Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-908/2025 04.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin qanuni təmsilçisi və direktoru Nümayəndə2 və nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin icra edilməməsi ilə əlaqədar pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin icra edilməməsi ilə əlaqədar pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Albalılıq qəsəbəsində təxminən 0,15 ha torpaq sahəsi əldə etmişdir. 2021-ci ilin sonlarında həmin sahədə ev tikdirmək qərarına gəlmişdir. Faktiki yaşadığı evdən uzaq olduğuna və işi ilə əlaqədar tikintiyə nəzarət etmək imkanı olmadığından, bu işi tikinti işi ilə məşğul olan hüquqi şəxslərdən birinə vermək qərarına gəlmişdir. Axtarışlardan sonra 2022-ci ilin aprel ayında Cavabdeh MMC ilə xx.xx.2022-ci il tikintitəmir işlərinin göstərilməsinə dair T052 saylı müqavilə bağlamışdır. Torpaq sahəsinə baxış keçirildikdən, tikiləcək evin layihəsi hazırlanıb ona təqdim edildikdən sonra xx.xx.2022-ci il tarixdə ilkin olaraq 20.000 manat ödəniş etmiş və tikinti işləri başlamışdır. Cavabdeh MMC-nin direktoru Vüsal pulu aldıqdan sonra onu süründürməyə başlamışdır. Bütün bu işləri onun Seymur adlı tanışı onun adından idarə edirdi. Cavabdeh işlərin görülməsini ləngitdiyinə, həddən artıq əlavə vəsaitlər tələb etdiyinə və müəyyən işləri keyfiyyətsiz gördüyünə görə layihədən kənara çıxaraq evin 2 yox 1 mərtəbəli formada tikilməsinə dair razılaşma əldə etmişlər. Çünki cavabdeh hər dəfə müxtəlif bəhanələr edərək müqavilədən kənar və ödənişin vaxtı çatmadan əlavə ödənişlər tələb edirdi. Ona görə də artıq işlər dözülməz həddə gəlib çatmışdır. Nəticədə cavabdeh evi tam təhvil vermədən yarımçıq qoyub getmiş, işlərin görülməsindən imtina etmişdir. O, məcbur qalıb yarımçıq qalan işlərin görülməsi üçün başqa ustalar cəlb etmiş və ev hazırda yekunlaşmaq üzrədir. Ümumi olaraq Cavabdeh MMC-yə və onun direktoru Vüsal tərəfindən bütün işlərin görülməsi üçün 85.380 manat məbləğində ödəniş edilmişdir. Hər dəfə Vüsal ondan (tanışı Seymurdan) pul tələb edərkən hansısa bir işlərin görüldüyünü və müəyyən məbləğ tələb olunduğunu qeyd edirdi. Evin tikilməsi həddən artıq uzandığına və hər dəfə görülən işləri, xərclənən vəsaiti yoxlamaq imkana malik olmadığına görə cavabdehə inanıb tələb olunan pulları ödəmişdir. Sonradan o, aldadıldığını başa düşmüş və hesablamalar aparmağa başlamışdır. Məlum olur ki, cavabdehə ödədiyi 85380 manatın müqabilində görülmüş işlərin dəyəri kifayət qədər aşağıdır. Həmçinin yarımçıq qalan işlərin yekunlaşdırılması üçün isə 15000 manata yaxın vəsait lazımdır. Tərəfindən xüsusi qiymətləndirici dəvət edilmiş və cavabdehin gördüyü işlərin həcmi, həmçinin evin təmirinin başa çatdırılması üçün görülməli olan işlərin həcmi müəyyən edilmişdir. Mütəxəssislər tərəfindən müəyyən edilmişdir ki, görülər işlərin ümumi dəyəri 63.491,18 manat təşkil edir, həmçinin yarımçıq saxlanılan işlərin görülüb başa çatdırılması üçün əlavə olaraq 12.527,17 manat xərc tələb olunur. Yəni göründüyü kimi tərəfindən cavabdehə ödənilmiş 21.888,82 (85.380-63.491,18) manat vəsait hər hansı bir işlər xərclənmədiyi görünür, bu da onu göstərir ki, tərəfindən görülmüş təmir-tikinti işlərinə nisbətdə 21.888,82 manat artıq pul ödənilib. Başqa sözlə müqavilə üzrə tikinti-təmir xərcləri hər kvadrat üçün 500 (130.000/260=500) manat ödəniş nəzərdə tutulub. Hesablamalar nəticəsində tikintinin ümumi sahəsi 106,1 kv.m. olduğu müəyyən edilmişdir. Yəni cavabdehə ödəməli olduğu məbləğ əslində 53.050 (106.1*500) olmalı idi. Cavabdeh isə ondan 85380 manat vəsait, yəni 32.330 manat artıq vəsait almışdır. Yəni göründüyü kimi hər iki metodundan istifadə etməklə aparılan hesablamalardan aldadıldığı və artıq vəsait ödədiyi görünür. Göründüyü kimi, cavabdeh müqavilədən kənar (artıq) pul almaqla əsassız olaraq varlanmış və bununla da ona maddi ziyan vurulmuşdur. Cavabdeh heç bir halda görmədiyi işə görə və ya görülən işlərə görə müqavilədən kənar pul almaqda haqlı ola bilməz. Odur ki, ona vurulmuş maddi ziyan geri qaytarılmalıdır. Dəymiş ziyanın ödənilməsi, artıq əldə edilmiş vəsaitin geri qaytarılması barədə pretenziya qaydasında cavabdehə müraciət etsə də, heç bir reaksiya verilməmişdir. Odur ki, o, məcbur qalıb məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli tikinti-təmir işlərinin göstərilməsinə dair T052 saylı müqavilənin 1.1-ci bəndinə görə cavabdeh ona 260 kv.m. sahəsi olan 2 mərtəbəli evi tikinti və tam təmir daxil olmaqla tikib təhvil verməli idi. Görülməli işlərin siyahısı isə müqavilənin 1 saylı əlavəsində göstərilmişdir. Həmin müqavilənin 3.2-cü bəndinə görə isə müqavilənin dəyəri – təmirtikinti işləri üzrə podrat haqqı 130.000 manat təşkil etməli idi. Müqavilə bağlanan anadək təmirtikinti işlərinin görülməsi üçün xidmət haqqı hər kvadrat üçün 500 manatdan hesablanmalı və həmin məbləği işçilik, material və digər bütün görünən və görünməyən xərclər daxil idi. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehə artıq ödənilmiş 21.888,82 manat və yarımçıq qalmış işlərin yekunlaşması üçün tələb olunan 12.527,17 manat, ümumilikdə 34.415,99 manat vəsaitin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 AR MPM-nin 53-cü maddəsinə əsasən uyğun iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia ərizəsi ilə cavabdehdən 34,415.99 manat vəsaitin caavdbehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İlkin iddia ərizəsində iddiaçının cavabdehə 85380 manat vəsait ödəməsi göstərilmişdir. Cavabdeh hazırlıq iclasında iştirak etsə də, yalnız 2-ci şifahi baxış iclasında iddiaçının ona 83550 manat vəsait ödəməsi etiraf etdi. Digər ödənişlərin isə təkrarən hesablanması zamanı mədaxil qəbzində qeyd edildiyini bildirmişdir. Məhkəmədə qeyrimüəyyənliyi aradan qaldırmaq üçün iddia tərəfi olaraq cavabdehin etirafini qeəbul edirik. Onsuz cavabdeh iddiçıya kifayət qədər ziyan vurub, 1830 manat fərq o qədər də bpyük rol oynamır. Cavabdeh iddia tələbinə dair dəlillərini şifahi məhkəmə baxışında bildirdiyindən iddia tələbinin azaldılması barədə əsaslar da məhz baxışda yaranmışdır. Odur ki, hazırkı ərizə hazırlıq iclasında deyil hazırda verilir. Hesab edirəm ki, iddia tələbinin əsaslı olması mütəxəssis rəyləri olmadan belə açıq aydın görünür. Müqavilə tələblərinə görə podratçı şirkət mənzilin tikintisini 1 kv.m sahə tikinti və təmir daxil olmaqla 500 manat məbləğində həyata keçirməli idi. Göründüyü kimi cavabdeh evin tam tikinti və təmiri üçün 500*106.1=53050 manat pul almalı idi. Tutaq ki, cavabdeh haqlıdır və tikintini hər kvadrat metr üçün 550 manata və ümumu tikinti altı sahəsinə uyğun hesablanmaqla sonradan razılaşdırırıb. O zaman da görülməli işlərin dəyəri 550*130=71500 manat təşkil etməli idi. Cavabdeh tərəfindən görülməmiş və həmşinin qüsurlaırn aradan qaldırılması üçün lazım olan vəsait 12527.17 manatdır. Yəni cavabdehin iddia etdiyi formada hesablasaq belə görülən işlərə görə 58.972,83 manat vəsait almalı idi. Hansı metodla hesablamağından asılı olmayaraq iddianın əsaslı olması açıq aşkar görünür. Cavabdeh tərəf məhkəmə baıxş iclasında 83550 manat vəsait aldığını etiraf etdi. Lakin cavabdehə iddiaçı tərəfindən 85380 manat vəsait ödənilmişdir. Lakin cavabdehin etiraf etdiyi hissədə belə hesablamaların aparılması iddiaçı tərəfi qane edir. Hesablamalar da göstərir ki, cavabdeh iddiaçıdan 30.500 ( 83550-53050) manat artıq vəsait almışdır. Göstərilənləri nəzərə alaraq iddiaçının nümayəndəsi 30500 manat vəsaitin, 193.25 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 həcmi azaldılmış iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, tikilən evin sahəsi 106 kv.m. olmuş, tərəflər hər kv.m. üçün 500 manat sərf olunacağını müqavilədə nəzərdə tutmuşlar. Zirzəmidə görülən işlər sonradan iddiaçı tərəfindən həyata keçirilmiş, o cümlədən də hasar tikintisini iddiaçının əlavə pul vəsaiti hesabına digər şəxslər həyata keçirmişlər.Cavabdehlər məhkəmə baxışı zamanı sübutlar təqdim etmişlər, cavabdehin təqdim etdiyi mütəxəssis rəyi tikiliyə faktiki baxış keçirilmədən tərtib edilmişdir, reallığı əks etdirmir.Cavabdeh görülən işlərə görə 14.750 manat ona pul verilməli olduğunu desə də, bununla bağlı məhkəməyə də müraciət etməmişdir. Cavabdehlər tərəfindən verilən sübutların dəyərləndirilməməsini, həcmi azaldılmış iddianın isə əsaslı olduğu üçün təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin qanuni təmsilçisi və direktoru Nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə müqavilə bağlayarkən razılıq 260 kv.m. sahəli 2 mərtəbəli evin tikintisi və tikintiyə görə 130.000 manat – hər kv.m. üçün 500 manat olmaq şərti ilə pul vəsaitinin ödənilməsi barədə olmuşdur. Lakin iddiaçının o sahəli tikilinin inşa edilməsinə maddi imkanı olmadığı üçün 1 mərtəbə 130 kv.m. sahəli evin tikilməsi və 1 kv.m. 550 manat olmaqla 71.500 manata təhvil verilməsi razılaşdırılmışdır. Lakin tikinti zamanı iddiaçı ilə əlavə işlərin görülməsinə razılıq verilmiş, o, zirzəmi üçün əlavə 6000 manat, evin hündürlüyü çox olduğu üçün 4000 manat, hasarın tikitisinə görə 8000 manat, monolit və isti pol üçün 5000 manat, evin söküntüsü üçün 1800 manat və evin damında əlavə işlərin görülməsi ilə bağlı yaranan fərq 2000 manat pul sərf edilmişdir. Yəni cəmi 98.300 manat tikintiyə pul xərclənmişdir, onun 83.550 manatı iddiaçı tərəfindən verilmiş, yerdə qalan 14.000 manatdan yuxarı məbləğ ödənilməmişdir. Ümumiyyətlə tikintinin dayanmasına səbəb tikinti işlərinin görülməsi üçün iddiaçı tərəfindən vəsaitin ödənilməməsi olmuşdur. Məhkəməyə iddiaçının ona olan borcun verilməsi ilə bağlı müraciət etməməsi hüquqlarının bilməməsi ilə əlaqədar. İddiaçı tərəfindən təqdim olunan mütəxəssis rəyindəki qiymətlər real deyil, qaimə-fakturada real alınan tikinti materiallarının qiyməti kifayət qədər orada aşağı göstərilmişdir. Onun iddiaçıya hər hansı bir borcu yoxdur. Aldığı pul müqabilində işləri görmüşdür, lakin qazanc əldə etməmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, mülki qanunvericiliyin tələblərinə əsasən podrat müqaviləsinin tərəfi kimi Sifarişçi istənilən vaxt işi dayandıra bilər, görülən işdə hər hansı bir qüsur yoxdur iş yalnız Sifarişçi tərəfindən pul vəsaitinin ödənilməməsi ilə əlaqədar olmuşdur, ödənilən pulu müqabilində işlər görülmüş, bu səbəbdən qaldırılan iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. İş üzrə “Podratçı” qismində Cavabdeh MMC-nin direktoru Nümayəndə2 ilə “Sifarişçi” qismində İddiaçı arasında bağlanılmış tikinti-təmir xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli, T 052 saylı müqaviləsinin surətindən görünür ki, “Sifarişçi” bu müqavilə ilə müəyyən edilmiş həcmdə və Albalılıq qəsəbəsində sahəsi 260 kv.m. evin tikinti və tam təmiri daxil olmaqla təmir tikinti işlərinin göstərilməsi üzrə işləri (öhdəlikləri) “Podratçı”ya həvalə edir, “Podratçı” isə həmin işləri görməyi öhdəsinə götürür (bənd 1.1). “Podratçı”nın “Sifarişçi”yə göstərdiyi xidmətlərin siyahısı Müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilmişdir (bənd 1.2). “Podratçı” bu müqavilənin 1.2 bəndində qeyd edilən konkret xidmətlərin göstərilməsi üçün vaxt intervallarını müstəqil olaraq müəyyən edir (bənd 1.3). Təmir-tikinti xidmətləri “Sifarişçi”nin torpaq sahəsində göstərilir (bənd 1.4). “Sifarişçi” bu müqavilə üzrə xidmətlərin göstərilməsi üçün “Podratçı”ya bu müqavilədə nəzərdə tutulmuş miqdarda, qaydada və müddətlərdə haqq ödəyir (bənd 1.5). “Podratçı” “Sifarişçi”nin torpaq sahəsində təmir-tikinti ilə bağlı işləri başlanğıc günü ilkin ödəniş günündən hesablamaqla 210 iş günü ərzində müqavilə predmeti 1.1-də göstərilənləri yerinə yetirməyi üzərinə götürür (bənd 2.1.2). Müqavilə predmeti 1.1-də göstərilən təmir-tikinti işləri üzrə haqqı 130.000 manat təşkil (bənd 3.2).bu xidmət haqqı işin tam yekununa qədər hissə-hissə olmaq şərti ilə ödənməlidir (bənd 3.3). İlkin mərhələdə xidmət haqqının minimum 30% AZN ödənməlidir (bənd 3.4). Xidmət haqqının 3.4 bəndindəki ödənişdən sonra qalan hissəsi 3 dəfə olmaqla 30% AZN, 30% AZN, 10% AZN şəklində ödəniləcək. 1-ci ödəniş ilə evin 1-ci mərtəbəsi monolit betona qədər tikintisi, 2-ci ödəniş ilə evin tam tikintisi pəncələr və daxili suvaq daxil olmaqla, 3-cü ödəniş ilə evin tam təmir fasad daxil, sonuncu 10% isə ev tam təhvil verildikdə (bənd 3.5). İş üzrə xx.xx.2022-ci il tarixli T 052 nömrəli müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı Əlavənin surətindən görünür ki, “Podratçı”nın “Sifarişçi”yə göstərdiyi xidmətlərin siyahısı göstərilmişdir: elektrik materialları – Türkiyə; santexnik materialları – Türkiyə; Beton –B25; Armatur – 500 M; Daş – Mişar daşı; Sement –Norma,Holcim; Şpaklyovka-Giper,Ak Deniz; Dam örtüyü – Çerapitsa 0.42mm; taxta – Rusiya; pəncərələr – pimapen ağ rəng; Alçipan Knauf – 12 mm yaşıl; Giriş qapısı – 700 manat; Divar – boya və ya divar kağızı 30 manat; kafel – 20-25 manat; Metlax – 13-15 manat; laminat – 15 manat, qapı – 280 manat (quraşdırılma daxil qiymət); izolyasiya – XPS, Ursa daş yunu; fasad – pəncərə kənarları termo; ağlay, divarlar isə tarsovka boya, kürsü; ağlay və ya kabançik; Plintus – PVC; pəncərə önlüyü PVC; boya – Fab; unitaz – 150 manat; moydadır – 250 manat; duş kabinası – 350 manat; pileken taxta – fıstıq; perila 1 p/m – 90 manat. İş üzrə Cavabdeh MMC-nin mədaxil qəbzlərin surətlərindən görünür ki, iddiaçı ĞLM 059438 nömrəli mədaxil qəbzinə əsasən 20.000 manat, ĞLM 059447 nömrəli mədaxil qəbzinə əsasən 20.000 manat, ĞLM 269307 nömrəli kassa mədaxil orderin qəbzinə əsasən -300 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərin surətlərindən görünür ki, iddiaçı Nümayəndə2 xx.xx.2022-ci il tarixdə - 2000 manat, xx.xx.2022-ci il tarixdə - 1000 manat, xx.xx.2022-ci il tarixdə - 500 manat, xx.xx.2022-ci il tarixdə - 1000 manat, 02.2023-cü il tarixdə 510 manat, xx.xx.2023-cü il tarixdə - 1000 manat, xx.xx.2023-cü il tarixdə - 1000 manat, xx.xx.2023-cü il tarixdə - 500 manat, xx.xx.2023-cü il tarixdə - 420 manat, xx.xx.2023-cü il tarixdə - 1400 manat, xx.xx.2023-cü il tarixdə - 660 manat, xx.xx.2023-cü il tarixdə - 1000 manat, xx.xx.2023-cü il tarixdə - 1000 manat, xx.xx.2023-cü il tarixdə - 1000 manat, xx.xx.2023-cü il tarixdə - 1500 manat, xx.xx.2023-cü il tarixdə - 500 manat, xx.xx.2023-cü il tarixdə - 1000 manat, kart vasitəsilə (“Leobank”) – 400 manat, kart vasitəsilə (“Leobank”- ********** əməliyyat nömrəsi) – 1000 manat ödəniş etmişdir. İş üzrə İddiaçı sifarişi əsasında "xxxx" (Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti) MMC tərəfindən verilmiş Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi yanında yerləşən fərdi yaşayış evinin təmir-tikinti işlərinə çəkilmiş xərcin və yarımçıq qalan işlərin tamamlanması üçün tələb olunan xərcin müəyyən edilməsi haqqında AV 02-025/24 saylı, xx.xx.2024-cü il tarixli hesabatdan görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi ünvanında yerləşən ümumi sahəsi 106,1 kv.m. olan fərdi yaşayış evinin təmir-tikinti işlərinə çəkilmiş xərcin miqdarı – 64.975,18 manat, yarımçıq qalan işlərin tamamlanması üçün tələb olunan xərcin miqdarı – 12.527,17 manat təşkil etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli T 052 saylı tikinti-təmir xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən tərəflər iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivində yerləşən torpaq sahəsində 260 kv.m. fərdi evin tikintisi və tam təmir işlərinin görülməsi üçün 130.000 manata razılığa gəlmişlər. Həmin müqaviləyə əsasən cavabdeh tikinti və təmir işlərinin 210 iş günü müddətinə başa çatdırılmasını öhdəsinə götürmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə ümumi olaraq cavabdehin etiraf etdiyi həddə 83.550 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı özü həmin həddə pul vəsaitinin verilməsi ilə bağlı həcmi azaldılmış iddia ərizəsində mövqe bildirmişdir. Yəni tikinti üçün 83.550 manat məbləğində pul verilməsi işin mübahisəsiz halıdır. İddiaçı cavabdehə verdiyi pul vəsaitinin tikiliyə çəkilən xərcdən kifayət qədər yüksək olmasını əsas gətirərək cavabdeh tərəfindən artıq alınmış 30.500 manat məbləğində pulun geri qaytarılmasını tələb edir. Həmin məbləği onunla əsaslandırır ki, evin ümumi 106 kv.m-dir, müqavilə şərtinə uyğun 500 manat 1 kv.m. üçün razılaşdırılmış məbləğ nəzərə alınmaqla 53.050 manat tikintiyə pul sərf olunmuş və həmin məbləğ verilmiş məbləğdən çıxıldıqda tələb olunan məbləğ alınır. Cavabdeh isə iddiaçının tikintini başa çatdırılması üçün pul vəsaitinin verilməməsi səbəbi ilə işləri tam başa çatdırmadığını, verilən pul vəsaitinin hamısının tikinti işlərinin görülməsinə sərf edildiyini, özünün həmin tikinti ilə əlaqədar gəlir əldə etmədiyini və verilməli olan məbləğin 14.000 manatdan yuxarı olduğunu bildirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanılmış müqavilə sifariş əsasında evin tikintisi və təmir işlərinin görülməsi ilə bağlı olduğu üçün, həmin müqavilə növünə görə podrat müqaviləsi hesab edilir. Bu səbəbdən məhkəmə hazırki mübahisəyə mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəalarını tətbiq etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləyə əsasən 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir. Məhkəmə podratçının üzərinə götürdüyü öhdəliyin pozulmasını və tam yerinə yetirilməməsini, bu səbəbdən də iddiaçının (sifarişçinin) öhdəliyin yerinə yetirilməsini deyil, ödənilmiş pulunun qaytarılmasını tələb etmək hüququnun qanunla müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb qanunidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.1-ci madəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 385-ci madəsinə əsasən mülki hüquq münasibətlərində öhdəliklər bir şəxsin başqa şəxsin xeyrinə müəyyən hərəkətlər etməsindən, məsələn, pul ödəməsindən, əmlak verməsindən, iş görməsindən, xidmətlər göstərməsindən və ya müəyyən hərəkətdən çəkinməsindən əmələ gəlir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi üzrə öhdəlik borclunun kreditorun xeyrinə məhz iş görməsindən irəli gəlir. Bu xüsusiyyətinə görə podrat müqaviləsi digər müqavilələrdən fərqlənir. Belə ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi podrat müqaviləsi ikitərəfli, konsesual və əvəzli müqavilədir. Belə ki, müqavilədə iki tərəf: sifarişçi və podratçı iştirak edir. Müqavilədə mövcud olmayan bir məmulatın hazırlanması və ya mövcud bir məmulatın təmiri və yaxşılaşdırılması nəzərdə tutulur ki, bu işlərin görülməsi üçün müəyyən müddət tələb olunur. Hazır olmayan məmulatı sifarişçiyə vermək mümkün olmadığından tərəflər razılığa gəldiyi andan podrat müqaviləsi bağlanmış sayılır ki, bu da onun konsesual müqavilə xarakteri verir. Podrat müqaviləsinin predmeti konkret bir nəticənin əldə edilməsi üçün müəyyən işin görülməsidir. Aydındır ki, sifarişçiyə iş deyil, onun nəticəsi verilməlidir. Yəni podrat müqaviləsinə əsasən podratçı müqavilənin predmetini yaradır və onu sifarişçiyə təhvil verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Məhkəmə iddiaçının tikilinin 106 kv.m. sahəli olması barədə dəlilləri üzrə qeyd edir ki, müqavilədə 260 kv.m-lik 2 mərtəbəli evin tikilməsi barədə razılıq əldə olunsa da, məhkəmə iclasında tərəflərin qarşılıqlı razılığı ilə həmin tikilinin 1 mərtəbədən ibarət inşa edilməsi müəyyən edilmişdir. Belə olan halda 1-ci mərtəbənin tikinti sahəsinin cavabdehin qeyd etdiyi kimi 130 kv.m. təşkil etməsi məntiqlidir. Eyni zamanda tərəflər razılaşma əsasında həmin tikilinin 71.500 manat müqabilində tam təhvil verilməsi barədə razılaşmışlar. Məhkəmə iclasında cavabdeh tərəfindən ilkin müqavilə bağlanarkən razılaşdırılmamış işlərin həyata keçirilməsi müəyyən edilmişdir. Əgər iddiaçının nümayəndəsinin qeyd etdiyi kimi tərəflər evin tikintisi üçün 53.050 manat pul vəsaitinin ödənilməsi barədə razılığa gəlsə idi, onlar tərəfindən də etiraf edildiyi kimi həmin vəsaitdən 30 mindən artıq pul vəsaitinin verilməsi məntiqli hesab edilə bilməz. Başqa sözlə, iddiaçı faktiki olaraq cavabdeh tərəfindən görülən işlərin müqabilində pul vəsaitini hissə-hissə ödəmişdir. Məhkəmə tikilinin başa çatdırılmamasını sifarişçinin işlərin davam etdirilməsi üçün pul vəsaitinin verilməməsi ilə əlaqədar olduğunu, cavabdeh tərəfindən görülən əlavə işlərin iddiaçı tərəfindən başqa şəxslər tərəfindən icra edilməsinə dair sübutların mövcud olmamasını, eyni zamanda cavabdehin də görülən işlərə görə iddiaçı tərəfindən ona ödənilməmiş borcun mövcudluğunu təsdiq edən mötəbər sübutlar (məhkəmə həm iddiaçı, həm cavabdeh tərəfindən məhkəməyə təqdim edilən mütəxəssis rəylərinə tənqidi yanaşır) məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehə verilən pul vəsaiti tikinti xərclərinə sərf olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, qaldırılan iddia əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə hesab edir ki, iddia rədd olunduğu üçün məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdehdən 30500 manat vəsaitin, 193.25 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-908/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-908/2025
04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver