Məhkəmə qərarları › İş №e-2(009)-931/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-931/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-931/2024 15.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 42.000 manat vəsaitin alınaraq ona qaytarılması, 19 iyun 2023-cü il tarixdən faktiki ödəniş ediləsi günədək hesablanmaqla hər gecikdirilmiş günə görə illik 5 % ödənişin onun xeyrinə tutulması, edilmiş qanunsuzluq maliyyə ailə vəziyyətinə mənfi təsir göstərdiyi üçün 10.000 manat təzminatın, 210 manat dövlət rüsumu və 600 manat vəkil xidməti xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: 2011-ci ildə Novxanı qəsəbəsində 13 sot yer almışdır. Uzun illər tikməyə əli çatmırdı. Kifayət qədər pul və vaxt olmurdu. 2023-cü ildə xərc-borc edib ev tikdirmək istəmişdir. Sosial şəbəkələrdə ciddi təəssürat yaradan cavabdeh olan tikinti şirkətinin roliklərini izləmişdir. Qərara gəldi bu şirkətlə evini tiksin. Müəssisənin rəhbəri olan X2 görüşmüşdür. Özündən çox arxayın şəkildə demişdir ki, istədiyini 86.000 manata tikib tezliklə (2 aya) təhvil verir ona. E.Hüseynova əlbəəl bir dəfə 20.000 sonra 30.000 manat vermişdir. Biraz iş görüb itbat olmuşlar. Gördükləri işin dəyəri 10.000,0 manat civarındadır. Cavabdeh onu aldadaraq vəsaitini ələ keçirmiş, evini yarımçıq və keyfiyyətsiz, bəzi yerləri isə söküləsi halda olan vəziyyətdə atmışdır üstünə. Sonradan İddiaçı iddia tələbinin 2 və 3-cü bəndlərinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 19 iyun 2023-cü il tarixdən ödəniş edilən günədək hesablanmaqla hər gecikdirilmiş günə görə illik 5 % ödənişin onun xeyrinə tutulması, edilmiş qanunsuzluq ailəsinin maliyyə vəziyyətinə mənfi təsir göstərdiyindən mənəvi ziyana görə 10.000 manat təzminatın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili Vəkil iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0.13 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0.13 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 36 nömrəli fərdi ev tikintisi haqqında müqavilədən görünür ki, sifarişçi ona məxsus Novxanı qəsəbəsində yerləşən torpaq sahəsində layihəyə uyğun təsdiq olunmuş 12 metrin 10 metrə 2 mərtəbəli fərdi evin və 11 metr uzunluğu 2 metr 50 santimetr enində teras sahəsinin və 45 kv.m hovuzun tikintisini icraçıya həvalə etmişdir. - Cavabdeh MMC tərəfindən verilmiş 20 aprel 2023-cü il tarixli, 69 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 30000 manat ödənilmişdir. - Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışa əsasən Cavabdeh MMC-i xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Səbail rayonu, Zərgərpalan küç. qanuni təmsilçisi isə X4r. - 03 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Nuriyev X7 rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək 2023-cü ilin aprel ayında sosial şəbəkədə Afnar şirkəti ilə əlaqə saxlayıb özü üçün bağ evi tikmək istədiyini demiş. Bundan sonra şirkətin direktorun Elçin adlı şəxslə ona məxsus olan Abşeron rayonu Novxanı kəndində yerləşən torpaq sahəsində görüşmüşlər və razılaşmışlar ki, Elçin 86000 manat pulun müqabilində onun üçün iki mərtəbəli fərdi bağ evi tikəcəkdir. O, Elçin adlı şəxsə 50000 manat pulu Novxanı kəndində versə də sonuncu verdiyi vədinə əməl etməyərək dələduzluq yolu ilə onun pulunu ələ keçirmişdir. Elçin adlı şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını və ona dəymiş maddi ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etmiş, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/3729 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən torpaq sahəsində mövcud olan yarımçıq tikilinin inşa olunmasına çəkilən xərcin mövcud orta bazar qiymətlərinə uyğun dəyərinin təqribən 13.224 manat məbləğində olduğu müəyyən olundu. Tədqiqat obyekti olan yarımtikiliyə baxış zamanı tikilinin hörülmüş daşlarının bəzi hissələrində əyilmələrin müşahidə olunduğu, taxta materiallarla dayaqlar vasitəsilə bərkidildiyi müəyyən edilmişdir. Tikilinin daxilində inşa edilmiş dəmir beton materialından olan sütunun bir hissəsi kəsilmişdir. Həmçinin qeyd olunur ki, inşa olunmuş tikiliyə dair layihə sənədləri təqdim olunmadığına, eyni zamanda görülmüş tikinti işləri tamamlanmadığına görə aparılan tikinti işlərinin tikinti norma və qaydalarına uyğun olub-olmadığı barədə tədqiqat aparılmadı. - Fərdi faliyyət göstərən Vəkil adına olan kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə vəkil xidmətinə görə 600 manat ödəmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1i ünvanında yerləşən 0.13 ha torpaq sahəsində sosial şəbəkələr vasitəsilə tanıdığı Cavabdeh MMC-yə müraciət edərək bağ evi tikmək üçün aralarında xx.xx.2023cü il tarixli, 36 nömrəli fərdi ev tikintisi haqqında müqavilə bağlanmışdır. Müqaviləni iddiaçı və cavabdehin baş direktoru X5 imzalayaraq MMC-nin möhürü ilə təsdiqləmişdir. Müqavilənin «Müqavilənin predmeti» adlanan bölümündə olan şərtlərə görə iddiaçı (sifarişçi) ona məxsus Novxanı qəsəbəsində yerləşən torpaq sahəsində layihəyə uyğun təsdiq olunmuş 12 metrin 10 metrə 2 mərtəbəli fərdi evin və 11 metr uzunluğu 2 metr 50 santimetr enində terras sahəsinin və 45 kv.m hovuzun tikintisini icraçıya həvalə etmiş, qarşılıqlı razılaşmaya əsasən evin tikintisi 1 kv.m 300 manat, terrasın tikintisi 1 ev 150 manat və hovuzun tikintisi 1 kv.m 515 manat təşkil edir. Sifarişçi cavabdehə ( icraçıya) ümumi ödənişi 30%+30%+30% və işin sonunda qalan 10% ödəyir. Hər ödənişin istifadəsindən sonra İcraçı Sifarişçiyə verilən məbləğə uyğun olaraq görülən işin siyahısını təqdim edir. (Müqavilənin 2.1-2-4-cu bəndləri) Müqavilənin «İcraçının öhdəlikləri» adlanan bölümünün şərtlərinə görə İcraçı öz üzərinə götürür ki, razılaşdırılmış layihəni yüksək keyfiyyətdə və bütün tikinti normativlərinə uyğun olaraq tikib Sifarişçiyə təhvil verəcək və tikilən evə 15 il zəmanət verilir (tikintiyə aid olmayan səbəblər istisna olmaqla) Sifarişçi ilə razılaşdırılmış vaxtda, tikintiyə başlanan tarixdən 2 ay sonra tam təhvil verəcək. İcraçı özü üzərinə götürür ki, tikintini bütün tikintiyə qoyulmuş normativlərə əsasən görəcək. İcrası layihənin Fasad görünüşü və eskiz hissəsini Sifarişçini təmin edir. Sifarişçi tərəfindən imzalanmış layihəyə uyğun tikinti işləri aparır. İcraçı bu müqaviləyə edilmiş əlavədə göstərilmiş tikinti materiallarının istifadə olunmasını öz öhdəliyinə götürür. İcrası danışılmış müddət ərzində öhdəliyini yerinə yetirmədikdə Sifarişçi tərəfindən ona ödənilmiş məbləği və eyni miqdarda penyanı Sifarişçiyə ödəməyi öz üzərinə götürür. Müqavilənin «Sifarişçinin öhdəlikləri» adlanan bölümünün şərtlərinə görə Sifarişçi öz üzərinə götürür ki, İcraçı ilə razılaşdırılmış ümumi məbləği razılaşdırılmış qrafik üzrə vaxtında ödəyəcək. Sifarişçi tikinti zamanı verilən layihəyə dəyişiklik etsə, o halda icraçını əvvəlcədən xəbərdar etməlidir. Sifarişçi əsassız qrafikə uyğun ödəməni gecikdirdiyi halda, İcraçıya tikinti işlərini tam dayandırmaq hüququ verilir. ( müqavilənin 3.1-3.6-cı bəndləri) İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 50000 manat ödənilmişdir. Bunun 30000 manat hissəsi 20 aprel 2023-cü il tarixli, 69 nömrəli qəbzə əsasən, 20000 manat hissəsi isə cavabdehin direktoruna nağd şəkildə ödənilmişdir. İşin bu halı iş materiallarında olan 03 noyabr 2023-cü il tarixli "xxxx"da cavabdeh MMC-nin direktoru X1 izahatının məzmunu ilə də təsdiq edilir. Belə ki, o izahatında göstərmişdir ki, təxminən 2022-ci ilin yanvar ayında AFNAR MMC tikinti şirkətini yaratmış, rəsmi olaraq qeydiyyatdan keçmişdir, vergi ödəyicisidir. Bütün sosial şəbəkələrdə bağ evlərinin, mənzillərin, bağ evlərinin, hovuzların tikinti və təmir işləri ilə məşğul olur. Hazırda şirkətin ofisi Bakı şəhəri, Nərimanov rayonu, Amaro Plazanın 4-cü mərtəbəsində yerləşir. xx.xx.2023-cü il tarixdə həmin vaxt şirkətin Elit Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerləşən ofisinə əvvəllər tanımadığı sonradan tanıdığı İddiaçı şirkətə gəlmiş və ona bildirmiş ki, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən özünə məxsus torpaq sahəsində bağ evi tikmək istəyir. O, İddiaçı şərtləri izah etmiş və torpaq sahəsinin yerləşdiyi yerə gedib baxış keçirtmişlər. İddiaçı iki mərtəbəli ev tikdirmək istədiyini demiş həmin evin ölçüləri 250 kv.m olmalıymış. O, Cəbrayılla razılaşmış ki, evin kvadrat metrəsini bağlı sahədə 300 manat, açıq terrasda isə üstü beton olmaq şərti ilə 200 manat edəcəkdir. İlkin ödəniş kimi Cəbrayıl demiş ki, 30000 manat pul verə bilər, onunla Cəbrayıl arasında xx.xx.2023-cü il tarixli 30000 manata dair qəbz imzalanmışdır. O, Cəbrayılın deməsinə görə xx.xx.2023-cü il tarixli 30000 manata dair qəbz imzalamışdır. xx.xx.2023cü il tarixdə Cəbrayılla görüşmüş Cəbrayıl da ona 20000 manat pul vermişdir. O, demişdir ki, sən dedin 30000 manat gətirəcəksən, buna görə belə qəbz imzalamışam. Cəbrayılla razılaşdıq ki, yaxın günlərdə tikinti materialları gətirib işə başlayacaqdır. Dediyi vaxtda o, işə başlamış və evin bünövrəsini töküb 5 daş hördürmüşdür, izoliyasiya etmiş, monolit beton tökmüşdür. Evin birinci mərtəbəsini hörüb qurtarmışdır. Cəbrayıl ona ümumilikdə 50000 manat pul verib, onlar razılaşmışlar ki, o, işlədikcə pulun qalanını hissə-hissə verəcəkdir. Səhhəti ilə əlaqədar o, işlərini görə bilməmiş, lakin söz vermiş ki, qısa müddət ərzində Cəbrayılın işlərini təhvil verəcəkdir. Qeyd edilən qərarda həmçinin göstərilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında rəsmi olaraq müqavilə imzalanmış, həmin müqavilənin şərtlərinə görə MMC İddiaçı sifarişlərini yerinə yetirməli olduğu təqdirdə bu öhdəliyini tam icra etməmişdir. Cavabdeh MMC tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməsi iddiaçı tərəfin izahatı, cavabdeh MMC-nin direktoru X1 Abşeron RPİ-də verdiyi izahatı və ekspertiza rəyi və ona əlavə edilmiş fotoşəkillərlə də tam təsdiq edilir. İddiaçı tərəfin izahatlarına əsasən cavabdeh tərəf 50000 manat almasına baxmayaraq gördükləri işin dəyəri 10000 manat civarında olmuşdur. İddiaçının mülkiyyətində olan torpaq sahəsində faktiki görülmüş tikinti işlərinin həcmi və məbləğinin müəyyən edilməsi və görülmüş işlərin tikinti norma və qaydalarına uyğun olmasını müəyyən etmək üçün məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Təqdim edilmiş və tədqiq olunmuş ekspertiza rəyindən aydın olur ki, mülkiyyətində olan Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən torpaq sahəsində mövcud olan yarımçıq tikilinin inşa olunmasına çəkilən xərcin mövcud orta bazar qiymətlərinə uyğun dəyərinin təqribən 13.224 manat məbləğində olduğu müəyyən olunsa da, inşa olunmuş tikiliyə dair layihə sənədləri təqdim olunmadığına, eyni zamanda görülmüş tikinti işləri tamamlanmadığına görə aparılan tikinti işlərinin tikinti norma və qaydalarına uyğun olub-olmadığı barədə tədqiqat aparılmamışdır. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi Azərbaycan Respublikasının MPM-nin 76-cı maddəsinin tələbləri baxımından sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olur ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Beləlilklə də araşdırma zamanı cavabdehin iddiaçı ilə fərdi ev tikintisi ilə əlaqədar Bakı şəhərində bağladığı 18 aprel 2023-cü il tarixli podrat müqaviləsinin şərtlərini icra etmə üçün ilkin olaraq 30000 manat köçürmə, 20000 manat isə nağd şəkildə almasına baxmayaraq üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, tikintini yarımçıq saxlayaraq başa çatdırılmamışdır. Cavabdeh tərəfin gördüyü işlərin dəyəri 13.224 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hazırki iş üzrə tərəflər arasında yaranmış maddi ziyanın ödənilməsi hissəsində mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; - 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. - 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; - 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Bu baxımdan cavabdeh MMC həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, iddiaçıya məxsus bağ evini müəyyən edilmiş keyfiyyətdə və müddətdə (2 ay ərzində) inşa edərək, ona təhvil verilməsini təmin etməli idi. Lakin iddiaçı şərtləşdirilmiş muzdun yarıdan çoxunu cavabdeh MMC-yə ödəməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, müqavilədə nəzərdə tutulan işləri tam icra etməyərək, müqavilə üzrə müəyyən edilmiş vəzifələrini vicdanla yerinə yetirməmişdir. Nəticə etibarı ilə bu cavabdeh tərəfindən görülmüş işlər müqavilə üzrə şərtləşdirilmiş keyfiyyətə və kəmiyyətə uyğun gəlmir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. İşin materiallarından görünür ki, müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, öhdəliklərin icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələblərinə əsasən müqavilə öhdəliyindən irəli gələn tələblə bağlı iddia irəli sürərkən şəxs yalnız etibarlı müqaviləyə əsaslana bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli müqavilə cavabdeh tərəfindən səlahiyyətli şəxs tərəfindən qanuni əsaslarla bağlanmış və tərəflərin qarşılıqlı öhdəliklərinin məcmusu əhatəli şəkildə əks edilmişdir. Məhkəmə, cavabdeh MMC-dən müqavilə üzrə yerinə yetirilməyən işlərə görə ödənilmiş pul məbləğinin qaytarılması ilə bağlı qeyd edir ki, qeyd edilən müqavilənin icrası qaydasında ötən dövr ərzində ekspert rəyinə əsasən cavabdehin müqavilə üzrə müəyyən işləri görməsi və bu işlərin dəyərinin 13.224 manat olması müəyyən edilmişdir. Məhkəmə, ekspertin həmin rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, iddiaçının bağ evinin təməli qoyularaq faktiki aparılmış tikinti işlərinin ümumi dəyəri məhz 13.224 manat təşkil etdiyindən və bu işlərin yenidən görülməsinə zərurət olmadığından tikinti işlərinin davam etdirilə bilməsi nəzərə alınaraq iddiaçıya görülmüş işlərin dəyərindən artıq ödənilmiş pul məbləği müəyyən edilərkən, icra edilmiş tikinti işlərinin dəyərini təşkil edən 13.224 manat, ödənilmiş 50000 manat məbləğində puldan çıxılmalı, qalan 36.776 manat məbləğində pul cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə, iddiaçının mənəvi zərərin ödənilməsi tələbinə bu baxımdan yanaşaraq hesab edir ki, cavabdehin sosial şəbəkələrdə ciddi təəssürat yaradan görüntüləri əsasında iddiaçının onunla işbirliyi qurmaq niyyətinin qarşılığında cavabdehin onun ümidlərini doğrultmadan bağladığı müqavilə üzrə tikintini başa çatdırmayaraq, əksinə onu hazırki mövcud vəziyyətdə yarımçıq saxlaması və aldığı pulu da qaytarmaması iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi və buna müvafiq olaraq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Məhkəmə, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.” Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə” dair 31 may 2002-ci il tarixli Qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə, zərərin məhz iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 1000 (bir min) manat məbləğində pul tutulması ədalətli və məqsədə müvafiqdir. Odur ki, mənəvi zərər tələbi həmin həcmdə təmin olunmalı, qalan hissədə rədd edilməlidir. Məhkəmə, iddianın 19 iyun 2023-cü il tarixdən ödəniş edilən günədək hesablanmaqla hər gecikdirilmiş günə görə illik 5 % ödənişin iddiaçının xeyrinə tutulması hissəsinin təmin edilməsini mümkün saymır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli Qərarında qeyd edilmişdir ki, ... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. X8 Məhkəməsi izah etmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. ... Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. ... MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən cavabdehin iddiaçı qarşısında pul öhdəliyi deyil, müvafiq bağ evinin tikintisini başa çatdırıb təhvil vermək öhdəliyi daşımışdır, lakin cavabdeh tikinti işlərini yarımçıq qoyduğu üçün iddiaçı hüquq mühafizə orqanlarına müraciət etmək hüququndan istifadə etmişdir. Başqa sözlə, cavabdehin iddiaçı qarşısında pul öhdəliyi hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaranacaqdır. Odur ki, iddia qeyd edilən hissədə əsassızdır. Məhkəmə həmçinin iddianın qismən təmin edilməsini nəzərə alaraq cavabdehdən iddiaçının xeyrinə 500 (beş yüz) manat vəkil xərci və dövlət rüsumunun 203 (iki yüz üç) manat hissəsinin tutulması qənaətinə gəlir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 36.776 (otuz altı min yeddi yüz yetmiş altı) manat pul, 1000 (bir min) manat mənəvi zərərin əvəzi, 500 (beş yüz) manat vəkil xərci və dövlət rüsumunun 203 (iki yüz üç) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 40 (qırx) manatı Cavabdeh MMCdən, 10 (on) manatı İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2, 77.1, 88, 217.4 və 218.1-ci -cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 36.776 (otuz altı min yeddi yüz yetmiş altı) manat pul, 1000 (bir min) manat mənəvi zərərin əvəzi, 500 (beş yüz) manat vəkil xərci və dövlət rüsumunun 203 (iki yüz üç) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 40 (qırx) manatı Cavabdeh MMC-dən, 10 (on) manatı İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X3, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar