Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-938/2025 01.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq... MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2025-ci il tarixində el adəti ilə toy edərək ailə həyatı qurmuşdur. Lakin nikahları 12 mart 2024-cü il tarixində rəsmi qeydə alınmışdır. Toydan sonra o, özünə məxsus cehiz əşyalarını, şəxsi geyim əşyalarını, qızıl-zinət əşyalarını (briliant komplekt 750 əyar - kolye, sırğa, üzük, qolbaq - 7000 manat dəyərində, nişan üzüyü briliant 5 qaş - 3000 manat dəyərində, Graziella 750 əyar uzun sallanan sırğa + kulon sepi ilə birlikdə 2100 + 1200 manat= 3300 manat dəyərində, qalın qolbaq İtalyan qızılı - 1200 azn, Rolex saat (original) - Mavi qaşlı qızıl üzük 200 manat dəyərində (14 fevral hədiyyəsi), qara qaşlı qızıl üzük (baldızıgilin qonaq çağıranda hədiyyəsi) -250 manat dəyərində, adi gündəlik üzük 585 əyar -170 manat dəyərində) cavabdehlə birgə yaşadıqları ünvan 1 ünvanına aparmışdır. Onlar bir müddət mehriban yaşasalar da sonradan ailədə mübahisə baş vermiş, Cavabdeh onunla mübahisə edərək onu evdən qovmuşdur. Belə ki, onlar ailə qurduqları gündən sonra cavabdeh hər axşam evə gec gəlməsi, ümumiyyətlə ailəsi ilə maraqlanmaması onun şübhələr yaratmışdır. O, cavabdehdən nə üçün evə gəlməməsini, gələnədə isə gecə gec saatlarında gəlməsini sorusanda cavabdeh ona bildirmişdir ki, “səni istəmirəm çıx get atanın "xarabasına””. Bu hadisə dəfələrlə təkrarlanmış, cavabdeh hər dəfə evə gələndə “sən hələ burdasan niyə atanın xarabasına çıxıb getməmisən” deyə onu təhqir edirmiş. Sonuncu dəfə xx.xx.2024-cü il tarixində o, işdə olduğu zaman Cavabdeh ona zəng vuraraq axşam evə gələndə onu evdə görməməsini bildirmişdir. xx.xx.2024-cü il tarixində o, cavabdehlə birgə yaşadıqları ünvan 1 ünvana gələndə evin qapılarının açıq olduğunu, evdə cavabdehin bacısının qaynatası Əhməd adlı şəxsin, cavabdehin xalası Arzu adlı qadının onların evində olduğunu görmüşdür. Onlar ona bildirmişlər ki, “Sahil deyib ki, evi tərk et çıx get”. O, isə bu qədər təziqlərdən və təhqirlərdən sonra məcbur olub evi tərk edib çıxıb atası evinə getmişdir. O, bir müddət atası evində cavabdehin barışacağı ümidi etmiş, cavabdehə zəng etmiş mesajlar yazmş, lakin cavabdeh onun zənglərinəı cavab verməmiş, onu “bloka” atmışdır. O, daha sonra anasına məxsus mobil telefondan cavabdehə mesaj yazaraq özünə məxsus şəxsi əşyalar götürmək istədiyini bildirsə də, cavabdeh bu zənglərə də cavab verməmişdir. Daha sonra ona məlum olmuşdur ki, Cavabdeh ona qarşı nikahın pozulması tələbi barədə iddia ilə Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda ona məlum olmuşdur ki, cavabdehin məqsədi onunla evlənmək yox ona maddi gəlir yeri kimi baxması olmuşdur. Bunlar da əlavə cavabdehin başqa qadınla yaxın münasibəti var imiş. Bundan əlavə cavabdeh əvvəllər başqa şəxslə nişanlı olmuş, bunu və bir çox həyatın olan digər neqativ hadisələri ondan gizlətmişdir. Cavadehin qeyrisəmimi olması evə çox gec saatlarında gəlməsi, cavabdehə soyuq münasib cavabdehin artıq həyatında başqa qadının olmasını gizlətməməsi, bunu açıq şəkildə bildirməsi, ailənin dağılması ilə nəticələnmişdir. Nizami rayon Məhkəməsinin 2(007)-249/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 6 saylı Bakı «Asan xidmət» mərkəzi qeydiyyat şöbəsində bağlanmış və xx.xx.2024-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 395 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Həmçinin o, müvəqqəti təminat tədbiri barədə ərizə ilə Səbail rayon məhkəməsinə müraciət etmişdir. Səbail rayon məhkəməsinin 16(009)-24/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə onun ərizəsi qismən təmin edilməsi, ünvan 2 ünvanda olan İddiaçı məxsus cehiz əşyaları,şəxsi geyim əşyaları, o cümlədən qızıl-zinət əşyaları üzərinə həbsin qoyulması, həmin əmlakların özgəninkiləşdirilməsi Cavabdeh qadağan edilməsi qərara alınmışdır. Səbail rayon məhkəməsinin 16(009)-24/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının icrası ilə bağlı icra məmuru, tərəflər və şahidlərin iştirakı ilə xx.xx.2025-ci il tarixli akt tərtib edilmişdir. Sözügedən qərardad üzrə Cavabdeh qərardadda adı keçən cehiz əşyaları, qızıl-zinət əşyaları istisna olmaqla, könüllü şəkildə İddiaçı təhvil vermişdir. Göründüyü kimi cavabdeh ona məxsus cehiz əşyalarını qaytarsa da, nişan, toy və digər əlaməttar günlərdə ona hədiyyə olan kimi verilmiş qızıl-zinət əşyalarını qaytarmamışdır. Ona görədə o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd edildiyi kimi onlar bir müddət mehriban yaşasalar da, sonradan ailə münasibətləri pisləşmiş, xasiyyətlərinin uyğun gələməməsi və sair bu kimi hallar ailənin faktiki dağılmasına gətirib çıxarmışdır. Cavabdehin fiziki və mənəvi təziqləri üzündən o, birgə yaşadıqları evi tərk etmək məcburiyyətində qalmışdır. Lakin o, evi tərk edən zaman yuxarıda qeyd edilən cehiz, qızıl-zinət və şəxsi əşyaları cavabdehə məxsus mənzildə qalmışdır. Cavabdeh Səbail rayon məhkəməsinin 16(009)-24/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının icrası ilə bağlı cehiz əşyalarını qaytarsa da, ona məxsus qızıl-zinət əşyalarını qaytarmaqdan imtina etmişdir. Hazırda onun tələb etdiyi qızılzinət əşyaları ona toy hədiyyə olaraq alınmışdır. Lakin cavabdeh aralarında olan ər-arvad münasibətlərinin məhkəmə qaydasında pozulmasını görüb həmin əşyaların onda qalacağı gümanına gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı ona hədiyyəsi olaraq alınmış briliant komplekt 750 əyar - kolye, sırğa, üzük, qolbaq - 7000 manat dəyərində, nişan üzüyü briliant 5 qaş - 3000 manat dəyərində, Graziella 750 əyar uzun sallanan sırğa + kulon sepi ilə birlikdə 2100 + 1200 manat 3300 manat dəyərində, qalın qolbaq İtalyan qızılı 1200 azn, Rolex saat (original), Mavi qaşlı qızıl üzük 200 manat dəyərində (14 fevral hədiyyəsi), qara qaşlı qızıl üzük (baldızıgilin qonaq çağıranda hədiyyəsi) -250 manat dəyərində, adi gündəlik üzük 585 əyar -170 manat dəyərində əşyaların, həmin əşyalar olmadıqda isə onların dəyərinin, dövlət rüsumu olaraq ödənilmiş 138 manat məbləğində pulun, 50 manat mediasiya xərcinin, 320 manat vəkil xidməti üçün vəkilə ödənilmiş pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, yazdığı əmlakın heç birini götürməmişdir. xx.xx.2024-cu ildə Sahil, o, və qardaşı birgə Turkiyəyə getmək istəmişlər. Sahil ona bildirmişdir ki, “get pasport məsələsini həll et” və onu səhər aparıb işin yanında düşürtmüşdür. Çünki hər gün cavabdeh özü onu işə aparıb gətirirdi. O, nahar vaxtı Sahilə yazmışdır ki, “icazə aldım,amma pulum yoxdur”. Maaş kartında problem yarandıgı üçün pulu yox idi. Buna görə pasportu almağa pulu yox idi. Sahil ona bildirmişdir ki, «indi səndə pul yoxdur bəyəm». Evdə olan pul və qızıl-zinət əşyaları seyfdə olurdu. Harasa getsələr özü ilə gedib-gəlirdi və qızıl-zinət əşyalarını taxıb gətirib yerinə qoyurdu,açar da Sahildə olurdu. xx.xx.2024-cü il tarixdə işdə olan zaman Sahillə aralarında yazışan zaman mübahisə olmuş, o, cavabdehə yazmışdır ki, “əgər aparmayacaqdınsa niyə mən icazə alırdım” və «nəysə» yazmışdır. Sahil ona demişdir ki, “sən kimsən mənə nəysə yazırsan”. O, demişdir ki, “bu nə deməkdir mən sənin həyat yoldaşınam.Sahil mənə dedi ki, mən səni istəmirəm”. O, cavabdehə bildirmişdir ki, bu barədə atasına və qardaşına zəng etsin. Sahil ona demişdir ki, «atan kimdir ki, mən ona zəng edim». O, cavabdehə demişdir ki, o, bu sözünə görə cavab verəcəkdir.Sahil hər axşam gecə saat 4-5-də evə gəlirdi, evə tez gələndə sevinirdi. Hər dəfə evdə söz-söhbət salırdı. Sahil görmüşdür ki, onun evdən getmək fikri yoxdur. Sahil qardaşına zəng etmiş, qardaşı da onu yığmış, o, əsəbi olduğundan telefonu açmamışdır. Sonra baldızı ona zəng etmiş, ona da cavab verməməmişdir, əsəbi idi. Axşam evə gəlib ona zəng etmiş, baldızı ona demişdir ki, “nə vaxti gəlib əşyaları aparacaqsan”. O, baldıza demişdir ki, bu nə deməkdir, baldızı bildirmişdir ki, Sahil onu istəmir. Qardaşı ona zəng etmişdir, ona demişdir ki, o, evə getmir,atası gəlsin. O, gəlmişdir evə, evdə baldızı və xalası var idi. Görmüşdür ki, otaqda onun paltarları və Sahilin parfümü vardı. Nişan üzüyü termonun üstündə idi. İddiaçı həmçinin izahatında göstərmişdir ki, nişandan əvvəl Sahil ona demişdir ki, “nə istəyirsən,dedim tək qaş,dedi sənə 5 qaş gətirəcəm anam alıb üzük 5 minə,komplekt 7 mindir”. 750 qram olan qızıl ona həftə hamamında alınıb. Baldızı 1200 manata ona hədiyyə qolbaq almışdır. Ona verilən saat orginal deyilmiş, yoldaşı ona elə demişdir. Ona 8 martda hədiyyə ediblər. Mavi qaşlı üzük 14 fevralda hədiyyə olunub.Baldızının qaynanası qara qaşlı üzük alıb 250 manata hədiyyə edib, heç biri onda deyil. İddia ərizəsində qızıl əşyalarının göstərdiyi qiymətlərini Sahil ona demişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddiaçı evdən gedəndə özü ilə qızılları götürməmişdir. Nizami rayon Məhkəməsinə nikahın pozulması olan zaman cavabdeh məhkəmə iclasında bildirmişdir ki, iddiaçı gedib qızılları və cehizi nə vaxt istəsə götürə bilər. Qızılın bir neçəsini hədiyyə edən qohumlarına qaytardığını da bildirmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, qızıllardan iki üzük onda qalıb. Ərizədə qeyd olunan komplekt 15 il qabaq anası tərəfindən alınıb, o, almamışdır, qiymətini də bilmir. 5 qaşlı üzük əvvəllər alınıb, qiymətini bilmir. Uzun sırğa-üzük qiyməti kimi qeyd olunan dəsti – iddiaçı özü ilə aparıb, nə vaxt alınıb bilmir, toydan qabaq alınıb, qiymətini də bilmir. Qalın qolbağı iddiaçı özü ilə aparıb, qiymətini bilmir, anasından qalıb 13-15 il əvvəl alınıb. O, qızıl almamışdır. Mavi qaşlı üzüyü də iddiaçı özü ilə aparıb, 14 fevralda hədiyyə etmişlər, qiymətini bilmir. Qara qaşlı qızıl üzüyü bacısının qaynanası vermişdir və onu bacısının qaynanasına qaytarmışdır. Adi qızıl üzüyü də iddiaçı özü ilə aparıb, qiymətini bilmir. O, heç nə almamışdır. “Roleks” markalı saat anasından yadigar qalıb, o, onu iddiaçıya verməmişdir, saat evdədir, onun otağındadır, saat oriqinal deyil. Cavabdeh həmçinin göstərmişdir ki, qızıl əşyaları seyfdə olmuş, seyfin açarı isə termonun siyirməsində olmuşdur. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında göstərmişdir ki, iddiaçının nümayəndəsi və vəkilinin dedikləri ilə iddiaçının məhkəmə iclasında dedikləri fərqli olmuşdur, sonradan hansı qaydada izahat vermə barədə danışaraq məhkəmədə izahat vermişdir. Əmlakların iddia ərizəsində göstərilən dəyəri ilə razı deyillər. Həmin məbləğ konkret hardan götürülüb məlum deyil. İddiaçı evdən sərbəst surətdə gedib, heç kim onu zorla evdən çıxarmayıb, özünə məxsus əmlakları, o cümlədən qızıl-zinət əşyalarını da özü ilə götürüb aparıb. Qızıl-zinət əşyaları cavabdehin anasının sağlığında ev üçün alınıb. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, flaş-karta baxış keçirilib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, o, Günayın qardaşının arvadıdır. Tarix dəqiq yadında deyil, Günay zəng edərək onu evə çağırmış, o, Günaygilə gedərkən evdə Sahilin xalası və bacısını görmüşdür, Sahil evdə olmamışdır, onlara bildirmişlər ki, evdən getsinlər. O, Günayın paltarlarının qablaşdırılmasına kömək etmiş, sonra Günayın qardaşını çağırmış, Günayın əşyalarını evdən götürərək atasıgilə aparmışlar. Qızıl-zinət əşyalarının götürülməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində göstərmişdir ki, o, Günayın xalası qızıdır. Həmin günü Günaygilə gedəndə artıq əmlaklar qablaşdırılmışdır, evdə Günay, gəlin və Günayın baldızı olmuşdur. Çox az müddətdə evdə olmuşdur, əmlakları götürərək getmişlər. Qızıl-zinət əşyalarını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, o, Sahilin xalasıdır. Bacısının sağlığında bacısı Sahilin toyu üçün qızılları almışdır, lakin qızılların qiyməti barədə məlumatı yoxdur. O, qızılların heç birini Sahil almayıb, bacısı tərəfindən 10-15 il əvvəl alınmışdır. Toy üçün 4 bacı və 1 qardaş hər biri 150 manat, cəmi 750 manata sırğa və kulon-sep alıb Günaya hədiyyə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində göstərmişdir ki, o, Sahilin bacısıdır. Həmin günü axşam getmişdir, Günayın əşyaları qablaşdırılmışdır. O, təxminən 300 manata Günaya qızıl qolbaq hədiyyət etmişdir, onun qaynanası Günaya qara qaşlı qızıl üzük hədiyyə etmişdir, qardaşı həmin üzüyü onun qaynanasına ailəsində problem yaşanan vaxtı qaytarmışdır. İş üzrə 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnaməsinin surətinə əsasən Cavabdeh ilə X4 arasında xx.xx.2024-cü il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 395 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Cabbarov, arvada Cabbarova soyadı verilmişdir. İş üzrə Səbail rayon icra şöbəsinin icra məmuru X9 tərəfindən tələbkar İddiaçı, tələbkarın vəkili X2, borclu Cavabdeh iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü tarixli aktın surətindən görünür ki, Səbail rayon Məhkəməsinin 16(009)-24/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar ünvan 3 ünvanda onları borclu tərəf qarşılamış, ona icra sənədinin mahiyyəti, hüquq və vəzifələri və icrası qaydası izah olunmuş, icra prosesi zamanı icra sənədində qeyd edilən əmlaklardan qızıl-zinət əşyalarından başqa digər bütün əmlaklar aşkar edilmişdir. İcra sənədində qeyd edilən əmlaklara həbs qoyularaq özgəninkiləşdirilməsi borcluya qadağan edilmişdir. İş üzrə təhvil verən Cavabdeh, şahidlər Əsədzadə Eşqin və Əmrahova Raifə, təhvil alan İddiaçı, şahidlər Məmmədova Mərziyyə və Cavadova Gülçin tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 16(009)-24/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında göstərilən cehiz əşyalarının götürülməsi üçün ünvan 2 ünvanına gəlmişlər, sözügedən qərardad üzrə Cavabdeh qərardadda adı keçən cehiz əşyaları qızıl-zinət əşyaları istisna olmaqla könüllü şəkildə İddiaçı təhvil vermiş, İddiaçı məxsus cehiz əşyaları istisna olmaqla ünvan 2 ünvanından çıxarılmışdır. İş üzrə ünvan 4 mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı “cehiz əşyalarının və qızıl-zinət əşyalarının alınması” tələbi ilə bağlı mübahisə üzrə xx.xx.2025-ci il tarixdə saat 13.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş üzrə Nizami rayon Məhkəməsinin 2(007)-249/2025 saylı xx.xx.2025-ci il tarixli protokoldan çıxarışa əsasən cavabdehin vəkilinin sual cavabına Cavabdeh tərəfindən verilən cavab: “Qızıl-zinət əşyalarını qaytarıram, verməyə hazıram, 1-2 qohum hədiyyə vermişdir, onları özlərinə geri qaytarmışam”. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər (maddə 135.4). Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. (maddə 135.5) Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəssiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər-birinin əmlakıdır).Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olunmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də ər-ərvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər-birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər xx.xx.2024-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və ailə qurduqdan sonra iddiaçı cehiz əşyaları ilə birlikdə cavabdehin yaşadığı ünvan 2 ünvanına gəlin köçmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya hədiyyə şəklində qızıl-zinət əşyaları verilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında ailə münasibətləri pozulduğundan aralarında bağlanmış nikah ləğv edilmişdir. İddiaçı gəlin köçdüyü evdən gedərkən özünə məxsus cehiz əşyalarını özü ilə apara bilməmiş, lakin məhkəməyə müraciət etdikdən sonra həmin əmlaklar qızıl-zinət əşyaları istisna olmaqla ona qaytarılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı gəlin köçdüyü evdən gedərkən hədiyyə şəklində ona verilmiş və ona məxsus qızıl zinət əşyalarının özü ilə apara bilməmiş və cavabdeh həmin əşyalarının ona verilməsini imtina etmişdir. Bu səbəbdən iddiaçı iddia ərizəsində sadalanan ona məxsus olan qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddiaçı tərəfindən tələb olunan qızıl-zinət əşyalarından yalnız “Rolex” saatının onların evində olmasını, eyni zamanda aparılmayan 2 nişan üzüyünün – ona və iddiaçıya aid - evdə qaldığını, qalan qızıl-zinət əşyalarının iddiaçı tərəfindən evdən gedərkən götürüldüyünü qeyd etsə də, məhkəmə iclasında tədqiq olunan sübutlarla, o cümlədən şahid ifadələri ilə iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının iddiaçı tərəfindən götürülmədiyi və cavabdehdə qaldığı təsdiq olunmuşdur. Bu hal həmçinin cavabdehin də bilavasitə iştirak etdiyi nikahın pozulması barədə Nizami rayon Məhkəməsində baxılan mülki iş üzrə hazırkı iddiaçının vəkilinin sualına verilən cavabla da “Qızıl ziyanət əşyalarını qaytarıram, verməyə hazıram, 1-2 qohum hədiyyə vermişdir, onları özlərinə geri qaytarmışam” tam təsdiq olunur. Məhkəmə cavabdeh tərəfindən əmlakların real qiymətləri barədə məlumatının olmaması, qızılzinət əşyalarını toydan xeyli müddət anası tərəfindən əldə olunmasını nəzərə alaraq hesab edir ki, iddiaçının iddia ərizəsində əmlaklara dair göstərilən qiymətlərin şahid qismində ifadə verən və onlar tərəfindən alınaraq hədiyyə edilən əmlakların qiymətləri istisna olmaqla digər əmlakların real qiyməti kimi qəbul edilməlidir. Məhkəmə həmçinin iddiaçının “Rolex” saatın yalnız anasına məxsus olması və iddiaçıya hədiyyə kimi verilməməsinə dair dəlillərini, həmçinin qohumları tərəfindən verilən qızılların da həmin qohumlara qaytarılması barədə dəlillərini məntiqli və əsaslı hesab etmir. Məhkəmə həmçinin “Rolex” saatın, 2 nişan üzüyünü evdə olmasının etiraf edilməsi halında digər qızıl-zinət əşyalarının iddiaçı tərəfindən götürülməsi barədə cavabdehin izahatını da inandırıcı hesab etmir. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq olunan sübutlar əsasında iddiaçı tərəfinən ona hədiyyə şəkilində verilən və iddia ərizəsində sadalanan əmlakların evdən gedərkən onun tərəfindən götürülməsi təsdiqini tapmamışdır. Bu səbəbdən həmin əmlakların qaytarılması barədə tələb əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən alınaraq iddiaçıya verilməli olan əmlaklar mövcud olmadığı halda onların dəyəri cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 222.1-ci maddəsinə əsasən isə məhkəmə əmlakı natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi əmlakların qiymətini nəzərə alınmaqla təmin olunduğu hissəsinə uyğun məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumunun əvəzi kimi 125 manat və mediasiya xərcləri kimi 50 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 320 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqi yardım xərcinə görə 320 manat məbləğində pulun tutulmasını iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hüquqi yardım xərcinə görə 320 manat məbləğində pulun tutulması hissəsində tələb təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə aşağıdakı əmlaklar natura şəklində tutulsun: Dəyəri 7000 manat olan 750 əyarlı brilyant komplekt – kolye, sırğa, üzük, qolbaq; Dəyəri 3000 manat olan brilyant nişan üzüyü 5 qaş; Dəyəri 750 manat olan 750 əyarlı “Graziella” uzun sallanan sırğa + kulon sepi ilə birlikdə; Dəyəri 300 manat olan qalın qolbaq (İtalyan qızılı); “Rolex” saat (original); Dəyəri 200 manat olan mavi qaşlı qızıl üzük (14 fevral hədiyyəsi); Dəyəri 250 manat olan qara qaşlı qızıl üzük (baldızıgilin qonaq çağıranda hədiyyəsi); Dəyəri 170 manat olan 585 əyarlı adi gündəlik üzük. AR MPM-nin 222.1-ci maddəsinə əsasən qətnamə icra olunan vaxt qeyd edilən əmlaklar mövcud olmazsa Cavabdeh İddiaçı xeyrinə mövcud olmayan əmlakların dəyəri tutulsun. Cavabdeh İddiaçı xeyrinə mediasiya xərcləri kimi ödənilən 50 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 125 manat, cəmi 175 (bir yüz yetmiş beş) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-938/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-938/2025
01.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver