnu xx.xx.2008-ci il qərarının 4-cü bəndinə əsasən, Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Bundan əlavə, iş materiallarından da görünür ki, Kənan Cəfərlinin vəfat etməsindən 13 ildən çox müddət keçməsi, mənəvi zərərin təsirinin artıq olmamasıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işə baxıb, tərəflərin izahatlarını dinləyb, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən iddia tələbinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İ 504448 nömrəli, 17 yanvar 2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2012-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2012-ci ilin yanvar ayının 17 günündə 01 № ilə qeyd edilmişdir. İş materiallarında olan Xİ-JQ 456658 saylı, xx.xx.1986-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxx 1986-cı ildə doğulmuşdur. X1, anası X5r. İş materiallarında olan AA******* 3ESoFNC nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə doğulmuşdur. İş materiallarında olan AZ-İ 268743 saylı, xx.xx.2006-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və X11 11 noyabr 2006-cı ildə rəsmi nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2006-cı ilin noyabr ayının 11 günündə 27 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Həsənova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(009)-112/2012 nömrəli, 17 may 2012-ci il tarixli hökmündən görünür ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək müəyyən vəzifə tutuma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq bir il sınaq müddəti müəyyən olunmaqla təyin edilmiş cəza şərti hesab edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, X13 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh X17 İdarəsinin Quyuların Əsaslı və Yeraltı təmir sexində usta vəzifəsində işləyərkən, vəzifəli şəxs olmaqla işə laqeyid münasibəti nəticəsində, öz xidməti vəzifəsini yerinə yetirməyərək və lazımi qaydada yerinə yetirməyərək, iddiaçının X1nun ölümünə səbəb olmuş səhlənkarlıq etmişdir. İddiaçının atasının ölümünə səbəb olmuş cavadehin işçisi X2 Rayon Məhkəməsinin 1(009)-112/2012 nömrəli, 17 may 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə təqsirli bilinərək müəyyən vəziyə tutuma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilərək bir il sınaq müddəti müəyyən olunmaqla təyin edilmiş cəza şərti hesab edilmişdir. Hadisə nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur. Baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçı atasının faciəvi qaydada ölməsindən sonra davamlı iztirab, sarsıntı keçirir. İddiaçı ona dəyən mənəvi zərərin əvəzi olaraq 40000 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında izah etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında eləcə də göstərilmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hissləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında izah etmişdir ki, mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarında izah etmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında iddiaçının atasının ölümünün cavabdeh təşkilatın işçisinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. İddiaçının atasının hadisə nəticəsində vəfat etməsinin iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. Bununla yanaşı, baş vermiş hadisədən artıq 13 il keçməsi onu qəti surədə deməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni ola bilməz. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Ona görə də iddia tələbinin iddiaçının qeyd etdiyi formada, tam həcmdə təmin olunması əsasları hazırda mövcud deyildir. Belə ki, iddiaçı mənəvi ziyana görə qırx min manat pul tələb edir. Məhkəmə hesab edir ki, zərərçəkənin ölümünə səbəb olmuş hadisə ehtiyatsızlıqla törədilmiş cinayət olduğundan zərərin məbləği 20.000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən mənəvi zərərə görə 20 000 (iyirmi min) manat, vəkil xərci olaraq 300 (üç yüz) manat və ödənilmiş 210 (iki yüz on) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova İ
Məhkəmə qərarları › İş №e-2(009)-745/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-745/2025
12.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver