Məhkəmə qərarları › İş №e-2(009)-76/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-76/2022

21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-76/2022 21.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı – cavabdeh "xxxx" ASC-yə (Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu və "xxxx" ASC üçüncü şəxs kimi cəlb edilən) qarşı «sığorta haqqının və dəbbə pulunun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlak sığortası növü ilə sığortalanmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə sığorta hadisəsinin baş verməsi nəticəsində dəymiş 25679 (iyirmi beş min altı yüz yetmiş doqquz) manat məbləğində zərərin və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 25709 (iyirmi beş min yeddi yüz doqquz) manat məbləğində pulun "xxxx" ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, onunla "xxxx" ASC arasında 30.08.2018ci il tarixində, PİM-AİF-10702/18 saylı sığorta şəhadətnaməsi imzalanmış və Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küç 54 ünvanında yerləşən ev əmlak sığortası növü ilə sığorta olunmuşdur. 22 iyul 2019-cu il tarixdə qeyd edilən fərdi yaşayış evində yanğın hadisəsi (sığorta hadisəsi) baş vermişdir. O, dərhal bu barədə müvafiq dövlət orqanlarına və sığorta şirkətinə məlumat vermişdir. Sığortalanmış əmlaka "xxxx" ASC-nin əməkdaşları və ekspertləri tərəfindən baxış keçirilmiş və 18 yanvar 2020-ci il tarixli hesabat tərtib edilmişdir. Həmin hesabatla fərdi yaşayış evinə dəymiş zərər 6976 (altı min doqquz yüz yetmiş altı) manat məbləğində qiymətləndirilmişdir. O, həmin hesabatla razılaşmamışdır. Daha sonra ona "xxxx" ASC tərəfindən ünvanlanmış 17 mart 2020-ci il tarixli məktubla bildirilmişdir ki, 18 yanvar 2020-ci il tarixli hesabatla razılaşmadığından ona 3 müxtəlif ekspert təklif edilir. Həmin ekspertlərdən hər hansı birini seçməklə dəymiş zərərin qiymətləndirilməsi həyata keçirilə bilər. 27 iyul 2020-ci il tarixli məktubla eyni ekspertlərin siyahısı ona təkrarən göndərilmişdir. O, verdikləri siyahıda adı göstərilən ilk eksperti - X1 və qiymətləndirməni həyata keçirmişdir. X7 tərəfindən keçirilmiş müstəqil ekspertizanın nəticəsi üzrə 29 avqust 2020-ci il tarixdə rəy verilmiş və ona dəymiş ziyan 25679 (iyirmi beş min altı yüz yetmiş doqquz) manat olaraq qiymətləndirilmişdir. Lakin "xxxx" ASC öz təklif etdiyi ekspertin rəyi ilə razılaşmamış, yenidən iki müxtəlif ekspertiza keçirmiş, 10090 (on min doxsan) manat və 9904 (doqquz min doqquz yüz dörd) manat məbləğində iki müxtəlif rəy almışdır. Sonuncu iki rəy həqiqəti əks etdirmir. Çünki Sığorta şirkətinin maraqlarına uyğun gələn rəydə cəmi 16 adda zəruri material sadalanmışdır. Halbuki təklif etdikləri X4 tərtib etdiyi rəydə 42 adda materialın adı qeyd edilmişdir. Sual olunur ki, sığorta şirkətinin maraqlarına uyğun gələn rəydə adları qeyd edilməyən materialları ona kim almalıdır? Misal üçün: sığorta şirkəti diqtə edir ki, onun yanıb kül olmuş evinə cəmi 10 kisə sement kifayətdir. Bu 10 kisə sement həm suvağa, həm hörgüyə necə bəs edə bilər? Tərtib etdikləri rəy absurd qiymətləndirmədən başqa bir şey deyildir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək əmlak sığortası növü ilə sığortalanmış Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küç 54 ünvanında yerləşən fərdi yaşayış evinə sığorta hadisəsinin baş verməsi nəticəsində dəymiş 27160 (iyirmi yeddi min yüz altmış) manat məbləğində zərərin əvəzi olaraq pulun "xxxx" ASC-dən alınaraq 08.05.2007-ci il tarixli, 07050278 saylı kredit müqaviləsi üzrə borcunun ödənilməsi məqsədilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, mülki iş üzrə sığortalanmış əmlaka dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən dəymiş ziyan hesablanaraq 27160 (iyirmi yeddi min yüz altmış) manat olaraq müəyyən edilmişdir. Bundan əlavə PİM-AİF- 10702/18 nömrəli sığorta şəhadətnaməsində “faydalanan şəxs” qismində kredit yenidən maliyyələşdirilənədək müvəkkil bank, kredit yenidən maliyyələşdirildikdən sonra isə "xxxx" ASC qeyd edilmişdir. Belə ki, sığorta obyekti olan evi o, "xxxx" ASC ilə bağladığı 08.05.2007-ci il tarixli, 07050278 saylı kredit müqaviləsi üzrə ona 300 ay müddətinə, illik 5% dərəcəsi ilə verilmiş 45000 manat məbləğində ipoteka krediti hesabına əldə etmiş, həmin ev "xxxx" ASC-də ipoteka ilə yüklüdür və həmin evə görə kredit borcunu ödəməkdədir. Bu səbəbdən hesab edir ki, dəymiş zərərə görə 27160 manat məbləğində pul onun Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna olan borcunun ödənilməsi məqsədilə "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək əmlak sığortası növü ilə sığortalanmış Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küç 54 ünvanında yerləşən fərdi yaşayış evimə sığorta hadisəsinin baş verməsi nəticəsində dəymiş 18235 (on səkkiz min iki yüz otuz beş) manat məbləğində zərərin əvəzi olaraq pulun "xxxx" ASCdən alınaraq 08.05.2007-ci il tarixli, 07050278 saylı kredit müqaviləsi üzrə borcunun ödənilməsi məqsədilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna, həmçinin 3828,15 (üç min səkkiz yüz iyirmi səkkiz manat on beş qəpik) manat məbləğində dəbbə pulunun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun "xxxx" ASCdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, mülki iş üzrə sığortalanmış əmlaka dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən dəymiş ziyan hesablanaraq 27160 (iyirmi yeddi min yüz altmış) manat olaraq müəyyən edilmişdir. "xxxx" ASC ona 06.10.2020-ci il tarixli məktubla müraciət edərək 10090 (on min doxsan) manat məbləğində dəymiş zərərə görə kompensasiya ödəməyə hazır olduğunu bildirmişdir. Lakin təsdiqini tapan zərər məbləği 18235 (on səkkiz min iki yüz otuz beş) manatdır. Buradan aydın olduğu kimi "xxxx" ASC 8145 (səkkiz min yüz qırx beş) manat məbləğində sığorta ödənişini (18235-10090=8145) gecikdirmişdir. Göründüyü kimi "xxxx" ASC 8145 manat məbləğində sığorta ödənişini gecikdirmişdir. 06 oktyabr 2020-ci il tarixindən bu günə kimi (21.01.2022-ci il) 1 il 3 ay 16 gün keçmişdir. Bu da orta hesabla 470 gün edir. 8145 manat məbləğində gecikdirilmiş sığorta ödənişinə görə bir günlük dəbbə pulu 8,14 manat təşkil edir (8145*0,1%=8,14), 470 günlük gecikmə üçün isə dəbbə pulu 3828,15 manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında 03.08.2018-ci il tarixli, PİM-AİF-10702/18 sığorta şəhadətnaməsi (müqaviləsi) imzalanmış və ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi əmlak sığortası növü ilə sığortalanmışdır. Sığortalı İddiaçı 22.07.2019-cu il tarixdə Cəmiyyətə müraciət edərək, sığortalanmış əmlakın sığorta hadisəsinə məruz qaldığını bildirmişdir. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını müəyyənləşdirmək üçün sığortalı İddiaçı iştirakı ilə qeyd edilən əmlaka "xxxx" MMC-nin nümayəndəsi tərəfindən baxış keçirilmiş, yanğın nəticəsində dəymiş zərər 6976 (altı min doqquz yüz yetmiş altı) manat müəyyən edilmişdir. Bu barədə də İddiaçı məlumat verilmişdir. Sığortalı İddiaçı "xxxx" MMC-nin qiymətləndirmə hesabatı ilə razı olmadığından şirkət ona sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını müstəqil ekspert vasitəsilə qiymətləndirilməsi üçün ekspertlər siyahısından bir ekspertin seçilməsi təklif edilmişdir. Şirkət tərəfindən sığortalı İddiaçı göndərilmiş məktublar cavabsız qaldığından onunla əlaqə saxlanılmış, məktublar ona çatmadığı üçün yenidən təkrar göndərilmişdir. Təkrar məktubları sığortalıya çatmadığı üçün onunla əlaqə saxlanılmış, o, isə məsələ ilə bağlı şəxsən Cəmiyyətə gələrək qeyd edilən mübahisəni müzakirə etmək istədiyini bildirmiş, daha o, məlum pandemiya ilə bağlı sərt karantin rejimi ilə əlaqədar Bakı şəhərinə gələ bilmədiyini bildirərək qeyd edilənlərlə bağlı Cəmiyyətə məlumat verəcəyini bildirmişdir. Sığortalının 20.09.2020-ci il tarixdə Cəmiyyətə daxil olmuş 13.04.2021-ci il tarixdə məktubuna əsasən dəymiş zərərin miqdarının müstəqil ekspert X7 tərəfindən qiymətləndirilməsi onlara təklif edilmişdir. Həmin müstəqil ekspert tərəfindən sığortalı əmlaka dəymiş zərər 25679 (iyirmi beş min altı yüz yetmiş doqquz) manat məbləğində müəyyən edilmişdir. Lakin qeyd edilən müstəqil ekspert tərəfindən əmlaka baxış keçirilən zaman Cəmiyyətin nümayəndəsinin iştirakı təmin edilməmiş, bu isə Cəmiyyətin hüquqlarının əhəmiyyətli dərəcədə pozulması deməkdir. Həmçinin ekspert əmlaka baxış keçirərkən yanğın hadisəsi nəticəsində zədələnmiş hissələrin və görülməli işlər haqqında akt tərtib edərək onların siyahısını tərəflərə razılaşdırılmalı olduğu halda bunu etməmiş, əksinə qüsur aktında yanğın hadisəsinin nəticəsində əmələ gəlməmiş zədələləri və onların aradan qaldırılması üçün tələb edilən materialların və işçilik haqqını qüsur aktına daxil edərək məbləği əsassız olaraq süni şəkildə şişirtmişdir. Bu səbəbdən 22.07.2019-cu il tarixində baş vermiş yanğın hadisəsi nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin miqdarı ilə bağlı razılıq əldə edilmədiyi üçün müstəqil ekspertlərin iştirakı ilə komission ekspertiza təyin edilmiş və 23.09.2020-ci il tarixdə müstəqil ekspertlər X14, X13, sığortaçının nümayəndəsi və cavbadeh İddiaçı iştirakı ilə sığotalı əmlaka təkrar baxış keçirilmişdir. Belə ki, müstəqil ekspert X14 tərəfindən zərər 10090 (on min doxsan) manat, X13 tərəfindən isə 9904 (doqquz min doqquz yüz dörd) manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq İddiaçı – cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta haqqının və dəbbə pulunun ödənilməsi» tələbinə dair iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X17 izahatında bildirmişdir ki, o, məhkəmənin tikinti-texniki ekspertizası təyin edilməsi barədə qərardadında qeyd edilən sualllar üzrə rəy vermiş, həmin qərardadda ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 52.1 kv.m olan yaşayış sahəsi deyil, bütün evə dəymiş ziyanın dəyərinin müəyyən edilməsi qeyd edildiyindən o, da qeyd edilən evə dəymiş ziyanla bağlı rəy vermiş və 22.07.2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi zamanı dəymiş ziyanın aradan qaldırılması üçün, fərdi yaşayış evində aparılmalı müxtəlif növ tikinti-təmir və yenidən quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) dəyərinin 27160 manat (77,6x350) məbləğində olmasını müəyyən etmişdir. Həmçinin qeyd etmişdir ki, 1,0 kv.m sahəyə təqribən 350 manat dəyərində vəsaitin sərf olunması hazırki mövcud bazar qiymətlərinə uyğundur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər üçüncü şəxslər Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu və "xxxx" ASC məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə üçüncü şəxslər Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu və "xxxx" ASC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçınının nümayəndəsi və vəkilinin, eləcə də cavabdehin nümayəndəsinin izahatlarını dinləyib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DƏDRX-nin Gəncə şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30,1 kv.m yaşayış, 22 kv.m köməkçi sahədən ibarət 54 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində 16.07.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DƏDRX-ninGəncə şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 15.08.2007-ci il tarixli, **********82 nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsində yerləşən yaşayış evi 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 52,1 kv.m olmaqla ondan 30,1 kv.m yaşayış, 22 kv.m köməkçi sahədən və s. ibarətdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 03.08.2018ci il tarixli, PİM-AİF-10702/18 nömrəli əmlak sığortası şəhadətnaməsindən görünür ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 54 ünvanında yerləşən ümumi sahəsi 52,1 kv.m olan evi (faydalanan şəxs qismində kredit yenidən maliyyələşdirilənədək müvəkkil bank, kredit yenidən maliyyələşdirildikdən sonra isə "xxxx" ASC) "xxxx" ASC qarşısında yanğın və digər əlavə risklərdən 30.08.2021-ci il tarixədək sığortalamışdır. İşə əlavə edilmiş "xxxx" MMC-nin 18.01.2020-ci il tarixli rəyindən görünür ki, MMCnin ekspertləri tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (Seriya MH Ns 0010107, Qeydiyyat nömrəsi; 150705164, qeydiyyat tarixi 16.07.2007) əsasında, İddiaçı məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 54 ünvanında, mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 52.1 kv.m, o cümlədən 30.1 kv.m yaşayış, 22.0 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evində baş vermiş yanğın zamanı dəymiş ziyanın müəyyən edilməsi ilə əlaqədar 18 yanvar 2020-ci tarixində İddiaçı iştirakı ilə fərdi yaşayış evinə baxış keçirilmiş, qiymətləndirmə işi X2 (BQS) və «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq aparılmış və aparılmış təhlil və hesablamalar nəticəsində müəyyən olmuşdur ki, İddiaçı məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 54 ünvanında mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 52.1 kv.m, o cümlədən 30.1 kv.m yaşayış, 22.0 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə dəymiş ziyanın ümumi məbləği 6976 (altı min doqquz yüz yetmiş altı) manat həcmində müəyyən edilmişdir. İşə əlavə edilmiş "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 17.03.2020-ci il tarixli, BS-C-20/0339 nömrəli məktubundan görünür ki, onun tərəfindən "xxxx" ASC-yə telefon vasitəsi ilə müraciət olunaraq ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərlə bağlı "xxxx" MMC tərəfindən müəyyən edilmiş məbləğ ilə razılaşmadığını bildirmişdir. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.3-cü maddəsinin tələblərini nəzərə alaraq, 23 iyul 2019-cu il tarixində baş vermiş hadisə nəticəsində ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərər məbləğinin müəyyən edilməsi üçün müstəqil ekspertlər sırasından bir müstəqil ekspert təyin edilməsi təklif edilmişdir. Ekspertlər - X7, X20 və X12r. İşə əlavə edilmiş müstəqil sığorta eksperti X7 tərəfindən verilmiş 29.08.2020-ci il tarixli müstəqil ekspertin aktından görünür ki, yanğın nəticəsində İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən əmlakda dəyən ziyanın səbəblərini və məbləğini təyin etmək üçün yerində baxış keçirmiş, baxış zamanı məlum olmuşdur ki, yanğın nəticəsində 52.1 kv metrdən, iki yaşayış və bir şüşəbəntdən ibarət fərdi yaşayış sahəsinin damı, tavanı, döşəməsi və divarları tamamilə yanaraq sıradan çıxmışdır. Qeyd olunan əmlakın bir yaşayış otağının iki divarında genişliyi 0.2-0.6 sm-dən ibarət çatlar əmələ gəldiyindən istismara yararsız hesab oluna bilər. Divarlar sökülüb yenidən tikilməli, dam, tavan və döşəmə hissəsi tamamilə yenilənməli, divarlar isə təmir olunmalıdır. Otaqların və şüşəbəndin qapı pəncərələri yenisi ilə əvəzlənməlidir. Zədələnmiş sahənin bərpası üçün sərf edilən materialların və görülən işlərin dəyəri cəmi 25679 (iyirmi beş min altı yüz yetmiş doqquz) manat müəyyən edilmişdir. İşə əlavə edilmiş "xxxx" ASC tərəfindən İddiaçı, X6 və Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 14.09.2020-ci il tarixli, BS-C-20/1339 nömrəli məktubundan görünür ki, sığortalanmış əmlaka onun iştirakı ilə "xxxx" MMC-nin nümayəndəsi – tərəfindən baxış keçirilmiş, yanğın nəticəsində dəymiş zərər 6976 (altı min doqquz yüz yetmiş altı nanat) məbləğində müəyyən edilmiş və bu barədə ona məlumat verilmişdir. Lakin, o, zərər məbləği ilə razı olmadığını bildirdiyi üçün şirkət tərəfindən ona 17.03.2020ci il tarixli, BC-S-20/0339 saylı və 27.07.2020-ci il tarixli, BS-C-20/1024 saylı məktublar ünvanlandırılaraq sığortalı əmlaka yanğın hadisəsi nəticəsində dəymiş zərər məbləğinin müstəqil ekspert vasitəsi ilə qiymətləndirilməsi üçün ekspertlər siyahısından bir ekspert təyin edilməsi təklif edilmişdir. İlkin məktubları cavabsız qaldığı üçün şirkət tərəfindən onunla əlaqə saxlandığı zaman həmin məktubun ona çatdırılmadığını bildirdiyi üçün eyni məzmunlu məktub ona təkrar göndərilmişdir. Təkrar məktubun cavabsız qalması ilə bağlı onunla əlaqə saxlanılan zaman məsələ ilə bağlı şəxsən "xxxx" ASC-yə gələrək müzakirə etmək istədiyini lakin, mövcud vəziyyətlə (pandemiya) bağlı Bakı şəhərinə gələ bilmədiyini və imkan olan kimi onlara məlumat verəcəyini bildirmişdir. "xxxx" ASC-yə 10.09.2020-ci il tarixində təqdim edilmiş, 04.09.2020-ci il tarixli məktubla o, zərər məbləğinin X7 tərəfindən qiymətləndirilməsini təklif etmişdir. Şirkət tərəfindən aparılmış araşdırılma nəticəsində müəyyən edilmişdir ki, 04.09.2020-ci il tarixli təklif məktubunda qeyd etdiyi X7 onun mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə hadisəsi nəticəsində dəymiş zərəri artıq qiymətləndirilmiş və 29.08.2020-ci il tarixli ekspert rəyinə əsasən əmlaka dəymiş zərər 25679 (iyirmi beş min altı yüz yetmiş doqquz) manat məbləğində müəyyən edilmişdir. İlk öncə bildirirlər ki, ekspert X7 tərəfindən əmlaka baxış keçirilən zaman nümayəndənin iştirakı təmin edilmədiyi üçün hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Eyni zamanda, ekspert əmlaka baxış keçirən zaman yanğın hadisəsi nəticəsində zədələnmiş hissələrin və görülməli işlər haqqında akt tərtib edərək onların siyahısını tərəflərə razılaşdırılmalı olduğu halda bunu etməmiş, əksinə qüsur aktında yanğın hadisəsinin nəticəsində əmələ gəlməmiş zədələri, “bununların aradan qaldırılması üçün tələb edilən” materialların və işçilik haqqını qüsur akta daxil edərək məbləği əsassız olaraq süni şəkildə şişirtmişdir. Qeyd edilənləri, "xxxx" MMC və X7 tərəfindən təqdim edilmiş qüsur aktları arasında kəskin ziddiyət olmasını nəzərə alaraq, əmlaka dəymiş zərərin X7 tərəfindən qiymətləndirilməsi haqqında təklifi qəbul edilməz hesab edərək iş üzrə komission ekspertiza təyin edilməklə ekspertizanın aparılması onun və Cəmiyyətin nümayəndələrinin iştirakı ilə müstəqil ekspertlər X14 və X10 tapşırılması məqsədə müvafiq hesab edilmişdir. İş materiallarına əlavə edilmiş müstəqil sığorta eksperti X13 tərəfindən verilmiş 23.09.2020-ci il tarixli əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 54 ünvanında yerləşən evə dəymiş zərərin miqdarı 9904 (doqquz min doqquz yüz dörd) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş müstəqil sığorta eksperti X14 tərəfindən verilmiş 26.09.2020-ci il tarixli əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 54 ünvanında yerləşən evə dəymiş zərərin miqdarı 10090 (on min doxsan) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 06.10.2020-ci il tarixli, BS-C-20/1504 nömrəli məktubundan görünür ki, dəymiş zərərin miqdarı ilə bağlı razılıq əldə edilmədiyi üçün müstəqil ekspertlərin iştirakı ilə komission ekspertiza təyin edilmiş və 23.09.2020-ci il tarixdə müstəqil ekspertlər X14, X13, sığortaçının nümayəndəsi və onun iştirakı ilə sığotalı əmlaka təkrar baxış keçirilmişdir. Belə ki, müstəqil ekspert X14 tərəfindən zərər 10090 (on min doxsan) manat, X13 tərəfindən isə 9904 (doqquz min doqquz yüz dörd) manat məbləğində müəyyən edilmişdir. Sığorta ödənişini müstəqil ekspert X11 rəyinə əsasən PİM-AİF-10702/18 saylı sığorta şəhadətnaməsi üzrə faydalanan şəxs qismində çıxış edən şəxsin təklifinə uyğun ödəməyə hazır olduqlarını bildirmişlər. İşə əlavə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında 03.08.2018-ci il tarixli, PİM-AİF-10702/18 sığorta şəhadətnaməsi (müqaviləsi) imzalanmış və ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi əmlak sığortası növü ilə sığortalanmış, sığortalı İddiaçı 22.07.2019-cu il tarixdə Cəmiyyətə müraciət edərək, sığortalanmış əmlakın sığorta hadisəsinə məruz qaldığını bildirmiş, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını müəyyənləşdirmək üçün sığortalı İddiaçı iştirakı ilə qeyd edilən əmlaka "xxxx" MMC-nin nümayəndəsi tərəfindən baxış keçirilmiş, yanğın nəticəsində dəymiş zərər 6976 (altı min doqquz yüz yetmiş altı) manat müəyyən edilmiş, bu barədə də İddiaçı məlumat verilmiş, lakin sığortalı İddiaçı "xxxx" MMC-nin qiymətləndirmə hesabatı ilə razı olmadığından dəymiş zərərin miqdarı müstəqil ekspert X7 tərəfindən qiymətləndirilmiş və həmin müstəqil ekspert tərəfindən sığortalı əmlaka dəymiş zərər 25679 (iyirmi beş min altı yüz yetmiş doqquz) manat məbləğində müəyyən edilmiş, lakin qeyd edilən müstəqil ekspert tərəfindən əmlaka baxış keçirilən zaman Cəmiyyətin nümayəndəsinin iştirakı təmin edilməmiş, bu səbəbdən 22.07.2019-cu il tarixində baş vermiş yanğın hadisəsi nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin miqdarı ilə bağlı razılıq əldə edilmədiyi üçün müstəqil ekspertlərin iştirakı ilə komission ekspertiza təyin edilmiş və 23.09.2020-ci il tarixdə müstəqil ekspertlər X14, X13, sığortaçının nümayəndəsi və cavbadeh İddiaçı iştirakı ilə sığotalı əmlaka təkrar baxış keçirilmiş və müstəqil ekspert X14 tərəfindən zərər 10090 (on min doxsan) manat, X13 tərəfindən isə 9904 (doqquz min doqquz yüz dörd) manat məbləğində müəyyən edilmiş, şirkət sığorta ödənişini müstəqil ekspert X11 rəyinə əsasən PİM-AİF-10702/18 saylı sığorta şəhadətnaməsi üzrə faydalanan şəxs qismində çıxış edən şəxsin təklifinə uyğun ödəməyə hazır olduqlarını bildirmiş, lakin İddiaçı qeyd edilən sığorta məbləği ilə razı olmadığından iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı sığorta obyekti olan evi "xxxx" ASC ilə bağladığı 08.05.2007-ci il tarixli, 07050278 saylı kredit müqaviləsi üzrə ona 300 ay müddətinə, illik 5% dərəcəsi ilə verilmiş 45000 manat məbləğində ipoteka krediti hesabına əldə etmiş, həmin ev "xxxx" ASC-də ipoteka ilə yüklüdür və həmin evə görə kredit borcunu ödəməkdədir. Bundan əlavə PİM-AİF-10702/18 nömrəli sığorta şəhadətnaməsində “faydalanan şəxs” qismində kredit yenidən maliyyələşdirilənədək müvəkkil bank, kredit yenidən maliyyələşdirildikdən sonra isə "xxxx" ASC qeyd edilmişdir. Məhkəmə iddia tələbinin “sığorta ödənişinin ödənilməsinə” aid hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. (MM 925.3.) Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Göstərilən qanunvericilik aktı normalarının tələbindən də görünür ki, sığorta hadisəsi baş verdiyi halda (dəymiş zərər müəyyən edilməklə) sığortaçı tərəfindən sığorta ödənişinin zərərçəkmiş şəxsə, eləcə də faydalanan şəxsə verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən İddiaçı mülkiyyətində olan “ünvan 7 ünvanında yerləşən evə 22 iyul 2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi (sığorta hadisəsi) nəticəsində zərər dəyməsi və qeyd edilən hadisənin sığorta hadisəsi kimi tanınması işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, dəymiş zərərin miqdarı ilk əvvəl 6976 (altı min doqquz yüz yetmiş altı) manat müəyyən edilmiş, lakin tərəflər arasında razılıq əldə edilmədiyindən bir neçə dəfə də müstəqil ekspertlər tərəfindən əmlaka baxış keçirilməklə qiymətləndirilmə aparılmış və sığortalı əmlaka dəymiş zərər 25679 manat məbləğində, daha sonra isə 10090 manat və 9904 manat məbləğində olmaqla müəyyən edilmiş, şirkət sığorta ödənişini 10090 manat məbləğində olmaqla PİM-AİF-10702/18 saylı sığorta şəhadətnaməsi üzrə faydalanan şəxs qismində çıxış edən şəxsin təklifinə uyğun ödəməyə hazır olduqlarını bildirmişlər. Lakin, İddiaçı ilə "xxxx" ASC arasında dəymiş zərərin məbləği barədə razılaşma əldə edilməmiş və iddiaçı məbləğlə razılaşmadığından “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını nəzərə alaraq, sığorta hadisəsi nəticəsində dəymiş zərərin həcminin və ödənilməli olan sığorta ödənişinin məbləğinin müəyyən edilməsi ilə bağlı mübahisənin obyektiv həlli baxımından Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2(009)-2129/2021 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/4747 saylı, 19.11.2021-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində 22.07.2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi zamanı dəymiş ziyanın aradan qaldırılması üçün, fərdi yaşayış evində aparılmalı müxtəlif növ tikinti-təmir və yenidən quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğu olaraq 1,0 kv.m sahəyə təqribən 350 manat dəyərində vəsaitin sərf olunacağını nəzərə alaraq, fərdi yaşaış evində yanğın nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 27160 manat (77,6x350) məbləğində müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/4747 saylı, 19.11.2021-ci il tarixli rəyini mötəbər sübut hesab edir və onunla razılaşır. Belə ki, rəylə razılaşmamaq üçün heç bir əsas müəyyən edilməmişdir. Lakin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/4747 saylı, 19.11.2021-ci il tarixli rəyinin əsaslandırıcı hissəsindən də görünür ki, ekspert fərdi yaşayış evinin ümumi sahəsi (52,1 kv.m) ilə yanaşı, zirzəmi və s. sahələrinin də ölçüsünü nəzərə alaraq dəymiş ziyanı 1,0 kv.m sahəyə təqribən 350 manat dəyərində hesablayaraq 27160 manat (77,6x350) məbləğində ziyan müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 54 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi olan 52,1 kv.m-ni "xxxx" ASC-də sığortalamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 54 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin 1,0 kv.m sahəyə 350 manat dəyərində hesablanmaqla 18235 (on səkkiz min iki yüz otuz beş) manat (52,1x350) məbləğində müəyyən edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin iddia tələbinin zərərin əvəzinin "xxxx" ASC-dən alınaraq 08.05.2007-ci il tarixli, 07050278 saylı kredit müqaviləsi üzrə iddiaçının borcunun ödənilməsi məqsədilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna xeyrinə tutulması dair hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 909.2-ci maddəsinə əsasən girov qoyulan əmlakın sığortası müqaviləsində girov saxlayan yalnız sığorta ödənişinin verilməsi anında borclunun (girov qoyanın) ona olan borc məbləği həddində ödəniş almaq hüququna malik olan faydalanan şəxs kimi tanına bilər. Zərərin borc məbləğindən artıq olan hissəsinə münasibətdə girov qoyan (borclu) faydalanan şəxs qismində tanınmalıdır. Həmin Məcəllənin 927.3-cü maddəsinə əsasən bu Məcəllənin 927.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, girov qoyulan əmlakın sığortası üzrə sığorta hadisəsi baş verdiyi tarixdə faydalanan şəxs olan girov saxlayana borclunun (girov qoyanın) borc (kredit) müqaviləsi üzrə sığorta ödənişinin verildiyi tarixə ona ödəməli olduğu məbləğdən artıq sığorta ödənişi verilə bilməz. İş materialları və tərəflərin izahatı ilə müəyyən edilir ki, İddiaçı sığorta obyekti olan evi "xxxx" ASC ilə bağladığı 08.05.2007-ci il tarixli, 07050278 saylı kredit müqaviləsi üzrə ona 300 ay müddətinə, illik 5% dərəcəsi ilə verilmiş 45000 manat məbləğində ipoteka krediti hesabına əldə etmiş, həmin ev "xxxx" ASC-də ipoteka ilə yüklüdür və həmin evə görə kredit borcunu ödəməkdədir. Bundan əlavə PİM-AİF-10702/18 nömrəli sığorta şəhadətnaməsində “faydalanan şəxs” qismində kredit yenidən maliyyələşdirilənədək müvəkkil bank, kredit yenidən maliyyələşdirildikdən sonra isə "xxxx" ASC qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 54 ünvanında yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etdiyindən və tərəflər arasında bağlanmış sığorta müqaviləsində də göstərildiyi kimi faydalanan şəxs kredit yenidən maliyyələşdirilənədək müvəkkil bank, kredit yenidən maliyyələşdirildikdən sonra isə "xxxx" ASC olduğundan 18235 (on səkkiz min iki yüz otuz beş) manat sığorta ödənişinin əvəzi "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun hesabına köçürülməlidir. Məhkəmə həmçinin iddia tələbinin gecikdirilmiş hər günə görə ümumilikdə 3828,15 manat dəbbə puluhesablanmaqla ödənilməsinə dair hissəsini əsassız sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.1-ci maddəsinə əsasən, bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. (MM 934.2) İşin müəyyən edilmiş hallarından da görünür ki, sığorta obyektinə dəymiş zərərin miqdarı ilk əvvəl 6976 (altı min doqquz yüz yetmiş altı) manat müəyyən edilmiş, lakin tərəflər arasında razılıq əldə edilmədiyindən bir neçə dəfə də müstəqil ekspertlər tərəfindən əmlaka baxış keçirilməklə qiymətləndirilmə aparılmış və sığortalı əmlaka dəymiş zərər 25679 manat məbləğində, daha sonra isə 10090 manat və 9904 manat məbləğində olmaqla müəyyən edilmiş, şirkət sığorta ödənişini 10090 manat məbləğində olmaqla PİM-AİF-10702/18 saylı sığorta şəhadətnaməsi üzrə faydalanan şəxs qismində çıxış edən şəxsin təklifinə uyğun ödəməyə hazır olduqlarını bildirmişlər. Lakin, İddiaçı ilə "xxxx" ASC arasında dəymiş zərərin məbləği barədə razılaşma əldə edilmədiyindən, yəni iddiaçı məbləğlə razılaşmadığından “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qənaətinə görə, sığorta obyekti olan evə dəymiş zərərin məbləği ilə bağlı tərəflər arasında razılıq əldə edilməməsi nəticəsində cavabdeh tərəfindən iddiaçının tələb etdiyi qalan məbləğdə sığorta ödənişinin ödənilməməsi cavabdeh tərəfindən sığorta ödənişinin qanunla müəyyən olunmuş müddətdə ödənilməməsi kimi qiymətləndirilə bilməz. Odur ki, dəbbə pulunun tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan və iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 10 (on) manat hissəsi isə iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 70 (yetmiş) manat hissəsi cavabdehdən, 30 (otuz) manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, sığorta ödənişinin əvəzi olaraq 18235 (on səkkiz min iki yüz otuz beş) manat məbləğində pul vəsaiti "xxxx" ASC-dən alınaraq faydalanan şəxs Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun hesabına ödənilməli, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməli, dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 70 (yetmiş) manat hissəsi cavabdehdən, 30 (otuz) manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sığorta ödənişinin əvəzi olaraq 18235 (on səkkiz min iki yüz otuz beş) manat məbləğində pul vəsaiti "xxxx" ASC-dən alınaraq faydalanan şəxs Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun hesabına ödənilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 70 (yetmiş) manat hissəsi cavabdeh "xxxx" ASC-dən, 30 (otuz) manat hissəsi isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X9 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar