Məhkəmə qərarları › İş №e-2(010)-116/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-116/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-116/2024 10.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Mercedes Benz GL450” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1300 manat pulun və ödənilmiş 33.40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “QAZ A21R32-30” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz GL450” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “Mercedes Benz GL450” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1300 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd edir ki, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququ yaranmışdır.

Tərəflərin izahatları

3. Məhkəmə iclasında iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbi ilə razı deyildir, belə ki hadisə zamanı yalnız həmin avtomobilin ön farası zədələnmişdir və dəymiş zərər məbləği 1300 manat təşkil edə bilməzdi.

İş materialları

5. İcbari Sığorta Bürosunun “İcbari Sığorta Müqavilələrinin Mövcudluğunun Yoxlanılması” barədə məlumatından görünür ki, “QAZ A21R32-30” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta növündə sığortalanmışdır və yol nəqliyyat hadisəsinin baş verdiyi xx.xx.2022-ci il tarixdə sığorta müqaviləsi aktiv statuslu olmuşdur.

6. xx.xx.2022-ci il tarixli İnzibati tənbehvermə haqqında qərarın surətindən görünür ki, “QAZ A21R32-30” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edən Cavabdeh AR İXM-nin 327.6 və 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətdiyindən 100 manat məbləğində cərimə edilmişdir.

7. xx.xx.2022-ci il tarixli “Sığorta Aktı”ndan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz GL450” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə təmir-bərpa xərcləri daxil olmaqla 1300 manat məbləğində ziyan dəymişdir.

8. xx.xx.2022-ci il tarixli “Nəqliyyat vasitələrinin nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi” barədə Hesabatdan görünür ki, “Mercedes Benz GL450” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə təmirbərpa xərcləri daxil olmaqla 1300 manat məbləğində ziyan dəymişdir.

9. xx.xx.2022-ci il tarixli, PRP**********957 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən faydalanan şəxs X1 hesabına 1300 manat sığorta ödənişi köçürülmüşdür.

10. xx.xx.2022-ci il tarixli, O-AP-2022 2276 nömrəli pretenziyadan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Mercedes Benz GL450” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı verilmiş 1300 manat sığorta ödənişinin 10 iş günü ərzində qaytarılması, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdarlıq edilmişdir.

11. AR Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8481 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Mercedes Benz GL450” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1300 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür.

İşin faktiki halları

12. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, Cavabdeh etibarnamə əsasında idarə etdiyi “QAZ A21R32-30” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Mercedes Benz GL450” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1300 manat məbləğində dəyərləndirilən maddi ziyan vurmuşdur. İddiaçı sığorta şirkəti zərərin aradan qaldırılması üçün 1300 manat məbləğində sığorta ödənişi etmişdir. Hazırki iddia tələbində iddiaçı “Mercedes Benz GL450” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödənilən 1300 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb edir. Tələbini onunla əsaslandırır ki, qəzanın baş verməsində cavabdeh təqsirkar olmuşdur və o hadisə yerindən yayınmışdır. Cavabdeh isə iddia tələbinə etiraz edərək bildirir ki, hadisə zamanı yalnız həmin avtomobilin ön farası zədələnmişdir və dəymiş zərər məbləği 1300 manat təşkil edə bilməzdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 936. Subroqasiya hüququ 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

14. Azərbaycan Respublikası “İcbari Sığortalar haqqında” Qanun Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ 63.1 Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

15. AR İnzibati Xətalar Məcəlləsi Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması. 327.6 Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir.

Məhkəmənin mövqeyi

16. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

17. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normasından göründüyü kimi, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yəni, bu hüquqlar zərərçəkəndən sığortaçıya keçir. Cavabdeh tərəfindən “Mercedes Benz GL450” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulması işin mübahisəsiz halıdır. Belə ki, bu hal işə əlavə edilən sənədlərlə ilə müəyyən edilir. İş materiallarından o da görünür ki, ziyan cavabdehin təqsirli hərəkəti nəticəsində vurulmuşdur. İddiaçının cavabdehə qarşı subroqasiya hüququnu yaradan hal isə cavabdehin hadisə yerindən yayınması halıdır. Bu hal, cavabdehin barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı subroqasiya qaydasında cavabdehdən vurulan ziyanı geri tələb etməkdə haqlıdır. Vurulan ziyanın məbləğinə gəldikdə isə işə əlavə edilmiş qüsur aktı ilə yanaşı, AR Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8481 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Mercedes Benz GL450” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1300 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh dəymiş ziyan məbləğinə etiraz etsə də, lakin etirazın əsaslı olması barədə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə eyni zamanda ekspert rəyinə tənqidi yanaşılması üçün əsas görmür. Həmçinin, həmin məbləğ iddiaçı tərəfindən zərərçəkənə ödənilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ödənilmiş 1300 manat sığorta ödənişi cavabdehdən tutulub, iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş 33.40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli və eyni zamanda iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

21. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “Mercedes Benz GL450” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ödənilmiş 1300 manat pul və 33.40 manat dövlət rüsumu tutularaq iddiaçı "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməli və iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh “Mercedes Benz GL450” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmirinə görə ödənilmiş 1300 manat pulun və 33.40 manat dövlət rüsumu tutularaq iddiaçı "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar